Dünya ədəbiyyatının Don Kixotları – Aybəniz Həsənova

45 Baxış

 

DK5

Senet.az oxucularına “Ustad” jurnalının 20-ci sayından Aybəniz Həsənovanın “Dünya ədəbiyyatında “Don Kixot”dan təsirlənən əsərlər, yaxud ədəbiyyatın “Don Kixot”ları” yazısını təqdim edir. 

Dünya ədəbiyyatında “Don Kixot”dan təsirlənən əsərlər, yaxud ədəbiyyatın “Don Kixot”ları

Kafka deyirdi ki, oxuduğumuz kitab bizi başımıza vurulan balta kimi silkələməlidir. Bu effekti yaratmayan kitabı oxumağın heç bir mənası yoxdur. Bəzi kitabları oxuduqdan sonra Kafkanın bu fikrinin çox doğru olduğu görürük. Elə kitablar var ki, onları oxuduqdan sonra, ona qədər oxuduqlarımızın heç birinin yaratmadığı o “silkələnmə”ni hiss edirik. ”Don Kixot” belə romanlardandır. Bu gün haqqında yüzlərlə ədəbiyyatçı və tənqidçinin yazdığı bu romana müxtəlif yanaşmalar olsa da, nəticədə hamının ortaq məxrəcə gələ bildiyi bir nöqtə mövcuddur: “Don Kixot” dünya ədəbiyyatının şah əsərlərindən biridir.

Məlum olduğu kimi, ədəbiyyat tarixində modern romanın ilk nümunəsi hesab olunan “Don Kixot” dünya ədəbiyyatında romanın “ata”sı, özündən sonra yazılacaq romanların isə bu və ya digər şəkildə “ögey ata”sı rolunu oynayacaqdı.

Romanın mövzusu, demək olar, hamıya məlumdur:

Bir əyalət əsilzadəsi olan Alansa Quiexananı və yaxud hamının tanıdığı adı ilə Don Kixot oxuduğu cəngavər romanlarının təsirilə ağlını itirmək dərəcəsinə çatır. Bundan sonra cəngavərləri nümunə götürərək, özünü cəngavər elan edir. ”Rosinante” adını verdiyi atını minərək, həmyerlisi Sanço Pansoya da müxtəlif vədlər verib onu silahdaş kimi özüylə aparmağa razı salır. Əlbəttə, həqiqi cəngavəri sevgilisiz təsəvvür etmək mümkün deyil. Bu səbəbdən də Don Kixot qonşu kənddən bir qızı özünə sevgili seçərək, ona “Dulsinea del Toboso” adını verir. Don Kixot atına, Sanço da ulağına minir, yollara düşürlər. Bəs qəhrəmanımızın yollara düşməkdə məqsədi nə idi?

Don Kixot cəngavərlik ənənəsini yenidən canlandırmaq, səhvləri düzəltmək, dünyada ədaləti bərqərar etmək istəyirdi. Roman boyu qəhrəmanımızın bu missiya uğruna qarşılaşdığı macəraları oxuyuruq… Oxuyuruq, amma necə!?

Bu romanı bəzən gülərək, bəzən kədər içində, bəzən isə qəzəbdən boğularaq oxuyuruq. Yazının əvvəlində də qeyd etdiyim kimi, bu roman haqqında olduqca çox yazılıb. Bu səbəbdən də yeni, fərqli bir yazı ortaya qoymaq çətin məsələdir. İstər-istəməz özümüzdən əvvəlki yanaşmaların təsiri bu və ya digər şəkildə yazacağımız mətnə yansıyacaq. Ona görə də bu yazıda romanı yuxarıda qeyd etdiyim iki aspektdən – gülüş və kədər ətrafında təhlil etmək istəyirəm.

 

Niyə gülüş…

Mənə elə gəlir ki, istənilən oxucu “Don Kixot”u oxuyanda üzündə ən azından bir təbəssüm oyanacaq. Çünki bu roman başdan-ayağa komediyadır. Servantesin özünün romana yazdığı ön sözdən oxucu bu romanın yazılma məqsədinin həmin dövrdə alaq otu kimi yayılan ucuz cəngavərlik romanlarını tənqid etməkdən ibarət olduğunu bilirik. Yazıçı sadəcə cəngavərlik romanlarını tənqid etməklə kifayətlənməyib, eyni zamanda cəngavərlik ənənəsini də tənqid atəşinə tutur. Bu məqsədinə çatmaq üçün romanın qəhrəmanı Don Kixot bəzən çox insafsız, hətta qəddarcasına davranır. Onun başına gələn hadisələr, ən adi şeyləri macəraya çevirmək həvəsi – məsələn, yel dəyirmanlarını divlərə bənzədib onlara hücum etməsi – oxucunun gülüşünə səbəb olur. Don Kixotun özünü düşürdüyü gülünc vəziyyətlər oxucunu güldürdüyü kimi, silahdaşı Sanço Pansonun bəzi hərəkətləri də üzümüzdə təbəssüm yaradır. Bunlardan ən çox diqqəti cəlb edəni isə Sançonun hər addımbaşı atalar sözlərindən istifadə etməsidir.

Niyə kədər…

“Don Kixot”u oxuyanda hiss etdiyimiz duyğulardan biri də kədərdir. Yuxarıda bu romanın başdan-ayağa komediya olduğunu yazmışam, amma bu roman həm də əsl tragediyadır. Yaşlı bir insanın cəngavərlik romanlarını oxuyaraq ağlını itirməsi və bu romanların təsiri nəticəsində özünü gülünc vəziyyətlərə salması çox kədərlidir. V.Nabokov 1951-1952-ci illərdə Harvard Universitetində “Don Kixot” haqqında oxuduğu mühazirlərdən birində, romanın heç də gülməli olmadığını deyir. Nabokova görə, romanda Don Kixotun başına gələnlər “axmaqcasına, qəddar və insanlıqdan kənar”dır. Servantesin romanını indiyə qədər yazılmış ən qəddar roman adlandıran Nabokovun bu fikrilə razılaşsaq da, orada baş verən hadisələrin, qəhrəmanın başına gələn macəraların əslində rejim, din, cəngavərlik, cəngavər romanları və aristokratiyanın tənqidi yox, sadəcə axmaqlıq olduğu fikrilə razılaşmaq mümükün deyil.

Romanı oxuyarkən kəndərlənməyimizin digər səbəbisə, bəlkə də, hər bir oxucunun özündə gördüyü “donkixotluq”dur…

Servantes bu əsərilə sadəcə cəngavərlik romanlarının xalq üzərində olan təsirini aradan qaldırmaqla kifayətlənməyib, eyni zamanda renessans dövründə istifadə olunan bütün ədəbi janrların təsirini zəiflətdi. ”Don Kixot”da, demək olar, yazıldığı dövrdə mövcud olan bütün ədəbi janrlar parodiya yolu ilə tənqid edilir. Həmin dövrdə İspaniyanın ədəbiyyat səhnəsi göbələk kimi durmadan artan ucuz və bayağı cəngavərlik romanları ilə dolmuşdu. Servantesin tənqid hədəfi olan bu “bayağı ədəbiyyat” problemi bütün dövrlər üçün aktuallığını qoruyan məsələdir.

“Don Kixot”da diqqət çəkən məqamlardan biri də yazıçının oxucuya yanaşma tərzidir. Ön sözdən başlayaraq Servantesin öz oxucusu ilə özündən əvvəlkilərdə rastlanmayan bir bağ qurmaq istədiyinə şahid oluruq.

Servantes romanda istifadə etdiyi yeni üsul və “oyunlar”la gələcəyin romanı üçün çox böyük iş görmüş oldu. İstər romanda istifadə olunan parodiya yolu ilə tənqid üsulu, istər yazıçının yer verdiyi yazıçı-oxucu dialoqları, istərsə də istifadə etdiyi çoxqatlı ironiya modern roman üçün müəyyənləşdirici ünsür rolunu daşıyır.

F.M.Dostoyevski “Don Kixot”u insan düşüncəsinin ən son və ən böyük sözü, insanın ifadə etməyə qadir olduğu ən acı ironiya kimi qiymətləndirib. Bu macəranın hər anında Servantesin yaratdığı ironiya müxtəlifliyinin çoxluğunu və gücünü nəzərə alsaq, istər-istəməz Dostoyevskiyə haqq verəcəyik. ”Don Kixot” dünya ədəbiyyatında özündən sonra yazılan bir çox mətnin ilham qaynağı olub. Belə ki, elə Dostoyevskinin də aid olduğu rus ədəbiyyatı onun təsirindən qaça bilməyib. Rus ədəbiyyatının Günəşi sayılan Puşkin, özünün “Yevgeni Onegin” poemasında ilk Don Kixot tiplərindən biri olan Tatyananı yaradıb. Soruşa bilərsiniz ki, bəs Tatyana ilə Don Kixotu hansı xüsusiyyətlər birləşdirir: bunlardan birincisi, oxuduğu kitabların təsirilə qurduğu xəyali dünyada yaşaması və reallıqla bağlı mühakimələrində yanılmasıdır. Onun oxuduğu romanlar adətən böyük eşqlərin hər zaman əbədi sadiqlik üzərinə qurulduğunu vurğulayan bayağı romanlar idi. Don Kixotun oxuduğu romanların təsirilə cəngavərə çevrilməsiylə Tatyananın məhəbbətlə nəfəs alan gənc bir qıza çevrilməsi arasında elə böyük fərq yoxdur. Servantes kimi, Puşkin də sadəcə obrazı deyil, eyni zamanda bayağı ədəbiyyatı da tənqid hədəfinə çevirmişdi.

Rus ədəbiyyatında Servantesin romanından təsirlənən yazıçılar arasında Nikolay Vasiliyeviç Qoqol da var. Onun ölməz “Ölü canlar” əsəri “Don Kixot”un izlərini özündə daşıyan romanlardan biridir.

“Don Kixot”un təsirilə qələmə alınan rus romanından danışarkən, Turgenevin “Atalar və oğullar”ını da unutmaq olmaz. Romanın nihilist qəhrəmanı Bazarov da inadla beynində qurduğu bir dünya xəyal edir və bu dünyanın sadəcə xəyaldan ibarət olduğunu dərk etdiyi zaman, eynilə Don Kixot kimi, həyatla vidalaşır.

Dostoyevskinin “İdiot”unun Knyaz Mişkini də özündə Don Kixotun saflığı ilə yanaşı, həm də nə qədər xoşniyyətli olursa-olsun, həyat mübarizəsində hər zaman itirməyə məhkum taleyini birləşdirir.

Əlbəttə, “Don Kixot”un dünya ədəbiyyatındakı təsiri təkcə bunlarla, ən əsası isə rus ədəbiyyatı ilə kifayətlənmir. Servantesin bu romanı oxucuya olduqca zəngin mütaliə zövqü bəxş etməklə yanaşı, onu yeni kitablara, yeni araşdırmalara yön alamağa təhrik edəcək, ədəbiyyatın geniş üfüqlərində maraqlı, bəlkə, bir az kədərli, amma hər zaman yeni tapıntılarla qarşılaşacağı əbədi bir kəşfə dəvət edir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10