Dünyanı dəyişən qadınlar – Çıraqlı mələk

128 Baxış

naytingel Senet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinə start verir. Layihə çərçivəsində işlərində uğur qazanmış, adını dünya tarixinə yazdırmış qadınlarla bağlı geniş məlumat veriləcək. 

 

Çıraqlı mələk

Hamımızın həyatda borclu olduğu ən azı  bir qadın var. Florens Naytingelə isə yaşlı, cavan, sağlam, xəstə olmağından asılı olmayaraq, hər kəs borcludur. Niyəsini bilmək istəyirsinizsə, buyurun.

Florens Naytingel 1820-ci il may ayının 12-də İtaliyanın Florensiya şəhərində varlı bir Britaniya ailəsində anadan olub və elə şəhərin adına uyğun olaraq valideynləri ona Florens adını veriblər. (Florensin böyük bacısı Fransa da doğulduğu yerin adına uyğun olaraq Frans Partenop adını vermişdilər. Partenopol qədim yunan şəhəri idi, ancaq hal-hazırda Neapolun bir hissəsidir)

Florensin atası Vilyam Naytingel varlı torpaq sahibi idi, anası Frans Naytingel isə ticarətçi ailəsindən çıxmışdı və yüksək təbəqəyə məxsus adlı-sanlı insanlarla eyni sosial təbəqədə olmağı, onlarla yaxından tanış olmağı ilə fəxr edirdi.

Naytingel ailədəki üç uşağın ən kiçiyiydi, çox yaxşı təhsil almışdı, atası qızına o dövr üçün xarakterik, klassik sayılacaq bir təhsil vermişdi və bu təhsil italyan, alman və fransız dillərini də əhatə edirdi. Amma Frans həm də gözəl qadın idi: qədd-qamətli, zərif, cazibədar. Ancaq yaxşı ki, həyatdan istədiyi yeganə şey  yaşıdları kimi ziyafətlərə getmək, rəqs etmək, əylənmək olmadı və on altı yaşında yaşının azlığına baxmayaraq, böyük bir cəsarətlə valideynlərinin qarşısına keçərək onlara tibb bacısı olmaq istədiyini dedi. O dövrdə bu məslək olduqca etibarsız, təkcə evsiz-eşiksiz, kasıb, kimsəsiz qızların yiyələndiyi  bir peşə idi. Ümumiyyətlə, Viktoriya erası dövründə qadınların işləməyi ləyaqətsiz  hal kimi qəbul edilir, yalnız  kasıb qadınlara yaraşdırılırdı. Lakin  Florens, xüsusilə, anası və böyük bacısının şiddətli etirazlarına baxmayaraq, hətta onları  incitmək bahasına belə olsa, 1851-ci ildə Almaniyaya tibb bacısı hazırlayan məktəbdə oxumağa getdi. Beləliklə, onun statusunda olan digər qızlar kimi ancaq ərə getmək və ana olmaq taleyinə, məhkumluğuna üsyan etdi. Bununla da  Florens yaşıdlarının “yox” deməyəcəyi yaraşıqlı, varlı, siyasətçi və şair baron Riçard Milnesə ərə getməkdən də boyun qaçırmış oldu, çünki  evliliyin onun tibb bacısı olmaq,  insanlara qulluq etmək arzusuna, məqsədinə mane olacağını bilirdi.O, tibb bacısı olmaq arzusunu Allahdan gələn bir işarə, əmr kimi başa düşür və bundan imtina edərsə, Allaha üsyan etmiş olacağını düşünürdü.

Florens 1853-cü ildə təhsilini bitirdikdən sonra yenidən İngiltərəyə – Londona qayıdır (Naytingel ailəsi hələ qızları bir yaşında olanda-1821-ci ildə Avropa səyahətini yekunlaşdırıb İngiltərəyə qayıtmışdı) və İngiltərənin Middlesex mahalındakı  bir xəstəxanada tibb bacısı kimi işləməyə başlayır. Florensin buradakı fəaliyyətini xəstəxana rəhbərliyi o qədər bəyənir ki, orada işlədiyi bir il ərzində hətta idarəçi vəzifəsinə qədər yüksələ bilir. Lakin ağır və gərgin iş şəraiti Naytingelin səhhətində mənfi təsirlərini göstərməyə başlamışdı. Yenicə xəstə yatağından qalxdıqda isə artıq Krım müharibəsi başlamış (Krım müharibəsi (1853-1856) rus-türk müharibəsidir.  Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı İmperiyasının tərəfində olduğu müharibə  Rusiyanı Avropa və Aralıq dənizindən uzaqlaşdırmaq üçün aparılmış və müttəfiqlərin qələbəsi ilə başa çatmışdı), minlərlə Britaniya əsgəri Qara dəniz sahillərinə göndərilmişdi.  Ancaq cəbhədən gələn xəbərlər Britaniya hökumətini  narahat edirdi: baxımsızlıqdan, qızdırmadan ölən yaralıların sayı hər gün bir az daha artırdı.

Təbii olaraq, gələn xəbərlər Florensi də narahat etməyə başlayır və nəhayət, Naytingel Krıma getməyi qərara alır. Britaniya hökuməti onu cəbhə bölgəsinə göndəriləcək olan 34 tibb bacısının rəhbəri seçir və Florens Naytingel rəhbərlik etdiyi qrupla 4 noyabr 1854-cü ildə İstanbula gələrək Üsküdardakı Səlimiyyə Kazarmasındakı xəstəxanada işə başlayır.

Vəziyyət isə Florensin gözlədiyindən daha ağır idi. Hətta suyun və sabunun tapılmadığı xəstəxanada həşaratlar və gəmiricilər əlindən tərpənmək olmur, yaraları yuyulmayan xəstələr  tifoid və vəbadan həlak olurdu. Naytingel ilk  olaraq xəstəxananın otaq və dəhlizlərinin yuyulmasını əmr etdi, pəhriz saxlamalı  olan xəstələr üçün xüsusi mətbəx yaradıb onu   “Xəstənin mətbəxi” adlandırdı. Həm xəstələrin təmiz geyinməsi üçün camaşırxana yaratdı, həm də onların boş vaxtlarını necə keçirəcəyi haqda da fikirləşməyi unutmayıb kiçik bir kitabxana və sinif otağı düzəltdi. Hər dəqiqəsini xəstələrə həsr edən Florens  gecələr də  əlindəki çıraq ilə xəstəxananın dəhlizində gəzinir və yaralıların nəyəsə ehtiyacı olub-olmadığını yoxlayırdı.  Məhz buna görə Naytingelin sonsuz qayğısı, şəfqəti ilə sağalan əsgərlərin bəziləri onu “Çıraqlı qadın”, bəziləri isə “Krımın mələyi” adlandırırdı.

Üsküdardakı xəstəxananı qaydaya salan Florens növbəti dəfə Balaklavaya (Krımda şəhər) gedir. Naytingeli burada da uzun, gərgin iş şəraiti gözləyirdi. Təəssüf ki, bu səfər heç də hər şey yaxşı nəticələnmir. Gərgin iş şəraiti Florensin səhhətinə təsirsiz ötüşmür. “Krım qızdırması” xəstəliyinə tutulan Naytingel on beş gün ölümlə mübarizə aparsa da, sonda ona qalib gəlir. Ancaq xəstəliyi tam keçməmişdi. Ona  dəfələrlə İngiltərəyə qayıtmaq təklif olunsa da, qəhrəmanımız  müharibə bitənə qədər Krımda qalmağa qərar verir.

1856-cı ilin yayında isə geri qayıdır. Müharibə bitdikdən sonra. Vətəndə onu böyük bir qarşılama mərasimi gözləyirdi. Təvazökar, fədakar tibb bacısı bir qəhrəman kimi qarşılanacağını gözləmirdi, təbii. Ancaq təkcə mərasimlə kifayətlənməyən  Britaniya hökuməti  Florensə 25000 dollar mükafat, İngiltərə kraliçası isə şəxsən yaxa sancağı  hədiyyə edir.

Florens layiq olduğu  məbləği çox yararlı bir işə sərf edir. 1860-cı ildə St. Tomas xəstəxanasını tikdirir, Tibb Bacıları üçün Naytingel Təlim Mərkəzini yaradır. Müharibədə olduğu illər ərzində apardığı müşahidələri, təcrübələri əsasında “Britaniya ordusunda xəstəxana idarəçiliyi, onun effektivliyi və səhhəti yaxşılaşdıracaq məsələlər haqda qeydlər” adlı 850 səhifəlik kitabını yazır və kitab Britaniyada xəstəxanaların yenidən qurulması, bərpa edilməsi işində böyük bir qığılcım olur.

nayt     Ancaq Naytingel Krımda olarkən tutulduğu “Krım qızdırması”  xəstəliyindən tam sağalmamışdı, buna gərgin iş şəraiti də əlavə olunduqda Naytingel 36 yaşında insulta tutulur və ömrünün axırına kimi əlil arabasına məhkum halda yaşayır. Lakin bu belə ona mane ola, ruhdan sala bilmir. Florens 1859-cu ildə “Hospitallar haqda qeydlər”  adlı yeni kitabını yazır. 60-cı illərin əvvəllərində Hindistana səfər edir və “İnsanlar Hindistanda necə sağ qalır” adlı yeni bir kitab daha yazır. 72-ci ildə Britaniyada hərbi hospitalın baş eksperti olur, 1908- ci ildə 88 yaşında Kral Edvard tərəfindən  “Ləyaqət nişanı”ilə təltif olunur və 90 yaşı münasibəti ilə  Kral Corc tərəfindən təbrik məktubu alır.

Lakin 1910- cu ildə Florensin səhhətində qəfil pisləşmə müşahidə olunur. Həkimlər sağalacağını desə də, Naytingel bir həftə sonra  Londonda Cənub Küçəsi 10-da yerləşən evində  avqustun 13-də şənbə günü gecə saat ikidə yuxuda ikən dünyasını dəyişir.

Florensin  ölümündən sonra 1912-ci ildə “Florens Naytingel Medalı” təsis edilir və 1912-ci ildən  bu günədək hər iki ildən bir xidmətləri ilə seçilən tibb bacısı və ya köməkçiləri bu medala layiq görülür. Hal-hazırda  Avropanın əksər ölkələrində də Florens  Naytingelin adını daşıyan xəstəxanalar və məktəblər  fəaliyyət göstərir. Hər il Naytingelin doğum günü tarixi -12 may isə bütün dünyada tibb bacılarının bayramı kimi qeyd olunur.

2010-cu ildə – Nayingelin ölümündən yüz il sonra St. Tomas hospitalında Florens Naytingel muzeyi açıldı, ikinci Florens Naytingel muzeyi isə Londonda-bacısının evində yerləşir. Eyni zamanda İstanbuldakı Səlimiyyə Kazarmasında da  bir muzey fəaliyyət göstərir. Burada Naytingel və onun köməkçilərinə məxsus əşyalar sərgilənir.

Sonda isə sizə nahaq yerə unudulmaqdan qorxan Florens Naytingelin sözlərini təqdim edirəm. Britaniya Səs Arxivi Kitabxanasında saxlanılan və 1890- ci ildə yazılan fonoqramda Naytingel görün  nə deyir:

“Mən yaddaşlarda  hətta bir xatirə, bir ad kimi belə qalmayanda ümid edirəm ki, səsim həyatımın ən mükəmməl işini əbədiləşdirə biləcək. Allah mənim əziz Balaklavalı köhnə dostlarımı qorusun, onlara əmin-amanlıq bəxş eləsin”.

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10