Elxan Nəcəfov “İlin gənc alimi” diplomuna layiq görülüb

7 Baxış

3a

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Tədbiri AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan 2019-cu ildə ədəbiyyatşünaslıq elmi sahəsindəki səmərəli fəaliyyətinə görə institutun “İlin alimi” diplomu ilə təltif olunub.

Daha sonra Şükufə Vəliyeva, Gülnar Qənbərova və Elxan Nəcəfova “İlin gənc alimi”  diplomları təqdim olunub. Həmçinin institutun əməkdaşları – AMEA-nın müxbir üzvü Tehran Mustafayev və fil.ü.f.d. Lütviyyə Əsgərzadə 60, Musa Məmmədov isə 80 illik yubileyləri münasibətilə təltif ediliblər.

Gənc cəlilşünas E.Nəcəfov böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı, “Cəlil Məmmədquluzadə 150 il məqalələr, esselər, müsahibələr, şeirlər” kitabını nəşr hazırlayıb. Kitab dahi Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə tərtib olunub. Ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılıb. Kitabda Prezident İlham Əliyevin  Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncamı, ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 müxtəlif şairinin yaradıcılığına aid 30 şeir yer alıb.

Qeyd edək ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri professor Tehran Mustafayev, dosent Şəmil Sadiqdir.

E.Nəcəfov bu gün Cəlil Məmmədquluzadənin bədii irsinin və məqalələrinin ingilis dilinə tərcüməsi, tərtibi və çapı işi ilə məşğul olur. Həmçinin E.Nəcəfov lüğətçilərdən və cəlilşünaslardan ibarət heyətlə Mirzə Cəlil əsərlərinin izahlı-ensiklоpedik lüğətini nəşrə hazırlayır.