Elxan Nəcəfov: ” Bundan şou düzəldənlər, xalqımızı, ədəbiyyatımızı daha çox aşağılayır”

50 Baxış
ikinci
Senet.az Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfovun müsahibəsini təqdim edir. 
– Son günlərdə sosial şəbəkələrdə və saytlarda Cəlil Məmmədquluzadə haqqında yayılan fikirlərdən məlumatlısınız? Söhbət Cəlil Məmmədquluzadənin dərsliklərdə yer alan əsərlərinin redaktə olunması və ya plagiat əsərlərinin olmasından  gedir.
 – Qeyd etdiyiniz  məlumat isə Cəlil Məmmədquluzadə yaradıcılığına mütərəqqi yox, cəfəng və ziyanlı yanaşma tərzidir. Müəyyən bir qrupların  özlərini və fəaliyyət göstərdikləri saytların gündəmə gətirilməsi məqsədi daşıyır. Həmin qruplar, hansı ki, bir neçə nəfərdən ibarətdirlər,  hər il bir ədib haqqında həqiqətdən uzaq mövzular düz-qoş edirlər və  sosial şəbəkə istifadəçiləri arasında səs-küy yaradırlar. Xatırladım ki, bir neçə il əvvəl, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Səməd Vurğun və s. ədiblərimiz haqqında da bu məzmunda paylaşımlar edirdilər. Bu paylaşımlar ciddi yazıları deyil, çünki araşdırma və faktlar baxımından çox kasad fikirlərlə doludur. Tanış olduqca aşkar görünür ki, subyektiv və qərəzli fikirlərdir.
 – Şair Şəhriyar del Gerani iddia edir ki, Mirzə Cəlil xalqı aşağılayaraq tənqid edib. Deyir ki, dərslikdən yazıçını öyrənən şagirdin beynində gələcəkdə ziyalının xalqı təhqir etdiyi fikirləri formalaşa bilərmi?  Cəlil Məmmədquluzadənin araşdırıcısı kimi, həmçinin müəllim olaraq  bu fikirlərə münasibətiniz necədir?
 – “Poçt qutusu” hekayəsi ilə bağlı bildirib fikirlər. Deyir ki, Mirzə Cəlil əsərdə erməni uşağını bizim xalqdan üstün tutub. Təklif edir ki, bu əsər redaktə olunsun. Çünki əsər dərsliklərə salınıb və şagirdlərə mənfi təsir edir. Yanlış və absurd yanaşmadır. Mirzə Cəlildə redaktə olunmalı heç nə yoxdur. Bu məqamda müəllim olaraq cavab verim ki, orta məktəbdə bu əsər təhlil olunana qədər Mirzə Cəlil yaradıcılığı ilə bağlı şagirdə realizm və tənqidi realizm haqda məlumat tədris edilir. Bu yanaşma ilə yazılan əsərləri hansı şəkildə qavramaq lazımdır, əsərin müəllifi nə ilə nə demək istədiyi izah olunur. Etiraf edək ki, o dövrdə ermənilər və gürcülər bizdən daha çox oxumağa, təhsilə meyili idilər. Mətbuatları da, məktəbləri də, oxucuları da öyrənənləri də, yazıb-pozanları da bizdən çox idi. Bu da Mirzə Cəlili narahat edirdi. Realist yazıçı olaraq gördüklərini bədiləşdirərək, süjet halına salaraq qələmə alırdı. Bununla da oxucuya özünü  kənardan görmək imkanı qazandırırdı.
 Əvvəldən axıra qədər oxucuya özünütənqid fikri aşılayan, oxucunun gözünü açmağa çalışan, savadsızlığı və cahilliyi tənqid edən, oxucunu yenilikçi olmağa, haqqını bilməyə səslənişlə dolu olan əsər haqda bu fikirdə olmaq ən yumşaq şəkildə desək, məsuliyyətsizlikdir. Görünür, Şəhriyar bəy əsərə bütöv yox, hər hansı detal üzərindən yarımçıq yanaşaraq fikir yaratmağa çalışır.  Hansı ki, Mirzə Cəlilin yaradıcılığına kompleks yanaşdıqda görər ki, ədib xalqımızı gözüaçıq olmağa, vətəni düşünməyə, dilimizi sevməyə, savadlı olmağa çağırış edir. Ədib “Vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil” deməklə məramını bizlərə çatdırıb. Mirzə Cəlil ermənidə vətən, dil təəssübkeşliyini görüb, özümüzdə bunları görmürdüsə, əlbəttə təəəsüflənirdi. Çox adama bəlli olan “Axund ilə keşişin vəzi” felyetonunu xatırlayaq. Orda keşiş nə deyir?  Deyir ki, Erməni millətinin dünyada üç sevgili balası var: vətən, millət  və dil. Nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlı nə kürd nə də rus erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.
mirze
 Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bununla belə erməni ölüm halında can verə-verə yenə deyib: vətən, millət, hayreniq!
 Və ardınca Qurbanqulunun  –  azərbaycanlı dindarın vəzi verilir:
 Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq.  Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.
 Bilirsiz, bunlar reallıq idi. Bu reallıqları isə Mirzə Cəlil görürdü və yazırdı. Yaxşı da ki, yazıb. Belə bir ifadə var dilimizdə – şillə ilə üz qızartmaq. Reallıqları gizlədib həmişə xəyalpərəstlik etmək olmaz. Zəhmət çəkib Mirzə Cəlili oxusaydıq, qüsurlarımızı düzəldə bilsəydik indi həmin çatışmazlıqlara keçmişdə qaldı deyə bilərdik. Təəssüf ki, Mirzə Cəlilin o dövrdə xalqımızda gördüyü qüsurların əksəriyyəti yenə də qalıb. Demək ki, xalq olaraq Mirzə Cəlili tam mənimsəyə bilməmişik, yaxşı oxumamışıq. Arzu edərdim, elə olsun ki, bizlər Mirzə Cəlili oxuyanda  yaxşı ki, o qüsurlar müasir dövrdə  cəmiyyətimizdə yoxdur, bunlar artıq keçmişdə qaldı deyə bilək. Təəssüf ki, hələ də bunu deyə bilmirik. Beləliklə, Mirzə Cəlil bütün yaradıcılığı ilə, əsərlərindəki ideyaları ilə günümüzdə də müasirdir. Buna görə də heç bir redaktəyə ehtiyac yoxdur.
– Mirzə Cəlilin milləti təhqir etməsiylə yanaşı, onun “oğru” yazıçı olduğu və yaradıcılığının orijinal olmadığı da iddia olunur.  Bu kimi fikirləri yayanlar şou yaradır, yoxsa bu iddialarda həqiqət payı var?
 – Söhbət plagiatlıqdan və orijinalsızlıqdan gedirsə, ilk növbədə onu qeyd edim ki, iddialarda həqiqət yoxdur. Bu mövzuda tutarlı cavab verən çox dəyərli Mirzə Cəlil tədqiqatçıları oldu. Mətbuatda yazılar getdi. Bir neçə il əvvəl meydana çıxmış bu fikirlər Əsəd Cahangir və Həmid Herisçi tərəfindən kütləviləşdirildi. Əsəd Cahangir bu məsələdə tədqiqatı artırmağı daha qabarıq ön plana çəkir və düşünürəm ki, haqlıdır. Tədqiqat  aparmaq elmi yanaşmadır və lazımlıdır. Həmid Herisçi Mizə Cəlil məsələsi mövzudan şou düzəldir, özünün də qeyd etdiyi kimi oyun qurur. Oyun qurduğunu Elçin Alıoğlu ilə debatda sonda özü də qeyd etdi. Həmid Herisçi Mirzə Cəlili orijinal olmamaqda, ədəbi oğurluqda günahlandırır. Təəssüf, çox təəssüf. Məncə, oyunbazlıqdan danışan  Həmid Herisçinin fikirlərini ciddiyə almamaq da olar. Mirzə Cəlili plagiatlıqda ittiham edənlər öz vərdişlərini kənarda axtaranlardır.
 Amma araşdırmaq lazımdırsa, araşdırılmalıdır. Yeri gələndə hər iki əsər müqayisəli tədqiqata cəlb olunmalıdır. Düşünürəm ki, bu olacaq. Mən də edə bilərəm, başqa birisi də. Nə qədər çox tədqiqat, təhlil olarsa, daha faydalı olar.
– Həmid bəyin dediyi kimi plagiatlıq varmı? Gürcü yazıçısının əsəri ilə Mirzə Cəlilin əsəri arasında həqiqətən oxşarlıq müşahidə olunur?
– Cəlil Məmmədquluzadənin həyatını və yaradıcılığını xronoloji olaraq göz önünə gətirdikdə “Danabaş kəndinin əhvalatları” əsərinin yazıldığı il, Mirzə Cəlilin Tiflis ədəbi mühiti ilə daha fəal əlaqəsi  və s. deməyə əsas verir ki, plagiatlıqdan söhbət gedə bilməz. Qarşı tərəf qəribə bir yanaşma sərgiləyir. Guya sağlığında bu əsəri çap etdirməməsi Mirzə Cəlilin plagiatlığını göstərir.  Olduqca absurd yanaşmadır. Ədəbiyyatımızda onlarla yazıçının müxtəlif səbəblərlə sağlığında çap olunmamış əsərləri var. Mirzə Cəlil bu əsərini çapa verib, amma sağlığında çap olunmayıb. Bu haqda İradə xanım Musayeva mətbuatda faktlarla müsahibə verib. Əgər təsirlənməni qabardırlarsa, bu da normal irad deyil. Ədəbiyyatda təsirlənərək yazmaq həmişə olub. Həm bizim ədəbiyyatımızda, həm də dünya ədəbiyyatında. Süjet oxşarlığı, təsirlənərək yazmaq orta dövr ədəbiyyatının canıdır. Bir daha qeyd edirəm, həmişə olub. Söhbət Yekaterina Qabaşvilinin  “Maqdanın Lurcası” əsəri ilə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərindən gedirsə, mənim fikrimcə, bu iki əsərin süjet xəttində oxşarlıqdan söhbət gedə bilməz. Həmid Herisçi hər iki əsərdə eşşəklə bağlı əhvalatların olduğunu qabartmaqla fikrini əsaslandırmağa çalışır. Əsərlə tanış olduqda görünür ki, hər iki əsərdə ayrı-ayrı əhvalatlardan bəhs olunur. Qabaşvilinin “Maqdanın Lurcası”  o zamankı gürcü  kəndlərinin, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsəri isə Azərbaycan kəndinin reallıqlarından bəhs edir.  Bir daha qeyd edim ki,  hər hansı ədibdən və ya əsərdən təsirlənmək yazıçı üçün qəbahət deyil. Reallıqları olduğu kimi vermək xalqı aşağılamaq deyil. Hər hansı özləri üçün təəccüblü bir məqamı tapıb bundan şou düzəldənlər,  xalqımızı, ədəbiyyatımızı daha çox aşağılayır.
Bu cür yanaşmalar Mirzə Cəlilin sağlığında da olub, yəqin ki, həmişə də olacaq. Mirzə Cəlil isə çoxşaxəli yaradıcılığı ilə bütün bu şər-böhtana, naqis yanaşmalara özü cavab verib: “Vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil”.
 Söhbətləşdi: Nəzrin Rüstəmova
Artkaspi.az
Bölmə : Manşet, Müsahibə