Elxan Yurdoğlu – “35 yaşın şeiri”

187 Baxış

elxanyurdogluBu gün şair, tərcüməçi Elxan Yurdoğlunun 35 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edirik. Senet.az Elxan Yurdoğlunun “35 yaşın şeiri”ni təqdim edir:

 

 35 YAŞIN ŞEİRİ

Saçımın tökülməyinə baxmayın,

üzümün tükləndiyinə…

Alnımda ömrün izləri,

Əslində

Tanrının oxuya bilmədiyimiz sözləri.

Aldanmayın həyat yoldaşımla xoşbəxliyimə,

ailə başçısı qayğılarıma,

atalıq məsuliyyətimə…

9 yaşlı oğlumdan,

7 yaşlı qızımdan da balaca

İçimdə 5 yaşında uşaq bir Elxan yaşayır.

Həyat imtahanlar zalıdı—

Hər gün, bir sual kimi qarşımda.

Hələ də gözümü döydüyüm olur…

Buna görə də

öyrənməyə maraqlıyam indi də.

İçimdə 15 yaşında yeniyetmə bir Elxan yaşayır.

Uşaqlar yıxılanda dizləri qanayar,

Böyükdükcə yıxıldığım sevgilərdən

ürəyim qanadı,

gözlərim qanadı.

Bir sevinc yapışdı təkliyimin əlindən,

Şeirlərimi sevgiylə dinlədikcə dilindən

sevgi dərdim,

könül verdim.

Təkliyimdən tərkləşdim,

ikiləşdim…

Üçləşdim, dördləşdim.

Üstündən on il keçsə də

o vaxtdan

İçimdə 25 yaşında gənc bir Elxan yaşayır.

Bu həyat yollarında

öyüldüm də, söyüldüm də.

Bəzən mindirildim tərif atına,

Qaldırıldım göylərin yeddinci qatına.

Bəzən də göydən yerə çırpıldım,

Qırıldım, budandım, çapıldım…

Qalxanda da, enəndə də sözə sığınmışam.

Oxucuma üz tutmuşam, sizə sığınmışam.

Şair üçün oxucudur ən böyük dəyər…

Şair kimi sevildikcə anladım ki,

Yaşaya bilmədiyim yaşadıqlarımı yaşamaq üçün yaşamağa dəyər.

Bu da belə bir ömürdü,

Bu da belə bir həyatdı.

İllər artıq 40-a doğru yol başladı,

40-a doğru addım atdı.

İstər inanın… istəyirəm inanın:

And olsun uşaqlığıma

yeniyetməliyimə,

gəncliyimə

İçinizdə 35 yaşında şair bir Elxan yaşayır.

 

23-04-2015 Naxçıvan

Bölmə : Bölməsiz, Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10