Düşüncə döngələri – Şəfa Vəlinin essesi

13 Baxış

shefa veli

Təsəvvür edin, bir gün qapınız döyülür, açırsınız, qarşınızda xüsusi geyimli iki nəfər dayanıb. Hardan gəldiklərini sanki bilirsiniz, peşələrinin adı dilinizin ucundadır, amma deyə bilmirsiniz.

Dilinizin ucundakı o sözü beyninizin içində “axtarışa” verdiyiniz qısa zaman kəsiyində gələnlərdən biri dillənir:

- Texniki xətalar məcəlləsinə görə, kompüterinizi cəzalandırmağa gəlmişik. Dünən yazdığınız yazını yaddaşa verməyib…

Yalnız indi xatırlayırsınız ki, gələnlərin əynindəki paltar “texnologiya polisi”nin formalarıdır.

…Gülümsəmək də olar. Bir gün bunun təsəvvürümüzdən “hoppanıb” həyatımızın düz ortasına “düşəcəyini” düşünüb ürpənmək də sərbəstdir, elə gülümsəmək qədər. Hələ bir lətifə də danışım, daha ürəkdən gülün. Bir türk gedir Avropaya, paltaryuyanların, paltarqurudanların evlərin zirzəmilərində quraşdırıldığını görür, bir də türklərin bu cür əşyalara-televizorlara, paltaryuyanlara, elektrikli sobalara necə qayğıyla yanaşdığını, üstünə qotazlı-bədizli örtüklər tikib saldığını xatırlayır. Bu iki davranış arasındakı uçurumun kənarında dayanıb öz-özünə təsəlli verir: “Gələcəkdə texnologiya üsyanı zamanı bu əşyalar hansı xalqın onlara necə davrandığını unutmaz ki?! Yoox… Unutmazlar…”

Texnologiyanın istehsalatda tətbiq olunduğu ilk illərdə insanlar üsyana qalxmışdı; onlar daha fabrikdə işləyə bilməyəcəklərini, beləcə ac qalacaqlarını düşünmüşdülər, hətta, fabriklərə girib maşınlara hücum da etmişdilər. Müqəddəs kitabların öyrətdiyi “günah və ölüm Adəmdən miras qalıb” nəzəriyyəsinin ucundan tutub azca düşünsək, bu gün hər texnoloji yenilik qarşısında canımızı saran qorxunun da səbəbini taparıq. Ürəklə bu qorxaqlığımızı ilk maşınlara hücum edən babalarımızın boynuna yıxa bilərik. Hələ daha irəli gedib dünyanın bu vaxtında son model telefonla internetə girib “texnologiya şeytan əməlidir”-deyə feysbukda status yazanlar da var.

…Dino Bussatinin “Eynşteynlə görüş” hekayəsini xatırlayıram. Zənci Eynşteynə deyir: “Sənin kəşflərin onların (iblislərin) işinə yaradı”. Eynşteynsə sadəlövhcəsinə deyir ki, “kəşflərim ziyansızdı, adicə düsturlardı…” Bunu ilk oxuyanda göyçəliliyimə salıb əlimi əlimə çırpmışdım: “Pahooo… O boyda Eynşteyn ha! O da özünə bəraət axtarırmış…” Təbii ki, bunu mənə “söyləyənin” Bussati olduğunu da unutmamışdım. Yenə də uğursuzluğun ucu görünən kimi özümüzü “sudan quru çıxarmaq” cəhdimizin mövcudiyyətinin idrakındayam. Zamana nisbətdə, Adəmin ən uzaq qohumlarıyıq.

“Bakıdan gələn xəfiyyə” əsərində isə Elxan Elatlı tamam başqa fikirdədir. Borislə Qanbay keçmiş günləri xatırlayandan sonra Boris deyir:

- Mənə elə gəlir ki, texnika heç vaxt insan beynini əvəz edə bilməyəcək.

Bu cümləyə sığınıb, həqiqətən, texnologiyanın bizi əvəz edə bilməyəcəyinə əmin ola bilərikmi? Yoxsa, bizə, sadəcə, ümid etmək şansı tanıyır sürət erası? Məncə, bütün sirr bizim texnologiyaya olan münasibətimizdə gizlidir.

1880-ci illərin ABŞ-ında dəbdəbəli qonaqlıqlar, indiki dillə desək, trend olmuşdu. Jozefina Koçrane adlı qadın da bu “trendə qoşulmuşdu”; tez-tez qonaqlıqlar təşkil edir, var-dövlətini, yeni aldığı bahalı əşyaları nümayiş etdirirdi. Özü isə bütün varlı qadınlar kimi mətbəxə keçmirdi. Hər qonaqlıqdan sonra da qulluqçular əllərində, ən azı, iki qırıq qab gəlirdi:

- Bağışlayın, xanım, qab yuyanda oldu.

Öz sevimli və bahalı qablarını qorumağın yeganə yolunu Jozefina qısa zamanda tapdı: 1886-cı ildə qabyuyan maşını kəşf etdi. Bizəqədərki dövrdə bu maşın hansı “inkişaf yollarını” keçdi, bilmirəm, amma bizə çatanda artıq o, “evin arvadı” kimi urvata minmişdi. Və bunu bizim beynimizə yeridənlər gündə səkkiz dəfə ekrandan, radiodan bağırırdılar: “Sən qadınsan, qabyuyan deyilsən!” Dolayısı ilə, deyirdilər ki: “Bax, qabyuyan maşın da bir qadındır…” Şəhərarası avtobusa ondan qabaq minən qadının saçını arxadan əlinə dolayıb geri çəkməyə hazır olan qadınlarsa, bu “qadın”a itaət etməyə başladılar.

Bu, texnologiyaya olan münasibətimizin cəmi bir misalıydı… Bircə misalla da kifayətlənəcəyəm. “Mətləbi qısa deməyə çalışın. İndi vaxt və səbr qıtlığıdır” – deyir Rəşad Məcid “Qələmsiz yazılanlar”da… (525.az. 31.03.2021)

Bəli, insan “Tanrının yaratdığıdı” dediyi insana, təbiətə sayğı duymağı elə insanın yaratdıqlarına itaət etdikcə unutdu. Bunu günah hesab edənlərsə heç vaxt düşüncələrini açıqca ifadə edə bilmədilər, ədəbiyyatın içində gizlətdilər. Məsələn, Adam Hall “Casus postu” romanında yazırdı: “Modern insanın ən bağışlanmaz günahı itaətdir…”

Ziqmunt Baumanın “Axıb gedən dünyadan 44 məktub” kitabında “texnologiyaya itaət edən” əsas obraz qadındır və müəllif müasir dünyamızda baş verən “insansızlaşmanı” bu qadının timsalında daha gözəl anladır. Baumanın məhz qadın obraz seçməsi də təsadüfi deyil. Mina Urqanın dediyi kimi, “moda xəstəliyinə ən çox qadınlar tutulur”. Və bu gün hər bir texnoloji kəşf yeni modadır. Yoxsa, Elon Musk çıxıb hələ mövcud olmayan “kosmosdakı oteli”nin neçə nömrəsinin tutulduğunu belə ürəklə söyləyə bilməzdi. Əminəm ki, əgər, həqiqətən, nə vaxtsa o otel var olacaqsa, orda baş verən ən kiçik səhvi boynuna atacağımız günahkar ondan qabaq var olacaq. İnanmırsınız? Yoxsa, bu gün bütöv bir idarənin işini “baş-ayaq eləyib”, sonradan “texniki xətadır də, olub!”-deyənlərin nəslinin kəsiləcəyinə ümid edirsiniz? Bağışlayın, mən ümid edə bilmirəm. Hətta, arada oturub öz səhvimizi boynuna yıxdığımız texnikanın halına da yanıram.

Günü başa vururam yenə düşüncə döngələrində. Burda sussam yaxşıdır.

Şəfa VƏLİ
07.04.2021
525.az

Bölmə : Ədəbiyyat