Elçin Əlibəyli. İlməli ömür

44 Baxış

vidadiBir neçə gün öncə ad günü oldu təbrikimdə “rəngarəng ilmələrlə zəngin olsun ömrünüz” diləyi var idi. Olduqca maraqlı, bir az da kələ-kötürlü ömür yaşamış əməkdar incəsənət xadimi, professor Vidadi Muradov vətəndaşlıqla ziyalı və bir iş adamının modelini yarada bilmiş şəxsdir. Uşaq qədər sadə, səmimi, işində dönməz, inadkar Vidadi Muradov xalçaçılıq elmimizə misli olmayan tədqiqatlar bəxş etdi. Dünyaya səpələnmiş və itməkdə olan qədim toxuculuq nümunələrini Vətənə gətirdi. Qarabağ, İrəvan, Təbriz və Naxçıvan xalçaçılığına yeni peşəkar baxışı ortaya qoyaraq bu adları diriltdi. Onun eyni sevgiylə Borçalıya, Zaqatlaya, Qazağa, Qubaya, Şirvana yanaşması ilə itib-batmış çeşnilər yenidən dirildi, toxundu, təbliğ olundu. Cəmisi bir neçə il ərzində dünyanın qırxdan çox kitabxanasında altı dildə Azərbaycan xalçasının əsas mahiyyəti, sənət incəliyi və bir də itən tarixi yerləşdirildi. Hər tədqiqatına, hər çıxan kitaba öz övladı kimi yanaşaraq, onu bəsləyib dünyada tanıtmaq istəyən Vidadi Muradov xalçamızın vüqarını ucaltmaq istəyir. Hərdən zarafatla “bunu kim üçün edirəm” deyən Vidadi müəllim elə özü də özünə cavab verir- millətimiz üçün, dövlətimiz üçün.

Bir dəqiqə boş qala bilməyən, daxilən çox narahat, sabaha baxan Vidadi müəllim elmə və araşdırma sahəsinə bilmədiyimiz, amma proqressiv olan qərb modelini gətirdi. Tədqiqatla praktiq fəaliyyət qoşalaşdı, nəticədə hamının marağında olan əsərlər üzə çıxdı. Bu gün “Azərilmə” də, “Azərbaycan xalçaları” elmi dərgisində milli mədəniyyətimizin solmaz inciləri sərgilənirsə bu bir başa Vidadi müəllimin nüfuzu, şəxsiyyəti və fədakarlığının nəticəsidir.

Balacaları da unutmayıb Vidadi müəllim. Bu zərif və gözəl sənət yaşasın deyə uşaqlara tamam yeni metodla toxuculuq sənəti öyrədilir. Onlara xalçamızın fərqli tərəfləri aşılanır. Mən dərindən əminəm ki, o divarlar arasında tədris alanlar yaxşı toxucu olmaqla bərabər, zövqlü və gözəl sənətin sərrafına da çevriləcəklər.

İnsansevər, qədir bilən və milli mədəniyyətimizn əsas simvollarından olan xalçaçılığın yükünü daşıyan Vidadi Muradovun nümunəsi çoxlarına görk olmalıdır. Vətəndaş və sözün böyük anlamında yurdsevər ziyalı Vidadi Muradovun son tədqiqatları milli sənətşünaslıq elmimizə böyük təkan olacaq.

İki ilə yaxın sizinlə çalışdım, bu dövr öyrəndiklərim, qazandıqlarım mənim silahıma çevrildi, ən əsası sizi kimi vətəndaşı, dostu yaxından tanıyıb, qazana bildim. Bu dönəmi ömrümün parlaq səhifələrindən sayıram. Gec də olsa ad gününüz bir daha mübarək, Vidadi müəllim.

Bölmə : Rəssamlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10