“El qınağı” – Sona Teymurbəyli-Rəhimli

113 Baxış

22551491_750064088513748_1282609650_n

Senet.az oxucularına yazıçı Sona Teymurbəyli-Rəhimlinin “El qınağı” hekayəsini təqdim edir.

Hekayə

Nanəli kəndi Araz çayının sol sahilində yerləşir. Bu kəndin nə zaman salındığı, ilk dəfə bu kəndə kimlərin köç edib, bina qurub, gün-güzaran etdiyi haqqında indi də el içində cürbəcür  rəvayətlər dolaşmaqdadır.

Ağsaqqalların dediyinə görə, Əli və Nağı adlı iki qardaş öz aillələri ilə birlikdə İran məmləkətindən bu kəndə köç etmiş, elə buradaca yurd-yuva salmışdı. Var-dövlətlərinin sayı-hesabı bilinməyən, sürü, naxır və ilxılarının ucu-bucağı görünməyən bu qardaşlar bir-birilərinə “can” deyib, “can” eşidər,nökər-qarabaşla çox mehriban rəftar edərdilər. Elə cavan ikən də analarını yanlarına alıb Məşəd, Kərbala və Həcc ziyarətlərində olmuş, Haqq dərgahında dini vəzifələrini yerinə yetirmiş sayılırdılar.

Var-dövlətləri artdıqca, ad-sanları yüksəldikcə bu iki qardaş yavaş-yavaş əhalidən uzaqlaşır, qohum-qonşuya arxa çevirir, onların dərdi-odu ilə maraqlanmırdılar. Necə deyərlər, nə matəm yerinə gedib yas sahibinin kədərinə şərik olmağı, nə də toy məclislərinə ayaq basıb toy sahiblərinin sevinclərini bölməyi şənlərinə sığışdırmırdılar. Düzdü, xeyir yerinə də, matəm yerinə də əllərindən gələn pul-para, paltar, ərzaq yardımı edirdilər. Özlərinin əvəzinə bu işi nökərləri yerinə yetirirdi. Amma maddi yardım başqa, mənəvi dayaq başqa.

O zamanlar Nanəli kəndinin qəribə bir adəti var idi;Matəm yerinə gələnlərin sayını bilmək üçün onların ayaqqabıları sayılırdı. Kimlərin yasda iştirak etmədiyi matəmin son günü mərhumun ailə üzvləri arasında saf-çürük edilər, əl altdan gəlməyənin səbəbi öyrənilərdi.

Hacı Əli ağa qardaşından yeddi-səkkiz yaş böyük idi. Hacı Nağı ağa ailənin dördüncü övladı, həm də sonbeşiyi idi. Onlar bu kənddə binə salandan sonra bacılarının ailəsini də İran məmləkətindən yanlarına köçürtmüşdülər. Yaxşı ki, kürəkənlər üzüyola olmuş, qayınlarının təklifinə etiraz etməmişdilər. Hər iki qardaş da, hər iki bacı da artıq oğullu-uşaqlı, gəlinli-kürəkənli, nəvəli-nəticəli olmuşdu. Amma uzun müddətdi ki, bu qardaşları bir mərəz yaxalamışdı. Əziz oxucum, heç də təlaş etməyin. Bu mərəz bizim bildiyimiz kimi sağalmaz xəstəlik-filan deyildi. Bu mərəz başqa mərəz idi. Həm də bu mərəz  bütün eli narahat edirdi…

Bəli, nə zaman kəndin əhalisindən birisi dünyasını dəyişirdi. Özünü tanıyan, ağlı kəsən, bir sözlə, hamı onu son mənzilə yola salmağa yığışar, ardınca dua-sənasını əskik etməzdi. Matəm yerinə gələnlər mərhumun ailəsinə ürək-dirək verər, başsağlığı diləyər, ehsan havlasını yeyib kədərlə dağılışardı. Təbii ki, yenə də adətə görə, matəmə gəlib-gedənlərin ayaqqabıları sayılar, özlərinə ehtiram göstərilərdi. Yas mərasimi bitən kimi kimlərin neçə dəfə matəm yerinə gəlməsi barədə söhbət açılar, gəlməyənlər nəzərdən keçirilərdi. Hər dəfə də iki cüt artıq ayaqqabı diqqətdən yayınmazdı.

Hacı Əli ağa qardaşına da, oğlanlarına da tapşırardı:” Artıq vaxt itirməyə dəyməz. Madam ki, matəm yerində ayaqqabılar sayılır. Siz də nökərlərlə ayaqqabılarınızı göndərin lap üç gün orada qalsın, sayılsın, sonra gedib gətirərlər. Heç gətirməsələr də olar, ehtiyacı olan geyinər”. Ağalarının sözünü yerə salmayan Hacı Nağı ağa da, oğlanlar da ayaqqabılarını nökərlər vasitəsilə matəm yerinə göndərər, amma geri almazdılar. Ağa demiş kimi: “Bəlkə, kiminsə ehtiyacı var, götürüb geyinsin”.

Bu minvalla matəm yerlərində hər dəfə onların da ayaqqabıları sayılardı. Məşvərət zamanı ağalıqdan göndərilmiş pul və ərzaq yardımı ilə bərabər bu ayaqqabılardan da söhbət açılardı. Amma ağalıqdan kimsənin gözə görünmədiyi vurğulanardı.

Hacı Əli ağa heç xanımların da bu mərasimlərdə iştirak etməsinə icazə verməzdi. O, təkcə anasına sözünü keçirə bilməz, heç ona əmr etməyə də qıymazdı. Bir sözlə, anasının işinə qarışmazdı…

Mələknisə xanım oğlanlarının eldən-obadan ayrı düşdüyünə çox darılar, öyüd-nəsihət versə də, mənasız olduğunu anlayar, amma öz bildiyini kimsəyə verməzdi. O, kəndin nə şərindən, nə də xeyrindən kənarda qalardı. Harda matəm olurdusa, üç gün o ailənin yanını kəsdirib oturar, əlindən gələn köməkliyi edərdi. Elə toyların da əziz qonağı sayılar, lap yuxarı başda ağırlanıb-əzizlənər, adınalayiq hədiyyəsi ilə diqqətləri cəlb edərdi. Xanımağanın hədiyyəsi əl-əl gəzər, hamı bu hədiyyəni görməyə can atardı.

Xanımağa əl altdan özü arayıb-axtarar, imkansız oğlan uşaqlarının sünnət olunmasını təşkil edərdi. Onun bu hərəkətləri oğlanlarının qulağına çatsa da, bir söz deməzdilər. Bəlkə də, anaları ilə qürur duyar, onların unudub etmədiklərini anaları etdiyi üçün ürəklərində ona təşəkkür də edərdilər. Ona görə də, analarının istədiyi qədər pul xərclədiyinə darılmazdılar.

Kəndin ən varlısı sayılan bu iki qardaşın – iki ağanın atası hələ İranda yaşayarkən dünyasını dəyişmişdi. Elin xeyir-şərində müntəzəm iştirak edən, ağlayanla ağlayan, gülənlə gülən xanımağanın yaşını kimsə bilməzdi. Bir zaman onun da dünyasını dəyişəcəyi kimsənin ağlına gəlməzdi. Lakin zaman gəldi, əcəl yeli xanımağanın da qapısını döydü. Sübh tezdən Əzrayıl Əleyhissəlam onun da canını aldı. Ağalıq evində matəm dəsgahı quruldu, xanımlar qara geyindi. Nökərlər hər tərəfə xanımağanın ölüm xəbərini yaydılar. Kəndin ən mötəbər axundu Hacı Mehdi gətirildi.

Hacı Mehdi mərhumənin başı üstündə “Yasin” surəsi oxudu, fatihə verdi, yaxınlarına başsağlığı diləyib, əbasının ətəklərini sürüyə-sürüyə tələsik ağalıq həyətindən uzaqlaşdı.

Qardaşlar hüzn içində oturub gözləyirdilər. Onlar kənd əhalisinin axışıb gələcəyini, xanımağalarını ehtiramla axirət evinə yola salacaqlarını düşünürdülər. Amma bayaqdan bəri  bacı-qardaşların ailəsindən, nökər-qarabaşlardan başqa, həyət-bacada kimsə gözə dəymirdi.

Günortadan xeyli otmüşdü. Nə gələn var idi, nə gedən, nə də kənd əhlindən bir xəbər verən. Qardaşlar əlləri qoyunlarında hərəsi evin bir bucağında başını aşağı salıb oturmuş, qəmli-qəmli olub-keçənləri düşünürdülər. Ağalığın qadın və qızları isə xanımağanın cənazəsi ətrafında bardaş qurub, “ağı”-deyib ağlaşırdılar.

Hacı Əli ağanın böyük oğlu Abbas bəy astaca içəri daxil oldu, əmisinə yaxınlaşıb qulağına nə isə pıçıldadı. Hacı Nağı ağa cəld ayağa qalxıb qapıya yaxınlaşdı, gördüyü mənzərə qarşısında nitqi qurudu: Astanaya xeyli cüt-cüt kişi ayaqqabıları düzülmüşdü.

Ağanın qaşları çatıldı, qəzəbdən dodağını dişlədi. O istədi ki, qardaşını çağırıb vəziyyəti ona da bildirsin, amma fikrindən tez də vaz keçdi, ürəyində dedi:

- “Yox…Yox… Ağadadaşım bu hadisədən xəbər tutmamalıdır. Yoxsa, Allah eləməmiş, hirslənər, qəlbi dayanar. Hər şeyi özüm öyrənib qaydaya salmalıyam. Yəqin, kənd əhalisi bizdən əvəz çıxır. Yaman yerdə axşamladıq. Axşama da lap az qalır. Hava qaralanadək anamı məzara qoymalıyıq. Geciksək, sabaha qalacaq, el-obanın rişxənd yeri olacağıq. Tələsməliyəm”.

Hacı Nağı ağa Abbas bəylə bərabər həyətə endi. Ağanı görən oğlanları və qardaşı oğlanları ətrafına toplaşdılar.

Hacı Nağı ağa təmkinlə dilləndi:

- Heç kəs narahat olmasın. Mən bir-iki saata hər şeyi qaydaya salacağam. Yalnız onu mənə deyin, görüm, əhalinin harada toplaşdığından xəbəriniz varmı?

Hacı Əli ağanın ortancıl oğlu Kazım bəy cəld cavab verdi:

- Ağa, bayaq nökərləri göndərdim, vəziyyəti öyrənsinlər. Xəbər gətirdilər ki, kəndin kişiləri “Xan bulağı”nın başında toplaşıblar. Yəqin, bizim nə edəcəyimizi gözləyirlər. İndi nə edək?

- Nə edəcəyik? Biz onlara zor tətbiq edə bilmərik ki? Biz onların yanına gedəcək, üzr diləyəcəyik. Abbas, Teymur, Məmməd, siz mənimlə gedəcəksiniz. Kazım, siz də burada qalın. Elə edin ki, ağadadaşım,bizim yoxluğumuzdan şübhələnməsin. Hər şey aramızda qalsın. Kimsə bu barədə ona bir kəlmə belə deməyəcək. Bildinizmi?

Bəylər başlarını tərpətməklə onun dediyi ilə razılaşdılar. Hacı Nağı ağa qardaşı oğlanları ilə bərabər ata minib “Xan bulağı”na tərəf yollandılar.

“Xan bulağı” kəndin yuxarı başında sıx meşənin ətəyində yerləşirdi. Səhər-axşam ətrafından adam əskik olmazdı. Qız gəlinlər yalnız günortayadək bu bulaqdan su götürə bilərdi. Elə ki gün döndü, bura cavan oğlanların əyləncə yerinə, yaşlı kişilərin məsləhətxanasına çevrilərdi. Sanki əhali dərdlərini, qəmlərini, çətinliklərini bu bulağın suyunda yuyub yüngülləşib evlərinə dönərdilər…

Hacı Nağı ağagilin atları bulağa yaxınlaşanda əhali ayağa qalxıb, bir-birinə sığınaraq onların atdan düşməsini gözlədilər. Cavanlardan bir neçəsi cəld irəli çıxıb atların başını  tutdular, ağanın atdan enməsinə kömək etdilər. Axund Hacı Mehdi də burada idi.O, irəli yeriyib, Hacı Nağı ağanın qoluna girdi və gözaltı onun hərəkətlərini izlədi.

Hacı Nağı ağa çox kədərli görünsə də, qəzəbli deyildi. O, dərindən nəfəsini dərib astadan sözə başladı:

- Əziz həmkəndlilərim!

Əhali təəccüblə bir-birinin üzünə baxdı, baxışlardan bir sual oxundu: “Görəsən, ağa niyə “Mənim rəiyyətim”-deyə müraciət etmədi?”Onların sualına cavab verən yox idi….

- Heç biriniz sıxılıb, çəkinməyin. Sizin heç bir günahınız yoxdur. Əsl günahkar bizik. Mən buraya sizlərdən üzr diləməyə gəlmnişəm.Mən də, elə ağadadaşım da elə bilmişik ki, varımız-dövlətimiz varsa, hamı bizdən asılıdır. Biz nə etsək, nə söyləsək, kimsə bir söz deməz, bizə arxa çevirməz. Bəli, hamınız bilirsiniz ki, son illər biz bir kəndlinin matəm yerinə ayaq basıb, kimsənin itkisinə, dərdinə-kədərinə şərik olmamışıq. Heç xeyir işlərində də sevincinə şərik olmamışıq. Sadəcə bir az pul və ayın-oyun göndərməklə vəzifəmizi bitmiş sanmışıq. Necə deyərlər, insanın öz başına gəlməsə, yaxınlarından birini itirməsə, o ağrı-acını duymaz, hiss etməz. İndi başa düşürəm ki, laqeyd hərəkətimizlə sizlərin qəlbinə dəymişik, incitmişik. Budur, əcəl yeli bizim qapımızı da döyüb, bu gün anamız, sizlərin xanımağanız dünyasını dəyişib. Yəqin ki, sizlər də bu günü gözləyirdiniz? Gözləyirdiniz ki, bizim sizə etdiklərimizin əvəzini verəsiniz. Bizlər vaxtilə necə ki, matəm yerlərinizə gəlib sizlərin qəminə-kədərinə şərik çıxmamışıqsa, başsağlığı verməmişiksə, indi də sizlər bizi tək buraxırsınız. Sizdən bir söz soruşacağam: Biz qardaşlar bir səhvdi, eləmişik, bəs anamız? Axı o bir xanımağa kimi hər birinizin matəmində üç gün ana-bacılarınızın, arvadlarınızın yanını kəsdirib, qəminə-kədərinə şərik olub. Ağlayıblarsa, ağlayıb, gülüblərsə də, gülüb. Hələ xeyir işlərinizi demirəm. Kimə əlindən gələn köməyi etməyib ki?…

Əhali yenə də bir-birinin üzünə baxdı. Tutduqları hərəkətdən peşman kimi çiyinlər çəkildi, ara-sıra səslər ucaldı:

- Biz çox böyük səhv etdik. Axı, doğrudan da, xanımağa kimsəni tək buraxmayıb. Xeyirdə də, şərdə də yanımızda olub..

- Xanımağanın haqqını danmaq olmaz. O, hamının acısını öz acısı, sevincini öz sevinci bilib. Biz gərək hər şeyi unudub bugünkü gündə onu tək buraxmayaydıq.

- Xanımağa cehizi olmayan qızlarımıza özü cehiz qoşub ki, ər evində “cehizim yoxdur” –deyə sıxılmasınlar.

- İmkansız oğlanlarımızı o sünnət elətdirməyibmi?

 - Kəndin cavanlarının çoxu xanımağanın sayəsində ailə qurub,  ev-eşik sahibi olub… Bəs, biz nə etmişik? Onun hörmətini belə saxlayacaqdıq?

 - …

Hacı Nağı ağa əhalinin sakitləşməsini gözlədi, sonra yenidən müraciət etdi:

- Susmayın, söyləyin! Niyə susursunuz? Bəs, bu gün dünyasını dəyişən, hələ də axirət dünyasına yola salınmasını intizarla gözləyən sizlərin dərdinə-kədərinə, sevincinə-şadlığına şərik olan, hər zaman maddi və mənəvi dəstəyini əsirgəməyən həmin xanımağanız deyilmi?Nədən son dəfə onunla vidalaşıb, son duanızı əsigəyir, axirət mənzilinə yola salmaq istəmirsiniz?Bunu mən özüm üçün, ya da ağadadaşım üçün istəmirəm ki? Biz onsuz da səhvimizi başa düşmüşük. İnşallah, yaşayarıq, səhvimizi də düzəldərik. İndi mənim sizdən bir xahişim var;umu-küsünü buraxın. Bizlərin də, sizlərin də əzizi olan xanımağanızın axirət evinə yola salınmasına gəlin. O, sizlərin son duasına möhtacdır. Yəqin ki, sizlər də onu bu istəkdən məhrum etməz, onu çiyinlərinizdə son mənzilinə yola salmaq istərsiniz.

Əhali  yaman təsirlənmişdi, çoxlarının gözündə yaş parıltıları lap aydın sezilirdi. Onlar heç Hacı Nağı ağanın sözlərini bitirməsini gözləmədi, əllərinin arxasınca dolmuş gözlərini silib qeyri-ixtiyarı yola düzəldi. Bu insan selinin öndəri isə yenə də Axund Hacı Mehdi idi.

Ağalığın xanımları xanımağanı yuyub kəfənləmiş, əhalinin yığışıb onun son mənzilinə yola salmasını gözləyirdilər. Ağlamaqdan xanımların yanaqlarında göz yaşları iz salmışdı.

Günortadan xeyli keçmiş, artıq günəş əyilmişdi. Darvazanın qapıları taybatay açıldı. İnsan seli ağalığın həyətinə axışdı. Bayaqdan bəri eyvanda əlləri qoynunda kədərli gəzişən, intizarla gözləyən Hacı Əli ağanın gözlərinə işıq gəldi, qəddi-qaməti düzəldi. Sanki uzun müddət gözlədiyi bir şad xəbəri eşitmişdi, üz-gözünə təbəssüm qondu.

Ağalığın kişiləri də bir anda cana gəldilər, sevindilər. Xanımlar mərhumənin tabutu qoyulmuş otağa toplaşıb “Ağı” deyib ağlaşanlara səs verdilər, hönkürüb ağlaşdılar…

Hacı Əli ağa bayaqdan bəri qardaşının yoxa çıxmasının fərqinə indi vardı. O başa düşdü ki, əhalinin birdən-birə axışıb gəlməsində qardaşının böyük rolu var. Ağa astaca başını tərpətdi.

Hacı Nağı ağa cəld eyvana qalxıb qardaşına yaxınlaşdı və astadan dedi:

- Ağadadaş, əhali toplaşıb. Məncə, daha gözləmək lazım deyil. Anamızla vidalaşmağın vaxtı çatıb. Aşağı enək, anamızı son mənzilinə yola salaq. Ruhu nigaran qalmasın.

Hacı Əli ağanın kirpikləri titrəşdi, uşaq kimi dodaqları büzüldü, sanki bu dəqiqə hönkürüb ağlayacaqdı. Yəqin, ana itkisi onun üçün də çox ağır idi. O, gözləri dolsa da, özünü hönkürüb ağlamaqdan zorla saxlayırdı. İndi də doluxsunduğunu qardaşı görməsin deyə, üzünü yana çevirib əllərinin arxası ilə göz yaşlarını silib həyətə endi. Oğlanları, qardaş və bacı oğlanları ətrafında toplaşdı, başlarını aşağı salıb onun əmrini gözlədilər.

Axınd Hacı Mehdi cənazənin başı üstündə dayanıb onun qərarını gözləyirdi. Ailənin böyüyü kimi qərarı o verməli idi. Hacı Əli ağa yanında dayanan qardaşına işarə elədi ki, cənazənin qaldırılmasına özü nəzarət eləsin.

Hacı Nağı ağa axunda yaxınlaşıb astadan dedi:

- Hacı Mehdi, biz hazırıq. Sən duanı elə. Oğlanlar gəlib cənazəni qaldırsınlar.

Axund Hacı Mehdi adəti üzrə əllərini qoşalayıb dua oxudu və mərhumənin adına fatihə verdi. Əhali də ona qoşuldu. Qardaşlar tabutun ön hissəsindən cənazəni qaldırmaq istəyəndə oğlanları imkan vermədi. Özləri tabutun altına keçdilər. İnsan seli kənd qəbirstanlığına axışdı. Hamı növbə ilə tabutu götürməyə cəhd edirdi. Yəqin ki, bununla da özlərinin xanımağaya olan borclarını yerinə yetirməyə çalışırdılar…

Dəfn mərasimindən sonra qardaşlar analarının üçünü, yeddisini, qırxını verdi. Bu ehsanlarda kənd əhalisi bir nəfər kimi iştirak etdilər. Yaxın və uzaq kəndlərdən də matəmə gəlib başsağlığı verənlər çox oldu.

Matəmin son günü Hacı Əli ağa dedi:

- Əziz həmkəndlilərim! Sağ olun ki, anamızın matəmində biz qardaşları tək buraxmadınız. Bizə mənəvi dayaq oldunuz.Mən sizlərin üzünə baxmağa xəcalət çəkirəm. Mənə elə gəlirdi ki, varım-dövlətim var deyə, nə istəsəm, edə bilərəm, sizlərsə heç zaman mənə qarşı çıxa bilməzsiniz. Sizlərin kədərli gününüzdə, sevincli gününüzdə yanınızda olmadıq. Nə kədərinizə, nə də sevincinizə şərik çıxdıq. Yaxşı ki, anam vardı. O, heç zaman sizlərdən üz çevirmədi. Hər zaman sizlərin yanında oldu. Kədərinizə kədərləndi, sevincinizə sevindi. Onun vəfatı bizim üçün ağır itki də olsa, gözlərimizi açdı. Sizlər mətin hərəkətinizlə biz qardaşlara dərs verdiniz. Mən sizdən bizi bağışlamağınızı xahiş edə bilmərəm. Buna haqqım da yoxdur. Sizin də haqqınız var ki, bizi bağışlamayasınız. Amma inanın ki, bu qırx gündə biz qardaşlar çox düşünmüş, çox götür-qoy etmişik. Bu gündən sizlər ağalığın rəiyyəti deyil, bizim arxa-dayağımız, həmkəndlilərimizsiniz. Bu gündən belə kimlərin nə dərdi-odu varsa, çarə tapmağa, dərdinə əlac eləməyə mən də, qardaşım da, oğlanlarımız da hazırdır. Nə sözünüz olsa, çəkinmədən söyləyə bilərsiniz. Allah sizlərdən razı qalsın!

Əhali bir-bir gəlib Hacı Əli ağanın da, Hacı Nağı ağanın da əlindən öpmək istədilər. Amma qardaşlar əllərinin öpülməsinə razılıq vermədilər, onlarla təkbətək görüşüb təşəkkür etdilər.

Aylar keçdi, illər ötüşdü. Kənddə çox xeyir işlər oldu, çoxları dünyasını dəyişdi. O gündən kimin xeyir işi olurdusa, ya da kimin evində matəm olurdusa,  ağalığın bəyləri və xanımları o məclislərdə yaxından iştirak edir, əllərindən gələn maddi və mənəvi yardımı əsirgəmirdilər. Bir sözlə, hamı bir-birinə “Can”-deyib, “Can”- eşidirdi. “Ağa-rəiyyət” söhbəti aralıqdan götürülmüşdü.

Hacı Əli ağanın təklifi ilə daha matəm yerlərində ayaqqabılar sayılmırdı. Yalnız matəmə gələnlərə ehtiram göstərilirdi. Demək, matəm yerində bir nəfərin – ayaqqabılara nəzarət edənin vəzifəsi ixtisara düşmüşdü. Əhali gec də olsa, öz səhvini başa düşmüşdü.

Nanəli kəndində dəyişməyən bir adət var idi. Hər ay ağalıqda Xanımağanın ruhuna ehsan verilirdi. Kənd əhalisi bu ehsana gəlir, eyib-içir, çoxdan dünyasını dəyişmiş xanımağalarının ruhuna fatihə bağışlayırdılar…

KÖŞƏ YAZARLARI
TOP 10