Emil Zolya və naturalizm – Günel İmran

12 Baxış

пгтуд

Yazıçı aid olduğu əsri, cəmiyyəti əsərlərində güzgü kimi əks etdirən insandır. Emil Zolya da yaşadığı cəmiyyətdə baş verən prosesləri, həyatı əsərlərində ən dolğun təsvir edən yazıçılardandır. Sözsüz ki, Zolyanının yaradıcılığından  XIX əsrin elmi kəşfləri, dövrün fəlsəfi cərəyanları təsirsiz ötüşməmişdir. Ogüst Kontun yaratdığı “Pozitivizm” fəlsəfi cərəyanı dövrünün ziyalıları arasında geniş yayılmışdı. Təsadüfü deyil ki, Darvinin “Təkamül” nəzəriyyəsinin yaranması da həmin illərə aiddir. Fransanın ikinci imperiya dövrünü təsvir etdiyi romanları ilə ədəbiyyatda uğur qazanmış yazıçının yaradıcılığı ilə ilk tanışlığım “Yaradıcılıq” romanı ilə olmuşdu. “Yaradıcılıq” romanı ən çox sevdiyim əsərlər sırasında ilk yerdədir. Bir neçə il əvvəl Emil Zolyanın “Yaradıcılıq” romanı ilə bağlı  geniş yazım çap olunmuşdu. Romanı nə qədər çox bəyənsəm də, prototip kimi ən yaxın dostu Pol Sezannı götürən Zolyanın əsərin sonunda qəhrəmanı öldürməsini düzgün hesab etməmiş, yazıçını qınamışdım. Axı öz naturalizm nəzəriyyəsində qeyd etdiyinə görə yazıçı qəhrəmanların taleyini idarə edən deyil, sadəcə, müşahidəçi olmalıdır.

Emil Zolyanın incəsənətlə bağlı məqalələri də romanları qədər maraqlıdır.  XIX əsr dünya ədəbiyyatında ona qədər  formalaşmış ədəbi fikirləri dəyişdirən fransız yazıçısı Emil Zolya naturalizm ədəbi cərəyanının nəzəriyyəsinin yaradıcısı hesab edilir. Flober, Mopassan kimi fransız yazıçıları əsərlərində naturalizm cərəyanına müraciət etsələr də, nəzəriyyəni yaradan Emil Zolya olmuşdu. O, naturalizmlə bağlı nəzəriyyəsini  tibbin inkişafında  misilsiz xidmətlər göstərən, endokrinologiyanın  atası hesab edilən Klod Bernarın tədqiqatlarını ədəbiyyata tətbiq edərək yaratmışdı. Klod Bernar öz araşdırmaları ilə kimya, fiziologiya, tibb elmində çox əhəmiyyətli işlər görmüşdü. Zolya isə onun eksperimental təbabətlə bağlı elmi metodikasından istifadə edərək özünün “Eksperimental roman” məqaləsində naturalizm ədəbi cərəyanının nəzəriyyəsinin əsaslarını oxucuya çatdırmışdı. Əslində o zaman Zolya kimi tanınmış yazıçının bu mövzuya toxunması  onun üçün riskli bir addım idi. Rəssamlıqda yeni cərəyanları qəbul etməyən cəmiyyət  ədəbiyyatdakı bu yeniliyə də qarşı çıxırdı.  Zolya  “Eksperimental roman” toplusuna daxil etdiyi “Eksperimental roman”, “Teatrda naturalizm” və “Roman haqqında” məqalələrində yazıçılar üçün naturalizm nəzəriyyəsinin əsas prinsiplərini formalaşdırır. Yazıçı məqalələri ilə buna qədər yalnız müşahidəyə əsaslanan ədəbiyyat üçün  təcrübənin əhəmiyyətini üzə çıxarır.

Zolya “Eksperimental roman” məqaləsində roman üçün formalaşdırdığı prinsiplərin doğruluğunu isbat etmək üçün Klod Bernarın “Eksperimental tibb tədqiqatına giriş” kitabında istifadə etdiyi tibbi metodlara əsaslanaraq onun yolu ilə gedir. Bundan əvvəlki məqalələrində də yazıçı roman, dram əsərlərinə elmdəki eksperimental metodun tətbiq edilməsinin lazım olduğunu qeyd edir. Onun sözlərinə görə təbiətə qayıdış, naturalizmin inkişafı tədricən əqli fəaliyyətin bütün sahələri ilə  məşğul olan insanı eyni elmi yola yönləndirir. O, Klod Bernarın tədqiqatlarına əsaslanaraq sadəcə “həkim” adını “romançı” ilə əvəz edərək nəzəriyyəsinin müddəalarını müzakirəyə çıxarır. Klod Bernarın eksperimental metodlarına əsaslanaraq yeni elmi yola çıxır. O, müşahidəyə əsaslanan elm ilə eksperimental elmi müqayisə edərək aradakı fərqi araşdırır. Klod Bernara görə orqanizmlərin sərbəst mövcudluğu onlara təcrübənin tətbiq edilməsinə mane olmur.  Çünki mahiyyətcə təcrübə şüurlu şəkildə aparılan müşahidədir.

Emil Zolya  nəzəriyyəsində naturalist romanda müşahidəçi ilə təcrübəçinin rolunu araşdırır. Müşahidəçi fotoqraf kimi  gözü önündə baş verənləri əks edir, təbiətin diktəsi ilə yazır. Təcrübəçi isə hipotezinin doğruluğunu yoxlamaq üçün təcrübə qurur, sonra isə müdaxilə etmədən müşahidəçi kimi təcrübəsinin nəticəsini izləyir. Sonda nəticəni müqayisə edərək  bunun hipotezi təsdiq və ya inkar etdiyini müəyyən edir. Klod Bernarın elmi fikirlərini romana tətbiq edərkən aydın olur ki, romançı müşahidəçi kimi faktları gördüyü kimi təsvir edir, başlanğıc nöqtəni müəyyən edir, personajının hərəkət edəcəyi möhkəm zəmini tapır və hadisələr irəliləyir. Sonra təcrübəçi olaraq əsər daxilində qəhramanı hərəkətə gətirərək, məntiqə uyğun olaraq hadisələrin ardıcıllığını göstərir. Romançı həqiqətin axtarışına çıxır. Emil Zolya nəzəriyyəsinin prinsiplərini açmaq üçün Balzakın yaradıcılığından nümunələr gətirir. Balzak öz müşahidələrindən ona məlum olan faktlar əsasında süjet seçir, sonra qəhrəmanını fərqli vəziyyətlərə salaraq, onun necə reaksiya verəcəyini  göstərmək üçün təcrübə aparır. Balzakın məqsədi faktları göstərən fotoqraf olmaq deyil, romanında insanın ehtiraslarının həyat şərtlərinə görə necə inkişaf edəcəyini göstərməkdir.

Müəllifin fikirincə naturalist roman – romançının öz müşahidələrinin köməyi ilə insan üzərində apardığı həqiqi sınaqdır. Klod Bernarın “Praktik olaraq adamlar həyatda bir-birilərinin üzərində təcrübə aparmaqla məşğul olurlar”  ifadəsi  Zolyaya görə ədəbiyyata da tam uyğun gəlir. Biz  nə fikirləşdiyimizi, nə hiss etdiyimizi şüurlu şəkildə başa düşürük, məsələ başqası olanda isə qarşımızdakının hər hansı hadisəyə necə münasibət göstərəcəyini onun sözlərini, hərəkətlərini izləyərək eksperimental yolla müəyyən etmək olar. Cəmiyyət naturalistləri fotoqraf kimi qəbul etsə də, naturalistlər faktları özül olaraq götürərək öz yaradıcı fantaziyalarına sərbəstlik verirlər. Naturalizmin metodlarının romana tətbiqində yazıçı təbiilik çərçivəsindən çıxmayaraq naturanı dəyişdirməlidir. Klod Bernarın  canlı varlıqlarda hər hansı hadisəni öyrənmək üçün orqanizmin daxili mühitin öyrənilməsinin vacibliyini qeyd etdiyi kimi, romanda da hər hansı ailə, canlı varlıqlar qrupunu araşdırarkən ictimai mühit böyük rol oynayır. Yazıçının vəzifəsi cəmiyyətin fərdə, fərdin cəmiyyətə göstərdiyi qarşılıqlı təsiri öyrənməkdir. Digər tərəfdən Klod Bernarın eksperimental tibbə  aid araşdırmalarında gəldiyi nəticəyə görə insan  ilkin səbəbi heç vaxt bilmədən, hadisənin necə baş verdiyini öyrənə bilər. Təcrübə “niyə” sualının deyil “necə” sualının cavabını tapır. Fiziologiyanın, eksperimental tibbin məqsədi həyatı yönəltmək üçün həyatın ağası olmaqdır. Romançının həkimlərlə oxşar cəhəti ondadır ki, yazıçı da şəxsiyyəti yönəltmək üçün onun intellektini, digər insanı keyfiyyətlərini öyrənir. “Eksperimental roman” məqaləsində Emil Zolya naturalist yazıçıları fatalizmlə günahlandıran tənqidçilərə fizioloqun sözləri ilə cavab verərək özlərinin determinist olduqlarını bildirir.

Təbiət qanunlarına görə  ideya bir toxumdur, metod isə onun cücərməsi, inkişafı, çiçəkləyib yaxşı bar verməsi üçün zəmindir. Və ancaq eksperimental metodla romanı yalan, səhv anlaşılmaqdan qorumaq olar.

Emil Zolyanın məqsədi  naturalizm ədəbi məktəbini yaratmaq  deyil, ədəbiyyatda təbiəti, insanı təsvir etmək üçün eksperimental metodun vacibliyini bildirməkdir. Bernarın fikrincə rəssam öz şəxsi təsəvvürünü, hisslərini yaratdığı əsərdə ortaya qoyan insandır. Zolya isə fizioloqla razılaşmayaraq qeyd edir ki, Bernarın fikrinə inansaq mən başı aşağı, ayaqları yuxarı hərəkət edən insan təsvir etsəm, bu mənim hisslərimi, təsəvürümü əks etdiyinə görə sənət əsəri sayılmalıdır. Bu isə dəlilik olardı. Rəssamın şəxsi  hissələri həqiqətin nəzarətinə tabe olaraq qalır.

Yazıçının “Teatrda naturalizm” adlı ikinci məqaləsini əslində “Eksperimental roman” məqaləsinin davamı hesab etmək olar. Birinci məqalədə tibbdəki eksperimental metodlarının prinsiplərini ədəbiyyata tətbiq etməyin doğruluğunu isbat edən Zolya “Teartda naturalizm” məqaləsində  tibb, fiziologiyadan istifadə etmədən tamlıqla naturalizmin keçdiyi tarixi yolu araşdırır. Aristotelin də zamanında eyni fikirləri qeyd etdiyini  nümunə göstərir. Homeri naturalist hesab etsə də, onunla XIX əsr  naturalistləri arasında böyük uçurum olduğunu qeyd edir. O, Balzak, Stendal, Flober, Edmon və Jül de Qonkur qardaşlarının yaradıcılıqlarını təhlil edərək, romantizmin prinsiplərini də araşdırır. Onun fikrincə Balzakla Stendal romantizmin ritorikasından azad olan buntçulardır. Flober, Edmon və Jül de Qonkur qardaşları isə naturalizmi öz stilləri ilə zənginləşdirən müəlliflərdir. Zolya oğul Aleksandr Dümanın  pyeslərinə müraciət edərək onu naturalist yazıçı hesab edir. Məqaləsində dövrünün bir çox yazıçı, dramaturqlarının əsərlərindən nümunələr gətirən Zolyanın yekun fikrinə görə gerçək həyat romana gəldiyi kimi teatra da gəlməlidir.

“Roman haqqında” məqaləsində isə Zolya təxəyyülün artıq ikinci plana keçdiyini bildirir. Onun fikrincə əvvələr yazıçıya zəngin təxəyyülü olduğunu söyləmək  tərif sayılırdısa, romanın tələbləri dəyişdikcə bu artıq yazıçı üçün tənqid, töhmətdir. Bir yazıçının mütləq şəkildə zəngin təxəyyülü olmalıdır. Başqa cür ola da bilməz. O, zahirən özlərini istedadlı göstərmək istəyən və fasiləsiz yazmaq, çap olunmaqla bunu bacaran üslubsuz yazıçıları tənqid edir. Yazıçıda reallığı hiss etmək, həqiqəti görmək istedadının  mühümlüyünü qeyd edir. Yalnız özünəxas yazıçı üslubu, yazı fəndləri ilə seçilən yazıçı daimi oxucu kütləsinə malik olur.

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10