Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər incəsənətdə, o cümlədən də, ədəbiyyatımızda durğunluq və süstlük yaşandı. Lakin son illərdə bu sahədə dirçəliş hiss olunduğunu görürük. Yeni fikir qrupları, dəstələri yaranır. Təəssüflər olsun ki, bunlar XX əsrin əvvəllərindən fərqli olaraq “izm” səviyyəsinə qalxa bilmir, ən yaxşı halda tez-tez mövqeyini dəyişən üzvlərdən təşkil edilmiş kiçik qruplardan ibarətdir. Düşünəndə ki, dünyada gedən ideoloji savaşların qızışdığı bir dövrün canlı şahidləriyik, o zaman milli ideologiyanın bu toqquşmalar arasında əzilməsinə qolubağlı göz yummaq olmur! Təəssüflər olsun ki, günümüzdə ədəbiyyatla məşğul olan ciddi dərgilər və saytlarla yanaşı, ədəbiyyata və sənətə aidiyyəti olmayan, heç bir ciddi ideologiyaya xidmət etməyən, yaxud da ideologiyasız və başıpozuq moderatorların ədəbi prosesi “ədəbi şou”ya dəyişən vasitələrinə də az rast gəlmirik.
Bu gün ədəbiyyat hərfi və tarixi mənasından uzaqlaşaraq sadəcə ədəb qaydaları yox, insanı təqdim etməyə çalışır. Bu insan Nəsiminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənanı kimi müdrik də olurdu, Füzulinin Məcnunu kimi ilahi eşq fədaisi də, Nizaminin Şirini kimi səmimi və əxlaq kodeksi də, “Ölülər” əsərindəki Şeyx Nəsrullah, “Dəli Kür” romanındakı Molla Sadıq kimi fırıldaqçı və əxlaqsız, “Afət” pyesindəki Doktor Qaratay, “Aydın” pyesindəki Dövlət bəy kimi heyvani hislərlə yaşayan şəhvət düşkünü, məkrli və şər ideyaların carçısı da. Lakin düşünürlərimizin yaratdıqları ikinci tip obrazlar yazıçı tərəfindən heç bir halda təqdir edilmir, əksinə oxucuya dərs vermək, yol göstərmək məqsədilə yaradılıb cəzalandırılırdı. Digər tərəfdən klassik ədəbiyyat insanın nəfsini də, arzularını da istər müsbət, istərsə də mənfi olsun pərdə altında, ən yaxşı halda tül pərdə altında təqdim etməyə cəhd edirdisə, günümüzdə yaranan yeni ədəbi dəstələr və qruplaşmalar bu hissləri daha çılpaq formada təqdimatı alqışlayır. Əlbəttə ki çılpaqlığın özünün belə cəmiyyətdə yaratdığı assosiasiya o qədər də xoş deyil, tükürpədicidir, itələyicidir. Bu baxımdan ədəbiyyatın həyat həqiqətlərini ifadəsindəki məcaziliyinə daima ehtiyac duyulur, reallıqla xülyaların sintezinin vəhdətdə olması arzulanır ki, insanın daxilindəki real eybəcərlik romantik olsa da, bəşəri ideyaların təntənəsinə nail olsunlar.
İnsan duyğularının carçısı anlamını da daşıyan ədəbiyyat bəzən bu duyğuların düşməni rolunda da çıxış edir. Bu duyğulara ən güclü təsir mexanizminin sadəcə söz olduğunu nəzərə alsaq, ədəbiyyatın ideologiyaların ən böyük silahı olduğunu görərik. Bütün peyğəmbərlərin, təriqət başçılarının, ideoloqların kütlələrə xitabı şeirlə, rəvayət və əfasanələrlə olmuşdur ki, bu da ədəbiyyatın, söz sənətinin insan üzərindəki təsirindən xəbər verir.
Bu gün ədəbiyyat dedikdə müəyyən formalarda, çərçivəsiz yazılan şablon əsərlər nəzərdə tutula bilməz. Ədəbiyyat dedikdə mütərəqqi arzular, sərbəst, amma faydalı düşüncə məhsulu, zövq oxşayan mətnlər olmalıdır. Ədəbiyyat həyat həqiqətlərininin carçısı olduğu üçün onun ədəbiyyat olmasını şərtləndirən əsas amil ədəbiyyatın mədəniyyət, tarix, sənət, fəlsəfə, əxlaq qaydaları olmasıdır. Çünki bəşəriyyətə sağlam insan təqdim etməyin yeganə yolu sözdən keçir. “Ədəbiyyat həyatı ifadə etməlidir”, – deyib həyatda gördüyümüz eybəcərlikləri, əxlaqsızlıqları, alçaqlıqları tərənnüm edəcəyiksə, insanın yox, şeytanın quyusuna su tökmüş olacağıq.
Senet.az elektron dərgisini yaratmaqda da məqsədimiz sənət, söz adamlarının yataq otağını təbliğ və tərənnüm edib milləti kütləyə çevirmək yox, ciddi elmi və ədəbi mətnləri təqdim etməklə milli qürur hissinin, bəşəriliyin, mərifətin təntənəsinə yardım etmək, cəmiyyətimiz üçün faydalı olmaqdır.
Mən içində işıq gəzdirən sağlam komandamızın hər vəchlə buna çalışacağına, düşünən insana dəyərli məlumatları çatdıracağına, düşünən gəncliyi düzgün istiqamətləndirəcəyinə ümid və arzu edirəm.
Ulu Cavidin dediyi “Turana qılıncdan daha kəskin, ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət” ideyasından yola çıxaraq mərd, qürurlu, heysiyyətli, mərifət əhlinin yanında olmaq, gəncliyin bu düşüncədə formalaşmasına cəhd etmək şah damarımızda axan qan kimi bizə yaxın olacaq.