Düşmənə diz çökdürən əfsanəvi “DİFAİ” təşkilatının yaranması və fəaliyyəti

19 Baxış

128116

Demək olar ki, xalqımıza qarşı hər zaman məkrli əməlləri ilə birlikdə hərəkət edən erməni-rus birliyinə qarşı xalqın içindən bir dirəniş hərəkatı yarandı. Yarandığı gündən düşməni dizə gətirdik desək yanılmarıq. Bu təşkilatın adını çox az adam olar ki, duyub eşitməsin, onun fəaliyyəti ilə qürur duymasın. Dillərdə əfsanələşən bu təşkilatın adı “Difai” idi.

Azərbaycan Demokratik Cümhuriyyətinin “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi olan Nağı bəy Şeyxzamanlı öz xatirələrində “Difai”nin yaranması və faəliyyəti haqqında ətraflı məlumat verib. Senet.az enter.news saytına istinadən “Difai” ilə bağlı olan hissəni təqdi edir:

Çar üsul-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq saldı. Çar hökuməti bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməmişdilər.

Azərbaycan xalqı, bu gün olduğu kimi milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb etmişdir. Azərbaycan xanlıqların istiqlalına çar Rusiyası tərəfindən zorla son qoyulduqdan sonra da xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyəti və əldə etdiyi uğurları davam etdiyi üçün rusları təşvişə salırdı. Çar Rusiyasının ən mühüm siyasətindən biri Azərbaycan türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur. Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi qeyrət sayəsində gündən-günə artan bu fəaliyyət xalqı rifah içində bir istiqbala və zəngin vətənlərinin məsud qoynunda idellarının bu sonsuz səadətinin əzəli və əbədi nuruna qərq oldular (28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra, “Difai” firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa keçək.

Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində obaya uzanan kəndlərdə isə türklər yaşayırdı. Gəncənin türk məhəllələri arasında Noraşen adlı bir erməni məhəlləsi də var idi. Əsas türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Soflu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban, ermənilərin yaşayış hissəsində isə üç türk məhəlləsi -Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri də var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinlərindən qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək Türklər yaşayan məhəllələrə pənah aparırdılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər qadınlı-kişili türk məhəllələrində boş qalmış evlərə soxulur və talan edirdilər.

İgidliyi ilə məşhur Tatoğlu Qara öz adamları ilə birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin özləri onu öldürməyə cürətləri çatmadığından rus əsgərlərini ələ alaraq onların vasitəsi ilə öldürtdülər. Tatoğlunun ruslar tərəfındən öldürülməsini Gəncə əhalisi hüznlə qarşıladılar. Bu hadisədən sonra türk-erməni münaqişəsi təzədən qızışır. Ermənilər tərəfınə iş üçün getmiş olan müsəlmanlar orda öldürüldüyü kimi, türk məhəllələrində alver edən ermənilər də burada qətl edilirdilər. Diqqəti cəlb edən bu idi ki, çar hökuməti və məmurları bu mühüm qanlı qırğına münasibətdə seyrçi mövqe tuturdu.

Qırğının ikinci günü iki tərəf də hazır vəziyyətdə bir-birilərinə hücum etmək işarəsi gözləyirdi. Bu əsnada Bakıda və Qarabağda da qanlı savaşların başlandığı xəbəri Gəncədə sürətlə yayılmağa başladı. Əldə edilən məlumata görə, Qarabağdan gələn xəbərlər daha faciəli idi. Qarabağda ruslar ermənilərə silah və hərbi sursatla kömək etdikləri üçün türkələrdə silah və hərbi sursatın çatışmadığı hiss olunurdu. Qarabağa yardım etmək isə çətinləşirdi. Səbəbi isə Qarabağa gedən dağlıq yolun ermənilərin, Gəncə-Yevlax dəmir yolu isə rusların nəzarəti altında idi. Bir müddət sonra Gəncədə rus alayında qulluq edən və əslən Qarabağlı olan mayor Zülfüqar bəy Bağırbəylinin (Bağırbəyli Zülfüqar bəyin Birinci Dünya Müharibəsində 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonradan məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamış və cinayət “məchul güllə ilə törədilmiş” deyə ört-basdır edilmişdir.) şəxsi əşyaları adı altında Qarabağa silah atdırmaq mümkün oldu. Hadisənin üçüncü günü səhər erkən Kazak alayı komandiri general Fleyşerin (əslən alman idi) komandanlığı altında bir bölük süvari kazak bölüyü sürətlə meydana girdi. Kazaklar böyük Gəncə meydanında görünər-görünməz meydanın Dörd yol küçəsində və Sofulu tərəfdən kazakların üzərinə xalq yaylım atəşi açdı vo kazaklar meydanda bir neçə ölü və yaralı qoyaraq tez geri çəkildilər. Bir saat sonra polis rəisi və polislər meydana gələrək, silahları xalq tərəfındən alınmış cəsədləri və yaralıları apardılar. Bu kazak bölüyü meydana nə üçün gəlmişdi və nə etmək istəyirdi? Anlaya bilmədik. O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış iki min silahlı cavan ilə şəhərə girdilər.

news-detail

Şəhərin məşhur adamları bir yerə toplaşıb, müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Onlar qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəllələrinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfıbəyli tərəfindən idarə olunurdu. “Nəşri-maarif” və “Xeyriyyə Cəmiyyəti” binası qərargah olmuşdur. Ələkbər bəy buradan xalqa müəyyən göstərişlər verir və vəziyyətə nəzarət edirdi. Gəncə şəhərində vəziyyətin gərginliyi çar üsul-idarəsinin yüksək rütbəli məmurlarını narahat etməyə başladığı üçün onlar general-qubernator (vali) Bauyerin ətrafına toplaşmış və nə edəcəklərini bilmirdilər. Nəhayət onlar belə bir qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən başqa heç kəs dayandıra bilməz. Onlar bu məqsədlə Ələkbər bəyin yanına gələrək “Ələkbər bəy şəhərin yarısını məhv etmək fəlakətdir və ermənilər də tutduqlan işdən peşmandırlar” deyərək ondan bu xalq hərəkatının dayandırmağı xahış edirlər. Nəhayət, bu xahiş-minnətlərdən sonra Ələkbər bəy bu hərəkatı dayandırmaq əmrini verir.

Hər iki tərəfdə sakitlik təmin olunur və general-qubernator on türk və on erməni dəvət edərək onları barışdırır. Dəli Alı da iki minlik dəstəsi ilə şəhəri tərk edib dağlara çəkilir. Sonradan öyrənirik ki, ermənilərlə türklərin barışmaları Bakıda, Qarabağda olduğu kimi Tbilisidə də olmuşdur.

Ancaq Tbilisi barışığı daha maraqlı olduğu üçün təfsilatı ilə yazıram: Bu dəfə barışıq Qafqaz canişininin yanında olur. Türklər bu barışıq zamanı on nəfər gürcünün də olmasını istəyirlər və on erməni, on türk, on gürcü canişinin hüzurunda toplaşırlar.

Canişin uzun bir nitq söylədikdən sonra barışığın olmasını istədiyini və var qüvvəsi ilə faciənin bir də təkrar olunmayacağına söz verərək və onlara barışmalarını təklif edir. Təbii ki, gürcülər və ermənilər barışıq istəyirlər.

Türklər isə: “biz barışıq olmasın demirik, ancaq Tbilisidə ermənilər əksəriyyət təşkil etməkdədir. Biz türklər isə böyük Tbilisin bir məhəlləsində yaşamalıyıq. Biz qırğın törətmədik, soyqırıma məruz qaldıq. Hökumət də bu faciəli hadisəyə laqeyd qaldı. Əgər gürcü xalqı olmasa idi, əmin olun ki, türklərdən sülh üçün on nəfər də tapa bilməyəcəkdiniz. Demirik ki, barışmırıq, ancaq bizim tələblərimiz var. Canişin tələblərin nədən ibarət olduğunu soruşur. Türklər:

1. Ermənilərin katalikosu Tbilisə gələrək bizim Şeyxülislamdan qətl üçün əfv diləyəcək;

2. Qətl edilmiş türklərin qatilləri hökumətə təslim ediləcək. Ermənilər isə bu maddələrin aşağıdakı şərtlərlə yerinə yetirilməsini istəmişlər: “Katalikos xəstədir. Onun tərəfindən Yepiskop Baturyan Şeyxülislamın yanına gedərək qətllərdən kədərləndiyini bildirəcək. Ancaq, qatilləri rus məhkəməsinə verə bilmərik, çünki məhkəmə olarsa, bu iş uzanar. Bunlan erməni millətinin vicdanına həvalə edək. Onlar öz vasitələri ilə qatillərin cəzasını versinlər”. Ancaq çar hökuməti törətdiyi hadisəni var qüvvəsi ilə örtbasdır etməyə çalışırdı. Məsələ qapanmışdı, ancaq hadisədə ruslarla ermənilərin birlikdə hərəkət etmiş olduğu xalqımızı çox ehtiyatlı və tədbirli olmağa sövq edirdi. Qafqaz canişininin xahişi ilə Bakıda qəzet çıxaran, xalqın, xüsusilə də ziyalıların rəğbətini qazanmış və milli Azərbaycan işləri ilə məşğul olan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlmişdir. Xalq hökumət tərəfindən böyük cameyə dəvət edilmişdir. Came ağzına qədər dolu idi və mən də orada idim. Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etməyə başladı: “Möhtərəm gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir, deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub keçənləri utmalıdırlar. Onlar bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da öz həmcinslərinə toxunmurlar. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsul-idarəsindən əsrlərlə əvvəl Qafqazda türklərlə ermənilərin dost və yaxşı qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır”.

O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərlərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfıbəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra, Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət edirlər. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və irəlidə ruslar ermənilərin əli ilə bir pislik edə biləcəklərini nəzərə alaraq, xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və ruslara anlatmaq gərək idi ki, biz asanlıqla istismara baş əyməyəcəyik. Rusların gözünü qorxutmaq üçün bir gizli terror komitəsi qurmağa, gizli firqənin “Difai” firqəsi deyə adlandırmaq qərara alınır. Az keçmədən “Difai” firqəsinə möhür hazırlanır. Firqənin ilk qurbanı Kiresçinski olmuşdur. Bu rus məmuru Gəncə general-qubernatorunun (valinin) Qarabağda müşaviri olmuşdur. Pis əməllərinə görə ona Gəncədə heç kim salam verməzmiş. Qəddar və pis əməllər sahibi olmasını özü də etiraf etmiş, bu məmur başqa yerə təyin olunmasını da hökumətdən xahiş etməyə məcbur olmuşdur. Qətlin ertəsi günü gecə “Difai” fırqəsinin möhürü ilə divarlara bəyannamələr yapışdırılmışdır.

Bir həftə sonra “Difai” firqəsi Bilal adlı bir qarabağlının general Kalasapovu öldürmək üçün Tbilisiyə göndərir. Kim olmuşdur bu Kalasçapov? O, Qarabağda diviziya komandiri olmuş və diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri qətl etdirmişdir. Bu səbəbdən Tbilisiyə göndərilən Bilal iki gün sonra, ermənipərəst generalı küçədə öldürmüşdür.Beləliklə, ermənipərəst rus məmurları məhv edilirdilər.

“Difai” firqəsi öldürülənlərin günahlarını yaydığı bəyannamələrdə aydın göstərirdi. Bu hadisələrdən sonra rus məmurları qorxu içərisində bütün hərəkətlərini ölçərək, addım atırdılar. Onlar ciddi-cəhdlə “Difai” firqəsinin kimlər tərəfındən idarə edildiyini öyrənməyə çalışırdılar. Ancaq cəhdləri boşa çıxır, xalqımızdan bir şey öyrənə bilmirdilər. Çünki xalq bir şey bilmirdi, bilsə də heç nə söyləməzdi. “Difai” firqəsi heç bir yerdə qeydiyyatda deyildi, ancaq bir möhürü vardı. Bu möhürün kimdə olduğunu firqəni idarə edənlər də bilmirdilər. Rus hökuməti “Difai” firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50000 qızıl pul mükafatı verəcəyini vəd etmişdir. Bu qiymətli vədlərə baxmayaraq hökumət “Difai” firqəsi haqqında heç bir məlumat əldə edə bilmirdi. Ancaq rusların təzyiqi artdığına görə firqə fəaliyyətini müəyyən bir zaman üçün dayandırmaq məcburiyyətində qaldı. Səbəbi isə bir xəbərin alınması oldu. Rus idarələrində “Difai”nin xeyrinə işləyən adamlar var idi. Bunlardan ən mühümü çar hökumətinin gizli polisində tərcüməçi və katib işləyən Sədrəddin adlı bir şəxs idi. Günlərin birində o, “Difai”  firqəsinin üzvü olmasını güman etdiyi bir nəfərə xəbər verir ki, Molla Hadı adlı bir şəxs gizli olaraq polisə gəlir və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişinin otağına aparılır. Zənnimcə erməni Molla Hadıya tərcüməçilik edir və onlar bu otaqda qalaraq uzun müddət söhbət edirlər. “Difai” toplantılarına ara verir, ancaq bütün cəhdlərini rusların nəyi təqib etdiklərini öyrənməyə yönəldirlər. Molla Hadı göz altına alınır. Tədqiqat nəticəsində Molla Hadının ruslara satıldığı aydınlaşır. Molla Hadının soyu araşdırılırsa da, onun Gəncəyə nə vaxt gəldiyi müəyyən edilə bilmir. Ancaq öyrənilir ki, Molla Hadını hər axşam mülki geyimli bir polis mühafızə edərək evinə qədər müşayiət edir. Gündüzlər də polis onu mülki paltarda arxasınca gəzərək qoruyur. “Difai” firqəsi Molla Hadının qətlinə fərman verir və bir gün sonra o qətlə yetirilir. Polislər cənazəsini evinə gətirirlər. Cənazə bir gün evində qalır. Mollalardan heç biri cənazə namazını qılıb dəfn eyləməyə cəsarət etmir. Nəhayət Molla Musa adlı birisi “Difai” firqəsinin üzvü ehtimal etdiyi bir tanışına yanaşır və ona “cənazə evdə qaldı, sən icazə ver mən gedim cənazə namazı qılıb dəfn etdirim” deyir. Tanışı Molla Musanın üstünə hirslənib deyir: “Mənə nə, nə üçün məndən soruşursan, kim sənə nə edər get dəfn etdir”. Molla Musa bu cavabı “Difai” firqəsi tərəfındən icazə sayır və Molla Hadını dəfn etdirir. Mən burada uzun müddət fəaliyyət göstərmiş “Difai” firqəsinin gördüyü bütün işləri sadalayası deyiləm. Beləliklə çar hökuməti ilə “Difai” firqəsinin arasındakı mübarizə 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımızın da, “Difai” firqəsinin də gəldiyi qənaətə görə, artıq rus məmurları hər vasitə ilə özlərini sevdirməyə çalışırdılar. Bu illərdə mən də gizli təşkilatda çalışırdım. Toplantılarımızın birində yoldaşlarımızdan biri: Artıq “Difai” fəaliyyətini dayandırır. Möhürü saxlayacağammı, yoxsa məhv ediləcək deyə soruşdu. Mirzə Məhəmməd “onu yox etməyəcəyik, o möhür gələcək Azərbaycan muzeyində saxlanacaq” dedi. Bununla da möhürün Mirzə Məhəmməddə olduğu aydınlaşdı.

Davamı var…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10