Durna köçü

15 Baxış
1s
Ülviyyə Kərəmqızı

 

Anam bizə həyatda hər şeyin ruhu olduğunu deyirdi. Balaca vaxtlarımdan heyvanları daha çox sevir, onlarla daha çox maraqlanırdım. Kitablarda olan rəngli şəkillərə baxdıqca quşların necə xoşbəxt olduqlarını düşünürdüm. Yaşıdlarımdan fərqli olaraq uçmaq arzusu, düşüncəsi isə məni qorxudurdu. Nə vaxt qollarımı yana açıb uçduğumu təsəvvür etsəm, ayaqlarımı yerə daha bərk basdığımın fərqinə varır, bir neçə saniyə sonra təlaşla gözlərimi açırdım. Uçmaqdan çox ayaqlarımın yerdən üzülməsi mənə vahiməli gəlirdi. Durnalar… Zərif uzun boynu, incə ayaqları, bəmbəyaz tükləri… Onların ecazkar gözəlliyi mənə təbiətin bəyazlığını daha da cəlbedici edirdi. Dayanmadan köç etməkdən, hər dəfə yeni yerlər, ölkələr görməkdən gözəl nə ola bilərdi? Düşünürdüm ki, doğulursan, yaşayırsan. Yaradılışın etibarı ilə uçmaqdan qorxmursan.

Bir müddət sonra atamın işi ilə əlaqədar mütəmadi köçmək məcburiyyətində qaldıq. Nə vaxtsa xəyalı xoş gələn bu gedişat getdikcə durnaların heç də xoşbəxt olmadıqlarını aydın başa düşməyimə səbəb oldu. Daimi bir evinin olmaması, bir yerə məxsus ola bilməmək dəhşətli şey idi. Otağımdan, öyrəşdiyim yoldaşlarımdan ayrılmaq istəmirdim. Dəyişən evlər, dəyişən insanlar və o insanlara öyrəşmək qorxusu məni özünəqapalı, qaradinməz adam eləmişdi. Atam həm dostuma, həm də oyun yoldaşıma çevrilmişdi. Hər söhbət etdikcə, unutmağımı istəmirmiş kimi, deyirdi: “İnsanlar heç vaxt dəyişmir. Onları olduqları kimi gör, qəbul elə ki, sonra peşman olmayasan. Yadında saxla, insanın ruhu ac olanda gözlərini, qarnını heç nə doydurmur. Şüuraltında nəyə inansan, ona çevriləcəksən. Çalış, ayağını basdığın torpaqdan şikayət etmək əvəzinə susuzluqdan çatlamış yerlərə baxıb şükür eləyəsən. İnsanları müşahidə və hiss etməyi öyrən..” O, danışırdı, mən də hər dəfə onun qırışan sifətinə, zaman keçdikcə ağaran saçlarına baxdıqca bunun doğru olmadığını düşünürdüm. Məncə, insanlar dəyişirdi. Məsələn, hər dəfə onun saçlarında ağ tüklərin artdığını görürdüm. Zaman deyilən məfhum insanlara öz gücünü şəkillərdə daha çox göstərirdi. Atamın qocaldığını gördükcə evdəki gənclik xatirələrini, fotoalbomlarındakı şəkillərini gizlədirdim. Mən ağrı duyurdum. Onun da bu gerçəkliklə üzləşib kədərlənməsini istəmirdim.

Rəngləri sevirdim. Sevdiyim varlıqları göyqurşağının rənglərinə bənzədir, onlarla müqayisə edirdim. Məsələn, mənim üçün təkliyin rəngi sarı idi. Yeni köçdüyümüz kəndin adamları mənə boz rəngi xatıladırdı. Şəhərin mərkəzindən xeyli uzaqda yerləşən bu yerlərin ruhundakı bozluq göyqurşağının əlvan rənglərini soldurmuş, özünə bənzətmişdi. Bir dəfə qonşu qadınların mübahisə səsinə evdən çölə çıxdıq. Məlum oldu ki, onlardan yeni ana olan Mənsurə oğluna Lətifənin üç aylıq oğlunun adını qoyub. Lətifə qonşu uşağın övladının həyatına, taleyinə şərik çıxacağını düşünür, bununla razılaşmaq istəmirdi. Bu kənddə eyni adı daşımaq bir ömrü yarı-yarıya paylaşmaq kimi qəbul edilirdi. İnanclarına görə, qoyulan adlar insanın həyat yoluna da öz təsirini göstərirmiş.

Ağır sükut qonşuluğa Durna adlı qadının və qızı Leylanın kəndə köçməsi ilə pozuldu. Bu yerlərin sakitliyinə görə həddən artıq səs-küylü olan bu adamların gəlişi hamıdan çox məni sevindirmişdi. Durna xala qızı Leylanın xəstəliyinə çarə tapılmadığını görüb, çarəsiz öz ata-baba yurduna qayıtmışdı. Gözləri görməyən Leyla ilə aramda yaş fərqi çox olsa da, o, aşiq olduğum ilk qız idi. Adını öyrənəndə əvvəlcə mənasını araşdırdım. Leyla – gecə, saçları, gözləri qara qadın. Elə bu cür idi. Həqiqətən də, qızın gözəlliyi mənə xəyallarımda canlandırdığım pəriləri xatırladır, onların varlığına inandırırdı. Bir dəfə özünə utana-utana necə gözəl olduğunu deyəndə gülümsəyib dedi: “ Əgər məni adamların arasına buraxsalar, onların içərisindən özümü tapa bilmərəm. Mən doğulandan görmürəm. Sifətimi, gözlərimi tanımıram. Dərimi, gülüşümü, saçlarımın rəngini təsəvvür edə bilmirəm. Bilirsənmi, ən pisi də odur ki, hər dəfə adamlardan özüm haqqında eşitdikcə qəlbimə daha çox maraq dolur. Mən öz bədənimdə qonaq kimiyəm. Anamdan tez-tez xahiş eləyirəm ki, mənə özüm haqqında danışsın. Atama bənzədiyimi deyib, susur. Qəribədir. Gözlərim açıqdır, toxunuram. Baxıram, amma nəyə baxdığımı, necə baxdığımı bilmirəm. Gecə düşdüyünü biləndə sevinirəm. Özümü gecənin ev sahibi kimi, insanları da evimə gələn qonaq kimi təsəvvür eləyrəm. Bircə gecədəki sükütdan dincəlirəm. Hamının mənim kimi qaranlığa çəkildiyini düşünmək qəlbimə rahatlıq gətirir. Anam deyir ki, mən doğulmamışdan əvvəl adımı Leyla qoyacağını arzulayırmış. Mən doğuldum, ən qəribəsi də “leyla” kimi doğuldum..” Bir dəfə onun yanında gözlərimi yumub, oturanda hiss etdim ki, atam haqlıdır, insan qaranlığa düşəndə işığın dəyərini daha yaxşı anlayırmış.

Durna xalagilin evi bizim evə bitişik idi. Hər dəfə həyətindən oxuduğu mahnıların səsi gəldikcə özümü pəncərə önünə atıb qulaq asırdım. Kəndə “göyqurşağı” gətirən bu qadının bağçasındakı müxtəlif rəngli güllər mənə kitablardakı sehrli bağları xatırladırdı. Hər mövsüm toxumları torpağa atanda Leylasına cənnət yaratdığını deyirdi. Doğrudur, Leyla görmürdü, amma ətrini hiss edir, onlara toxunurdu. Hər dəfəsində durna köçü gedəndə anam zarafatla : “Ay Durna, səninkilər gedir,” – deyirdi. Əvvəl gülümsəyir, sonra sifətinə çökən qəribə sükuta çevrilir, yavaşca sözə başlayırdı : “ Eh, Fatimə. Hər durna köçü gedəndə deyirəm, görən, yenə kimin doğmasını özləri ilə apardılar. Bu köç mənə görmədiyim atamı, anamı xatırladır. Elə bilirəm ki, onlarla birgə görmədiyim əzizlərim gedir. Leyla olmasaydı, bəlkə, mən də…” deyib susurdu. Aram-aram işinə davam edib birdən gülümsəyirdi: “ Söz vermişəm Leylaya. Evi rəngli, güllü divar kağızları ilə boy-boy bəzəyəcəm. Özü də, elə kağızlar seçəcəyəm ki, gülləri qabarıq olsun. Bu ölmüşlər yaman tez solur. Qoy solmayan güllərə toxunsun, gülümsəsin. Mənə bu da bəsdir. Arzum var e , Fatimə. Qara torpağa rənglər gətirən, Durna qara palçıqla suvanmış bu evə də rənglər gətirəcək. Mən bir öz balamın dünyasına rəng gətirə bilmədim. Heç olmasa, soyuqlar düşmədən edə bilsəydim… Bəzən yaman yoruluram. Durnalar da bu il yaman tez getdi. Nənəm həmişə deyirdi ki, durna həsrət çəkəndə olduğu yerlərdən tez köçür, soyuqlar da tez düşür. Əgər tez gedirlərsə, özləri ilə gətirdiyi səmimiyyəti, istiliyi də aparıb gedirlər. Ölmüşlər bu il yaman tez səs-küy salıb. Yenə kiminsə ürəyinə, evinə od salacaqlar. Görəsən, biz tərəflərə niyə tez küsdülər… Bacarsaydı, onlara mane olardım.”

Bir müddət sonra səhərə yaxın tükürpədici nalə səsinə ruhu yatan bütün kənd qarışıq biz də oyandıq. Kimsə layla deyirdi. Elə bil ki, ətrafı əhatəyə alan dağlar, laylanın səsinə səs verir, onu daha da yüksəldir, səmaya qaldırıb sonsuzluğa qarışdırırdı. Anam hövlnak qalxıb çölə çıxdı. Səs Durna xalanın evindən gəlirdi. Leyla gecə keçirdiyi ani sarsıntıdan keçinmişdi. Mən ananın körpə övladına layla dediyini bilirdim, amma ölən övladına layla dediyini ilk dəfə Durna xaladan eşitdim. Gecikmiş laylasını balası sinəsində oxuyan bu ana övladına olan borcunu yerinə yetirirmiş kimi dayanmadan oxuyurdu. Leyla doğulandan görmədiyi üçün Durna xala həyata üsyan edib bu gerçəkliyi uzun müddət qəbul edə bilməmiş, qəbul edənə qədər də Leyla böyümüşdü. İndisə illərlə oxunmamış laylanın hər bir misrası qulaqdan ürəyə dağ çəkir, ox olub qulaq asanların ürəyinə batırdı. Durna xaladan başqa heç kəs tərpənmirdi.Mən laylanın yatmaq üçün oxunmadığının da ilk dəfə şahidi onda oldum. Leyla aydınlığa çıxa bilmədiyi bu dünyadan öz dünyasına oyanmağa gedirdi.

Yandı bağrım, qan eylədi dillərim, Qara gözlü gəlinciyim, oyan, dur.. -deyən ananın naləsi sanki hamını onun oyanacağına inandırırdı. Bu oxunan misralar ananın ilk, övladın son laylası idi. O layla ki, eşidən və şahidi olan hər kəsin yaddaşına iz saldı.

Artıq Durna xala öz çiçəklərini Leylanın məzarının üstündə əkirdi. Bəzən düşünürdüm ki, dörd tərəfi güllərlə əhatələnən məzar o güllərin ətri ilə nəfəs alır. Balasının nəfəssiz qalmasını istəməyən ana hər gün onlara qulluq edir, onlarla söhbətləşirdi. O gündən sonra Durna xalanın bircə dəfə hönkürtü ilə ağladığını eşitdik. Adamlardan qaçırdı. Anamla da əvvəlki kimi münasibət saxlamırdı. Bir neçə gün görünmədi. Qonşular narahat olub evinə gedəndə onu yarısı divar kağızları ilə bəzənmiş Leylanın otağında, Leylanın paltarlarının arasında nəfəssiz tapdılar.

Durna xalanın dəfnində xeyirdə-şərdə bir olmağı bacarmayan kənd adamlarının hamısı iştirak edirdi. Qızının cənnətə çevirdiyi qəbrinin yanında da onu dəfn etdilər. Mollanın dua oxuyan səsini üstələyən uğultu hamının qeyri-ixtiyarı səmaya baxmağa vadar etdi. Durna köçü gedirdi. Köş nizamlı, gözəl… Sanki bu dəfə səsləri həmişəkindən daha xoşbəxt idi. Qabaqda gedən durna yoldaşlarını geridə qoyacaq qədər irəliyə can atırdı. İçimdə bir hiss məni onun Durna xala olduğuna inandırdı. Anamın gözlərindən axan yaşın şiddətləndiyini və əlini havaya qaldırdığını görəndə başa düşdüm ki, təkcə mən belə düşünmüəm. Durnalar bu il də tez köçdü. Bir neçə gün sonra boz günlər yaşayan kənd ağ səhərə oyandı. Gecədən başlayan qar hər tərəfi öz bəyazlığına boyamışdı…

Bölmə : Nəsr, Ədəbiyyat