Elçin MANN. “Divin göz yaşları” – ŞEİRLƏR

108 Baxış

elchin manDivin göz yaşları

Lirik-sentimental mini poema

Dünən gün çıxmazdan,

Vaxtından tez qocalmış gənc dostumu

Qəbiristanlıqda basdırdım

Öz əllərimlə.

Özünü böyük, vicdanını kiçik qəbirdə.

Qabar-qabar olmuşdu əllərim

Yer qazmaqdan.

Elə bil özümə qazırdım.

Vəsiyyəti belə bitirdi: Yaşasın monarxiya!

Arxasınca iki göz yaşı axıtmağa

Nə vaxtım, nə də həvəsim vardı.

 

Metro ilə evə dönərkən

“Ümid” stansiyasında

Yorğun təbəssümünü gizlədən

Ofis proletarını da ələ saldım

Onların müqəddəs ahı tutdu məni

Birdən çiskin yağış yağdı vaqona

Yanımda çətirim yox idi

Və mən pərt oldum

Saqqqallı Marksın ruhu qarşısında

 

Bu şəhərdə bir vaxt,

Xoşbəxt tramvaylar yaşayırmış.

Indi onların ruhu dolaşır

Asfalt yollarda.

Ölən dostum deyirdi ki,

Xoşbəxtlik hər zaman

Bizdən bir addım qabaqda qaçır.

O heç vaxt ləngimir

Ona çatmaq

Axillesin tısbağanı keçməsinə bənzəyir

Xoşbəxtlik…

Bu sözü o qədər çeynəyiblər ki,

Onu leksikonumdan silmişəm

Flober öz leksikonundan sildiyi kimi.

 

Bu gün kafedə,

Yenə əvvəlkitək

Fikirli idim

Nə dəyişmişdi ki?

Böyük inkvizitor qarşıma çıxsaydı

Onunla doyunca pivə içərdim

Şəhərin ucuz kafelərindən birində.

O məni başa düşərdi

Dərdimi dağıdardım

Qara kütləni söyərdim

Axırda

Ağac dibinə qusardım.

 

Artıq qaş qaralmışdı

Yuxum gəlirdi

Bir şüşə arağı başıma çəkdim

Bar qızlarının qəhqəhəsi

Küçə itlərinin hürüşməsinə qarışmışdı

Onları keçib

Səs yox, işıq gələn tərəfə getdim

Uzaqda bir fənər yanırdı

Yaxınlaşdım bir evin pəncərəsinə

Div hönkür-hönkür ağlayırdı

Bir qızın dizləri üstdə…

Göz yaşlarına mane olmağa

Cəsarətim çatmadı.

Pəncərə altda oturdum

Ətrafa nəzər salıb gözlərimi yumdum

 

Gecə idi

Fənər idi

Ağac idi

Mən idim

Bir də divin göz yaşları.

 

Pulemyot haqqında şeir

 

Mini poema

 

Yarıçılpaq heteralara and verirəm

Ey soyuqqanlı pulemyot

Bir sən çatışmırsan

Mənəviyyatımızda

ədəbiyyatımızda

hissiyatımızda

Dünən inanmazsan

Yenə yuxuda səni görmüşəm

Korçaginlə qucaqlaşmışdın

Hətta bir az mehribanlaşmışdın…

 

Oyandım yuxudan Novruz axşamı

Səs çağırırdı məni

Qaçdım pəncərəyə tərəf

Bir qara kölgə

Daş üstə qonub

oxuyurdu

Kədər mahnısı

“Daşdın yenə dəli könül

Sular kimi çağlarmısan”

 

Bugün şəhərdə

Maska gəzdirən adamları

Dünənkindən çox gördüm

Biri oğraşlıq maskası taxmışdı

Biri əclaflıq

O birisi yaltaqlıq

Digəri murdarlıq

İdeyalar qəbiristanlığı ölkəmin

Parıltılı paytaxtında

Adam azdı maska çox

Darıxmaq belə adama əyləncəli gəlir…

Həmin adamları

Divar dibinə düzüb

Güllə-ləyər-dim

Ürəkdən deyərdim

“Alın-ha

Yana-yana

Qalın-ha”

Güllələr uçardı

Maskalar düşərdi

Mənim gözlərim yaşardı…

 

Ey soyuqqanlı pulemyot

Ey dəmir xəyal pərisi

Söz verirəm Apollon tanrısına

Mer olsam sənə heykəl qoyacam

Öz əllərimlə

Bakının ən gözəl yerində.

 

xxx

Şairin son sözləri

Yağışlı bir gün,
Xəstəxananın reanimasiya şöbəsinə
gətirdilər,
Bir ahıl xəstə şairi.
Xərəkdə
Bəzəkdə
Düzəkdə.
Xəstə qıvrılırdı
Can verirdi
Ağzında söz,
əlində qələm
tir-tir əsirdi.
belə olmuşdu hadisə
Şair buludlarda gəzərkən
Ayağı sürüşüb
Yıxılmışdı yerə
Həkimlər xəstəyə
Diaqnoz qoydular:
Xəstə ağır şair olub
Hündürdən yıxılıb
Travma alıb.
On il yatdı
Həmin söbədə
Elə bil həbsxanada yatırdı
Zalımın balası.
Bir gün yeni il axşamı
uçuşurdu səmada
qara qarğalar.
Onlardan yuxarda
Qara buludlar.
Xəstə ayıldı yuxudan
Su gətirdilər
dilə gəlib belə söylədi
Məni basdırarsız
Qəbir olmayan yerdə
Ümid olmayan yerdə
Məni basdırarsız
Şair olmayan yerdə.

Mükəmməl dünya 

Hüseyn Cavidin xatirəsinə 

Bisey yalqızlığını keçəndən sonra
Körpü qaldı geridə
Şam öz kölgəsində itdi
Söndü gümüşü ay
Yox oldu arxadakılar
Qaranlıq oldu
Sonra dəyişildi hər şey
Itdi hər şey
Dirilər öldü
Ölülər dirildi
Hər tərəfdə bir günəş var
Bu yerdə hər söz bir tanrıdı.
Onda başa düşdüm
Bura mükəmməl dünyadı
Mən öz tanrımı axtardım
Mənim tanrım gözəllikdi, sevgidi.
Axtardım yoruldum
Gücdən düşdüm
Ümidin sonundaydım
bir əl tapdı məni
Qəlbimi aldı çıxardı
Onu götürdü girov
Və mən oldum onun əbədi əsiri…
Qayıtdı hər şey əvvəlki oldu
Baxdım ki bu mənim getdiyim yoldu.

 

 

Elçin Mann

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10