Cinayətin Səbəbi, Lars von Trier
Təhlil
I: The Element Of Crime, 1984 | Fikir
The Element Of Crime (Cinayətin Səbəbi), Lars Von Trier-in ilk günahı(filmi) olmasıyla yanaşı, öz daxili dünyasında mistik axtarışlarını ifşa edən cinayət hekayəsidir. 13 Sentyabr 1982 – ci ildə yazılan yeddi səhifəlik sinopsisə inansaq, filmin keçici adı Folie a deux (İki insan arasında başlayan yoluxucu dəlilik termini – Yoluxucu Dəlilik) idi. Bir müddət sonra yoluxucu dəlilik, The Last Tourist in Europa (Avropadaki Son Turist) olaraq dəyişdirilir; lakin bu isim də qalıcı olmur və son olaraq filmin adı The Element Of Crime olaraq qəbul edilir.
Filmin sinopsis və tretmanı yazıldıqdan sonra, The Element Of Crime, məsləhətçi Christian Clausen-in tövsiyyəsiylə Danimarka Film Akademiyasından (DFA) ssenari inkişaf dəstəyi alır. Ssenarinin içində əksik qalan hissələr doldurulur, artıq səhnələr düzəldilir; lakin sadəcə ssenari inkişaf dəstəyi ilə filmi çəkmək mümkün idimi? Təbii ki, yox. Film üçün maliyyə dəstəyi lazımlı idi və Christian Clausen, DFA-nın xahişini Trier-ə çatdıraraq; balaca qız uşağının ölüm səhnəsinin çox ağır effekt yaratdığını, mümkündürsə o səhnənin dəyişdirilməsini istəmişdi. Lakin Trier buna qəti formada etiraz edir, hətta ikinci problemi yaratmaqda gecikmir: Film, ingilis dilində olacaq. DFA-sının prinsipləri var idi və onlar öz prinsiplərinə xəyanət edəcək dərəcədə təcrübəsiz deyildilər. Prinsiplərə əsasən filmlər “Danimarka məhsulu” olmalı, Danimarka dilində çəkilməliydi. Lars isə Danimarka dilinə qarşı olmadığını, lakin film üçün bu dilin kifayət etmədiyini deyir. Uzun müddət davam edən müzakirələrdən sonra DFA-sı Lars-ın sərt istəkləriylə razılaşmalı olur və filmə 3.2 milyon kron ayırmaq qərarına gəlir.
3.2 milyon kron minimalist proyektdən xəbər verirdi. Filmin prodüsseri Per Holst (Qeyd edək ki Holst, 80-ci illərdə cəsarətli prodüsser kimi tanınırdı və Danimarka sənət filmləri axtarışıyla fərqlənirdi) öz cibindən büdcəyə əlavə etdiyi bir milyon kronla heç nəyi dəyişdirə bilməzdi. Lars von Trier-in ilk tammetrajlı filmi minimalist rəqəmlərlə ərsəyə gələcəkdi.
Film ingilis dilində çəkiləcəyi üçün, ingilis aktyorlardan istifadə fikiri məntiqli qərar sayılır. Əldə qalan pulun böyük bir hissəsi İngilis aktyorlarına xərclənir. Bu isə DFA-nı narahat etməyə bilməzdi. Yirmi yeddi yaşında özünə güvənən hansısa uşaq, onlara meydan oxuyurdu. Yazdıqlarını dəyişdirmək istəmir. Bu azmış kimi filmi ingilis dilində çəkmək fikirindədir. Heç olmasa Danimarkalı gənc aktyorlardan istifadə etsin, yox? Yox! Çünki Von Trier-ə görə Danimarkalı aktyorlar çox teatraldılar. Onlar, onlara verilən rolun məntiqini başa düşməyə çalışacaq qədər qərb filmlərindən uzaqlaşıblar. Əgər rejissor aktyorun nə etməli olduğunu bilirsə, aktyor niyə oynayacağı rolun subniminal mesajlarıyla maraqlıdır? Trier-ə görə bu lazımsız idi. Danimarkalı aktyorlar yan və epizodik rollarla “mükafatlandırıldılar”.
Lars von Trier-in uzun illərdir gözlədiyi an gəlib çatmışdı. O artıq ilk filminin çəkiliş meydançasında idi və yaşına fikir verin: iyirmi yeddi. Ona vurulan “Sadist rejissor” damğası və bütün kariyerası boyu onu tək buraxmayacaq bütün antipatik damğaların hamısı, bu filmlə başlayır. Filmdən sonra ağızlarını açan aktyorlara görə Trier sadist idi və bizlər özümüzü kukla kimi hiss edirdik.
II: The Element Of Crime | Çəkiliş Meydançası
İlk rəngli “film noir” olan The Element Of Crime, zorlanaraq öldürülən kiçik qız uşağının cinayət səbəbini axtarır. “Polizie” (Alman ifadəsinə fikir verin: Polizie. Film Danimarka ərazilərində keçir, lakin ərazilərin adları alman dilindədir. Polizie ifadəsi isə polis deməkdir. Lars-ın ilk filmi Avropa da (Onun Avropası Danimarka ərazisinə sahib olmuş Almaniyadır) ingilis dilində çəkilir) cinayəti aydınlatmaqda acizdir və on ildir Qahirə də sürgün həyatı yaşayan dedektiv Fischer, lənətlənmiş və çirklənmiş Avropaya geri qayıdır. Məqsədi Harry Gray-i tapmaqdır. Harry Gray qatildir. Ona aparan yollar isə on il əvvəl çiçəkli avropa yolları deyil. Artıq avropa əsilzadə ruhunu itirib…
AVROPA – Artıq orada hər gün qaranlıq hökm sürür! AVROPA – Çürümüş, yağışların altında qalmış xarabadır! AVROPA – Zülmətli qitə!
Lars von Trier Avropanı belə təsvir edirdi. Bəlkə də bu təsvirdən çox Tarkovsky filmlərinin təqlidi sayılmalıdır. Bəlkə də bütün uşaqlığını səliqəli ərazilər və insanlar içində keçirən uşağın, xarabalıqlara olan aclığıydı.
Bütün story board – lar (Bütün səhnələrin detallı bir formada yazılması; Kamera harada duracaq, aktyor nə edəcək, Hansı kameradan istifadə ediləcək, əlavə çəkilişə ehtiyac varmı, yoxmu, vs.) hazırlanmışdı. Lars von Trier, özünə məxsus avtoritarizmlə, professyonal rejissorluq kariyerasına başlayırdı.
Çəkiliş meydançasında drammatik ruhun yaranması üçün Wagner bəstələrindən istifadə edilirdi. Yeddi həftə davam edən çəkilişlər 1983- cü ilin Noyabr ayında tamamlanır.
The Element Of Crime, Kronborg Qalasının köhnə yeraltı zindanları və dəhlizlərində, Kopengahen palçıqları arasında, əhəng quyularının içində, tərk edilmiş fabrikalarda, ölü siçanlara ev sahibliyi edən kanalizatsiyalarda çəkilirdi və Harry Gray-in kimliyi hələ də müəmmalı qalmışdı…
III: The Element Of Crime | Film Sonrası
The Element Of Crime, Cannes film festivalının “yarışma” bölümünə qəbul edilir. Bu dövrünün Danimarkası üçün uğur sayılmalı idi; çünki artıq doqquz il idi ki onlar Fransa sərhədini keçə bilmirdilər. Film Gilles Jacob tərəfindən (Cannes 1984 – ün əsas münsifi) izlədiyi yüzlərlə filmin içindən kəşf edilmişdi. Amma buna sadəcə “kəşf” demək də haqqsızlıq olardı. Filmin prodüsseri Per Holst, Jocaba Trier və film haqqında məlumatlar vermişdi. Gilles Jacobun ən böyük jesti isə filmi, “xüsusi baxış bucağı” bölməsinə qəbul etməsiydi.
1984 – ün Mayında Von Trier, Vorsel, Elling və filmlə əlaqədə olmuş başqaları Cannes Film Festivalına getdilər. T-şortu, dəri gödəkcəsi və sıfır saç modeliylə 80 ci illərin punk etirazçılarına oxşayan Trier, provokasiya üçün hazır görünürdü. İşin maraqlı tərəfi isə, Harry Gray – in harada olduğu bilinmirdi…
Açığı, filmin uğur qazanacağı gözlənilmirdi. Filmdən sonra təsirlənib ağlayan olmamışdı. Təcavüzə haqq verən də yox idi. İnsanlar standart olaraq: – Başa düşülməyən film idi – fikirini dilə gətirirdilər. Bu isə Von Trier –i məmnun etmişdi. Onun dərdi başa düşülmək olmamışdı və izləyicidən aldığı cavabla istəklərinə çatmaqda idi. Geriyə sadəcə “Qızıl Palma Budağı” qalırdı.
Müsahibələrdən və fotoqraflardan qaçırdı. Film kollektivi bu hərəkətləri etik saymırdı. Cannes illərdir – hətta yarandığı ilk gündən – intellektual gülümsəmələrlə dolub daşmışdı. Ora sanki əsilzadələrin mülki idi. Hamı eqoist, amma müsahibələrdə, dünya iqtisadiyyatında yaranmış böhranın səbəbləri haqqında fikirləşəcək qədər dünyəvidir. Ən yaxşı filmi çəkdiklərini fikirləşəcək dərəcədə narsist, lakin saxta səmimiyyətlə, başqa filmlərin də birinciliyə layiq olduğunu fikirləşəcək qədər peşəkarlardır. Amma Lars Von Trier onlardan biri deyildi. Onlardan biri olmaq istəməmişdi. Festival fobiyası onu narahat edirdi. Bu tip sirkləri heç vaxt sevməmişdi. Kim bilir? Bəlkə də bu, diqqətləri toplamaq üçün incə hesablanmış taktika idi…
Nəticələr açıqlanır və “Qızıl Palma Budağı”na , Wim Wenders – in Paris, Texas, (1984) filmi layiq görülür. The Element Of Crime isə, ən yaxşı texniki film mükafatını qazanır. Hər nə qədər sıfır saçlarıyla punkçılara oxşasa da, müsahibə verməsə də, heç kimə hörmət etməsə də, Von Trier diqqətləri üstünə toplamışdı. Amma ilk filmindən sonra birinciliyi qazana bilməməsi normal sayılırdı. Sayılmalı idi. Ən azından ilk cəhdində texniki mükafatın sahibi olmuşdu. Orada olmaqdan məmnun qalmalı idi.
Yox! Bu Cannes Film Festivalının öyrəşdiyi etika estetikasından başqa bir şey deyildi. Von Trier əsəbləşmişdi və texniki mükafatı almadan salonu tərk etdi.
Festival haqqında isə son sözləri bu olmuşdu: “Ən yaxşı texniki film mükafatı, yazıqlara görə ikincilikdir; ən yaxşı filmi mən çəkmişəm. Sadəcə Cannes film festivalının qorxaq münsifləri, qazanmağa layiq olduğum mükafatı mənə vermədilər. Ən yaxşı texniki film mükafatı onların “təsəllisindən” başqa heç nə deyil!”
IV: The Element Of Crime | Analiz
The Element Of Crime, Avropaya açılmış psixanalitik müharibədir. Az yaşlı qızın zorlanaraq öldürülməsi isə Avropanı başa düşmək dərdidir. Fischer Avropa tərəfindən sürgün edilib. Onun ağlına həkk olunmuş Avropayla, on il sonra qayıtdığı Avropa arasında fərqlər var. Şübhə içindədir. Bu an qarşılaşdığı tablo isə Avropanın itirilmiş on illikdə nələrə çevirildiyini isbatlayır: Ağır hava, yağışın altında qalmış xarablıqlar, hörümçək torları, siçan səsləri, vəhşiləşmiş insan sifətləri və dağılmış insan həyatları. Bütün bu tablonu sarıya hakim işıqlarla izləyirik. Ümumiyyətlə isə bir filmin ruhu, o filmdə iqtidar olan rənglərdədir. Trier – in seçimi sarıdır. Lakin Van Gogh sarısı yox, ölümün, ruhsuzluğun, parçalanmışlığın sarısı.
Filmin əzan səsiylə başlamağının isə üç səbəbi var: Birinci səbəb hipnoz taktikasıyla Qahirə də olmağımıza hesablanıbsa, ikinci səbəb, Fischer –in o səslə bütünləşərək geri qayıtmasıdır(Bu o demək deyil ki, Fischer İslamı qəbul edib) Üçüncü səbəb isə drammatik havadır. İstər əzan, istər sinaqoq musiqiləri vəya kilisə xoru, bütün vaxtlar üçün tragediyanı təmsil ediblər.
Filmin alt mətnlərinə gəldikdə isə; avropaya açılan psixanalitik müharibə buradan başlayır. Suda çırpınan və heç bir təhlükəsi olmayan atı vurmağa çalışan polislərlə, heç bir günahı olmadan qaçmağa başlayan qadına atəş açan polis arasında fərq(lər) yoxdur. Trier polisliyin hansı səviyyədə olduğunu bu səhnələrlə çatdırmağa çalışır. Və fikirləşdirməyə sövq edir: Seriya cinayətlərin baş memarı üçün hər şey asandır.
Fischer – in qayıtması, köhnə müəllimiylə söhbətləşməsi, cinayəti, özünü qatilin yerinə qoyaraq həll etməyə çalışması; filmi sıradan cinayət hekayəsindən uzaqlaşdırır. Harry Gray – in yatdığı fahişəyə qədər yatması, əslində Fischer –i qatiləmi, yoxsa dəliliyəmi aparacaqdı?
Trier – in filmdə çatdırmaq istədikləri isə o qədər dərin deyil: Cinayət, insanın təbiətində var. Şərtlər cinayəti tələb etsə, hər kəs qatilə çevirilə bilər. Polis məntiqdən uzaq, insan olmamağa daha yaxındır. Və bütün yollar dəliliyə aparır.
Fischer – in yatdığı qadın çinli fahişədir. Həmçinin təxmin edəcəyiniz kimi ana modelidir. (Fahişə ana obrazları, hətta körpəsinin gözü qarşısında sekslə məşğul olan fahişə analar, tamaşaçılara zövq verir) Fischer o qadınla Harry Gray – ə görə yatağa girir. Avropanın mərkəzində, Wolkswagen – in qabağına söykənmiş çinli bir fahişə ilə zövq üçün yox, Harry – nin hisslərini başa düşmək üçün sevişir. Çünki o qadın Harry ilə yatmışdı…
Yuxarıda da bəhs etdiyim kimi: Zorlanmış qız, Avropanı anlamaq dərdiydi. Avropa təsvir olaraq zorlanmış halda göstərilə bilərdi; burada problem yoxdur, ki göstərilirdi. Sadəcə təsvirin istiqamətini dəyişmək lazımdır: Avropa heç vaxt zorlanmamışdı. Özündən kiçiklərə təcavüz edəcək qədər paranoyak hala gəlmişdi. Harry Gray, avropanın avtoportretidir. Razılaşmayanlar ola bilər; burada da problem yoxdur. For exp: İkinci dünya müharibəsində zorlanan avropa yox idimi? Xeyr. Avropa hər iki dünya müharibəsində masturbasiya ilə məşğul olmuşdu və tarixin ən böyük orqazmlarını yaşayıb, yaşatmışdı.
Fikirimcə film Tarkovsky təsirindən əziyyət çəkir, amma burada heç bir problem yoxdur. Tarkovsky –dən təsirlənmək bütün rejissorlar üçün keçərli ola bilər. (Təbii ki xəyalarınızı əlinizdən almayıbsa) Həmçinin film Tarkovsky tərəfindən izlənilib və bəyənilməyib. Ona görə də bunun müzakirəsi maraqsızdır.
Yekunlaşdırsaq; film başa düşülməyən xəttlərə sahibdir. Bir dəfə baxılası film deyil, olmamalıdır. Filmin, sizləri fikirləşməyə vadar edəcək ağır sualları var və onlardan biri də Harry Gray – in kim olduğudur.
Fischer = Harry Gray.