“Dünyanı dəyişən qadınlar” – Kraliça Boudika

82 Baxış

 boutikeSenet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinin ikinci yazısını təqdim edir:

 

Layihənin birinci yazısı - Çıraqlı mələk

 

İngiltərə tarixində, mədəniyyətində bu qadının  xüsusi rolu var. Vətəni,  şərəfi, namusu uğrunda qanlar tökən Boudika və onu buna vadar edən hekayə ilə gəlin yaxından tanış olaq:

Bizim eranın 43-cü ilində Roma ordusu o vaxt  xırda krallıqlar şəklində olan Britaniya  torpaqlarını işğal etdi. Daha sonra imperator Neron İkenivə Trinovantes adlı iki tayfa-krallıq ilə razılaşaraq bir  əyalət yaratdı və onlara daxili müstəqillik verdi. Əyalət isə Britaniya adlandırıldı.

B.e-nın 59-cu ilində isə İkeni kralı Prasutaqus dünyasını dəyişir. Faktiki olaraq İkeni krallığı Romanın tərkibində olmasa da, qaydaya görə imperiyadan asılı olan krallıqların  torpaqları kral öldükdən sonra Romaya bağışlanılırdı. Ancaq ömrü boyu Roma imperatorunun qızğın tərəfdarı olan Prasutaqus buna tam əməl etmir. O, krallığı imperatorla bərabər  qızları və arvadı Boudikaya vəsiyyət edir.

Elə hər şey də bundan sonra başlayır:

Krallığın idarəsi qadınlara vəsiyyət edilmişdi, amma Roma qanunları qadınlara vərəsəlik hüququ tanımırdı. Bir az da bunu bəhanə edən imperator Neron  Prasutaqusun vəsiyyətini  qəbul etmir və onun əmri ilə  İkeni krallığı işğal edilir, kralın bütün mülkü  müsadirə olunur, krallıq talanır, varlı və kasıbın evi fərqlənməz hala gəlir. Tarixçi və senator Tasit Kornelinin yazdığına görə, bütün bunlarla kifayətlənməyən romalılar müqavimət göstərən kraliça və qızlarına qarşı qatı cinayətkar kimi davranır. Əsgərlər çılpaq Boudikanı meydanda  xalqın gözü qarşısında qamçılayır, qızlarını isə zorlayırlar.

Ancaq bu, hələ son demək deyildi. Təhqir olunmuş, krallığı əlindən  alınmış kraliça məğlubiyyətlə barışmır,intiqam üçün əlverişli vaxtı gözləyir. Həmin vədə isə aylar sonra yetişir. Qallarla savaşa gedən Roma ordusunun şəhərdə olmamağını fürsət bilən Boudika aralarında qohumluq münasibəti olan Trinovates Krallığı ilə birləşir. Lakin bu ittifağı yaradan təkcə qohumluq deyildi. Onları həm də romalılara qarşı nifrət birləşdirirdi. Roma ordusunun veteranları Kamuladunda (indiki Kolçester şəhəri)  iqamətgah yaratmaq üçün Trinovantes krallığının torpaqlarını tutmuş, mülklərini əllərindən almışdı.

Üsyan bizim eranın 60-cı ilində (bəzi mənbələrə görə 61-ci ildə) elə  Kamuladun şəhərində  başlayır. Qiyamçılar bütün şəhəri talayıb yandırır, kraliçanın qızlarının intiqamını almaq üçün, xüsusilə, varlı, əsl-nəcabətli  ailələrin qızlarına qarşı qəddar davranır, onları dirəyə bağlayıb dözülməz  işgəncələr verir.

boutike2Nəhayət hərəkətə keçən Roma İmperiyası doqquzuncu legionu Kamuladuna göndərir. Ancaq heç şəhərə girməyə macal tapmamış  tələyə salınan legion Boudikanın dəstəsi tərəfindən darmadağın edilir və bu, romalıların Britaniyadakı ən ağır məğlubiyyəti olur.

Təəəssüf  ki, bundan sonrakraliça onu məğlubiyyətə aparan yolu seçir. Britaniyalılar  Kolçesterdəki zəfərlərindən sonra romalılara nifrətin pik həddə olduğu  Londiniuma (indiki  London) getməkdənsə, bütün yayı Kamuladunda qarətçilik və eyş-işrətlə məşğul olur. Bu isə qubernator  Svetoni Paulinə  kiçik bir süvari dəstə ilə  Uelsdən Londona qayıtmaq üçün bəs edir. O, bacardığı qədər çox adamı Londondan Verulamiuma (indiki St. Albans şəhəri) köçürür.  Boudikanın qüvvələri şəhərə çatdıqda  artıq mağazalar bağlanmış, evlər boşaldılmışdı. Bir sözlə, London tərk edilmişdi.

Üsyançılar burada bir neçə gün keçirir. Onlar şəhərdən çıxa bilməyənləri öldürür, onlara işgəncə verir, şəhəri yandırırdılar. Londonda evlər, mağazalar, emalatxanalar ağacdan və həsirdən tikildiyi üçün çox asanlıqla yanırdı və üsyançılar demək olar ki, bütün şəhəri yandırırlar. Arxeoloqlar yanğının sübutu olaraq bəzi parçaları aşkarlaya biliblər. Tapılan yanmış bina və əşya qalıqları bizim eranın 60-cı ilindəki Boudika tonqalının sübutudur.

Kraliçanın növbəti hədəfi  St. Albansolur. Lakin üsyançıların artıq Uelsdən qayıtmış güclü, intizamlı Roma ordusu qarşısında şansı yox idi və Boudika məğlub edilir.

Üsyanın yatırılmağına baxmayaraq, romalılar dağıdılmış doqquzuncu legionun qisasını almaq üçün davamlı olaraq ikeni və trinovantes tayfalarını qarət edir, məhsullarını əllərindən alırlar. Bu hal  imperator Neronun b.e-nın 61-ci ilində Klassikianusubölgədəki sülhü və əmin-amanlığı bərpa etmək üçün Britaniyaya qubernator təyin etməsinə qədər davam edir.

Boudikaya gəldikdə isə, onun sonrakı taleyi-ölümü haqda dəqiq məlumat yoxdu. Bəzi versiyalara görə döyüşlərin birində həlak olmuş, bəzilərinə görə isə əsir düşməmək üçün zəhər içərək özünü öldürmüşdür. Kraliçanın hətta dəfn olduğu yer haqda da tarixçilər dəqiq bir söz deyə bilmirlər. Ən güclü versiya onun  indiki King”s Cross vağzalının ərazisində basdırıldığıdır.

Lakin bu, qorxmaz, cəsarətli, həm də bəxti gətirməyən qadın bu gün Britaniyanın qəhrəmanlıq simvoludur və Britaniyanın  ilk kraliçası hesab edilir. Boudika əfsanəsinin tarixin zülmət, zil qaranlığından çıxıb yenidən dirilməsi isə bir az da onun Viktoriya dövründə kraliça I Viktoriya tərəfindən adaş olunmağı ilə bağlıdır. Belə ki “Boudika” adı qədim ingilis dilində “qələbə”, yəni “viktoriya” mənasını verir.

Boudika haqqında yazılan şeirlər, mahnılar, çəkilən filmlər ilə  təkcə İngiltərənin deyil, həm də bütün dünyanın qəhrəmanlıq, mədəniyyət simvoludur. Manda Skottun dörd  romandan ibarət Boudika seriyası, Petra Berger, Rozin Mörfi, Enya kimi məşhur müğənnilərin Boudika mahnıları buna sübutdur. Ayrı-ayrı illərdə çəkilən (1928, 1978, 2003) Boudika filmlərinə isə sonuncu dəfə 2006-cı ildə Patrik  TaylervəKim Hokinsin  rejissorluğundayeni biri daha əlavə olunub.

Kraliça Boudika ayrı-ayrı mənbələrdə qəddar, qaniçən, barbar bir qadın, lider kimi göstərilsə də, əslində, o, qadının vətəni, namusu, haqqı uğrunda nələr edə biləcəyini sübut etdi və bu gün layiq olduğu qiyməti alır.

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10