DÜNYANIN KEÇİLMƏZ MƏKANI – ÇANAQQALA

169 Baxış

Yusif Ali AfsarYusif Alı Afşar

Bakı pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri, dosent

 

Çanaqqala şəhidlərinin və 

qazilərinin xatirəsinə ithaf olunur.

 

Dünyanın böyük gücləri hələ də canlarından çıxmayan türk xofu ilə yaşayır. Bu gün qondarma “Erməni soyqırımı” kartını əllərində tutub, Türklərə qarşı şərəfsiz addımlar atan Avropa-Qərb heç düşünmədimi ki, bu millətin qisas hissi mərhəmət hissindən daha dəhşətlidir. Bu dəhşət isə onların məhvinə gətirəcək. Nə tez unutdular Çanaqqalanı. Axı dünyada “Qallipoli” savaşları kimi tanınan Çanaqqala şavaşı bəşəriyyətdə türk qəhrəmanlığını, türk kişiliyini, qeyrətini, döyüşkənliyini, ölməzliyini sübut etmədimi? Dünyanı bölüşdürmək üçün qanlı savaşa girən 5 böyük imperiyadan sonda 4-nün məhvinə səbəb olan Çanaqqala dirənişini nə tez unutdular? “Türk əsgəri yaxşı döyüşçü olsa da, mənəvi ruhu zəifdir” deyən rus generalı Aleksandr Suvorovun Çanaqqala savaşı ilə gorunu çartladan türk mənəvi ruhunudamı unutdular? Bu qəhrəmanlıqları ilə tarix yazan məhz türklər oldu! Buna görə də, qəhrəmanlıqları ilə tarixlərini yazan millətlərin fövqündə məhz TÜRK milləti durur. Ulu Tanrı bu millətdən heç nəyi əsirgəməyib. Lap qədimdən – Türklər özlərini bir varlıq kimi dərk etdikləri vaxtdan sadə izahlı təsəvvürlərlə, lakin dərin fəlsəfi bağlılıqla Tanrıçılıq ideyaları əsasında təkallahlığı qəbul etmiş və Tanrıya inanaraq Ona səcdə etmişlər. Bu daxili inam Türkləri yayıldıqları coğrafı arealda, qurduqları böyük imperiyaların və dövlətlərin idarə edilməsində, apardıqları mübarızə və müharibələrdə həmişə ədalətli və insani mövqe tutmağa səsləmişdir. Həmçinin Türklər yaşadıqları Vətəni həmişə Tanrı əmanəti kimi qəbul etmiş və Vətən yolunda qan tökməkdən, ölümdən qorxmayaraq, onu göz bəbəyi kimi qorumuşlar. Necə ki, Çanaqqalada yüz minlərlə türk əsgəri Vətən yolunda şəhid olaraq, Uca Haqqın dərgahında zirvəyə ucaldılar!

 

XX əsrin əvvəllərində Avropanın imperialist dövlətləri yeni müstəmləkələr əldə etmək üçün dünyanın siyasi və coğrafi baxımdan yenidən bölüşdürülməsi planlarını hazırlamışdılar. İqtisadi rəqabət, hərbi güc nümayişləri, millətçilik və sair iddialar Avropanı iki hərbiləşmış qütbə bölürdü. Almaniya-Fransa və Rusiya-Avstriya arasındakı çəkişmələr getdikcə dərinləşirdi. Nəhayət, 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan imperatorluğunun vəliəhdi Arşadik Ferdinandin bir serb milliyyətçisi tərəfindən öldürülməsi bu gərginliklərə son qoydu.

Avstriyanın 28 iyul 1914-cü ildə Serbiyaya qarşı müharıbə elan etməsi I Dünya müharıbəsinin başlanğıcı oldu. Almaniya, Avstriya-Macarıstan və İtaliya Üçlər İttifaqı blokunda, İngiltərə, Fransa, Rusiya isə Antanta blokunda birləşdilər.

600 illik tarixi hakimiyyəti dövründə dünyanın üç qitəsində geniş ərazi sərhədlərinə malik, bir çox millətləri, xalqları və dinləri özündə birləşdirən Osmanlı İmperiyası artıq XX əsrin əvvəllərində zəifləmişdi. Daxildə və xaricdə gedən münaqişələr İmperiyanı süquta sürükləyirdi. Trablus-Qərb və Balkan müharıbələri Osmanlı İmperiyasının Şərqi Trakyadakı Avropa torpaqlarının əldən çıxması ilə sonuclandı. Hərbi qüdrətini itirmiş Osmanlı İmperiyasının yerüstü və yeraltı sərvətlərlə zəngin əraziləri güclü imperialist dövlətlərin bölgü planına salınmışdır. Rusiya İstanbulu və boğazları ələ keçirib Aralıq dənizinə maneəsiz çıxmaq, İngiltərə Osmanlı ərazisindən keçməklə Fələstini işğal etmək və bununla da Misirə, Süveyş kanalına tam sahiblənmək, Fransa isə Suriya və Klikyanı öz nəzarətinə keçirmək istəyirdı. Bu iddialardan daha təhlükəli olanı isə ermənilərin ərazi iddiası idi. Ermənilər Osmanlının 1877-78-ci il rus-türk müharibəsi zamanı əlindən çıxmış şərq torpaqlarına – Ərzurum, Van, Muş, Bitlis və Qarsa iddialı idilər (1878-1918-ci illərdə bu ərazilərdə ermənilər 100 minlərlə türk insanını məhv etmişdilər).

Belə bir vaxtda Osmanlı İmperiyasının itirilmiş torpaqlarının geri qaytarılması və çökmüş nüfuzunun qalxması üçün bir-birinə qarşı duran bloklaşmış hərbi güc mərkəzlərinin birində iştirak etməsi qaçılmaz idi. Osmanlı İmperiyası öncə Antanta blokuna girmək istəyində olduğunu bildirsə də, həmin blokda təmsil olunan Rusiyanın və İngiltərənin məhz Osmanlı ərazilərinə olan iddiaları bu istəyə maneçilik törədirdi. Buna görə də Osmanlı İmperiyası Üçlər İttifaqında təmsil olunmaq üçün Almaniya ilə 2 avqust 1914-cü ildə Alman-Türk ittifaqını bağladı.

Osmanlı dövlətinin əlində olan boğazlar Avropa üçün çox böyük önəm daşıyırdı. Tarıx boyu imperatorlar İstanbulun fəth edilməsini dünya ağalığının zirvəsi hesab etmişlər. Bu səbəbdən düşmənlərin əlinə gözəl fürsət düşmüşdür. Antanta dövlətlərinin düşünülmüş planlarına və riyazi hesablamalarına görə, Almaniyadan yetərli yardım ala bilməyən Osmanlı dövləti təkbaşına müttəfiq donanmalarına qarşı davamlı müqavimət göstərə bilməyəcəklər. Müttəfiq ordusu isə Çanaqqaladan sərbəst halda keçib boğazları və İstanbulu zəbt edərək Osmanlıya, Avropaya və Asiyaya tam sahib çıxacaqlarını düşünürdülər. Bununla da tərəfsiz qalan bir çox ölkələr Antanta blokunun bütün şərtlərini qəbul edərək onların tərəfinə keçdiklərini elan edəcəkdilər. Belə vəziyyət isə özlüyündə yeni müstəmləkələrin yaranması demək idi.

Bu düşüncə ilə 28 yanvar 1915-ci ildə İngiltərə, arxasınca da Fransa Osmanlı dövlətinə qarşı müharibə elan etdi.

İngilislər “dənizlərə hakim olan, dünyaya hakim olur” düşüncəsilə hərəkətə keçdilər. İngiltərənin dəniz donanması naziri Vinston Çörçilin bu planlarını Aralıq Dənizi Donanmasının komandanı admiral Karden həyata keçirməli idi. Tarixində heç bir məğlubiyyət görməmiş, dövrünün müasir texnologiyaları ilə təchiz edilmiş, uzaqvuran toplarla silahlanmış zirehli gəmilərdən ibarət ingilis donanması boğazlara girdi. İngilislərin yenilməz donanması fransızların da donanma dəstəyilə dünyanın ən böyük armadasını qurmuşdu. Bu qeyri-adi gücün qarşısında dayana biləcək qüvvəni təsəvvür etmək mümkün deyildi. Parçalanmaq üzrə olan, hərbi cəhətdən zəif silahlanmış Osmanlı qoşunlarının qalibiyyəti isə inandırıcı görünmürdü.

Düşmən dövlətlərin ilk dəniz hərəkəti 19 fevral 1915-ci ildə başladı. Öz donanmalarını Çanaqqala boğazında möhkəm yerləşdirdikdən sonra, Türklərin müdafiə mövqelərini artilleriya atəşinə tutmağa başlamışlar. Osmanlı qoşunlarının tabeliyində olan bütün toplar boğazın ən dar hissəsində qurulan müdafiə səddində yerləşdirilmişdi. 15-35 sm çaplı 78 ədəd topdan yalnız 18-nin maksimal uçuş məsafəsi 15-17 kilometr aralığında idi. Sursat cəbbəxanasının zəif təchiz olunması dəhşətli savaşın boğazın içərilərində – Kilitbahirdə başlamasını zəruri edirdi. Həmin gün axşamtərəfi Türk batareyaları düşmən savaş gəmilərini atəşə tutdular. Ərtuğrul və Orhaniyə mövqelərindəki toplardan açılan atəş qarşısında düşmən qüvvələri olduqca sarsıldılar. Müttəfiq donanması arzuladıqları kimi nə irəliləyə, nə də bu olaydan baş aça bilmirdilər. Bu uğursuzluqların nəticəsi olaraq, düşmən donanmasının komandanı admiral Karden vəzifəsindən uzaqlaşdırılaraq yerinə 17 mart 1915-ci ildə admiral de Robek təyin olunmuşdu. Yeni komandan 18 mart 1915-ci ildə tabeliyindəki donanma ilə boğaza girəcəyini və tez bir zamanda İstanbulda olacağını israrla Çörçilə bildirmişdi.

Martın 17-dən 18-nə keçən gecə Çanaqqala İstehkam Mövqe komandanı albay Cevat Çobanlı bütün çətinliklərə baxmayaraq, boğaza mina xətti çəkilməsi əmrini verdi. Bu əmri minbaşı Nazimi bəy “Nüsrət” mina gəmisi ilə həmin gecə boğaza 11 xətt üzrə 26 mina döşəyərək yerinə yetirmişdi.Həmin gecə havanın qatı dumanlı olması ingilis gözətçi gəmilərindən yayınmağa kömək etmişdi ki, bu da Tanrının türklərə bir köməyi olmuşdur.

18 mart 1915-ci il: İngilis və fransız gəmilərindən ibarət, o vaxtın ən böyük dəniz gücü üç donanma olaraq səhər tezdən Çanaqqala boğazının içərilərinə doğru irəliləməyə başladı. Donanmanın ən nəhəng – “Agamemnon”, “Queen Elizabeth”, “Lord Nelson” zirehli döyüş gəmilərindən və “Inflexbile” müharibə kreyserindən ibarət 1-ci dviziyaya admiral de Robek şəxsən özü komandanlıq edirdi. İkinci qrupda da ingilis komandanlığı altında “Ocean”, “Irresistible” və “Wengeance Majestic” savaş gəmiləri yer almışdır. Üçüncü donanma isə “Prinse”, “Bouvet” və “Suffren” adlı zirehli fransız gəmilərindən təşkil edilmişdir ki, buna da admiral Quepratte komandanlıq edirdi. Ümumilikdə Çanaqqala boğazında düşmənlərin irili-xırdalı 20 zirehli döyüş gəmisi olmuşdur. Birinci dviziya saat 10:30-da boğazdan içəri girdi. Eskadranın qarşısında gedən gəmilər əsas hədəflərini bilirdilər. Belə ki, təyin edilmiş yerə çatdıqdan sonra, “Queen Elizabeth” gəmisinin hədəfi Rumeli Məcidiyə istehkamı, “Lord Nelson” gəmisinin hədəfi Namazgah istehkamı, “Inflexbile”nin hədəfi isə Rumeli Həmidiyə istehkamı idi. Müttəfiqlər türklərin boğazda qurulmuş müdafiə xətlərini asan keçə biləcəklərini düşünmüşdülər. Buna görə də Türk müdafiə mövqelərinin Rumeli Məcidiyəsindəki mərkəz batareyalarına qarşı şiddətli artilleriya atəşinə başladılar. Boğazdakı düşmən gəmiləri Həmidiyyə istehkamında dayandılar. Belə bir vaxtda Dardanos batareyaları atəşi öz üzərlərinə çəkməyə başladı. Yaranmış vəziyyəti görən admiral de Robek bütün gəmilərin Dardanos batareyalarına atəş açmasını əmr etdi. Qurudan açılan atəşlər zəif görünürdü. Bu arada Məcidiyə istehkam qüvvələri və sahil batareyaları da artilleriya atəşinə başladı. Çaş-baş qalan düşmən gəmiləri qaçmaq istəsə də mərmi yağışından göz aça bilmirdi. Saat 14:00-da Çanaqqalaya mərmilər sanki leysan yağışı kimi yağırdı. Dəhşətli və qorxunc bombardman bir saatdan çox çəkmişdir. Düşmənlərin 316 müasir gəmi topuna türklər 93 müxtəlif təyinatlı toplarla qarşılıq verirdilər. Bu atışmada Türk qoşunları böyük zərər görmüşdülər. İstehkamlar arasında bütün növ əlaqələr kəsilmişdir. Topların bir hissəsi siradan çıxmışdı. Yüzlərcə əsgər şəhid olmuşdu. Komplektləşmə həyata keçirilə bilmirdi.

Türklərin artilleriya atışlarının zəiflədiyini görən admiral de Robek fransız gəmilərini geri çəkərək ingilis döyüş gəmilərini irəli verdi. Fransız gəmilərinin geri çəkildiyi vaxt müdhiş bir partlayış baş verdi. “Bouvet” gəmisi minbaşı Nazimi bəyin boğaza düzdüyü minaya düşərək 600 nəfərlik heyətilə birlikdə suya qərq oldu. Yerlərini dəyişən ingilis gəmilərindən “Irresistible” və “Ocean” da bir neçə saatdan sonra eyni aqibəti yaşayaraq heyətilə birlikdə dənizin dibinə çökdülər. “Inflexbile” kreyseri və fransızların “Suffren” və “Gaulois” zirehli gəmiləri də yararsız hala düşərək manevretmə qabiliyyətlərini itirmişdilər. Müttəfiq donanmaları ağır itkilər verərək boğazdan biabırçı məğlubiyyətlə geri çəkildi. Bu acı məğlubiyyət düşmənləri çox sarsıtmışdı. İndiyədək məğlubiyyətin nə olduğunu bilməyən ingilis donanması Türklərin əlindən sanki “zəncir çeynəyirdi”. Müttəfiqlər Çanaqqala boğazını dənizdən keçə bilmədilər, bu yolda 2000 nəfərdən çox canlı qüvvə itkisi də verdilər. Ən başlıcası isə Çanaqqala boğazının keçilməzliyini dərk etdilər.

Dəniz məğlubiyyətindən sonra müttəfiqlər quruya desant çıxarılması planını hazırladılar. Ancaq dəniz məğlubiyyəti ilə desant çıxarılmasının arasının 5 həftə çəkməsi Türklərə vaxt sarıdan çox kömək etdi. Bu vaxt ərzində yeni müdafiə istehkamları quruldu, əsgər toplantıları aparıldı, sıradan çıxmış topların bəziləri bərpa edilmişdi.

Aralıq dənizindəki müttəfiq qoşunlarının baş komandanı təyin edilən general Hamiltonun tabeliyində 75 min nəfərlik ordunun, general Birdvudun tabeliyindəki Avstraliya və Yeni Zenlandiya Korpusunun (ANZAK) (ANZAK-ın tərkibində türklərə qarşı xüsusi təyinatlı yəhudi ordu təlimçiləri də fəaliyyət göstərirdi), Seddülbahirə çıxarılacaq general Hunter Vestonun tabeliyindəki ingilis və general d’Amadenin fransız qoşunlarının qarşısında 80 min nəfərlik Türk Ordusu – 5-ci ordu dayanmışdır. Bu ordunun komandanlığı 24 mart tarixində alman marşal Liman von Sandersə həvalə olunmuşdu. Artıq Çanaqqala quru döyüşlərinə hazırlıq sona çatmışdı. Desant çıxarılmasının hansı istiqamətdən olacağı mübahisəli idi. 19-cu dviziya komandanı albay (polkovnik) Mustafa Kamal desant çıxarılmasının Kabatəpə, yaxud da Seddülbahirdən olacağını, marşal von Sanders isə Bolayır yaxud da Anadolu yaxasından olacağını bildirirdi. Müttəfiq gücləri 25 aprel 1918-ci ildə səhər tezdən istedadlı zabit Mustafa Kamalın düşündüyü yerdən – Seddülbahirdən desant çıxardılar. Morto lomanı sahilinə çıxan fransız qüvvələri ilə, Təkə burnunun hər iki tərəfinə çıxarılan ingilis əsgərləri olduqları yerdən tərpənə bilməmişdilər. Burada Türklərin xarabalıqlar arasında gizlənən, nisbətən yaxşı təchiz edilmiş qüvvələri ilə qarşılaşan ingilislər axşama qədər döyüşdülər. Həmin gün düşmənlər 300 nəfər itki verdiklərinə baxmayaraq, bir metr də irəliləyə bilmədilər.

Seddülbahirə yenidən ingilis və fransızlardan ibarət 40 min nəfərlik qoşun çıxarıldı. Türklərin müdafiə istehkamları çox zəif idi. Bu ordunun qarşısında isə 26-cı alayın, sadəcə, 3 taburu (təxminən 3 min nəfər) dayanmışdı. Həmin gün 26-cı alayın komandanı Kadri bəy və onun əsgərləri bir neçə saat döyüşərək düşmənin qarşısını qəhrəmanlıqla kəsə bilmişdilər.

Düşmən Seddülbahir cəbhəsində ilk dəfə 26 aprel tarixində hücuma keçdi. Bu döyüşdə düşmənin 35-40 taburluq qüvvəsinə qarşı Türklərin, sadəcə, 9 taburi dayanmışdı. 3-4 may tarixində Türk Ordusu düşməni qovaraq dənizə tökmüşdülər. Gecələr min bir əziyyətlə qazılan səngərlər gündüzlər donanma atəşi ilə məhv olurdu. Türk əsgəri açıq ərazidə, üç tərəfdən artilleriya atəşi altında misilsiz bir müdafiə və əks-hücum döyüşü apararaq düşməni hədəfinə çatmağa qoymamışdı. Düşmən qoşunları 4 və 5 iyun hücumlarında 65 min nəfərlik ordu ilə 25 min nəfərlik Türklərin üzərinə atıldılar. Bu döyüşlərdə 17 min nəfər (düşmənlərdən 8 min, Türklərdən 9 min) şəhid verildi. Bu hücum da əvvəlkilər kimi nəticəsiz qaldı.

19-cu dviziya komandanı Mustafa Kamal Qocaçiməndə, Conkbayırda düşmənlə müdhiş savaş apardı. Mustafa Kamal sursatları qurtarmış əsgərlərə: “Süngünü tax! əmrini verdi. Mən sizə hücumu əmr etmirəm. Ölməyi əmr edirəm. Biz ölənə kimi keçəcək zaman içində yerimizə başqa qüvvələr və başqa komandanlar keçə bilər” dedi. Tarixin ən böyük səngər savaşı başladı. Səngərlər arası məsafə 8-10 metr idi. Səngərdən bir nəfər də olsun ayrılmırdı. Şəhid olanların yerinə başqaları yerləşdirilirdi. Düşmən ildırım sürətilə Conkbayıra doğru irəliləyirdi. Avqustun 8-dən 9-na keçən gecə Mustafa Kamal bəy Anafartalar Qrup komandanlığına təyin olundu. Anafartalar döyüşündə düşmənin atdığı güllə Mustafa Kamalın ürəyinin üstündə dayandı. Döş cibindəki gümüş saat onu ölümün pəncəsindən almışdır.

Qısa vaxt ərzində Türk ordusu bütün cəbhə boyu böyük uğurlar qazandı. Düşmən çaş-baş qaldı, ordusu məğlubiyyətə uğradı. Çanaqqala quru döyüşlərinin ən önəmli cəbhələri: Qumqala, Bolayır, Arıburnu, Seddülbahir, Qabatəpə, Conkbayır və Anafartalar olmuşdur. 19-20 dekabr 1915-ci ildə Anafartalar və Arıburnu cəbhəsi, 8-9 yanvar 1916-cı ildə Seddülbahir düşməndən azad edildi.

Çanaqqala savaşlarında Türklərin qəhrəman dəniz və quru qüvvələri kimi, Hərbi Hava qüvvələri də dövrünün müasir silahları ilə silahlanmış düşmən aviasiyasına sarsıdıcı zərbələr endirmişlər. Türk hava qüvvələrinin tarixində ilk dəfə, 30 noyabr 1915-ci ildə Çanaqqalada baş leytenant Alı Rza səmada fransız hərbi təyyarələri ilə qarşılaşaraq, təyyarələrdən birini sərrast atəşlə vurub yerə salsa da, mərmisi tükəndiyindən ikinci bombardmançı təyyarənin üzərinə gedərək taran etmişdir.

28 yanvar 1915-ci ildə Osmanlıya müharibə elan edən İngiltərə və Fransa Türk qoşunlarının hərbi gücünün, silah və texnikasının riyazi hesablamasını apararkən böyük yanlışlığa yol vermişdilər. Belə ki, onlar Türk əsgərinin mənəvi gücünü, Vətən sevgisini hesaba almamışdılar. Artıq 1916-cı ilin yanvarında yenilmək bilməyən ingilis ordusu və donanması Türk əsgərinin mənəvi gücünün qarşısında diz çökmüş kimi görünürdü.

Türk əsgərlərin qəhrəmanlıqları düşmənlərini də onlar haqqında yüksək fikirlər söyləməyə məcbur etmişdir. Heç təsadüfi deyil ki, ingilis hərb tarixi kitablarında: “Yorulmadan mücadilə edən və sonda qalib gələn düşmənlərimizə heyran qaldıq” sözləri yazılmışdır. “Türklər, Çanaqqalanı tutmaq istəyən, dövrünün ən qabaqcıl texnikasına malik güclərin qarşısında sanki bir sədd kimi tikilmişlər… biz Çanaqqalada sanki Tanrı ilə döyüşürdük” deyən İngıltərənin hərbi dəniz donanması naziri Çörçili bu məğlubiyyətindən sonra tütduğu vəzifəsindən atmışdılar.

General Hamilton “… Bizi Türklərin maddi gücü deyil, mənəvi gücü məğlub etmişdir. Çünki onların atacaq barıtları belə qalmamışdı…” deyərək Türk əsgərinin mənəvi gücü qarşısında baş əymişdir.

1938-ci ilin noyabr ayında böyük Türk oğlu Mustafa Kamal Paşa Atatürkün cənazə-vida mərasiminə İngiltərə hökumətinin baş təmsilçisi olaraq qatılan feldmarşal Birdvud Riddel (Çanaqqala döyüşlərində Avstraliya və Yeni Zenlandiya Korpusu komandanı) yerdən əyilərək bir az torpaq götürüb Atatürkün nəşinin üzərinə qoyaraq, Türk torpağı üzərindən böyük öndəri salamlamış və beləcə Çanaqqalada qarşılaşmış olduğu bir qəhrəmana son hörmətini ifadə etmişdi.

Müttəfiq dövlətləri Çanaqqalaya əvvəlcə nisbətən az qüvvə göndərsələr də, sonradan bu qoşunların sayını 500 min nəfərə (400 min ingilis, 100 mim fransız) yaxın artırmışdır. Çanaqqala döyüşlərində ingilislərin itkisi 205 min nəfər, fransızların itkisi 47 min nəfər olmuşdur. Türklər isə bu qeyri-bərabər mücadilədə 250 mindən çox şəhid verdilər. Çanaqqala savaşlarında TÜRK ƏSGƏRLƏRİ tökülən qanları ilə Vətən torpağı üzərinə qırmızı örtük çəkdilər ki, düşmən ayağı onun müqəddəs torpağına dəyməsin.

Görəsən, dünya hərb tarixində misli görünməyən Çanaqqala savaşını qalibiyyətlə sonuclayan nə idi? Bu savaşda inam, ruh, Vətən sevgisi, bir millət kimi boyunduruqda yaşamamaq, şəhidlik və ölməzlik vəhdət təşkil edərək bu mücadilənin kluminasiya nöqtəsində dururdu. Böyük Türk oğlu Mustafa Kamal Paşa Atatürkün dediyi kimi: “Çanaqqala zəfəri, Türk əsgərinin ruh qüdrətini göstərən layiqli heyrət və bir təbrik nümunəsidir. Əmin ola bilərsiniz ki, Çanaqqala müharıbəsini qazandıran bu ruhdur”.

Onbaşı Seyidin göstərdiyi qəhrəmanlıq Türkün mənəvi gücünün fiziki gücünə qalib gəldiyi şərəfli bir səhnədir. Onbaşı Seyid heyəti həlak olmuş topun, 250 kq çəkisi olan mərmisini təkbaşına qaldırıb topun xəzinəsinə salmış və sərrast mexaniki nişanlama ilə (optik nişangah tamamən sıradan çıxıbmış) düşmən gəmisinin külünü göyə sovurmuşdur. Belə ki, onun atdığı mərmi zirehli gəminin şüşə pəncərəsindən içəri keçərək sursat cəbbəxanaya düşmüşdür.

Çanaqqala savaşında şəhid olmuş Hasan adlı əsgərin anasına yazdığı məktubu oxuyan hər bir Türk, sadəcə, qürür duyur:

“…Camaat ilə namaz qıldım. O gözəl yaşıl çayırların üzərində diz çökdüm. Dünyanın bütün dəbdəbələrini unutdum. Əllərimi qaldırdım, gözlərimi yuxarı dikdim, ağzımı açdım və dedim:

- Ey Türklərin Ulu Tanrısı! Ey bu oxuyan quşun, bu gəzən və mələyən qoyunun, bu səcdə edən yaşıl tarla və otların, bu heybətli dağların Yaradanı! Sən bütün bunları Türklərə verdin. Yenə də Türklərə ver. Çünki belə gözəl yerlər, Sənə sığınan, Səni Ulu tanıyan Türklərə məxsusdur…”

Çanaqqala savaşları dünya xalqlarına bir daha sübut etdi ki, Türkün torpağı basılmaz, Türkün savaşı Haqq savaşıdır. Çanaqqala savaşı ilə türklər dünyaya göstərdilər ki, şərəfli kişi ölümü necə olur. Türk kişisi Çanaqqalada ona qarşı döyüşən düşməninə də sayğı göstərərək, həlak olmuş əsgərləri əsgəri hörmətlə dəfn etmişdilər.

Çanaqqala savaşı Türk millətinə böyük öndər, qazi Mustafa Kamal paşanı bəxş etdi. Əsarəti qəbul etməyən türk milləti öz lideri Mustafa Kamal Paşa ilə istiqlal mücadiləsini Çanaqqalada aldıqlar ruhla başa vurdular!

Çanaqqala savaşlarında türk qardaşlarının köməyinə könüllü olaraq yüzlərcə Azərbaycan türkü də gəlmişdir. Osmanlı İmperiyasının ağır bir vaxtında öz qardaşlıq borcunu şərəflə yerinə yetirərək bu savaşlarda onlarca azər türkü də şəhid olmuşdur. Bu isə bir daha onu təsdiq etdi ki, Türkün Türkdən başqa dostu yoxdur, Türk Türkə güvənər.

 

Bölmə : Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10