Dünyanın “Azərbaycan” imzalı Məhəmməd Əmin Rəsulzadəsi

40 Baxış
79413_qs0fgdtq6q

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!

XIX əsrdə, özəlliklə həmin əsrin ikinci yarısında Azərbaycan Milli İdeyasının meydana çıxmasında müəyyən əməyi olan A.A.Bakıxanov, M.F.Ax­und­­zadə, S.Ə.Şirvani, H.Zər­da­bi və başqaları yaxşı anlayırdılar ki, Azərbaycan xalqının müstəqil gələcəyi yal­­nız bir­tərəf­li, yəni tamamilə İslam-Türk mədəniyyəti ilə bağlı ola bilməz, müəyyən mənada Qərbin mütərəqqi dəyərlərinə də yiyələnmək lazımdır. Onların milli ruhlu əməkləri səmə­rə­siz qalmamış Ə.Ağaoğlu, Ə.Hüseyn­zadə, Ə.Topçu­başov, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və başqaları Azərbaycan milli ideyasının gerçəkliyə çevrilməsi yolunda mühüm addımlar atmışlar. Bizcə, Azərbaycan milli ideyasının müəyyənləşməsi zamanı milli ideoloqlar sələflərinin hər birinin ideya­ların­dan yararlanmağa çalışaraq, onların milli dünya­görüşləri əsasında islamçılıq, türkçülük və müasirliyi bir xətt olaraq qəbul etmişlər.

Milli ideyalar arasında ilk olaraq önə çıxan dini birlik – İslam birliyi olmuşdur. M.B.Məmmədzadə, M.Ə.Rə­­sul­­zadə, və H.Baykara­nın mülahizələrinə görə, Azərbaycan türk­ləri arasında ilk dəfə Əhməd bəy Ağaoğlu islamçılığa daha çox üstünlük vermiş, geniş və dərin, nəzəri şəkildə “İslam millətçiliyi”ni təbliğ etmişdir. Onların fikrincə, 1900-1910-cu illərdə Ə.Ağa­oğlu bir müsəlman ziyalısı kimi əsasən, İslam dinində islahatlar aparmaqla müsəlman millətlərinin tənəzzüldən qurtarıb tərəqqisinə və yüksəlişinə çalışmışdır.

Ancaq “İslam birliyi” ideyası çox keçmədən öz yerini Türkçülüyə verdi. Hər halda çar Rusiyası dönəmində milli kimliyi və milli dili saxtalaş­dırılan Azərbaycan xalqının milli şüurunun oyan­masında milli özünəməxsus­luqlar, o cümlədən Türkçülük İslam birliyi faktorun­dan daha vacib idi. Bu o demək deyil ki, milli ideoloqlar Türkçülüyü qəbul etməklə İslamçılıq və Müasirlik şüurunu tamamilə bir kənara qoyurdular. Sadəcə, Türkçülük milli şüurun formalaş­masında İslamçılıq və Müasir­likdən önəmli, aparıcı olduğunu açıq şəkildə ortaya qoyurdu. Bunu, milli ideoloq M.Ə.Rəsulzadə belə ifadə edirdi: “Panislamizdən qurtulan Türk ictimai-siyasi düşüncəsi birdən-birə indi çatdığı gerçək milli ideyaya o anda çata bilməzdi. Bu psixoloji baxımdan aydındır. Müharibə və ümumi təhlükə şəraitində “İslam birliyi” kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malik bir şüar irəli sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi… Türk birliyi”.

Bizcə, Əli bəy Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan «Füyuzat» jurnalında “İslam əqidəli, Türk qanlı və Avropa qiyafəli bir insan olalım” – deməklə, bütün Türk xalqlarının ortaq məfkurəsinə çevrilən “türkçülük, islamçılıq və müasirlik” ideyasının, o cümlədən Müstəqil Azərbaycan ideyasını hədəfləyən Türk birliyinin təməlini qoymuşdur. Hüseynzadə­nin bu “üçlü” düsturuna görə, hər müsəlman-türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Bunu, Ə.Hüseyn­za­də belə izah edirdi ki, İslam dini istisna olmaqla türklərin əksəriyyəti baş­qa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, gös­tə­rən­­lər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq mü­səl­­man türklər həm İslam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-sax­lamı­şlar. Onun nəzəri-fəlsəfi yönlü “üçlü” düsturundan çox keçmədi ki,  bütün Türk millətləri, o cümlədən Azərbaycan xaqlı (M.Ə.Rəsul­zadə, N.Yusifbəyli və b.) və Türkiyə xalqı (Z.Gökalp, Atatürk və b.) eyni dərəcədə yararlan­dılar.

Ə.Ağaoğlu və Ə.Hüseynzadə Azərbaycan xalqının milli ideyasını bir-birinə təxminən yaxın olan müasir ruhlu islamçılıqda və türkçülükdə, başqa sözlə ümumi və mücərrəd xarakterli İslam birliyi, ya da İslam-Türk dünyasının birliyində gördükləri halda, milli istiqlalçılar (M.Ə.Rəsul­zadə, N.Yusifbəyli, Ə.Topçubaşı və b.) daha çox çar Rusiyası daxilində baş verən inqilabi, liberal-demokratik dəyişikliklərə ümid edərək Rusiya türklərinin, o cümlədən, konkret olaraq şimali Azərbaycan türklərinin bundan müəyyən mənfəətlər əldə etməsinə çalışmışlar. Azərbaycanın milli istiqlalını hədəfləyən Azərbaycan türkçülüyü ideyası – azərbaycançılığın yaranması, M.Ə.Rəsul­zadə­nin təbrincə desək, ictimai ideologiyanın bütün sisteminin öncə dini islamçılıq sistemindən ümumi türkçülüyə-turançılığa, daha sonra türkçülükdən milli türkçülüyə keçidi ilə baş vermişdi.

Azərbaycan Milli İdeyasının yaranmasında M.Ə.Rəsulzadə, N.Yusifbəyli, M.Hadi, Y.V.Çəmən­zəminli,  A.K.Kazımzadə, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, Ə.Topçubaşov və başqaları mühüm rol oynamışlar. Ən önəmlisi odur ki, onlar özlərindən əvvəlki İslam birliyi-islamçılar, Türk birliyi-türkçülər və Rusiya birliyi-milli liberallardan fərqli olaraq, daha konkret xətt seçərək Milli birliyi-Azərbaycan istiqlalçılığını hədəfləmiş­dilər. Bizcə, Azərbaycan Milli ideyasının yaranmasında və formalaşmasında ən mühüm xidmətlər də ilk növbədə, Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyliyə məxsusdur. Bu iki böyük idealist, millətpərvər, demokrat, milli və müstəqil Azərbaycan ideyasının müəllifləridir. M.Ə.Rəsulzadə bunula bağlı yazırdı ki, Azərbaycan Milli İdeyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: “Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda “Açıq söz” qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı”.

Doğrudan da, “Açıq söz” qəzetinin ilk sayında nəşr olunan “Tutacağımız yol” (1915) məqaləsində Rəsulzadə ilk dəfə Azərbaycan Milli İdeyasının başlıca prinsiplərini göstərmişdir. Onun fikrincə, milli ideyanın əsas idealı milliyyətdir ki, 20-ci əsrdə milliyyət əsri olduğuna görə, Azərbaycan türkləri də milliyyət mərhələsini keçib millət olaraq meydana çıxmalıdır. Bu baxımdan 1-ci dünya müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüd olduğunu qeyd edən Rəsulzadəyə görə, dünya xəritəsinin alacağı yeni şəkilə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər, aşkar və qətiyyətlə peyda olmuş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır. Azərbaycan İstiqlaçılığın gələcəyini isə Rəsulzadə mütləq üç əsasa – Türkçülük, İslam­çılıq və Müasirliyə sarılmaqda görürdü. Bununla da o, ümumi türkçülükdən, Türk Birliyin­dən Azərbaycan Milli İdeya­sına doğru önəmli bir addım atmış və Azərbaycançılığın əsasını qoymuş­dur.

Rəsulzadə və onun əqidədaşlarının Milli İstiqlal ərəfəsində “Azərbaycan” adına müraciət etməsi isə, türkçülü­yün yaxın  və uzaq milli hədəfi olan türk dövlətinin yaranması ilə birbaşa bağlı olmuşdur. Çünki Azərbay­can milli ideyası – azərbaycançılıq yalnız türkçülük uğrunda savaş aparan müsavatçıları deyil, sosialist­ləri, islamçıları və başqalarını da öz ətrafında birləşdirə bilirdi. Əslində son hədəfi müstəqil Azərbaycan dövləti yarat­maq olan türkçülərin ölkənin “Azərbaycan” adlandırılması bir tərəfdən türklüyün ifadəsi, digər tərəfdən isə siyasi-ideoloji gediş idi. Şübhəsiz, Rəsulzadənin “Azərbaycan” adına müraciət etməsində artıq ona qədər bununla bağlı müəyyən fikirlərin mövcudluğu mühüm rol oynamışdır.

Azərbaycan türklərinin “Azərbaycan milləti”, “Azərbaycanlı” adlandırılmasını ilk dəfə 1890-cı ildə Cəlal Ünsizadənin “Kəşkül” qəzetində, daha sonra Məhəmmədağa Şahtaxtlının “Kaspi” qəzetində nəşr olunmuş məqalələrdə rast gəlirik. M.Şahtaxtlı yazırdı ki, Zaqafqaz­iya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar Azərbaycan türkləridirlər: “Gün­dəlik həyat­ımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud ader­bed­canlı türk dili. Ona görə də Zaqafqaziya müsəlman­larını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azər­baycan dili adlandırmaq məqsədəuyğun olar­dı”. “Azərbaycan” anlayışının milli düşüncədə formalaşmasının davamı kimi Cəlil Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı “Azər­bay­can” məqaləsində artıq yazırdı ki, vətəninin adı Azərbaycan, millətinin və dilinin adı isə türkdür.

Bizcə, bu anlamda “Kəşkül”ün, M.Şahtaxtlının, C.Məmmədquluzadənin “Azərbaycan” anlayışı ilə bağlı irəli sürdükləri mülahizələr ən doğru qiymətləndirən, onu siyasi-ideoliji anlamda  bir dövlətin rəsmi adına verən isə M.Ə.Rəsulzadə və onun əqidədaşları olmuşdur. Ancaq onların  “Azərbaycan” ideyasını Azərbaycan­dakı bütün siyasi qüvvələr­in, o cümlədən burada yaşayan bütün etnosların əsas ideyasına çevrmələri heç də asan omamışdır. M.Ə.Rəsulzadə 1918-ci ilin 10 dekabrında parlamentin 2-ci iclasındakı çıxışında, “Azərbaycan” ideyasının, sonralar onun ekvalaenti olan azərbaycançılıq ideyasının hansı çətinlilkərlə reallaşmasını göstərmək üçün deyirdi: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariy­yətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (Allah eləməsin – F.Ə.)- İslama xətər vurursu­nuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyət­pərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur…  Artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy­yətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».

Həmin dövrdə Azərbaycan Milli İdeyası artıq qalib bir vəziyyətə gəlirdi ki, o da ilk növbədə türklüyə, daha sonra islamlığa və demokratik dəyərlərə əsaslanırdı. Beləliklə, bunların vəhdəti olaraq azərbaycanlılıq şüuru da yaranmış olurdu. Azərbaycanlılıq şüuru dil birliyi, qan birliyi  və mədəniyyət birliyinə əsaslanan türkçülüklə yanaşı, İslam, Vətən və Dövlət şüurunu da özündə əks etdirirdi. Deməli, o dövrdə türkçülükdən Azərbaycan milli ideyası – azərbaycançılıq yaranmış, onun nüvəsində də Azərbaycan türkləri başda olmaqla, bütün azərbaycanlılar durmuşdur. Bunu, M.Ə.Rəsulzadə belə ifadə etmişdi: “Millət məhkumluğu acısını dadmış Azərbaycan türkü məhkum millət yaratmaz! Azərbaycan Cüm­huriy­yəti övladı­nı ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda qalan millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər milli-mədəni muxtariyyətə malik olub, öz dini, milli və mədəni işlərini özləri idarə etməlidirlər”.

Azərbaycan Cümhuriyyətinin ideoloqları milli şüurun formalaşma­sı zamanı uzaqgörənliklə gördükləri işlərin nəticə­sində Azərbaycan xalqının şüurunda dərin iz sala bildilər. Cüm­huriy­yətin iki ilə yaxın mövcudluğu dövründə bütün Azərbay­can vətəndaşlarının şüurunda milli mənsubiyyətindən, dinin­dən, siyasi dünyagörüşündən asılı olmayaraq vahid vətən, vahid dövlət və milli varlıq şüuru formalaşdı. Ona görə də Azərbaycan Sovet Rusiyasının işğal­ına məruz qaldığı dövrdə və sonralar da Azərbaycan türkləri ilə yanaşı talışlar, kürdlər, ləzgilər və başqa azsaylı etnoslar müstəqil Azər­bay­can dövlətini qorumaq üçün birgə mübarizə apardılar. Bu, ilk növbədə milli şüurun-azərbaycanlılıq şüur­u­nun, azərbaycanlılıq imzasının dünya imzalarından birinə çevrilməsi demək idi. Bu baxımdan artıq Azərbaycan Cümhuriyyətində yaşayan hər bir kəs islamçı, türkçü, müasirləşmək tərəfdarı, hətta sosial-demokrat olmasından asılı olmayaraq həm də bir azərbaycançı olmağa başladılar. Çünki vaxtilə Məhəmməd Hadinin dünya millətlərini göz önünə gətirərək böyük ürək yanığısıyla dediyi “yox millətimin xətti bu imzalar içində”, kəlamı artıq xəyaldan gerçəkliyə qovuşmuşdu. Rəsulzadə və onun silahdaşlarının əməyi sayəsində “Azərbaycan” imzası dünya millətlərinin imzası içində yer almışdır.

Dos. Dr. Faiq Qəzənfəroğlu (Ələkbərov)

Bölmə : Redaktorun seçimi
KÖŞƏ YAZARLARI
TOP 10