Eh! More, more…

287 Baxış

mushfiqxan

Müşfiq XAN

Lətifəsi sizdən uzaq…

 

Hər şey elə həmin gün başladı…

Beşinci sinifdə oxuyurduq. Dərs bitər-bitməz özümüzü verirdik məktəbin yanındakı Tamella xalanın budkasına. İsti bamiyələr acqarnına ləzzət edir axı. Olmayan bir iş olmuşdu – şuluq eləmək üçün sino gedən bizlərin qabağına Alyoşa kimi vecsiz bir uşaq çıxmışdı. Onu məktəbdə hamı tanıyırdı. Səkkizdə oxuyurdu. Təklif elədi ki, bügün bamiyə yemək əvəzinə daha maraqlı bir iş görək. Həmin iş isə Tamella xalanın çörək butkasının arxasında – gizli yerdə reallaşdı. Ehh, more, more… Üçüncü dəfə tüstünü udmaq istəyirdim ki, elə bildim başımın gicəllənməsi məni götürüb şuppu kimi yerə çırpacaq. Barmaqlarımın arasında naşıcasına tutduğum siqareti “kruqa” ötürdüm. Bir az da geciksəydim onsuz da tir-tir əsən əlimdən özü düşəcəkdi. Həmin gün nə qədər “petruşka” yediyim yadımda deyil, amma evə qayıdanda əmin idim ki, zəhrimarın qoxusu-zadı gəlmir üst-başımnan.

Hadisənin səhəri gün idi. Qəfər müəllim var idi – riyaziyyat müəllimimiz. “Qurddu” Qəfər deyirdilər camaat arasında. Şeytan goruna xəbər aparmasın kişi təkər idi də, təkər. Uşaqlar yaman məzələnirdilər. Üst-başınnan cır-cındır yağar, ağ saçlarının çirkli yağ qoxusu dözülməz olardı. Yəqin buna görə ləqəbi “Qurddu” idi. Dərsləri pis çıxmasın yola verirdi. Nə isə… Biz çıxmalı idik. Kim idi Qəfərin dərsində oturan?! Bunnansa budkanın arxası daha maraqlı idi. Həm də zəhrimar yaman həvəsə salmışdı məni. Fürsət tapıb sinif otağınnan birinci mən çıxdım.

Koridorda Alyonanı gördüm. Çoxdandı göz qoyurdum. Canıyanmış bu dəfə lap qısa ətək geyinmişdi. Makidonfason salam verib çənəmin altına salmağa cəhd elədim. “Vopşe” bu rus qızı vaz keçməli canan deyildi, deyim biləsüz. Söhbətin şirin yerində sinif otağının tələsik açılan qapısınnan atılan naməlum əşya az qala pəncərənin arxasında mənim isə önümdə dayanan Alyonanın sapsarı başını yarıb qıpqırmızı rəngə qərq edəcəkdi ki, qızı süpürləyib kənara çəkdim. Nə yalan deyim, təxminən indiki amerikan filmlərindəkinə bənzəyən səhnəni gözlərinizin qabağına gətirmiş olun. Yəni hərəkətim bu qədər ani və gözlənilməz olmuşdu. Hərəkət deyildi, əməlli-başlı “dvijeniya” idi. Sinif otağınnan gələn NUO (naməlum uçan obyekt) pəncərənin şüşəsinə çilikləyib yerə tökdü. Və həmin anda da Qurddu Qəfər taykeş ayaqqabı ilə sinif otağının qapısında göründü. Uşaqlardan biri onu əsəbiləşdirib çıxdığına görə ayaqqabısını arxasınca atmışdı. Nə başınızı ağrıdım, direktorun sınan şüşənin səsinə gəlib özünü yetirməsi bizim “more” adlı miskin arzularımızı ürəyimizdə qoydu. Həmin dərs Tamella tərəfə gedə bilmədik. Əvəzində isə direktorun ikiyüzlük mismardan daha uzun olan qapı açarının ulğum hissədən boğazımıza saldığı şırımın göynəltisi axırıncı dərsə kimi avazımadı. Kişi bunu bacarırdı da, nə deyəsən. Necə edirdisə, açarı boğazımızda bizə məlum olmayan həmin nahiyəyə bircə dəfə sıxanda huşumuzu itirib, özümüzdən gedirdik. Amma onu da deyim ki, direktorumuzun bu tənbeh üsulu bizə olduqca maraqlı gəlirdi. Döyülməkdən daha yaxşı, hətta xeyli əyləncəli proses idi. Elə ki, açar boğaza dirəndi başı üzülmüş “serçə” kimi yerə çırpılıb, çapalamağa başlayırdıq. Adama elə gəlirdi ki, göyün yeddinci qatında mələklərin dövrəsində rəqs edirsən. Danlanıb direktorun kabinetinnən ayrılandan sonra onun təcrübəsini biz də kəşf eləməyə çalışırdıq. Həmişə, həmişə… Amma heç vaxt, heç vaxt alınmırdı… Sonralar kəşf elədim ki, sən demə direktorumuzun açarla sıxdığı yuxu arteriyası imiş.

Beş-altı ay keçmişdi. Şura xalanın yanında idik – məktəb bufetində. Qızları gözləyirdik. Söz vermişdilər ki, gəlib bizə qonaqlıq verəcəklər. Öz cib xərcliyimizi isə Tamellanın budkasının arxasına saxlamışdıq. Qızlar gəldi, nə gəldi. Qurddu Qəfər yenə cinvurmuşa dönmüşdü. Sinfi boş görüb bizim dalımızca qızlardan bir neçəsini göndərmiş və nota vermişdi ki, yığışıb dərsə qayıtsınlar. Yoxsa bu işin sonu pis olacaq! Getdik…

Həmin gün Qəfər müəllim yenə təkərə düşmüşdü. Biz sinfə gələnnən Qız Rüfət onu bircə misalla girinc eləmişdi. Cavab zəhrimar isə alınmırdı ki, alınmırdı. Hələ sonradan saymağa başlamışdım və hiss elədim ki, Qurddu Qəfər “uje” altıncı dəfə həmin misalı həll eləməyə çalışır. Nəhayət cavab alındı.

– Başa düşdün a bala?! – Qəfər sevincək xəbər aldı.

Qız Rüfət yenə satılıq qoyun kimi gözlərini döyməyə başladı:

– Yoox…

– Ə, tünbətün balası tünbətün! Mən də başa düşdüm, sən hələ başa düşmədin?! – Qəfər müəllim yenə də təkərə düşdü. Hirsinnən dərsdə olduğunu unudub ağzınagələni danışırdı.

– Bu boynusınmış harda qaldı? – evlərinə çörək almaq üçün Tamellanın budkasına yolladığı Sabir adlı sinif yoldaşımız qəfildən Qəfər müəllimin yadına düşdü.

Mən bilirdim ki, Sabirin nəsə fırıldağı var. Onu da qınamaq olmazdı. Yazıq hər gün gedib Qəfər müəllimə çörək növbəsi tutmaqdan bezmişdi. Axır onu başa saldım ki, aldığın çörəklərdən birini ye, onnan sonra Qurddu Qəfər bir də sənə çörək aldırmaz.

Dərsdən sonra Sabirlə görüşəndə öyrəndik ki, Qəfərin çörək pullarından birini moreyə verib sinəsinə çəkib. Ay oğlan, oğlan. Demək bunu da elədin hə?! Mən dedim vur, sən öldürmüsən. Bir az onunla zarafatlaşıb əsəblərimizi sakitləşdirdik. Zarafatlaşdıq deyəndə ki, əməlli-başlı məzələnirdik. Şəxsən mən hiss edirdim ki, bu zarafatlar bir az da davam eləsə, Sabir də çörəyin yiyəsi kimi təkərə düşəcək. Necə olsa kişinin malından dadmışdı.

Bir dəfə tarix dərsində Sabir mövzunu danışarkən “ölkədə qeyri-ədalətsizlik hökm sürürdü” deyəndə sinif rəhbəri Əhməd müəllim onu necə lazımdı hoydu-hoyduya götürdü. Elə o vaxtdan da hiss eləmişdik ki, bu uşaqda təkərlik əlamətinin cücərtiləri var.

Birinci sinifdə oxuyanda sinifdəki gözaltıma balaca bir məktub vermişdim. “Sənnən xoşum gəlir” yazmışdım. Anası Gülbadam ipləmənin biri imiş. Sən demə bizim məktəbdə müəllimə işləyirmiş. Özü də rayonda ala itdən məhşur imiş. Elələrinə çox yerdə “deputat” deyirlər. İndiki millət vəkillərinnən iraq. Nə isə. Bu “miyəllimə” dərsin qızğın yerində gözlənilmədən sinif otağına daldı, məni lövhənin qabağına çıxardıb otuz iki nəfərin gözünün qabağında bərk döydü. Lövhənin qabağına çıxardıb deyəndə ki, əslində qurbanlıq qoyun kimi sürüyüb gətirdi. Və bir də üstünü vurmayın, bərk döydü deyəndə ki, əslində həmin gün məni əməlli-başlı çiləmişdi. Nəyi var! Sən demə Gülbadama mənim onun qızına məktub yazdığımı bu təkər Sabir çatdırıbmış.

Həmin gün Təkər Sabiri it balası kimi ayaqladım. Hirsimin sakitləşməsinin dadını çıxarmağa hazırlaşırdım ki, təkər məni direktora şikayət eləmək üçün əlimnən qaçdı. Pulun həmişəki kimi tapılmayan vaxtında yaxşı ki, cibimdə bir əzik üçlük var imiş. Bu üçlüyü dünən evimizdəki servantdakı köhnə qablardan birinin içinnən cırıq-cırıq olmuş halda tapmışdım. Hətta bir hissəsi tamamilə yoxa çıxmışdı. Yerinə qəzetdən-zaddan yapışdırıb cibimdə hərləyirdim. Pis çıxmasın, cırıq üçlüyü soxuşdurmağa adam axtarırdım. Və Allah bu təkəri yetirdi.

… Bir il keçmişdi. Nənəmin dili ilə desək, artıq yekəlmişdim. “Şkolnik”i satıb, yerinə “Desna” velosipedi almışdım. Bircür-birtəhər ayağım pedala çatırdı. Alyonanın da başını buraxmışdım. İndi yeni biri var idi. Onu “Makı” deyə çağırırdım. Əsl adı Mahirə idi. Desnanı sürdüm küçələrinə. Evdə yox imiş. Anası rayon univermağında satıcı işləyirdi. Getdim ora. İçəri keçhakeçdə Qız Rüfət tələm-tələsik özünü yetirib xəbər verdi ki, bəs durma get Qurddu Qəfər sənə riyaziyyatdan illiyə “2” yazır. Sən demə dərs bitənnən sonra mən gəlmişəm, uşaqlar yığışıb Qəfərin başına. Nə isə. Makıya göz-qaş elədim ki, gələcəm. Bir qutu “More” alıb qoydum cibimə. Xəbərim var idi ki, Təkər Sabir bir dəfə Qəfər müəllimə “Konqres” siqareti alıb qiymət yazdırmışdı. Necə olsa mən Sabirdən fərasətsiz deyildim ki?! Məsələni həll eləməyə getdim.

… Həmin gün mən boğazımnan kəsdiyim pulla bircə qutu more alıb Qurddu Qəfərlə olan məsələmi çürütdüm. Özü də “5” qiymət ilə. Deyim ki, it peşmanı oldum. Və həmin gün özümə söz verib, and içdim ki, bunnan sonra oturub kişi kimi dərslərimi oxuyacam. Beşi də özüm alacam, ikini də. Moredən də uzaqlaşacam, Makıdan da… Heç Alyonaya da fikir verməyəcəm!

… Qurddu Qəfər dünyasını dəyişənnən sonra, yerinə istedadı dəyərləndirməyi bacaran başqasını göndərmişdilər. Artıq on birinci sinfi bitirirdim və attestat alacaqdım. Həmin il qiymət cədvəlimi evdə atama göstərəndə kişinin gözləri yaşardı. Bütün qiymətlərim beş idi. Hamısı! Mən beş il əvvəl özümə, daha sonra isə atama verdiyim sözün üstündə dayana bilmişdim! Saya-hesaba gəlməyən nadincliklə, səhvlə, şıltaqlıqla dopdolu rəngli, qayğısız, xoş ətirli uşaqlıq illərimiz də elə həmin gün bomboz olub, bir göz qırpımında əriyib keçmişin səhifələrinə qarışdı. Və irəlidə bizi gözləyənlərdən hamımız xəbərsizdik…

 

 

 

 

Bölmə : Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10