Dünyanın sonu

102 Baxış

Xülya Cəfərova yeniXülya Cəfərova

DÜNYANIN SONU

8 yaşımın tamam olmasına bir neçə ay qalmışdı. Yatmaq vaxtım yaxınlaşanda hiss etdiyim ənənəvi şirin yorğunluqdan qeyri heç nə duymurdum. Evdəki səs-küy, gülüşlər, qışqırıqlar, hər yerdə yanan işıqlar bayırdakı qəribə zülməti gizlədirdi sanki. Çox yox, cəmi bir neçə dəqiqədən sonra həmin qaranlığın özündə həmişəki kədərdən, yorğunluqdan başqa – daha güclü və qəddar sirrlər ehtiva etdiyini öyrənəcəkdim…

Tanrının təyin etdiyi vaxtda yer-göy titrəməyə başlayır. Televizordan gələn səslər, anamın telefonda rəfiqəsi ilə etdiyi söhbətlər o qədər adi, monotondur ki bu qəfil dəyişikliyi idrak etməkdə çətinlik çəkirəm. Əgər zənn etdiyim şey baş verirsə, anam əlindəki telefonu atıb qışqıra-qışqıra yanıma qaçmalıdır. Televizordakı süni sifətlər hırıldamağı kəsməlidirlər. Gülüşləri vahiməli qışqırıqlar əvəz etməlidir.

Belə də olur. Məndən bir neçə saniyə sonra anam vəziyyətin nə yerdə olduğunu anlayıb yanıma qaçır. Həyəcandan havaya vıyıldatdığı telefonun yerə düşəndə çıxardığı səsi eşidə bilmirəm. Bu, özümə də qəribə gəlir. Anlamıram ki səbəb səs-küyün çoxluğudur, yoxsa qulaqlarımın həmin an kar olması…

Tezliklə gündəlik məişət libası ilə bizi aldadan evimizdən çıxıb artıq niyyətini bəlli edən gecəyə təslim oluruq. İnsanlar küçələrə tökülüşüblər. Tanış simalar görürəm. Kimisi ağlayır, kimisi nə baş verdiyini anlamaq üçün lal-dinməz ətrafa boylanır. Bir-birinə qarışıb boğuq bir naləyə çevrilən səs-küyün içindən «Zəlzələdir!», «İçəridə qalanlar var!» «Kömək eləyin!» kimi sözləri seçə bilirəm.

Demək olar ki enerji sərf etmədən, amma sürətlə hərəkət edirəm. Anam əlimdən bərk-bərk tutub qaçır. Bir anlıq əlini buraxmağa cəhd edirəm. Niyyətim ondan uzaqlaşmaq deyil. Sadəcə hələ də bədənimi idarə edə bildiyimdən əmin olmaq istəyirəm. Yox, alınmır. Sanki əllərimiz bir-birinə kilidlənib.

«Anaaa!», – deyə çağırıram, – «Bunlar yuxudur?» O, mənə ötəri  nəzər yetirir. «Yox, qızım, gerçəkdir», – deyə tələsik cavab verir və yenidən irəli çevrilir. Var gücü ilə məni də dartaraq qaçmağa davam edir. Nə yaxşı ki üzünü çevirir. Yoxsa həmin an simamda yaranan iri, dəli təbəssümdən qorxub özünü itirərdi. Lakin heç kəs balaca bir uşağın təbəssümünə fikir verəcək vəziyyətdə deyildi.

O təbəssümün ardında «Zəlzələdir! Dünyanın axırıdır! Nəhayət hər şey sona çatır!» kimi fikirlərdən doğulan fərəh gizlənirdi. Ölümdən zərrə qədər də qorxmurdum həmin vaxt. Səbəbini özüm də anlamırdım. Barmağı azca qanayanda belə qışqırıb bağıran, bütün ev əhlini ayağa qaldıran mən ölümün üzünə gülürdüm indi. Daxilimdə heç vaxt duymadığım qədər güclü bir sevinc var idi. Bütün dünya məhv olacaq. Ətrafda qarışqa kimi qaynaşan bütün insanlar toza çevriləcəklər. Mən və tanıdığım, sevdiyim hər kəs öləcək…

Qəribədir… Axı niyə bu fikir məni qorxutmaq əvəzinə sevindirirdi? Yox, bu, qətiyyən şeytani bir sevinc deyildi. Tamamilə əksi idi. Heç vaxt o an olduğu qədər dərindən hiss etməmişdim Tanrının sevgisini. Tanrı sehirli çubuğu ilə yer kürəsini silkələyirdi… Bircə düyməyə basmaqla dünyamızı «restart» edirdi. Dünyanın məhvi onun içərisindəki bütün gözəlliklərlə yanaşı, eybəcərliklərin də məhvi deməkdir. Dünyanın ölümü günahların da sona çatmasıdır. Daha heç kəs bir-birini incitməyəcək, heç kəs başqasının malına, canına göz dikməyəcək. Nifrət, qəzəb, kin anlayışları heç vaxt olmamış kimi yoxa çıxacaq…

Sevinirəm, çünki Tanrı bəşəriyyət üçün ağ, təmiz bir səhifə açmaq qərarına gəlib. Öz «top»undan yorulub. Onu partlatmaq istəyir. Çünki o top artıq təmiz deyil. Palçığa batıb. O qədər çox çirklənib ki nə qədər yusan da təmizlənən deyil. Üstündəki bütün rənglər qaraya çevrilib. Artıq Tanrı belə bu «top»dan – dünyadan iyrənir…

Sevinirəm, çünki mən də Tanrının tərəfindəyəm. Qışqırıb bağırmaq, kömək istəmək, xilas olmaq barədə düşünmürəm. Məndən tələb olunanlar bunlar deyil. Hiss edirəm…

İnsanlar nəyə görə bu qədər qorxurlar? Tək-tənha ölməkdən qorxmaq normaldır. Yaşayanları görüb ölümə təslim olmaq asan məsələ deyil. Ancaq bir halda ki var olan hər bir canlı eyni anda öləcək, burada qorxulu nə var ki? Hamı birlikdə öləcəksə, deməli Tanrının bizim üçün başqa planı var. Deməli, daha gözəl, qaranlıqsız, qarasız, nifrətsiz, riyasız bir yerə gedirik. Özü də hamımız birlikdə! Çox sevinirəm. Tezliklə əllərimi göynədən, burnumu qızardan soyuğu hiss etməyəcəyəm. Heç vaxt ağlamayacağım, qəlbimin qırılmayacağı bir yerə gedirəm. Tanıdığım və tanımadığım hər kəsin mehriban, dostcasına yaşayacağı, sevgi dolu bir yerə gedirəm.

Qəribədir… Doğurdanmı məndən başqa heç kəs bunları anlamır? Bəlkə bir anlıq, kiçik bir ağrı hiss edəcəyik bədənlərimizdən xilas olarkən. Nə olsun? Veriləcək mükafatın yanında həmin ağrı nədir ki? Bütün bu yükdən, ağırlıqdan xilas olandan sonra bəlkə də heç vaxt ağrı, itki nədir bilməyəcəyik. Yeni bir mərhələyə keçidi «son» zənn edən bu insanları anlamıram! Anamın gözlərindəki qorxunu anlamıram! Qonşuluqda yaşayan xalanın nəyə görə bayaqdan səsinin zil yerinə salıb bağırdığını başa düşə bilmirəm! Səkkizinci mərtəbədə ilişib qalan qoca nənəni niyə aşağı endirməyə çalışırlar? Bu ki əbəs cəhddir! Yox, vicdanımı tərk etməmişəm. Sabahın, işıqlı gələcəyin vəd olunduğu bir dünyada insanlara kömək etmək mənəvi borcumuzdur. Lakin indi bunun vaxtı deyil! Artıq sonuncu dayanacaqdayıq! Birazdan birdəfəlik gedəcəyik.

Az qalıb… Dünyanın belini vaxtsız bükən günahlardan təmizlənməsinə az qalıb! Şeytanın ruhlarımızdan həmişəlik qovulmasına az qalıb! Birazdan heç vaxt görmədiyimiz rəngdə duyğuları hiss edəcəyik. Bədənimizin hər hüceyrəsinə işləyəcək Tanrının sevgisi… Mənim gözümdə indi Tanrı qəzəblənərək bütün işçilərini birdən qovan qəddar rəhbərə deyil, övladlarına daha yaxşı gələcək bəxş etmək uğrunda çalışan fədakar anaya bənzəyir. Tanrı bizim daha yaxşı bir yerdə yaşamağımızı istəyir…

Titrəyişlərin yavaş-yavaş azaldığını, nəhayət dayandığını hiss edirəm. «Top»un rəqsini dayandırması ilə birlikdə çöhrəmdəki təbəssüm yerini kədərə verir. Anam artıq hündür tikililərdən uzaqlaşmaq üçün qaçmağı dayandırıb. Ətrafdakı insanların qışqırığı get-gedə azalır. Sadəlövhcəsinə sevinirlər… «Nəyə sevinirsiniz?! Bu paslı girdabın içində hələ biraz da fırlanacağınıza? Əbədiyyətə, Tanrıya qovuşmaq əvəzinə hər gün qaranlığa, şərə tab gətirməyə məcbur olacağınıza? Birazdan gedib yenə darısqal çarpayılarınızda xoruldayacaqsınız. Səhər durub bir-birinizin qeybətini eləməyə, üzünə gülüb arxasından quyu qazmağa davam edəcəksiniz. Bundan başqa nəyi bacarırsınız ki?!», – deyə ürəyimdə qəzəblənirəm. Amma özüm də bilirəm ki, buna haqqım yoxdur. Çünki insan övladı həmişə görmədiyindən, anlamadığından qorxur.

 

Dünya yenidən əvvəlki axarına qayıdır. Törətdiyi bəd əməlləri etiraf etmiş bir günahkar kimi rahatlığa qovuşaraq öz qınına çəkilir. O gecə xəyalını qurduğum möcüzələr diyarına getmək əvəzinə hamı kimi mən də darıxdırıcı otağıma qayıtmalı oldum. Daxilimdə həm təəssüf, həm də inam var idi. Bir neçə dəqiqənin içində heç vaxt fərqinə varmadığım duyğularla tanış olmuşdum və anlamışdım ki bu, sadəcə hazırlıq mərhələsidir. Hələ «son» gəlməmişdi. Tanrı həmin gecə bizə ötürdüyü sevgi ilə bir mesaj verirdi: «Əbədi işığa aparan yol qaranlıqdan keçir». Mən isə o işığa çatmaq istəyirdim. Özü də tezliklə…

 

O gecə və ondan sonra uzun illər ərzində hər gecə yerimə girərkən eyni duanı edirdim. Böyüyüb özümü «dərk edən»ə, zəlzələni təbəssümlə qarşılayan uşaqdan qorxu ilə qaşlarını çatan gənc qıza çevrilənə qədər hər gecə Tanrıya eyni sözlərlə yalvarırdım: «Tanrım, nə olar yenə bizə zəlzələ göndər…»

 

 

XÜLYA CƏFƏROVA