Elua a elu – Müşfiq XAN

39 Baxış

letter-a-painting-32

Senet.az oxucularına “Ustad” jurnalının 29-cu sayından görkəmli yazar Müşfiq XANın “Elua a elu” yazısını  təqdim edir.

Bilirəm, bir də heç vaxt,

heç kəsi məni qucaqladığın qədər

möhkəm qucaqlamayacaqsan.

 

Bilirəm, bu məktubun yerinə dizinin dibində oturub uzun-uzun susmaq da ola bilərdi. Bilirəm, indi Giovanni Marradinin “Only You” bəstəsi çalmaya da bilərdi. Saçların, saçlarını deyirəm, qoxusuna heç vaxt doymayacağım o gözəlim saçların əsrarəngiz notları əvəzləyərdi mənimçün. Saat gecəyarısını göstərir. Əqrəblər tənbəlləşib, yorulub, hərdən mənə elə gəlir, eləcə yerində sayır əclaflar. Əqrəblər – sarı, boz, qara: zəhərli. Əqrəblər – sənə uzanan yoldu, sənə gedən yoldu, sənnən uzanan yoldu, sənnən gedən yoldu. Sən yanımdaykən necə qaçırlar, bir yerdə durmurlar, görübsən də. Tarix dörd sentyabr iki min on doqquzuncu il. Bütün saatlar, təqvimlər sənsizliyi göstərir. Canımın suyu çəkilən saatlardı. Hava qupqurudu. Dodaqlarının nəmində islanmağım, açığı lap elə boğulub ölməyim gəlir.

Dekabr, yanvar, fevral, mart, aprel, may – altıca ay. Altı ay! Altıaylıqsan? – soruşub məzəmmətləyirlər ha səbirsiz adamları, səni təkrar-təkrar, uzun, upuzun, sonsuza qədər görə bilməyimçün məmnuniyyətlə “hə, altıaylığam” – cavabını verərəm.

Dekabr, yanvar, fevral, mart, aprel, may – yaya nə qalıb, amma payızımız çatmır. Səni fəsillərcə – həmişəlik həyatımda istəyirəm.

Bilirəm, bu məktubu yazmaq yerinə əllərini də tuta bilərdim. Yəqin, qucaqlayardın. Niyə yəqin? Əlbəttə, qucaqlayardın. Bəlkə, öpərdin də. Necə darıxmışam özümçün! Səndolu, sənli özümçün. Sən yoxkən özüm olmuram çünki. Ağlına gəlməyən dəlilikləri, özgə vaxt güləcəyimiz ağılsızlıqları edə biləcəyim saatlardı – çatmırsan…

Bu gün hansısa boz, kor yuxunun qıynağınnan zorla qopub sərsəm kimi oyananda, bir bilsən, necə peşmanlıq içindəydim – yoxluğunun ilk günüymüş… Səni son gördüyüm günnən otuz iki saat ötür. Hərdən havalanıram, uşaqlaşıram, sayıram, sayıram, tanımadığım rəqəmlərə çatıb susuram. Yaxşı ki, ən son anda olsa da, gəlib çıxırsan. Məni iztirabdan qurtarırsan. Pərt olmuram. Sonra yenə sıfırdan saymağa başlayıram, bildiyim şeylər yəni.

Son cavabsız zəngim, sağollaşmağımız donuq kadr kimidi. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün… Günəş tez doğsun… ip atıb özümü aydan asmağım gəlir – sən erkən qayıdasan deyə. Gəlib yanında dayansam, özümə sənin gözünlə baxa bilsəm, ordan necə görünərəm, bilmirəm. Nəyi deyirdim, başımı tamam itirmişəm, sol yanım yenə boşdu, ötüb keçmə amma. Yerin həmişə mənim yanımdadı, başqa heç nə düşünə bilmirəm. Dünyanın altı üstünə çevrilsə, dəyişməyəcək tək gerçək budur – belə hiss edirəm. Və beləcə, bunları yadıma salıb sakitləşirəm.

Varlığın mənə hüzur gətirir, yumşaldır, ağlasığmaz rahatlıq verir. Məlhəmdolu mərmi kimidi səni düşünməyin, xəyal eləməyin, arzulamağın hər saniyəsi. Sev! – deyir bu mərmi: hər şeyi, bütün yaradılışı.

Bilirəm, bu məktubun yerinə dizinin dibində oturub uzun-uzun susmaq da ola bilərdi. Gözlərindəki heyrətamiz işığı seyr eləmək, həndəvərinə naxış vuran xalları əskilməsin düşüncəsiylə xəlvəti saymaq, bapbalaca biləklərini oxşamaq, boynunu qucaqlamaq da ola bilərdi…

Və əlbəttə, o müqəddəs ayini – Səni Çox Sevirəm! – kəlmələrini təkrar-təkrar oxumaq olardı: bu günün əvəzinə, səni tanımadığım illərin yerinə, heç vaxt doymayacağım illərimizin şərəfinə…

Lakin həyat öz diktəsini edir…

Gözümün qabağında bapbalaca darıxmaqlar böyüyüb nə boyda kədər olur – xoşbəxtliyə əli çatmadan, sevincinə qovuşmadan…

Əslində, sənə upuzun məktub yazmışdım. Qıymadım, göndərmədim, sən oxuyub yorulmayasan deyə…

Bilirsən, insanlar təkcə gözləriylə ağlamır. Əllərimin, saçlarımın kefsiz olduğu günləri bilirəm. Gözəl bir hekayə kimi keçirsən ruhun ən ucqar köşələrinnən. Mübarizəmi itmişlik içində yaşayıram, hüznüm təbəssümdolu, hüzurlu, sakitliklə əl-ələ tutuşmuş.

Nigaransansa, deyim. Bura çox gözəldi. Sonsuzluğa gedən yol kimidi. Dəniz var, heç sevmədiyin acı qəhvə var. Və musiqi var… Beynimin içində hansısa pianoçunun əlləri rəqs edir, dönə-dönə eyni nöqtələrə basır, eyni notlar süzülür sənsizliyimə.

Otağımın divarlarınnan damlayan yalnızlığıma ilahi toxunuşlarını göndər. Əldən düşmüş ruhun qidası kimi yayılsın canıma.

İkilikdə sevinməyin, təklikdə ağlamağı var. Adın yazılmış dünənin axşam xatirə vaxtı var… Elə bir zaman, elə bir vaxt ki, nə savaşlar var, nə qan. İçində iki nəfərin olduğu sonsuz dünya var. Kiçik qollarını ilahiyə qədər uzadıb azadlıq dilənmir daha kimsə. Uğurçün mübarizə aparmır. Həyat davam edir. Ümidlər ölmür. Yeni başlanğıclara gərək yoxdu. Və həyat gözəldi.

Sənə uzanan yolun tam sonundayam… az qaldı, çox az… Görüşəcəyik. O şəhər bizi əl-ələ görmədən gözəlləşməyəcək.

Uzaqdadı, lap uzaqdadı indi röyalarda axtarıb xəyallarda itirdiyim günlər. Gəl birlikdə itək, itək uzaqlarda.

Pəncərəmdə sabah günəşi var. İçim dəniz kimidi – gömgöy, hüdudsuz. Və səni damcı-damcı unuduram, biləsən. Artıq mənimçün o xəyal elədiyin möhtəşəm zirvələrin heç biri yoxdu. Elə buna görə ona doğru deyil, özümə doğru qalxıram. Və bir də ki, allah şeytana lənət eləsin, peşmanlığın mənasız olduğunu bilə-bilə peşmanam.

Gözlə, bir az da səbir elə, səni dəniz-dəniz unudacam, vallah. Leysan misalı sevdaların hər axşam yasa tutulması varmış qismətdə. Və ayrılıq musiqi kimiymiş… Rekviyem. Son gediş. G minor. B major. Sonuncu akkord – SƏN…

Yoxluğun var ha, yoxluğun…

 

___________________

 

1 – qədəm