“Dünyamız əyib yükün, düzəlmir ki, düzəlmir…”

8 Baxış
aydin-m

Senet.az oxucularına Aydın Qacarın Məmməd Araz haqqında olan “Dünyamız əyib yükün, düzəlmir ki, düzəlmir…” yazısını təqdim edir.

Sıxılmış yay kimiyəm yenə – əmək, iş, qurmaq-yaratmaq üçün burnumun ucu göynəyir. Ancaq məmləkətdə bu sayaq işlər, əfsus ki, həm azalıb-tükənib, həm də hamıya rəva görülmür. Onda tənhalıq axtarıram – böyük, dərin, dolu tənhalıq, özümü kiritmək, ovutmaq üçün!

Başımdan edirəm neçə duzsuz görüşləri, mənasız get-gəlləri, içi boş saatları. Özümə qapanır, zamanı unuduram, poeziya ilə üz-üzə, göz-gözə qalıram. Məmməd Arazla hələ neçə qeylü-qalım, çək-çevirim var.

 Asılmaq istəyirəm yaxasından dünyanın, “bir taleyin oyununda” zər cütləmək, bir zərrə Məmməd Araz işığına şərik olmaq istəyirəm. Yerin, göyün qərəzinə, bu günün mərəzinə mizan-tərəzi asmaq, neçə şeirin qəlbinə açar salmaq, neçə sözün, neçə misranın boyuna tumar çəkmək istəyirəm:

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan.

Eşidirsən: pıçıldayır yıxılan, duran:

Dünya sənin, dünya mənim, dünya heç kimin.

Bəli, çox eşitmişik – yıxılanın “dünya sənin” deməsini də, duran kimi yenə “dünya mənim” iddiasına düşməsini də; Məmməd Arazın “dünya heç kimin” fəlsəfəsini də, “ayaq saxla, dövrənə bax ötəri belə” eyhamını da… Həqiqət yolunun mənzil başına çatana kimi neçə yarğanı, yoxuşu, neçə sevda fırfırasının çevrəsindən çıxması var hələ. Şair yenə ümid verir, işıq verir, “bir ümidin ətəyindən tutub da fırlan” – deyir.

Deyirlər, insan doğulan gündən hər çiynində bir mələk oturur, savabını, günahını qeydə alır. Fikirləşirəm, yəqin, şairlərdə bu hal istisnadır, çünki şeirləri elə onların savabı – günahıdır, özləri öz əlləri ilə yazırlar.

… Bir də görürsən, Məmməd Araz doğanağından keçmiş sehirli misralar dolandı yer kurəsinin belinə, sicim təkin çəkib sıxdı dünyanı, ot şələsi kimi qaldırdı çiyninə:

Ömür də tükənir, söz də tükənir,

Dünya düzəlmir ki, düzəlmir, baba!

Həmişə belə olub – “əli tətikdələr, özü hədəfdə” olduğunu görə bilmir. Azmış ağıllar, itmiş – itirilmiş başlar hələ də kələfdədi. Hələ də davam edir – yal davaları, sümük davaları, çürük fikirlərin çürük davaları. Hələ də milyonçu qəpik, kasıb çörək davası döyür. “Bu get-gəllər bazarına dəvə, bu ömür gün naxışına həvə” dünyamızsa əyibdi yükünü – düzəlmir ki, düzəlmir… Heç pərsəng qoyub, əyən yükü düzəltmək istəyən də yoxdu.

Məmməd Araz şeiri qüdrətdi, əzəmətdi! Misrasında, sözündə, fikrində min bir sualın, dərdin – cavabı, əlacı, çarəsi var. Ancaq onun da qarşısında aciz qaldığı suallar çoxdu:

Hələ bu dünyanin qeylü – qalı çox

Bilməm zəhəri çox, yoxsa balı çox.

Çox verdim özümə bu sualı, çox:

Ərzin nadandan ağsaqqalı çox!

Bəs niyə bu dünya düzəlmir, baba?

Nə bilək, ay Məmməd əmi, böyük-böyük filosofların, Məmməd Araz kimi şairlərin cavab tapa bilmədiyi suala biz nə cavab verək?! Yəqin, dünya düzəlsə, yumru yox, düz olsa, kainat qanunları, cazibə qanunları pozula bilər, yer öz oxu ətrafında, günəş ətrafında fırlanmaz – orbitindən çıxar, gecə-gündüz dəyişmələri, fəsil dəyişmələri baş verməz və sair…

Görürsünüz, Məmməd Araz mənəvi dünyadan danışır, mən astronomik?… Çünki cavab verə bilmirəm. Bəlkə, bir az sadə suallar seçək, məsələn, “Bu millətə nə verdik ki?”(1992)

Kimsə qapdı ziyasını,

Kimsə pozdu sırasını,

Duzla yuduq yarasını,

Xörəyinə duz vermədik.

Bu millətə nə verdik ki?…

Nə veriləsidi, ziyası qapılıb, sırası pozulmuşlara, inamı noxtalanıb, inadı axtalanmışlara, var-yoxu qamarlanmışlara?…

Çiyninə mindiz – öyrəşdi; milyon aldız, yüz vermədiz – qəbul etdi. Siz səhv etdiz, batdı qana – dözdü.

İllacı qalsın bir yana, dərdi də ucuz vermirsiz axı! Bəli, bilirsiz ki, dözümlü-səbirli xalqın bütün dözüm hədlərini, sədlərini, xətlərini tapdalayıb keçmək olar – keçmisiz! Sonra?… Sonra?!…

Bir də nə sonra,… elə sonrası da budu, əvvəli də. Məmməd Arazın “sonra qara tufan olur”u da, Sovetlərdən qalma, “sonra qullar dünyasının intiqamı yaman olur”u da boş şeydi:

“-  Varlı-güclüdü, güclü-haqlıdı, vəssəlam!”

… Xub, xub, olsun da, babam, olsun! Nə sözümüz var! Bu fəlsəfəni də qəbul edirik və edəcəyik!

” – Ə, qadanızı alaq, dərdisə də bir az ucuz verin da, axı göynədir!? Ə, hərənin ağzına bir çeynəm saqqız, xörəyinə bir çimdik duz verin da, noolar, ay namərdlər!”

Buna da qıymırsız – əliniz gəlmirsə, biryolluq divara söykəyib güllələyin hamını:

“- Ancaq ürəyimizi nişan alın, siz allah, az ağrıtsın…”. Komsomol Cəlal demişkən, “O bircə qağanın qəbrinə and verirəm səni, Kələntar dayı, ürəyimi nişan al, ağrıdır axı!?…” 

aydin-heykel   

***

Xalqımız, ölkəmiz üçün təlatümlü, keşməkeşli keçən, 90-cı illərin vətən, torpaq, vətəndaş təəssüblü şeirlərindən bir neçəsinə ehtiramla üz tuturam, əzabını yaşamaq, ərkinə dözmək istəyirəm bu şeirlərin. Başa düşürəm ki, sual ilə bitən şeirlər mənlik deyil.

Vətən darda olanda, şair əlacsız qalıb üzünü göylərə tutur, Allahdan, Rəbbindən kömək diləyir: “Ya rəbbim, bu dünya sən quran deyil” (1991) şeiri əslində, Allaha şikayətdi, yalvarışdı, əl açmaqdı. Məmməd Araz anlayır ki, asan olmayacaq bu “asan yola çıxmaq”, Ulu Yaradan da, “ya bilmərrə, yatırt”malı, “ya bilmərrə oyat”malı, “ya yenidən yarat”malıdı bizi!

İnsandan insana körpümüz sınıb,

Ya rəbbim, hamımız sənə sığınıb,

Özünü özündə itirib insan,

Didişmə dişləri bitirib insan.

Ya rəbbim, əl açdıq, tut əlimizdən,

Çıxmasın bu doğma yurd əlimizdən.

Bizə yurd-yuva, Vətən verəndə də, elə bil, Allahın gözü qalıb arxasında. Neçə yüz illərdi tikə-tikə, bölgə-bölgə pay-püşk olur, kiçilir, azalır.

Məmməd Araz yalvarır, ətəyindən tutub, Rəbbini yanımıza çağırır. Acizlikdən, əlacsızlıqdan olan bu yalvarışlarsa əbəsdir. Yalvarmaqla donuz darıdan çıxmır, Allah da güclünün tərəfindədir, ancaq faciəmiz ondadı ki, bizim gücümüz, sərvətimiz, qüdrətimiz vətəni, torpağı qorumağa yox, özümüzü məhv etməyə yönəldilib. Niyə belə olmalıdı, niyə müsəlmanı Allah özünə qənim yaradırdı?! Özümüzün özümüzə etdiyimiz pislikləri, yamanlıqları heç bir özgə xalq bizə etməyib. Bütün tarixlərdə müsəlmanın öz daşı öz başını yarıb, özü özünü zəlil, kölə edib. Tarixə nəzər yetirin, “yurddaş adlı yurd dağıdan”ları çox olan məmləkətlərdə, “ağlı gödəninə calaq millət”lərdə, bu qəbil haqsızlıqlar baş alıb gedir. Öz içimizdə soyanlara-soyulanlara, hakimlərə – məhkumlara bölünürük.

Azərbaycan indi “kim varlıdır – o güclüdür, kim güclüdür – o haqlıdır” fəlsəfəsi ilə yaşayır:

Ya Rəbbim, bu dünya sən quran deyil,

Qudurğan sən görən qudurğan deyil.

İndi qudurğanın altında yatır…

İndi qudurğanlar uzun ömürlü,

Meymunlar yenə də ağacda yatır,

Fağırlar yenə də quzu ömürlü…

“Hər xalqın rəhbəri də, güzəranı da özünə layiqdir”, – deyənlər haqlıdır. Mentalitetimiz nədir, günümüz, güzəranımız, haqqımız, hüququmuz da odur.İndi milli məmurlarımız, dövlət idarələri, rüşvətin kompyuterlə rəsmi uçotun aparırlar.

Vaxtilə belə bir rüşvət, istismar sistemi qura bilməyən nimdaş cəbhəçinin də təəssüfü, arzusu yadıma düşür. Həmin vətəndaş yana – yana deyir: “Sən demə, biz hərif olmuşuq, bir də hakimiyyətə gələ bilsək, bir günə yox ey, günortaya kimi yükümüzü tutmalıyıq! Qətidir bu! Nə millət, nə xalq?! Xalq zorlananda, çörəyə möhtac ediləndə üzüyola, itaətkar olur – qoyun kimi qat qabağına, sür, hara istəyirsən?! Kimdir sənin üzünə ağ olan!”

Dəhşətə bax! Bu günkü talanı, rüşvəti, məmur özbaşınalığını görüb, dünənki hakimiyyətin gəldiyi nəticəni eşit!

Yaxud bir məmur intervyu verir: “İnsan belədir də, at həbsxanaya, sonra bir udum hava verəndə, sənə minnətdar olacaq”.

Doldurun, doldurun həbsxanaları da, cibləri də, yoxsa əski cəbhəçi kimi peşiman olarsız!!!

 

Ayağa dur, Azərbaycan!

“Ayağa dur, Azərbaycan!” (1992) Məmməd Araz şeirinin zirvələrindən biridir.  Boynuna qol salmaq istəyirəm bu şeirin, sıravi əsgəri olmaq istəyirəm, Məmməd Araz qeyrətinin, təpərinin! Məmləkətin başlı-başına buraxılan illərinin, günlərinin bütün fəsilləri, məqamları birdən yaşanır bu şeirdə: yatmışına, batmışına da, Dəli Domruluna, Qaraca Çobanına da, rəhbərinə də, rəncbərinə də birdən əmr verilir – ayağa dur!! Ayağa dur!!!

Nə yatmısan qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Yəqin, bu şeir, bu nida Məmməd Araz ruhuna, ürəyinə astadan gəlməyib. Elə necə Mikayıl Mirzə oxuyanda nərə təpir, eləcə də Məmməd Araz iş otağında qışqırıb – kağızını, qələmini, yatanını, oyağını diksindirib. Bu vəhy, bu fəryad, bu ulu kəlmələr astaca gələ bilməz! Bədəni, əli-ayağı kimi, yəqin, otağının divarları da əsib Məmməd Arazın, bu şeir nazil olanda!!!

Səndən qeyri

                    biz hər şeyi bölə billik!

Səndən qeyri

                    biz hamımız ölə billik!

Ümumiyyətlə, “Ayağa dur, Azərbaycan!” şeiri təpədən – dırnağa tələbdi, sorğudu, çağırışdı! “Çək sinənə – qayaları yamaq elə” misrası təşbeh deyil, “nər igidlər düşmən üstə gedən zaman, qaya olub, daş olublar” deyimindən irəli gələn təpər yozumudur!

Bir nidanın, çağrışın harayından, havarından, əzmindən, əzəmətindən xilas olmamış, “Ayağa dur, Azərbaycan!” nidalı, başqa bir çağırış, başqa bir “hökm” oxunur.

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Fikir, söz karvanı – misralar tutur beləcə, hər bir vətəndaşın, başıpapaqlının yaxasından. Silkələyir, tərpədir, səfərbərliyə, təəssübə, qeyrətə, cəsarətə, vətənpərvərliyə qaldırır.

Bir silkələn, bir çalxalan, bir keçmişini yada sal, Vətən oğlu! Gör, sərhədin harda qalıb, gör, özümüzü öz içimizə necə sürgün ediblər?!

Gözlərinə qorxu sağılmış, qarnına çörək dərdi doldurulmuş bir millətdən sabah işıq, nur gözləmək nahaqdı. Şər, böhtan, iftira qatılıb torpağımıza da, suyumuza da, “sözü qəmli, özü dəmli rəhbər adam” da ancaq layla deyir, danışır – vuruşmur! Milli qürur, milli qeyrət də susdurulub. Bəs, nə etsin Məmməd Araz?! “Atın məni tank altına, əzin məni xıncım – xıncım, didin məni didim – didim, qundaqdakı bir körpəni xilas edin, –  kəsmir əgər söz qılıncım”, – deyə hər şeyə asi düşür, yanır, göynəyir, sonda yenə üzünü Azərbaycana tutur!

Səninləyəm, yatmış vulkan,

Səninləyəm!

Ayağa dur, Azərbaycan,

Səninləyəm!

Yox, heç sənin tükürpədən bu çağırışın da qaldıra bilmir torpağı yağmalanmış, qüruru tapdanmış milləti! Dözümlü xalq hələ dözür, “lazım”ın gəlməsini gözləyə-gözləyə, özgələrdən ümid dilənir.

Bu haray, çağırış da cavabsız qalanda, “Ulu şahım, qılıncına söykənim!” (1994) şeri ilə ruhlara müraciət edir Məmməd Araz. Qüvvəti, qüdrəti, qeyrəti haçalanan millətini görüb, Xətainin ruhuna üz tutur, qılıncına söykənir:

Biz qılıncı tərs tutmuşuq,

Özümüzü kəsir ağzı.

Ulu Şahım,

Qibləmizə çevir bizi!

Ulu Şahım, qılıncına söykənim!

İçimizdə gedən döyüş, vuruş, “özümüzdən – özümüzə yürüş”, böhtan, yalan, dürlü-dürlü xəyanətlər, cinayətlər Məmməd Arazı da bezdirir, iyrəndirir. Onda şair “payını it qapar maymaq millətin, yamaq millətlərə yamaq millətin, qadını ər doğmaz qorxaq millətin”, – deyə nifrin yağdırır özünə də, mənsub olduğu millətinə də!

Bəs, nə etsin Məmməd Araz, elə bil, bütün millətə hesabı bir müəllim öyrədib – toplamağa, vurmağa, artmağa, böyüməyə kəmsavadıq, naşıyıq, hamımız; bölməyə, çıxmağa, parçalamağa səriştəliyik.

“Dilənçi qaçqın” (1992) şeirində, ayda-ildə bir dəfə küçəyə, şəhərə çıxan şairi “qaçqınıq, köçkünük, kömək edin” yalvarışları varından yox edir. “İlahi, varımdan yox oldum bu gün, Mən öz yumruğumdan yıxıldım bu gün”– söyləyir. “Biz beləmi azadlıq istəyirdik?”, – deyib təəssüflənir, ürəyi neçə yurdsuz-yuvasız sözün qəbirstanlığına çevrilir, korun-korun yanır, göynəyir.

Bu da azadlıqdır, bəlkə, İlahi.

Dilənçi yetirir, ölkə, İlahi!

Vuruşa bilərmi dilənçi sabah…

Ağrı, hıçqırıq qarışıq idrak, – beləcə hönkürür! …

Mən də o illərin reallığı, hisi, pası basmış bu bədbin fikirlərin yamacında ayaq saxlayıram.

Şair nigarançılığı da başa düşüləndi. O qorxur ki, xalq nifrətini, qəzəbini dişinə sıxa-sıxa, ələbaxımlığa da, qaçqınlığa da, haqsızlığa da öyrəşə-alışa bilər, – ilantutan ilana alışdığı kimi.  Allah bundan qorusun… Allah milli başbilənlərimizin, milli rəhbərlərimizin ürəyinə şəfqət toxumu səpsin…

Mənbə: http://strateq.az/edebiyyat/

Bölmə : Müsahibə, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10