Elmin başsız qəhrəmanı dinə qarşı

122 Baxış

rovshendanyeri“Düşünürəm, demək varam” – demişdi Dekart. Bəs, görəsən insan yalnızca düşüncədənmi ibarətdir? Fəlsəfə bu suala yüzillərdir cavab tapmağa çalışır. Bəs  elmin bu məsələdə mövqeyi nədir? Böyrək, ciyər və digər orqanların transplantasiyası kimi beyinin də başqa bədənə köçürülməsi mümkündürmü? Tarixdə bununla bağlı bir çox elmi tədqiqatlar aparılıb. Hətta insan beyninin ölmüş hüceyrələrini donuz hüceyrələri ilə bərpa etməyin mümkün olduğu məlumdur. Düzdür bir çoxları, xüsusilə də İslam dünyası bunun etik olmadığını bəyan edir. Ancaq belə düşünməyənlər də var. İtalyan cərrah Serqiyo Kanavero da bu alimlərdəndir. Belə ki, o 2017-ci ildə bir insanın başını, başqa insana köçürməyi planlaşdırır. Artıq bu yolda başını qurban verəcək donor da tapılıb. Rus əsilli kompüter mühəndisi Valeri Spiridonov başının başqa bir bədənə transplantasiya edilməyinə razılıq verib. Uşaqlıqdan “sümük əriməsi”ndən əziyyət çəkən Valeri ömrü boyu iflic yaşamağa məhkumdur. Bu xəstəliyə tutulanlar çox yaşamırlar. Valeri Spiridonov üçün bu eksperiment bir ümid işığıdır. Ancaq o, ölməkdən də qorxmur:  “Onsuz da ömrümə çox qalmayıb. Bu əməliyyat mənim üçün bir ümiddir. Əlbəttə, ölmək ehtimalım daha yüksəkdir. Ancaq ölsəm də, heç olmasa tibb elminə xeyir vermiş olacam. Bu elmi eksperimentin gələcək nəsillər üçün faydalı olacağına inanıram”.

Hamının “dəli alim” adlandırdığı Serqiyo Kanavero bu sahədə tək “dəli” deyil. Tarixən də bu cür əməliyyatlar həyata keçirilib. 1930-50-ci illərdə Vladimir Demikov adlı tədqiqatçı bir itin başını digərinə birləşdirmişdi. Onun yaratdığı ikibaşlı it hər iki başı ilə qidalana bilirdi. Ancaq bu it əməliyyatdan sonra cəmi bir ay yaşaya bilmişdi.

1970-ci ildə isə, Robert C. Uayt bir meymunun başını digərinə köçürmüşdü. Əməliyyatın birinci mərhələsi uğurla başa çatmış, bədən başı qəbul etmişdi. Ancaq bu meymunun da ömrü 8 gün çəkmişdi.

Ancaq bütün bunlar uzaq keçmişdə qaldı. Hətta həmin dövrdə əl transplantasiyası da mümkünsüz kimi görünürdü. Texnologiya bu qədər çox inkişaf etməmişdi. Serqiyo Kanavero iddia edir ki, o, bu əməliyyatı uğurla həyata keçirə biləcək. Hətta bunun üçün illərdir təcrübə yığdığını, elmi araşdırmalar apardığını, müxtəlif heyvanlar üzərində məşq etdiyini bildirib.

Bəs dünya alimləri nə fikirləşir? Bir çox alimlər bunun hazırda mümkünsüz olduğunu bildirirlər. Onların fikrincə yeni bədənə sahib olacaq adam hətta əməliyyatdan çıxsa belə  çox böyük ağrılarla yaşayacaq və psixoloji tramva alacaq. Ən yaxşı halda dəli olacaq. Burada xüsusi diqqət çəkilməli məqam odur ki, alimlər bunun mümkün olmayacağını demir. Sadəcə  hazırkı texnologiyanın buna gücü çatmayacağına inanırlar.

Bəs bu əməliyyat gerçəkləşərsə nə baş verəcək?

Serqiyo Kanavero uğur əldə etsə, bunu elm tarixində inqilab hesab etmək olar. Sonsuz həyat xəyalı ilə yaşayanlara gün doğacaq. Doğrudur,  bunun üçün vaxt lazımdır, ancaq hər halda birinci addım atılmış olacaq.

Və ən əsası bu elmi nailiyyət dinin təməlini ciddi sual altında qoyacaq. Klassik ədəbiyyatda can, dini materiallarda da ruh deyə bilinən varlığın əslində mövcud olmadığı ortaya çıxacaq. Bildiyiniz kimi dində ruh əsas fiqurdur və o biri dünyada cəzalanacaq və mükafatlandırılacaq olan da məhz odur. Birinin başı, başqasının bədəninə köçürüləndə hansının ruhu qalacaq? Başın verdiyi qərarları həyata keçirən bədən o biri dünyada necə cəzalandırılacaq?

Məncə dindarlar 2017-ci ili gözləməsinlər, əməliyyatın nəticəsindən asılı olmayaraq indidən “Qurani-Kərim”də ruh transplantasiyası ilə bağlı yozumlar tapmağa başlasınlar.

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10