“…dünyanı işıqlandıran, qəhramanlıqda düşməni yaxan, od məzaclı bir sultan”

54 Baxış

скачанные файлыSenet.az Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin  IV fəslindən  Şah İsmayıla  həsr olunmuş bir parçanı təqdim edir.

…Şeyx Heydərin vəfatından sonra, onun böyük oğlu Sultan Əli, Ərdəbildə irşad məsnədinə (təriqət başçılığına) keçib, hökmranlıq üçün hazırlanmağa başladı. Bu xanədanın müridləri, əqidələrini aşkara çıxarıb, beyəti təzələyirdilər. Sultan Yaqub onu qardaşları və anası ilə bərabər İstəxri-Fars qalasına göndərdi, həbs etdirdi. Sultan Əlinin anası Sultan Yaqubun bacısı idi. Onlar dörd il yarım orada qaldılar. Rüstəm mirzə, yuxarıda göstərildiyi kimi, vaxtın təqazasına görə, onları Təbrizə gətirtdi. Baysunqar mirzə öldürüldükdən sonra, Sultan Əlini izzət və ehtiramla Ərdəbilə göndərdi. Bir neçə vaxtdan sonra, Rüstəm Mirzə sufi firqəsinin toplanmasının və müridlərin artmasını görərək Sultan Əlidən şübhəyə düşdü. Onu yenə qardaşları ilə bərabər Təbrizə gətirtdi və üzərində gözətçilər qoydu.

Müridlərin gizli və aşkar olaraq gediş-gəlişi davam etdiyindən, Rüstəm mirzə onu dəf etmək fikrinə düşdü. Sultan Əli qardaşları və 700 nəfər müridləri ilə bərabər, Ərdəbilə doğru hərəkət etdi. 4000 əskər ilə onu təqib etməyə məmur edilən Əbih Sultan, Ərdəbilin şimal tərəfində ona çatdı. Dava qızışdı və Sultan Əli öldürüldü. Sufilərin başçıları, altı yaşlı qardaşı İsmayıl mirzəni o biri qardaşı İbrahim mirzə ilə bərabər, gizli olaraq, Ərdəbilə gətirdilər, 40 gündən sonra da Gilana apardılar. tərkibi, əbcəd hesabilə İsmayıl Mirzənin anadan olması tarixidir. Bu hadisə, hicri 898-ci (=1493) ildə üz vermişdir.

Nə qədər ki, türkmən təbəqələri arasına ikitirəlik düşməyib, istiqlaliyyətləri ixtilala üz tutmamışdı, Gilan hakimi Mirzə Əli Karkiya onlara qarşı lazımi məhəbbət göstərirdi. İsmayıl mirzə hicri 906-cı (=1501) ildə xüruc edərək, Rum ilə Şam sufi müridlərindən 1500 nəfərlə Ərdəbilə gəldi. Qoşunu az olduğundan, müharibəni məsləhət görməyib Talışa getdi. [92 - 93] Qış qurtarandan sonra yenə Ərdəbilə gəlib Qarabağa hərəkət etdi. Oradan da şahanə bir cah-cəlal və başına toplanan külli qoşunla Şirvana yola düşdü.

Page_of_the_manuscript_of_Gulistani_Irem_2Fərrux Yəsar 20.000 atlı və neçə min piyada qoşunla “Gülüstan qalası” yaxınlığında, Cəbəlani yaxınlığında onunla hərb etdi. Gülüstan qalasının xarabası Şamaxı şəhərinin yuxarısında, bir dağ üzərində “Qız qalası” adı ilə məşhurdur. O, buradakı döyüşdə məğlub olub, qoşun böyüklərindən bir çoxu ilə bərabər öldürüldü. Şirvanşahın igid oğlu İbrahim Şeyxşah, gəmiyə minib Gilana getdi. Şah İsmayılın səltənət təbli bu ölkədə çalındı. Qışı Şirvanın Mahmudabad şəhərində keçirdi. Şirvanın qalaları və şəhərləri bütün xəzinələri ilə bərabər onun əlinə keçdi. Lakin bəzi qalaların əhalisi təslim olmaq istəmirdilər. I Şah İsmayıl, bir tərəfdən çox dərin xəndək, üç tərəfdən isə dəniz ilə əhatə olunmuş Bakı qalasını azacıq müdafiə və müqavimətdən sonra fəth etdi. Bu qalanı Nuşirəvan bina etmişdi. Şirvan padişahları da ona çox möhkəm bir burc çəkmişdilər. Bundan sonra, məşhur qalalardan hesab edilən və Şirvan əmirləri ilə əhalidən bəzisinin sığınağı olan Gülüstan qalasını mühasirəyə aldı. Bu zaman xəbər yetişdi ki, Əmirzadə Əlvənd türkmən əsgərləri ilə Naxçıvana gəlib, qoşunu hər iki tərəfdən onunla vuruşa hazırlamışdır. Şah İsmayıl buradan Azərbaycana yola düşdü. Əmirzadə Əlvənd, Muslu Əmir Osmanı bir dəstə qoşunla göndərdi. Şah İsmayıl da öz qoşunlarından bir dəstəni onun qarşısına göndərdi. Şiddətli müharibədən sonra türkmən qoşunu məğlub oldu. Əmir Osman, bir dəstə böyük adamlarla əsir düşüb öldürüldü. Əmirzadə Əlvəndin özü 30000 əsgərlə onun qabağına yeridi. hicri 907-ci (=1502) ildə, Naxçıvanın Şərur adlı yerində, Şah İsmayıl 7000 qızılbaş qoşunu ilə onu məğlub edib, böyük adamlarından və qoşun əhlindən bir çoxunu öldürdü. Külli qənimət ələ keçdi. Əmirzadə Əlvənd Ərzəncana qaçdı. Şah İsmayıl Təbrizə gəlib səltənət taxtına oturdu və o zamana qədər gizli saxlanan şiə məzhəbini aşkara çıxardı. Həmədan ətrafında Sultan Muradı da məğlub etdi.

Sultan Murad məğlub olduqdan sonra, bir müddət Bağdadda qaldı. Buradan damadı Əlaüddövlə Zülqədərə pənah apardı. Onun vasitəsilə öz məqsədinə çatmaq istədi. hicri 912-ci (=1507) ildə Zülqədərin qoşunu ilə gəlib Diyarbəkirin qala və şəhərlərindən bəzisini aldı. Sonrakı il Şah İsmayıl çoxlu qoşunla onu dəf etməyə getdi. Müharibə alovu iki gün şiddətlə şölələndi, üçüncü gün Sultan Murad məğlub olub, yenə Əlaüddövlənin yanına getdi. [93 - 94]

Şah İsmayıl bir-birinin ardınca Diyarbəkir, İraqi-Ərəb, İraqi-Əcəm, Fars, Xorasan və Mavəraünnəhrin bəzi yerlərini fəth edib, yenə də Təbrizə qayıtdı.

1347016225_420912Bu zaman xəbər çatdı ki, Şeyxşah Şirvanı ələ keçirib istiqlaliyyətdən dəm vurur və xərac verməkdən də boyun qaçırır. Bu xəbər şahın qəzəbini alovlandırdı. Qışın şiddətli soyuq bir çağında, hicri 915-ci (=1510) ildə, Şirvana hərəkət etdi. Şeyxşah müqavimət göstərə bilməyib Beyqurd qalasına qaçdı. Bu qala Şamaxının üç ağac şimalında, çətin keçidli bir yerdə olub xarabaları indi də mövcuddur. Bu qalanın yanında həmin adla böyük bir kənd də vardır.

Şah İsmayıl Şirvana gəlib Lələ bəyi Şamaxıda Şirvan hakimi təyin etdi və özü də bu vilayətin qala və şəhərlərini almaqla məşğul oldu. Bakı və Şabran qalasının mühafizləri təslim oldular. Dərbəndlilər qalanın möhkəmliyinə arxalanaraq bir neçə gün müqavimət göstərdilərsə də, axırda təslim oldular. Şah İsmayıl, yeni hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İraqda yaşayan Bayat türklərindən bir dəstəni siyahi üzrə köçürüb Dərbənd və Şirvanda yerləşdirdi. Özü də həmin qışda Qarabağa gəldi, baharda Sultaniyyəyə getdi.

Sultan Səlim, hicri 920-ci (=1515) ildə, İran ilə müharibəyə gəlib Çaldıran səhrasında Şah İsmayıla qalib gəldi və Təbrizi  aldı.  O  burada  doqquz  gün  qaldıqdan  sonra  Ruma  qayıtdı.  Qürurunun  çoxluğundan,  Əlaüddövlə  bu  iki padişahdan heç birini (Sultan Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim Fərhad paşanı onu cəzalandırmağa məmur etdi. Əlaüddövlə öz tayfasından bir çoxu ilə bərabər öldürüldü. Sağ qalanlardan bəzisi Ruma dağıldı və bir parası da sonralar Zülqədər oğlu adı ilə məşhur olan nəvəsi ilə Azərbaycana gəldi. Şəmsəddinli mahalı bunlardandır. Bir çoxları da Car, Tala və Dağıstanla qonşu olan yerlərə dağıldılar. Ləzgilər «z»hərfini «b»hərfi ilə dəyişərək, bunlara indi də Bülqədər deyirlər.

Bu tayfa Hülaku xanın Türküstandan köçüb Şirazda yerləşdiyi türkmənlərdəndir. Bunlar oradan Diyarbəkirə və Mosula gələrək çəlal və iqtidar sahibi olduqdan sonra, qonşu vilayətlərə təcavüz edirdilər. Bunlardan on nəfəri 138 il o ölkədə hökmranlıq etmişlər. Bunların sonuncusu olan Əlaüddövlə, bir dərəcəyə çatdı ki, bir-birilə vuruşmaqda olan Misir və Şam valilərinin hər ikisi onun köməyinə möhtac oldu. Buna görə o, deyərmiş: “Mənim iki toyuğum var, bunlardan biri qızıl, digəri isə gümüş yumurtlayır”.

Hicri 929-cu (=1523) ildə, Şah İsmayıl Azərbaycanda olduğu zaman, Şirvan hakimi Şeyxşah ona itaət edərək çoxlu hədiyyə ilə hüzuruna gəldi. Şirvanşahlar xanədanına mənsub bir şahzadə xanımı da Şah İsmayılın hərəmxanasına göndərdi. Bu kimi yaxşı xidmətlərinə görə, Şirvan vilayətləri yenidən ona tapşırıldı.

Sonrakı il, hicri 930-cu (=1524) ilin əvvəllərində, yayın axırlarında Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhramanlıqda düşməni yaxan, od məzaclı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işləri ilə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub şer söyləməyə də maildir. Şah Xətai təxəllüsü ilə yazılmış olduğu gözəl şerlər indi də xalq arasında məşhurdur. Bu aşağıdakı beyt onun şerlərindəndir:

 

“Bisütun dağı zar-zar aqlamağımı eşidincə, yerindən oynadı, Fəryad edib dedi: indi artıq başqa bir Fərhad meydana gəlmişdir.”

 

Bölmə : Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10