Emin Piri “Tanrının kölgəsi”ndə

73 Baxış

eminpiriAMEA-nın doktorantı Gülnar Səma

“Mən sözümdə oluram, Heç özümdə olmuram”- deyərək ədəbi istedadı ilə seçilən gənc yazarlardan biri də Emin Piridir. O, bu günkü uğurlarına imza atana qədər məxsusi ömür yolu keçmişdir. Uşaqlığında ayağı böyüdükcə ayaqqabısı yırtılmasın deyə dua edən Emin Piri “Anamın erkən ağaran saçlarında görünürdü ala bilmədiyi oyuncaqlar. Taleyin oyuncağına çevrilmişdik”-  deyə bir uşaqlıq nağılı uydurub öz həqiqətlərindən. Bu həyati nağıllarda da uşaqların təbəqələşdiyi açıq-aşkar görünürdü. “Paltarının yamağını gizlətməkdi varlıların gözündən, Kasıb uşaqlarının oyunu”.  O böyüdükcə nağılları gerçəkləşdirməyə nail ola bildi. BDU-da bakalavr, ADPU-da magistr təhsili aldı. Prezident təqaüdçüsü olan Emin Piri 2014-cü ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı” ilə də təltif olunub. AYB-də Gənc Ədiblər Məktəbinin məsul katibi olmaqla yanaşı, Gənclər Şurasının üzvüdür.

Onun ilk şeirlər kitabı olan “Tanrının kölgəsi”  2015-ci ildə “aybKitab” layihəsi çərçivəsində işıq üzü gördü. Kitabdakı şeirlər mövzu baxımından rəngarəng olsa da, janr məhdudluğu ilə yadda qalır. Heca vəznində şeirlər sanki bir eksperiment olaraq kitaba salınıb. Lakin həmin şeirlər öz mükəmməlliyi ilə daha çox diqqəti çəkir. Sərbəst formada isə mümkün qədər yenilikçi olmağa can atıb. “Başının üstə qaldırıb  Yer kürəsini soxasan Mairan çökəkliyinə bir qadın ucbatından” fikirləri ilk baxışda çox cazibədar görünür. Lakin  fakt odur ki, dünyanın ən dərin çökəkliyi olan Mairan da elə Yer kürəsindədir. Məhz bu yerdə də anlaşılmaz məntiqsizlik diqqəti çəkir. Bir qadının ucbatından dünyanın ən hündür yeri olan Himalaya çıxmaq daha alqışa layiq olardı.

Onun poeziyasında sevgi istəyi sadəcə eminsayağıdı; “Balıqlar dənizi sevdiyi kimi dünyada sevdiyin bir qadın olsa…” nə tora düşərsən, nə tora salarsan. Axı balıqlar dənizi susuz yaşaya bilmədikləri üçün sevirlər. Onlar dənizi ölümünə sevməyə məhkumdurlar. Bu məhkumluq insani sevgilərə keçsə, hər şey sevgidən doğulmazmı?! Onun “Sevgi” şeiri sevginin əsl düsturudur. Məlum olur ki, sevgilinlə birgə göyərçinə dən atmaq, dalğalı dənizdə onunla boğulub ölməkmiş sevgi. Daha bir bənzətmə: “Fanatı olduğun komandanın son dəqiqə vurduğu tarixi qoluna sevinərək bir-birinə sarılmaqdan da yaxındı Sevgi”. Sonralar sevgi  başqa şəkillərdə təzahür etməyə başlayır “doğum evi önündən keçərkən sevdiyinin gizli təbəssümünə dodaqaltı qımışmaqla cavabındı sevgi”. Ən maraqlısı odur ki, sevgi elə ailədaxili huzur imiş. “Gecə yarısı körpə qığıltısına oyanıb səhərəcən növbəylə beşik yelləmək…” Bəzən isə bu huzura insanların öz ürəklərinin istəyiylə, öz əlləriylə son qoyulur. “Kimlərinsə ömür boyu arzuladığı körpə səsi cərrah bıçağı ilə kəsilir…” Ya da bəzi körpələr dünyaya daş kimi düşürlər. “Atılan daşlardan atılan uşaqlara xoşbəxtlik sarayı tikmək olardı”.  Bəlkə də, buna görə onun eşqanə düşüncələri tamam fərqlidir. “Səni sevmək müsəlman orucunda iftara gələn çoxillik şərab kimidi…” Oruc və şərab müqayisəsi qadağan gücüylə yanaşı, bir cəzb etmə xüsusiyyətinə də qadirdir. Bu, qovuşmağa olan ən son ümidin də ümidsizliyə yuvarlanması deməkdir. Necə ki, oruc tutan müsəlmana şərab qadağandı, eləcə də səni sevmək aşiqinə qadağandır. Bəlkə də, buna görə şairin vəsf edəcəyi gözələ verdiyi tələblər fərqlidir; “Mən şeir yazmıram, xanım, dadın bilmədiklərimə”. Əgər sevgi dadını itirərsə, şair bunun da çarəsini tapa bilir. “Yaşayıb güldürmədim səni doyunca, qoy, ölüm… doyunca ağladım səni”.

eminSevgiyə başı qarışan şair təbiətin heç bir addımını da gözündən yayındırmır, hətta o qədər qıza ilişib utandığından dağlara qaçan, oturub ağac kölgəsində özünü küləyə verən küləyin də mücərrədliyi özünü şairanə baxışlardan xilas edə bilmir. Yəqin ki, bunun da öz səbəbləri var. “Ağaclar sinəsindən cırıb yaşıl köynəyini yaydan insaf dilənir”. İnsaf naminə yağmağa başlayan yağmurun da müşahidəsi bənzərsiz olur. “Dodağı çatlamış asfalt küçələr çəkib bu yağışı dodaqlarına dodaq boyası kimi göy üzüylə öpüşər”. Bu yağışın “Zərbədən ürəyi gedib yıxılar, yollar sərilər ayaqların altına”. Yağışla söhbətini bitirən yazar “Qar qardaş, mənə görə yox, atama görə yağma o, yalan danışmağı bacarmır, ata oğul arasına girmə, qar”- deyə onunla da dil tapmağa çalışır. Bəzən isə quruda yaşayanlardan uzaqlaşıb, sualtı aləmə də dəvət edir bizi; “Pullu-pulsuz, hamısı pula gedən balıqlar”. Pul sözünün ustalıqla balıqla insan arasına girməsinin təsviri göz önündədir. Balıqçı qardaşa heç kimin ağlına gəlməyən məsləhətlərini edir. “Bir dəfə də öpüş qoy tilovuna, bəlkə, sevgiyə aldanıb bir balıq düşə “toruna”.

Qəbul edilmiş ədəbi standartlara əsasən Eminin şeirlərində müharibə mövzusu daha güclü alınır. Bunu onun  vaxtı ilə leytenant kimi zabit işləməsiylə əlaqələndirmək nə qədər doğru olar bilmirəm, lakin bir şair dünyagörüşünün təzahürü kimi başa düşmək daha qənaətbəxşdir. Müharibə onun şeirlərində sadəcə “eminsəl” status qazanıb. Torpağa basdırılan minalar çiçək açaraq anaların yuxularına qaçanda, o yuxuların qara xəbərin ardınca qaçdığının şahidi olmaqdan da betər bir hiss varmı ki?! Ayağı özündən qeyrətli çıxana təsəlli vermək olar, baxmayaraq ki onun “Cəbhədə qalan sağ ayağının təqaüdünü də sol ayağı alıb xərcləyir!” Ayağın əsl görəvi elə ayaqlamaqdı. O cəbhədə qalan ayaq düşməni ayaqlamaqdadı. Düşməni ayağına gətirən ayağın bir tayı isə o birinin yerinə aldığı təqaüdün qarşılığı olaraq, onun görməli olduğu işləri də görür. Həmin bədəni daşıyan müharibə qurbanına ayaqsızlıq dərdi çəkməyə imkan vermir. Bir dərdini iki eləmir, iki ayaqdan bir dərd yaradır. Ayaqsız şeirlər yazmaqla ürəyi soyumayan şair, cəbhədə əllərini itirənlərin də əllərindən sözlə tutub. “İndi kitabları arasında qurutduğu Gül ləçəklərində axtarır Sevgilisinin cəbhədə itirdiyi əlləri”. Onun şeirlərində müharibə hər bir fərdin həyatına bir cür müdaxilə edir. Qızlara müharibənin təsiri belə olur ki, “Əsgər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan güllə”. Analara müharibənin verdiyi “töhfələr” isə daha amansızdır; “Şəhər bombalanarkən itirmişdi altıaylıq körpəsini. Qoparmışdı əllərindən mərmilər. Bir qolu balasında biri özündə qalmışdı ananın…” Bu ananın taleyində bir romanı dünyaya gətirmək olar. “On altı il keçsə də, ana balasını axtarırdı, altı aylıq körpələr arasında”. Bu müsibətlər insanlar tərəfindən insanlara edilən işgəncənin son həddidir. “Hamıdan çox uşaqları sevər müharibələr”. Övladların həyatında müharibə daha ağlagəlməz şəkildə biruzə verir. “Bu qızcığaz da cuppulu barmaqlarıyla qıdıqlayır atasının baş daşını”. Bu gün də davam edən vətən üçün cana qıymaq ləyaqəti insanların həssas nöqtələridir. “Şəhid məzarlarını mərmərə bükdük, daş qoyduq başlarına”- cümləsində çoxmənalılığın çoxluğu əlində aciz qalırsan. “Əmi deyib üstümə qaçır başdaşları, bir əsgərin ölüm günü başdaşının doğum günüymüş”. Hər ölüm bir məzarın doğumuna bərabərdir, illər keçir və məzarlar doğulsa da, ordakı ölümlərin yaşı artmır. Emin lap uşaq olarkən şəhid olanlarla, onun indiki yaşı arasında əmi deyiləcək qədər zaman məsafəsi keçib. “Analar uşaq yox şəhid doğur daha”. Bəlkə də, buna görə Emin hər şeydən öz baxış tərzi ilə nəticə çıxarır; “Hər qız qalası yanında bir oğlan qalasın istər. Ancaq Şuşa qalasına qonaq getmək də keçir könlündən bizim Qız qalasının…”

Eminin şeirlərində gözüaçıq bir zəmanə adamının müşahidələrinin izlərini görmək olur. “Daram çəkilmiş neft boruları Atamın təzyiqli damarlarına bənzəyir. Ürəyinə qayıtmırsa, bəs, hara axır bu qan?” Çox mükəmməl bir bənzətmə üç misrada tamamlanıb. Damarlar və borular, qan və neft hər ikisi təzyiq yaradır. Amma ürək daha çox təzyiqə məruz qalır. Və etiraf edirsən ki, “Canavar südünə susayıb dodaqlarım Ergenekondan bəri ilk dəfə belə yalnızam…” Yalnız olsan da, milli kultun olan Boz Qurda tapınmağı yaddan çıxarmırsan.

Emin Piri bənzərsizliyə israrla cəhd edən gənclərdəndir. Lakin bəzən  nağıllara inanmayan qıza elə ürəkbulandıran nağıl danışır ki, poetik zövq hikkəsindən çatlayır; “Zəhərlənəndə qonşu uşağı balıq qaytaranda, ət qaytaranda boğazımda nağıl ilişib qalıb, ağzımdan şeir gəlib”. Bu nağıl şahzadəsi sözünü şahzadəsayaq desəydi, daha bəlağətli olardı və o qızcığaz da inanardı… “Yalançı dindar”ın iç üzünü açan şair bildiklərini bölüşməkdən çəkinmir. “Sən özün günorta namazındasan, Fikrin bu gecəyçün bir xanım gəzir”.

Emin “Allahın zarafatını” bəndələrlə edir. “Şeytan da bezikib çıxa özündən, içindən allahın özü boylana…” Hətta o, “Allah da göydən qışqıra: Emin bu zarafat deyil?!”- sözləriylə iblisə qoşulub getmək, Allahın dalınca qeybət etmək və mələkləri arxasıyca yalvartmaq iddiasındadır. Onsuz da, sonunda hər şeyin içindən allah çıxır. Buna əmin ola-ola, görəsən, niyə “Sənin üçün darıxmışıq, İlahi” şeirini yazdırır tanrı ona?! O da ilk bənddəcə sualına cavab arayır; “Bəlkə, kimsə keçib sənin yerinə, Bir yol göstər, karıxmışıq, İlahi!”- deyir. Bəzən də lap özünəməxsus bəndəliyi tutur Eminin: “…lap yolundan çıxardıb allahsız edərlər səni. Qorxma səninçün dua edəcəm: Tanrı səni qorusun, Allah!” Çünki allah da görür ki, “Adam öldürənə medal havayı, Görüb dinməyənin işi bir ildir”. Bu bir danılmazlıqdır ki, “Sən- dediyim hər şey Sənin istədiyin bu deyilmi,- məni Sənə basdırsınlar”.  Şairin bəzi düşüncələri isə daha da üzütanrıyadır; “özün öz Allahını unudarsan məni allah bilərsən özünə… Mənə bel bağlama…” Bütün bəndələr kimi şairlər də cismən ölümlüdür. Buna görə də  Əzrayıla deyir ki, “…Bir də gördün yaradana Çatdırıblar,- aramızda nəsə var!” Tanrısına bildirir ki, “Sənə də can borcum qalıb, nisyə dəftərinə yazarsan məni”. Can borcunu canla-başla ödəmək üçün “Döyülməyə qapım yoxdu, Özüm özümü döyürəm”- söyləyərək müasir ədəbiyyatımızda öz sözünü deməkdədir Emin Piri.

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10