Elçin İbrahimov yazır: “Türk dünyası ortaq latın əlifbasına keçməlidir”

28 Baxış

joy

Senet.az “Ustad” jurnalında yayımlanan Elçin İbrahimovun “Ortaq dil” məqaləsini təqdim edir.

Türklər tarix boyunca bir neçə əlifbadan istifadə etmişlər. Tarixdən məlum olan ilk əlifba göytürk əlifbasıdır. İlk mətnləri VII əsrin ikinci yarısına qədər gəlib çatan göytük əlifbası ilə meydana gəlmiş əsas böyük mətnlər VIII əsrin birinci yarısında Kül Tigin, Bilgə Kağan və  Tonyukuk adına olan Orxon abidələridir.

Bu daş abidələr VII əsrdə türklərin olduqca inkişaf etmiş bir yazı sisteminə sahib olduğunu göstərir. VII-IX əsrlərdə istifadə edilən göytürk əlifbasından sonra uyğur əlifbasının türk dünyasında yayıldığını görə bilərik. Bu əlifba türk dünyasında IX əsrdən etibarən uzun müddət istifadə edilmişdir. Eyni zamanda türklər müəyyən dövrlərdə soğd, mani və brahmi yazılarından az da olsa istifadə etmişlər. XI əsrdən etibarən türklər ərəb əlifbasına keçməyə başlayırlar. Bu əlifba XX əsrin əvvəllərinə qədər yüzillər ərzində bütün türk dünyasında istifadə edilib [6, s.39].

Türk xalqları hazırda 27 fərqli əlifbadan istifadə edirlər. Bunlar latın, ərəb və rus-kiril hərflərinə əsaslanan əlifbalardır. 1928-ci ildə qəbul olunan latın əlifbası hazırda Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti ilə Şimali Kipr Türk Respublikasının rəsmi əlifbasıdır. Həmçinin Avropanın bəzi ölkələrində (Bolqarıstan, Rumıniya, Serbiya, Makedoniya və digər) yaşayan türklər də bu əlifbadan istifadə edirlər. İraq, İran, Əfqanıstan və Çindəki türklər ərəb əlifbasından istifadə edirlər. İraqda işlənən türk əlifbası osmanlı yazı sistemini davam etdirməkdədir. Cənubi azərbaycanlılar 1979-cu ildən osmanlı yazı sistemindən fərqlənən bir yazı sistemi yaratmışdılar. İrandakı türkmənlərlə Əfqanıstandakı özbək və türkmənlər şimal-şərq (cağatay) türkcəsi üçün istifadə edilən yazı sistemini davam etdirməkdədirlər. Qazaxlar, qırğızlar və Çindəki uyğurlar isə bir-birlərindən fərqli ərəb əlifbalarından istifadə edirlər. Osmanlı və cağatay yazı sistemindən də fərqli olan bu əlifbalarda ərəbcə, farsca sözlərin əsli ilə eyni olmayan o, ö, u, ü üçün ayırdedici işarələr işlənməkdədir. SSRİ tərkibindəki muxtar respublikalarda yaşayan türklər rus-kiril hərflərinə əsaslanan, bir-birindən fərqli 18 əlifbadan istifadə etmişlər: Azərbaycan, qaqauz, Krım tatarları, Kazan tatarları, başqırd, noqay, qaraçay, qumuq, qaraqalpaq, türkmən, özbək, qırğız, uyğur, xakas, tuva, altay, çuvaş, yakut. 1937-1940-cı illər arasında türklərə məcburən qəbul etdirilən bu əlifbalarda birlik yoxdur. Eyni səs hər birində fərqli hərflərlə göstərilir. Məhz bu səbəbdən də hər birini ayrı-ayrılıqda öyrənmək lazımdır.

SSRİ tərkibindəki türk respublikaları müstəqillik əldə etdikdən sonra ortaq ünsiyyət dili məsələsi yenidən müzakirə olunmağa başlandı. Türk dünyasında ortaq dil və əlifba ilə bağlı simpoziumların birincisi 18-20 noyabr 1991-ci ildə Türkiyədə (Mərmərə Universiteti Türkiyat Araştırmaları Enstitüsü) təşkil edildi. SSRİ dağıldıqdan sonra onun tərkibindən çıxan ölkələrdən dəvət edilmiş türkoloqların fərqli əlifba layihələri təqdim edilmiş və uzun müddət davam edən müzakirələr nəticəsində 34 hərfdən ibarət ortaq əlifba (a, ä, b, c, ç, d, e, f, g, ğ, h, ı, i, j, k, l, m, n, ň, o, ö, p, q, r, s, ş, t, u, ü, v, w, x, y, z) qəbul edilmişdir.

Dəyişən dünya və yeni siyasi vəziyyət bu bölgədə yaşayan türklərdə də yeni düşüncə və ideyalara yol açmışdır. Bu yeni dövrdə türk dünyasında ümumi ünsiyyət vasitəsi kimi ortaq dil məsələsi də gündəmə gəlmişdir. Türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasının ilk müəllifi olan İsmayıl bəy Qaspıralının ideyalarının gerçəkləşməsi üçün artıq zəmin yaranmışdır. Bunun üçün ilk addım kimi əlifba dəyişikliyi aparılmalıdır.

Qəbul ediləcək latın hərflərində Azərbaycan əlifbasının nümunə olaraq götürülməsi də əhəmiyyət kəsb edir. Çünki bu gün türk dünyasında türk xalqlarının qəbul edib, istifadə edə biləcəyi bütün işarələr toplusu (əlifba) öz əksini Azərbaycan əlifbasında tapmışdır. Azərbaycan dili türk dilləri arasında əlaqələndirici kimi çıxış etməklə türk dilləri arasında vasitəçilik rolunu oynaya bilər.

Əslində, Azərbaycan Respublikası bütün türk dünyası ilə mədəni, elmi, iqtisadi, təhsil sahələrində çox yüksək səviyyədə əlaqələr qura bilib.

Şübhəsiz, səslər və hərflərlə bağlı olan anlaşılmazlıqlar da aradan qaldırılacaq, eyni sözlərin eyni hərflərlə yazılma imkanı yaranacaq və bununla da imla məsələsində birlik təmin ediləcəkdir. Əks halda, latın əlifbasına keçməyin və ondan istifadənin elə də böyük əhəmiyyəti olmayacaq.

Müxtəlif ölkələrdə yaşayan və fərqli ləhcələrdə danışan türklər bir-birini anlaya bilmirlərsə, burada türk birliyindən danışmaq bir qədər özünü doğrultmur və bu uyğunsuzluğun gündən-günə böyüməsinin qarşısı mütləq alınmalıdır. Ortaq türkcə ideyası məhz belə yaranmışdır. Türk dilləri arasında fərqlərin artması, türklər arasında anlaşmanın azalması türk xalqları arasında ortaq türkcə ideyasına yol açmışdır. “SSRİ-nin süqutu nəticəsində dünyada formalaşmış yeni siyasi mühit türklərin bir-birləri ilə əlaqə qurmaq və köhnə dil birliyini yenidən dirçəltmək kimi mövzuları gündəmə gətirdi”.

Türk dünyasında türklərin bir-birini anlayacağı ortaq ünsiyyət, danışıq dilini yaratmaq üçün ilk növbədə əlifba, imla, yazı dili məsələləri həll olunmalıdır. Təbii ki, bu işlərin qısa zaman kəsiyində həlli mümkün deyildir. Artıq bu gün ortaq ədəbi dil üçün bütün şərtlər və  imkanlar var. Bu istiqamətdə ilk olaraq əlifba məsələsi həll edilməlidir. Əlifba həll edilməsi ən vacib, ən əsas məsələdir. Əlifba birliyi təmin edilmədən ortaq ünsiyyət dilindən danışmaq əbəsdir. Təəssüf ki, türk respublikalarının bəzilərində hələ də kiril əlifbasından istifadə edilir. Bu baxımdan da bu məsələ elmi mövzu olmaqla yanaşı, siyasi bir məsələdir.

Türk xalqları arasında dil birliyinin qorunması, daha da gücləndirilməsi, eyni zamanda bütün türk dünyasında ortaq ünsiyyət dilinin yaradılması istiqamətində işlərin davamlı şəkildə aparılması bu günün ən prioritet məsələlərindəndir. Bu məsələnin öyrənilməsi üçün isə ilk növbədə qarşıya qoyulan məsələlərin mürəkkəbliyi nəzərə alınmaqla tədbirlərin ümumi məcrada, kütləvilik təmin edilməklə həyata keçirilməsi zəruridir.

Əgər qeyd olunan məsələlərin ortaq ünsiyyət dilinə gedilən yolda ciddiliyi və əhəmiyyəti yalnız elm adamları deyil, müvafiq qurumlar tərəfindən də nəzərə alınsa, qısa zamanda konkret nəticələr əldə etmək mümkün ola bilər.

Elm və texnologiyanın inkişafı və dünya xalqlarının qloballaşan mühitdə sürətlə inteqrasiya etməsi, eləcə də informasiya məkanının genişlənməsi şəraitində türk xalqlarının da ümumi bir dildə ünsiyyət məsələsi artıq çox böyük əhəmiyyət kəsb etməkdədir. Bir çox türkdilli respublikalarda artıq bu istiqamətdə konkret addımlar atılmağa başlanmışdır. Çünki bu, təkcə elm adamlarının işi deyil. Bu, elə geniş və aktual məsələdir ki, artıq elmilikdən daha çox siyasi səciyyə daşıyır. Bu gün türk dünyasının birliyi üçün çalışan dövlət rəhbərləri bu məsələnin aktuallığını gördükləri üçün əhəmiyyətli qərarlar qəbul etməyə başlayıblar.

Türk xalqları bir-birlərini anlamaq üçün mütləq ortaq bir ünsiyyət dilinə sahib olmalı, xarici dil asılılığına son qoymalıdırlar. Bunun çıxış yolu isə bir-birlərini anlayacaqları ortaq bir dilin ünsiyyət vasitəsinə çevrilməsidir. Bütün mövcud problemlərə baxmayaraq, İ.Qaspıralının ideyalarının çox yaxın bir zamanda reallaşacağına şübhə yoxdur. Azərbaycanın böyük dilçi alimlərindən Ağamusa Axundov, Tofiq Hacıyev, Nizami Xudiyev, Firudun Cəlilov, Türkiyədən Əhməd Bican Ərcilasun, Haluk Şükrü Akalın, Əhməd Buran, Şərif Əli Bozqaplan, Necati Dəmir, Mustafa Önər, Zeynəb Qorxmaz, Əfrasiyab Qəmalmaz, Qırğızıstandan akademik Qədirəli Konkobayev, Qazaxıstandan Ərdəm Kajibekov, Türkmənistandan Berdi Sariyev, Tatarıstandan Fərid Yusupov, Krım tatarlarından Nariye Seydametova və digər alimlər ortaq ünsiyyət dilinin yaradılması ilə bağlı bir çox layihə və konkret nəzəri fikirlər irəli sürmüşlər. Onların ortaq ünsiyyət dilinin yaradılmasına fərqli yanaşmaları olsa da, ümumi ortaq ünsiyyət dili yaratmaqla bağlı fikirləri yekdildir. Yerinə yetiriləsi zəruri işlər bu nəzəriyyələrə əsaslanır.

Yazı birliyinin, yəni əlifba birliyinin təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan türk xalqları arasında ümumi ünsiyyət dilinin formalaşdırılması üçün yerinə yetirilməli olan tədbirlər sırasına aşağıdakıları təklif edə bilərik:

– Türk xalqları üçün vahid ünsiyyət dilinin yaradılması istiqamətində görülməli ilk zəruri tədbir türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsidir. Kompüter və ünsiyyət texnologiyaları latın əlifbası bazasında yaradılaraq inkişaf etdiyinə görə bütün türk xalqlarının ən qısa zamanda ortaq latın əlifbasına keçməsi təmin edilməlidir. Bu əlifbada türk dillərindəki ortaq səslər üçün ortaq hərflərdən istifadə edilməlidir. Əlifba mümkün olduğu qədər asan və hər kəsin başa düşə biləcəyi qədər anlaşıqlı olmalıdır.

– Bu əlifbanın bütün türk xalqları arasında yayılmasında, öyrədilməsində və istifadə edilməsində dilçi alimlərin və ziyalıların üzərinə böyük məsulliyyət düşür. Yeni yaradılacaq əlifbanın və ortaq türk dilinin rəsmi siyasi dairələrdə geniş istifadə olunacağı baxımından zərurətini nəzərə alaraq məsələnin türkdilli dövlətlərin hökumətləri səviyyəsində qaldırılması konkret nəticələrin əldə olunmasına münbit şərait yarada bilər. Eyni zamanda rəsmi yazışma və ünsiyyət dillərinin vacibliyini heç də minimuma endirmədən türkdilli dövlətlər üçün türkdilli ölkələrdən ən məqbul sayılan bir dilin ortaq ünsiyyət dili kimi götürülməsini xüsusi vurğulamaq lazımdır.

– Ortaq ünsiyyət dilini yaratmaq üçün yerinə yetirilməli əsas işlərdən biri də ortaq lüğət tərkibinin işlənib hazırlanmasıdır. Bu lüğət hazırlanarkən türk xalqlarının dillərinin leksik tərkibi nəzərə alınmalıdır. Türk dillərini təhlil və tədqiq edərkən sözlərin çox hissəsinin ortaq olduğunu müşahidə etmək olar. Türk xalqları arasındakı ortaq ünsiyyət dili bu ortaq leksikaya əsaslanaraq yaradılmalıdır.

– Türk dünyasının ortaq ədəbiyyatının şah əsərləri; dastanlar (“Kitabi-Dədə Qorqud”, “Manas”, “Şəcəreyi-Tərakimə”, “Oğuznamə”, “Kutadqu Bilig”, “Divanü Lüğat-it-Türk” və s.), nağıllar, laylalar, atalar sözləri hər bir türkdilli ölkədə nəşr olunmalıdır.

– Türkdilli ölkələrdə türk dünyası ilə bağlı ədəbiyyat əsərləri təhsil müəssisələrində, məktəblərdə tədris edilməli, dərsliklərdə hər bir türk dilindən mətnlər lüğət tərkibi ilə birlikdə verilməlidir.

– Türk dünyası şair və yazıçılarının əsərləri bütün türk dillərində ortaq türk əlifbası ilə nəşr olunmalı, mətnlə birlikdə leksik və izahlı lüğəti də verilməlidir.

– Türk dövlətlərinin radio və televiziya verilişlərinin digər türk xalqları tərəfindən izlənilməsi üçün ortaq türk kanalı yaradılmalı, verilişlər türk dilində aparılmalı, televiziyalarda türk xalqlarının filmləri efirdə titrlərlə həmin ölkənin dilində verilməlidir.

– Mədəniyyət, musiqi, kino, teatr kimi incəsənət sahələrində əlaqələrin inkişaf etdirilməsi də ortaq ünsiyyət dilinin təkamülünə təkan verən amillərdəndir. Bu əlaqələr qarşılıqlı inkişaf etdirilməli və daha da genişləndirilməli, birgə mədəni tədbirlər keçirilməlidir.

– Türk dillərində gündəlik istifadə üçün danışıq kitabçaları hazırlanmalı, ortaq sözlərə üstünlük verilməlidir. Bir dil üçün xüsusi ifadə yerinə hər dildə rahat başa düşüləcək sözlər seçilməlidir.

– Türk xalqlarının bir-birləri ilə başqa bir dili ümumi ünsiyyət dili kimi seçməməsi, xalqlar arasındakı ünsiyyətdə rus və ingilis dilləri kimi xarici dillərdən istifadə edilməsi ortaq ünsiyyət və ortaq yazı dilinin yaradılmasını gecikdirməklə yanaşı, hətta bunu əngəlləyir.

– İnternet türk xalqları arasında ünsiyyəti gücləndirəcək və inkişaf etdirəcək.  Türk xalqlarının məlumat əldə etməsi üçün ortaq əlifba ən qısa zamanda tətbiq olunmalıdır. İnternetdə türk xalqlarının bir-birləri haqqında məlumat əldə etmək üçün ortaq internet terminləri hazırlanmalı və tərtib edilməlidir.

– Türk cümhuriyyətləri universitetlərinin və digər qurumların internet səhifələri ilkin versiya kimi mütləq ana dilində hazırlanmalıdır. Ana dilindəki internet səhifələri xarici dillərə də tərcümə edilə bilər.

– Türk xalqlarının ortaq ünsiyyət dilinin yaradılması üçün mütəmadi türk dil qurultaylarının keçirilməsi davamlı olaraq təşkil olunmalıdır. Qurultaylarda ortaq ünsiyyət dilinin yaradılması şərtləri nəzərə alınmalı, bu istiqamətdə həyata keçiriləcək tədbirlər əlaqələndirilməlidir.

– Ortaq türk dilinin mövcudluğunu təmin etmək məqsədilə yeni elmi (akademik) əlaqələrin qurulması (Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, Türkiyə Cümhuriyyəti Türk Dil Qurumu, Qazaxıstan Türkologiya Akademiyası və  digər türk respublikaları ilə), yeni mənbələr əsasında mövzu ilə bağlı elektron biblioqrafik bazanın genişləndirilməsi, ortaq ünsiyyət dilinin yaradılmasında ümumi (ortaq) türk dili lüğətinin ilkin redaksiyasının hazırlanması (qeyri-rəsmi, pilot layihə olaraq), ortaq türk dilinin formalaşdırılmasının nəzəri əsaslarının işlənib hazırlanması məsələləri tezliklə həllini tapmalıdır.

Həyata keçiriləcək bu işlərlə ortaq ünsiyyət dilinin formalaşdırılması üçün zəmin yaradılacaq və ortaq ünsiyyət dili ‒ ortaq türk yazı dilinin bünövrəsi qoyulacaqdır. Yuxarıda qeyd olunan məsələlərin türk dünyası üçün böyük əhəmiyyətini nəzərə alaraq bu sahədə işlərin sürətləndirilməsi olduqca zəruridir. Türk xalqları arasında vahid ünsiyyət dilinin yaradılması və türk xalqlarının mənşə (tarixi formalaşma) prinsipinə əsasən inteqrasiyası ilə bağlı qərarlar hökumətlər səviyyəsində qəbul edildiyi halda, bu cür dəstəyin göstərilməsi labüd və gözləniləndir.

Bu sahədə işlərin sürətləndirilməsi olduqca zəruridir, burada aidiyyəti sahədə mütəxəssislərin birgə və ya fərdi fəaliyyətləri ilə yanaşı, hər bir türkdilli dövlətdə hökumət səviyyəsində təşkilati-idarəçilik dəstəyinin göstərilməsi təmin edilməlidir. Təsadüfi deyil ki, K.Ələkbərova “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinə Türkiyə türkcəsinin təsiri” adlı əsərində “dil birliyinin etibarlı təminatı üçün ilk növbədə türk dünyasının ictimai-siyasi, iqtisadi, elmi, mədəni və mənəvi əlaqələrinin möhkəmləndirilməsi”nin zəruri olduğunu xüsusi vurğulayır.

Bu məsələ yalnız elmi mahiyyət daşımır, həm də siyasi əhəmiyyət kəsb edir. Türk dünyasının birliyi üçün çalışan dövlət rəhbərləri bu məsələnin aktuallığını nəzərə alaraq mühüm qərarlar qəbul etməyə başlamışlar. Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türkdilli ölkələrin Milli Şurası və bu kimi təşkilatların yaradılması bunun parlaq nümunəsidir.

Məhz bu baxımdan da əlifba, imla, yazı dili, lüğət və s. məsələlər türkdilli ölkələrin dövlət rəhbərləri səviyyəsində qaldırılmaqla mövcud problemlərin həlli yolunda konkret addımların atılması bu işə öz töhfəsini verəcəkdir.

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10