“Ölsəm…bağışla”
Proloq
Alman ekspressionist kinosunun 1930-cu illərə aid, (qeyd edək ki, bəhs etdiyim dövrlər kinonun uşaqlıq illəri sayılır) yeddinci sənətə həsr etdiyi bir digər töfhə, səhnədəki səssiz obrazlarla (qeyd etməyə davam edək: kino, təsvirini verdiyim o illərdə hələ ki səs anlayışından uzaqdadır) kamera arasındakı rabitə idi. Əsasən də kameranın pərdədən yansıyan səhnə içindəki mövqeyi, tamaşaçını hekayəyə daha yaxın etməklə birlikdə, xarakterlər haqqında məlumatlar da ötürürdü. Onlardan xüsusilə biri, 30-cu illərdə “Deutsch Plan” adıyla xatırlanan; lakin kinonun böyüməsiylə paralel təkamül keçirərək adını dəyişdirən, Əyik (dar) bucaq, “Ölsəm… bağışla”nın açılış sekansında istifadə edilir. Yana yatırılmış kamera ilə çəkilən dar bucaq, zaman/məkan konsepsiyasının itirilməsini; başqa formada ifadə etsək, hekayə içində yaşanacaq balanssızlığın izahını verir. Dar bucaq kino dilinə əsasən, kompozisiyanın dramatik gərginliyinə, ruhi sıxıntılarına, xarakterlərin fikir dağınıqlıqlarına işarədir. Və Rasim Ocaqovun gözüylə şərh edilən Yusifin tragediyası, elə filmin ilk dəqiqəsindən özünü ifşa edərək, bir yuxuyla başlayır.
Burada isə estafet, müsyö İbrahimbəyovundur. O da, rejissorunun ustalığından geri qalmayaraq, yazdığı ilk səhnədən etibarən qəhrəmanının kimliyini izləyiciylə tanış edir. İfadə edir ki, müxtəlif partlayıcı maddələrin yaratdığı xaotik mənzərənin içində, maşını idarə edən Yusif, heç də xoş günlər yaşamayıb; evə qayıdışı hekayəsinin qaldığı yerdən davam etməsiylə nəticələnməyəcək; və bu iki xəttin birləşdirilməsiylə (Ocaqov gözü və İbrahimbəyov qələmiylə) artıq başa düşülür ki, “Ölsəm…bağışla” müharibədən sonrakı günlərə işıq tutan, xarakter filmdir.
I.
Qəbullanmaq
Yusifi tək qoymayan o günləri bir daha xatırlayaq: Yaşadıqlarını (ah, axı o qalib əsgərdir) hələ də yaddaşından silə bilməməsi; üstəlik gözlərini öz yatağından açması, yuxunun əslində indiki həyatında da davam etdiyini (bir növ evini müharibə ərazisi kimi görməyinə səbəbdir) açıqlayır. Və arxasınca tamaşaçıya açıqlanan detallar, Yusifə haqq verməyimizi asanlaşdırır: Fikirləşin; ata artıq yarım ildir, onun vuruşduğu vaxtlarda ürək tutmasından vəfat edib. Nişanlısı Gülya onu gözləməyərək (ki, bu mənə M. Kalatozovun “Leyləklər Uçarkən” filmini xatırladır) notariusun oğluyla evlənib. Yusifin diliylə ifadə etsəm, biz orada can qoyanda, onlar burada sevgililərimizə yiyələnib.Ağır müharibə dostları dəyişdirib; böyüdüyü küçə dəlilərdən, ortalıqda qaçışan və heç nədən xəbərsiz uşaqlardan ibarətdir. Yusif küçələri bir-bir gəzərkən görür ki, hər tərəf işsizlikdir. Elə, “Velosiped Oğruları”ndakı (rej: Vittorio De Sica) ümidsizliklə. Yusif nə etməlidir bu portretlər qarşısında?
Gəlin əlimizdə olan bir neçə sözü şərh etməklə onu başa düşməyə çalışaq: Yusif öyrənir ki, atası məhkəməni uduzaraq, oğru damğasının verdiyi ağırlıq nəticəsində infarkt keçirərək, ölüb. İttiham, aclığın baş alıb getdiyi ikinci dünya müharibəsinin Bakıya aid prospektlərində, baha qiymətə (təxminən 300 manata) çörək satmaqdır. Məlum olur ki bu şəri atasına yaxan, onların ailə dostudur. İnsanlar arasındakı inamsızlığı ifadə edən bu səhnələr, müharibənin sadəcə bəhanə olduğunu, ilk insandan bu yana dəyişməyən bəzi heyvani instinktlərin sadəcə şəraitə görə maska dəyişdirdiklərini göstərir. Yusifin qarşısında oynayan rəqqasəni xatırlayıram bu anda: Və açıq aydındır ki, bütün bu hədə qorxuya etiraz etməyən dost modeli, artıqlamasıyla sovetlər tərəfindən mükafatlandırılıb. Beş yüz min manat atanın yoxluğu üçün kifayət bir rəqəmdir.
”Niyə məni gözləmədin?”
Letyat Zhuravli-dəki (“Leyləklər Uçarkən”, Kalatazov) əsgərin ifadə etdiyi bir cümlə də, yuxarıdakı ağır ifadədən geri qalmır: Bu qadınlar faşistlərdən də betərdir, birbaşa ürəkdən nişan alırlar. Gülyanın etdiyi də fərqli deyil. Lakin Ocaqov xarakterini öldürməyərək, mübarizə aparmasını istəyir. Gəlin razılaşaq ki Yusifin bu hərəkəti, kino tariximizdə inqilabi yer tutmağı bacarır: Qəbullanan kişi. Notariusun oğlu isə, dövlətin simvolizasiyasıdır. Xalq müharibədə can qoyduğu vaxtlarda, dövlət isti yuvasında onların qadınlarıyla sevişirdi.
Dostlar da köhnə dostlar deyil. Müharibə hamısını zədələyib. Döşlərində daşıdıqları dəmir dümürlərə artıq inanmırlar. Bütün bu ordenlər onların doymasına kifayət etmək gücündə deyil. Bu mərhələ sosializmin laxlama illəri bucağına əsasən, vacib məfhumdur.
Ümumiyyətlə sosializm ikinci dünya müharibəsində əldə etdiyi qələbənin səmimiyyətinə heç vaxt inanmaq istəmədi. Və bu hal kinonun öz daxili dünyasında yerini tapmaqdadır: İşsiz və müharibənin lazımsızlığını (xarakterizə olaraq vicdanı) təmsil edən həkim modeli buna ən incə sübutdur.
Nəticə olaraq isə əlimizdə yaranan sözlər bunlardır: İnamsızlıq, qəbullanma, laxlayış və vicdan.
II.
Bağışlanmaq
Filmin finalına aparan yol, həmçinin xarakterin yüksəlişidir. Atasının haqqını qadınına yatıran Yusif, xoşbəxt olmaq niyyətindir. Təsadüfi deyil ki onun arzuladığı xoşbəxtlik, Gülyanın xəyallarıdır. Bu yer dəyişmə isə kinonun ən böyük günahıdır, dostlar. Edik adlanan fotoqraf (adından da təxmin ediləcəyi üzrə, erməni bir şəxs) Yusifə ev satır. On uşaq arzusunda olan ikili üçün bir mərhələnin başlanğıcı olacaq, evliliyin ilk günü, mənasız, hekayədən kənar (İbrahimbəyov finalda öz hisslərinə uduzmaqla yanaşı, hekayəyə də xəyanət edir) ölüm hadisəsi, əslində kinonun təməldə müdafiə etdiyi müharibədən sonrakı insanlıq hallarına vurulan zərbədir. Ucuz konfliktin nəticəsində öldürülən Yusifin, sırf bu səbəblə bağışlanmağa haqqı yoxdur. Partlamayan silaha görə, Çexova görə onu bağışlamaq mümkünsüzdür. Açıq danışmalıyıq: Yetəri qədər dünyəvi olan bir hekayəni, kiçik izdiham sonluğuyla tamamlamaq, və bütün bunların fonunda, mənəviyyatı haqlı göstərərək, Yusifi bağışlamağı təklif etmək, yersizdir. Onu nə Boka xilas edə bilər, nədə ki Sabitoğlu. Lakin ümumilikdə Azərbaycan kinematoqrafiyasının ən yaxşı filmlərindən hesab edilən “Ölsəm…bağışla”, ikinci dəfə (remake) bir az daha fərqli sitildə; lakin bir şərtlə təzədən çəkilə bilər: Əgər Fəxrəddin Manafov oynamağı qəbul edərsə…
Elməddin Süleymanov