Ehtişamına “süpürgə çəkilən” şəhər: Əski Kırım

38 Baxış

minexanimtekleliTürk əfsanəsi

                                   

Cənnət vətən deyib gəldim Kırıma,

Bülbül qısqandıran bağlar yox olmuş.

Bu halı görüncə getdi ağrıma,

Ölülər məzarsız, sağlar yox olmuş…

 

Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. İndiki Kırım ölkəsinin adının da vaxtilə bu varı-dövləti aşan-daşan məntəqənin adından yarandığı söylənilir. İnanmaq lazım gəlir. Övliya Çələbi də “eski taxt mərkəzi” Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın Rus imperiya ordusu tərəfindən tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.

Şəhərin mərkəzində mərmərdən olan məscid və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olarmış. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri – xariqə sənət əsərlərini, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən təsvir etdiyim bu qədər əsərləri və binaları bəs nərədən bulub yaza bildin? – deyə sorsalar, “hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır.” Həm də “ Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray хаn camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar”, – deyərək cavab verərəm.

“Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Qurşunlu camenin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İşğallar, istilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin “Allahın bəlasına tuş oldu,” -deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək yazırdı: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmaz, məzluma-fəqirə kömək etməzdilər. Günahlarının çoxluğunun qorxusundan belə gözəl məscid tikdirmişdilər. İndiki Starıy Kırım məntəqəsi həmin qədim və zəngin şəhərin yoxsul qalıqlarıdır.

Övliya Çələbi isə elə övliya zəndi ilə bütün bunların səbəbini qəzavü-qədərə, “etdiklərinin cəzasını bir gün görəcəksən” -ibrətinə bağlayır: əvvəlcə xalqı son dərəcə zəngin tüccarlar olmuş, mallarının zəkatını verməz, güclü olanları həccə getməz, yoxsullara və düşkünlərə yardım etməz, müsafir sevməz, alim-salih və qəriblərdən üz çevirmiş kimsələr olmuşlar.

Səyyah bizi bir nağıl qədər şirin və əsrarəngiz hekayətə çəkir: Allahın hikmətimdəndir ki, bir soyuq gecə zəif, yoxsul bir dərviş qışın qiyamətində ac-yalavac varlı evlərin pəncərələri qabağında titrəyir, Allah rizasına yardım istəyir. Lakin onun səsini eşidib üzünə kimsə baxmayır, yalvarışlarına kimsə etina etməyir, qapıdan-qapıya qovurlar. Dərviş dünya görmüşdü, şaxtanın iliklərə işləyən gecəsində səhərə salamat çıxmağın yolunu bilirdi: odur ki, darvaza qabağında atılıb qalmış bir süpürgəni əlinə alıb küçələri süpürməyə başlayır. Yazıq sail dərviş Kırım Kirmanın küçələrini süpürə-süpürə sabaha çıxır, donub ölməkdən canını qurtarır. O, canını qurtarırsa Əski Kırımın fəlakəti başlayır. Belə ki, qərib dərvişin ah-nalə ilə açdığı sabah şəhər xalqına düşmür. Çünki о gündən şəhər əhalisi sanki qarğışa düşür; var-dövlətlərinə süpürgə çəkilir. İşlər günü-gündən tənəzzülə uğrayır, adamlar müflis olub bu lənətlənmiş şəhərdən çıxıb qaçırlar…

Övliya Çələbi “əgər yıxıq evlərin, abidələrin tarixini yazsam bir kitab olar… Quşlara və heyvanlara yuva olmuş xarab bir şəhərdir,” desə də amma yenə də Övliya səyyah şirin nağıllardan yan keçə bilmir: deyirlər, vaxtilə bir varlı tacir came tikdirmək istəyirmiş. Bu zaman şəhərə Xütən, Çin və Maçin müşk-ənbərini gətirən tacirdən onun bütün dəvə karvanı olan ətir yükünü alıb tikilinin palçığına su əvəzinə qatdırmışdır. Caminin adı da buradan yaranmışdı: Ənbəri-Çin camisi. İndi Əski Kırımın Kafa qapısının dibində viran bir haldadır. Nə vaxt yağış yağır, ətir qoxusu hər yanı tutur. Maraq üçün özüm bir parça götürüb oda tutdum. Həqiqətən ətir qoxumağa başladı. Övliya Ata xaraba şəhərin ziyarətgahlarına – əbədi şöhrət soraqlı yadigarlara, salamat qalan xatirələrə üz tutur: Kamal Ata Sultan, Aləmdar Sultan, Pəncəli Baba Sultan kimi övliyalar burada yatmaqdadır. Bunların sırasında Əski Kirimin viran olmasına səbəb olan “Dərviş xarabı” məzarı da var ki, xalq onu ziyarət etməyib, lənət deyib keçərlər. Övliya Ata isə: “Allah hamısına rəhmət eləsin”, deyə şəhərdən ayrılır…

Şair Şükrü Bilgilinin bir növ bu faciənin məzmuna-fikrə və ona işıq tutan vətən sevgili şeirindən bir bənd ilə sözümü tamamlayıram.

Sormayın dostlar, halım pərişan,

Əski vətənimdən qalmamış nişan.

Vətən vətən deyib dənizə qoşan

Dərələr qurumuş, çaylar yox olmuş…

prof.dr. Minaxanim Təkləli

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10