Elçin Əfəndiyev – “Xoşbəxtlik haqqında”

104 Baxış

elcin efendiyev

Bu gün Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, prof. Elçin Əfəndiyevin doğum günüdür. Qeyd edək ki, Elçin Əfəndiyev  13 may 1943-cü ildə Bakı şəhərində anadan olub.

İlk hekayəsi 16 yaşı olarkən, “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Azərbaycan Elmlər Aakademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib. “Azərbaycan bədii nəsri ədəbi tənqiddə”  mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi”  mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub.

Senet.az Elçin Əfəndiyevin müxtəlif illərdə qələmə aldığı esselərini təqdim edir:

 

XOŞBƏXTLIK HAQQINDA

Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı və belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması, qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də Bakının asfalt küçələri, maşınları, səs-küyü… Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə səs-küylüdü, nə də qayğılarla doludu. Fikrət Qoca və Ishaq Ibrahimovla birlikdə Bakıdan bir az kənarda, Qaradağ tərəfdə dəniz kənarına getdik. Küləkli bir gün idi. Uşaqlar velosipedlə bura gəlirdi, qarmaq atırdı, balıq tuturdu. Biz də özümüzlə qarmaq götürmüşdük və əsl naşı balıqçılar kimi, qarmaq atıb balıq gözləyirdik. Balıq yox idi; yəni bizim üçün, biz balıqçılar üçün balıq yox idi. Birdən qarmaqlardan birinə bir xul keçdi və bu cıqqılı xul balığının sevinci bizi dünyanın yeddinci qatına qaldırdı. Sən demə, xul da balıq imiş… Bir neçə dənə xul tutduq və hər bir xula da beləcə sevindik. Sonra dənizin o azadlığından, sahilin o təmizliyindən və genişliyindən, o xul sevincindən ayrılıb Bakıya qayıtdıq və gecə mən bu xul sevinci barədə fikirləşəndə haçansa eşitdiyim bir əhvalat yadıma düşdü. …Bir kişinin on uşağı var idi və bu on uşaqla, arvadla birlikdə balaca bir daxmada yaşayırdı; o qədər darısqallıq idi ki, kişi daha dözə bilmirdi; axırda bir dəfə bir təpəyə qalxdı və əlini göyə qaldırıb Allaha dedi: – Ya Allah, bu nə müsibətdi bizim başımıza açırsan?! Hərgah sən bu uşaqlara bir qarış da artıq yer verməyəcəydinsə, niyə onları dünyaya gətirirdin? Axı, belə bir darısqallıqda yaşamaq mümkün deyil! Dünyada məndən bədbəxt adam yoxdu! Məni xoşbəxt et, yerimi genişlət bir az! Göydən bir səs gəlmədi. Kişi kor-peşman daxmasına qayıtdı və gördü ki, daxmada… bir eşşək var. Yekə, canlı bir eşşək idi. – Arvad, bu nədi belə? Heyrətdən kişinin gözləri kəlləsinə çıxmışdı. – Kişi, bu eşşəyi indicə bir mələk gətirdi və dedi ki, Allah-taalanın əmri belədi ki, bu eşşək bu daxmada, bizimlə bir yerdə yaşamalıdı. Yazıq arvad eşşəyə baxdı, kişiyə baxdı və için-için ağlamağa başladı. O gündən o eşşək həmin daxmada qaldı. O gündən on uşaq, kişi, arvad və həmin eşşək bir yerdə yaşamalı oldu. O gündən həmin kişi gecə-gündüz Allaha yalvardı ki, onları bu yekəpər eşşəkdən xilas etsin, bu yekəpər eşşəyi bu daxmadan götürsün. Bu münval ilə ay keçdi, il dolandı və nəhayət, bir gün Allah kişinin sözünü eşitdi: axşam kişi evinə qayıdanda gördü ki, həmin yekəpər eşşək daha yoxdu. Mələk gəlib eşşəyi aparmışdı. Kişi gecə-gündüz Allaha şükür elədi. Kişi on uşağı və arvadı ilə birlikdə həmin daxmada şad-xürrəm yaşamağa başladı. 411 Kişi dünyanın ən xoşbəxt adamı idi, çünki canı eşşəyin əlindən qurtarmışdı və genişlik-bolluq idi… …Insan çox naşükürdür.

 

 

IKI QIZ VƏ SƏRÇƏ

 Maşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı. Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız. Küçə ilə o tərəf-bu tərəfə gedib-gələn adamlar elə bil ki, bu qızlar üçün sıfır idi, elə bil ki, bu qızlar dağın zirvəsində, adamlar isə dərənin dibində idi və dünya açıqaşkar bu qızların vecinə deyildi. Bu vaxt qəribə bir hadisə baş verdi: bir sərçə hoppana-hoppana qızların cinsin içində tarım sıxılmış dolu qıçlarına dolaşa-dolaşa küçənin ortasına qondu və yerə düşmüş bir çörək qırıntısını acgözlüklə dimdikləməyə başladı. Qızlar əvvəlcə gülümsədi, sonra səkidə ayaq saxlayıb təəccüblə əl-ayağa dolaşan o sərçəyə baxdı. Sarı işıq yandı və irəlidəki maşınlar yavaş-yavaş tərpənməyə başladı, sərçə isə küçənin ortasından uçmurdu. Mən aləmə meydan oxuyan bu qızların rəng çəkilmiş, uzun kirpik yapışdırılmış gözlərində bir təlaş oxudum və əvvəlcə mənə elə gəldi ki, o uzun yalançı kirpiklərlə o təlaş hissi bir-birinə heç cürə uyuşmur. Ac sərçə yəqin xəstə idi, ya zədəli idi, uça bilmirdi. Maşınlar yavaş-yavaş sürətini artırırdı. Şaşırıb qalmış o iki qız küçənin ortasında çörək qırıntısını dimdikləyən o sərçəyə baxa-baxa bir-birinə tələsik nəsə deyirdi və mən onların nə dediyini eşitmirdim, amma bir şey tamam aydın idi ki, qızlar bərk həyəcanlanmışdı və o həyəcan daha o uzun yalançı kirpiklər üçün yad, yabançı bir şey deyildi. Onların həyəcanı mənə də sirayət etdi və mən də maşını pəncərəsindən boylanıb ətrafında maşınlar ötüşən o sərçəyə baxdım. Yaşıl işıq yanmışdı. Qabaqdakı ağ maşın sərçənin lap yanından ötdü. Qızlardan biri cəld səkidən düşüb küçənin ortasında çörək qırıntısını təpişdirən o sərçəyə tərəf qaçdı və bir əlini maşınların qabağında yelləyə-yelləyə – yəni ki, bir dəqiqə gözləyin! – o biri əlini aşağı uzadıb sərçəni götürmək istədi və bu zaman… həmin ac sərçə «pır-r-r» eləyib qızın əlinin altından havaya qalxdı və sürətlə göyə baş vurub gözdən itdi. Qız əvvəlcə məəttəl qaldı, sonra gülə-gülə rəfiqəsinin yanına qayıtdı və ikisi də yoluna davam etdi. Bizim maşın da yerindən tərpəndi. Mən geri çevrilib arxa şüşədən bu iki qızın ardınca baxdım. 421 Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o gözlərdə o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər…

18 may 1984. Bakı.

 

 

ÜÇ XATIRƏ

I

Axşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. Indi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı. Bu – Almaniya Demokratik Respublikasının ordusu idi. Mən isə, Qərbi Berlinə tərəf baxırdım və təzə-təzə yanmağa başlayan o işıqlar nə qədər yaxın və eyni zamanda da nə qədər əlçatmaz idi… 424 O dəm mənə elə gəlirdi ki, yalnız Berlin yox, yalnız Almaniya və alman xalqı yox, Şiller də iki yerə bölünüb, Motsart da, Bax da, Bethoven də, Heyne də iki yerə bölünüb və mən bu bölünməni, parçalanmanı indi, az qala, cismani hiss etdim: insan bədəni ortadan iki yerə parçalanıb, qan axır… Drozd da Qərbi Berlinin işıqlarına baxırdı və öz-özünə dodaqaltı nəsə pıçıldayırdı. – Volodya, sən nə hiss edirsən? – soruşdum. Drozd: – Dəhşətdi!.. – dedi. – Mənim xalqım da beləcə bir dəhşət içindədi… – dedim. Brandenburq qapıları haçansa açılacaqmı?

24 sentyabr 1987. Şərqi Berlin.

 

 

II

Günorta rəssam Ə. Behkalamın emalatxanasına gedəndə Berlin divarı boyunca xeyli addımladıq və mən tez-tez ayaq saxlayıb o divara çəkilmiş şəkillərə baxırdım. Divarın o tərəfi Şərqi Berlin idi. Kənardan da Brandenburq qapıları görünürdü. Yadıma gəlir, iki il bundan əvvəl orada (o tayda!) dayanıb bu tərəfə baxırdım… Eyni bir şəhəri – Berlini bütöv görmək üçün iki dəfə uzun səfərə çıxmaq lazımmış… Birinci dəfə Bakıdan Moskvaya, Moskvadan da Şərqi Berlinə uçmuşdum və oradan piyada gəzə-gəzə bura gələ bilmək əvəzinə, buranı görmək üçün ikinci bir marşrut lazım imiş: təzədən Bakıdan Moskvaya, Moskvadan Dyüsseldorfa, Dyüsseldorfdan da Qərbi Berlinə. Yadıma gəlir, orada əsgərlər şübhə ilə, daxili bir gərginliklə mənə baxırdı, ətrafda var-gəl edirdi, barmaqları da sinələrindən sallanmış avtomatın tətiyi üstündə… Burada isə heç kim yoxdu. Almaniya Demokratik Respublikasına qaçmaq istəyirsən? Qaç! Xoş gəldin!.. Uşaqlar, həvəskarlar, peşəkarlar, bacaranlar və bacarmayanlar sonu görünməyən o Berlin divarına rəngbərəng, cürbəcür şəkillər çəkiblər: gülməli heyvanlar, təlxəklər, güllər-çiçəklər… Amma bu dəm mənə elə gəlir ki, o heyvanlar, o təlxəklər, o gül-çiçək, hətta o rənglər də – qırmızı da, yaşıl da, göy də, çəhrayı da əslində bir matəm içindədi… Görəsən, elə bir vaxt gələcəkmi bu divar sökülsün? Yoxsa, bu Berlin divarında bir zindan əbədiliyi var?

2 iyun 1989. Qərbi Berlin. 425

 

III

Bu gün səhər bərk külək əsirdi, qar yağırdı, bir sözlə, əməlli-başlı qasırğa idi, amma o küləyə, o qara, çovğuna baxmayaraq səhər-səhər maşınla Brandenburq qapılarına tərəf getdik, sonra maşından düşüb piyada Berlinin şərq hissəsinə keçdim, təzədən qərbə gəldim, yenə şərqə getdim… Bir azdan Berlindəki Dünya Mədəniyyət Evində mənim mətbuat konfransım başlayacaqdı, amma qəribə idi, mən bu yerdən ayrıla bilmirdim. Bax, burada vaxtıyla əli avtomatlı əsgərlər gəzişərdi və o əsgərlərin şübhəli baxışları indiki kimi yadımdadı. Hətta mənə elə gəlir ki, o əsgərləri indi də görsəm, sifətdən tanıyaram… Brandenburq qapıları bu qədər adi imiş… Adi şəhər qapıları… Amma mən nə üçün bu adilikdən qopa bilmirəm? O çovğunda şərqdən qərbə, qərbdən şərqə addımlayıram…

5 fevral 1991. Berlin.

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10