Emin Sabitoğlu kinosu – Pərvinin təqdimatında

13 Baxış
ty7384565.jpg

Böyük bəstəkar Fikrət Əmirov – “Kino musiqisi beş dəqiqə üçün bəstələnmir, o, müstəqil yaşaya bilər. Bu şərtlə ki, həmin əsərin buna haqqı olsun” – deyirdi. 

Fikrət Əmirovun özünün bir çox kinolara bəstələdiyi mahnılar müstəqil yaşayır və yeni nəsil sənətçiləri, müğənniləri də bu əsərləri öz repertuarlarına daxil edirlər. Əslində bu gün populyar olan mahnıların, musiqilərin böyük hissəsi elə kinolardan gəlir. Və qəribədir ki, bəzi kinolar aktuallığını itirsə də, mahnılar yaşayır. Görünür musiqinin beyinlərə nüfuzu, yaddaşlara yazılması daha asan olur. Həm də necə musiqinin?
Azərbaycan filminin inkişaf tarixinə nəzər salanda kino musiqisinin də necə çətin yollardan keçdiyi görünür. İlk dəfə 1933-cü ildə “Neft simfoniyası” sənədli filminə Sergey Paniyev musiqi  bəstələyib. Sonrakı illərdə Müslüm Maqomayev “Sovet Azərbaycanı incəsənəti”, Niyazi “İyirminci bahar”, “Türk qadınının baharı” kimi sənədli filmlərə musiqi yazıblar. Bu məqamda bir faktı qeyd edim ki, “Türk qadının baharı” filmi Azərbaycan qadını haqqında ilk kino oçerkdir, 1936-cı ildə rejissor Seyfulla Bədəlov elə öz ssenarisi əsasında ekranlaşdırıb, Niyazi isə bəstəkarı olub kinonun. Amma film arxivdən müəmmalı şəkildə silinib. Bunun səbəbini təxmin etmək çətin deyil. Axı 36-cı ilədək millətimiz türk, dilimiz türk dili adlanıb. Hətta bu “türk” sözü o qədər “qorxusuz” söz imiş ki, S.Vurğun Stalinin qəbulunda böyük rəhbərə – “Bakının sayrışan ulduzlarından, Çadrasız boyasız türk qızlarından” salam deyirmiş. 36-dan sonra isə 37 gəldi və… Mövzudan uzaqlaşmayım.
Beləliklə,1935-ci ildə “Mavi dənizin sahilində” bədii filminə bəstəkar  Sergey Pototski ilk dəfə musiqi yazıb. Bundan sonra musiqi kinonun ayrılmaz hissəsinə çevrilib.Amma yenə də musiqinin kinoda yer tutması, onun tərkibi olması asan başa gəlməyib. Hətta 1936-cı ildə C.Cabbarlının eyniadlı pyesi əsasında “Almaz” bədii filmi səssiz çəkilib və Niyazinin, Zülfüqar Hacıbəyovun yazdıqları musiqilər sadəcə sonradan  tətbiq olunub filmə, yəni musiqi sadəcə ekranda gedən hadisələri müşaiyət edib. Və belə çətinliklərlə, hətta bəzən “kustar” üsulu ilə meydana çıxan kino musiqisinin bu zirvəyə ucalması həmin sahədə çalışan sənətkarlarımızın bənzərsiz istedadının göstəricisidir. Ötən yazılarımda Üzeyir bəy Hacıbəylinin, Tofiq Quliyevin kinomuzun inkişafında xidmətlərini xüsusi vurğulamışam. Lakin bir daha qeyd etmək istərdim ki, bir çox filmlərimizin (hətta mövzu və üslub baxımından köhnələn) aktuallığını itirməməsinin səbəbi məhz onlara yazılmış unudulmaz musiqilər, mahnılardır. Bu adlarını sadaladığım sənətkarlardan başqa ölməz bəstəkarlarımız  Qara Qarayevin “Bir ailə”, “Bir məhəllədən iki oğlan”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”,  “İnsan məskən salır”, Fikrət Əmirovun “Səhər”, “Böyük dayaq”, “Sevil”, Niyazinin “Kəndlilər”, “Fətəli xan” filmlərinə yazdıqları musiqilər həm kino, həm də musiqi xəzinəmizi zənginləşdirib.
Emin Sabitoğlu kinosu - <b style="color:red">Pərvinin təqdimatında  </b>
60-cı illərdən başlayaraq isə mülayimləşmə dövrü ilə əlaqədar, bütün mədəniyyət, incəsənət sahələrində, ədəbiyyatda olduğu kimi kinoda da yeni bir mərhələ başlanır. Və bu,  yenilənmə təbii ki, musiqiyə də, kino musiqisinə də öz təsirini göstərir.
***
Ötən il 2 avqust Milli Kino günü münasibətiylə Modern.az saytı araşdırma aparıb kino tariximizə aid “Ən”lərin siyahısını çıxarmışdı. Bu siyahıda ən çox çəkilən aktyor, ən uğurlu film, ən şanslı film kimi kateqoriyalar vardı. Diqqətçəkən məqamlardan biri isə  filmlərə ən çox musiqi bəstələyən bəstəkarın Emin Sabitoğlu olması idi. Emin Sabitoğlu 91 filmə – bədii, televiziya və sənədli filmə musiqi bəstələyibmiş.Cəmisi 63 il ömür sürən, həyatının son illərində də əsasən pedaqoji fəaliyyətlə məşğul olan bəstəkar üçün bu, fantastik rəqəmdir. Amma Emin Sabitoğlu istedadı, peşəkarlığı rəqəmlərə sığmaz, kəmiyyətin böyüklüyündən daha vacib olan keyfiyyət onun əsərlərində ən üst səviyyədədir.
Emin Sabitoğlu 1937-ci ildə yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində doğulub. O qanlı-qadalı illərdə, amma Sabit Rəhman kimi söz-yumor, komediya ustasının ailəsində doğulmaq. İkisinin də təsirini Emin Sabitoğlu musiqisində hiss etmək olar. Həm Sabit Rəhman yumorunun şənliyini, şuxluğunu, həm də o ağır illərin hüznünü. Ancaq qəribədir ki, bəstəkarın yaradıcılığında lirizm üstünlük təşkil etsə də, hətta ən həzin, sakit, qəmli melodiyalarda belə o işığı, ümidi görmək olar. Görünür bu da bəstəkarın özünü xarakterindən, dünyaya baxışından gələn məqamdır.
Musiqişünas, professor Zümrüd Dadaşzadə “Bəzən bir ümid, bəzən göz yaşı” adlı məqaləsində yazır: “Emin müəllim öz ilk nəğmələrini yazarkən artıq professional idi. Gözəl məktəb keçmişdi, qələmini, özü də çox uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdır. Mən bu faktı qəsdən vurğulayıram. Çünki indi mətbuatda, televiziyada bəstəkarın peşəkar hazırlığını az qala lazımsız bir şey adlandırır, hətta lağa qoyurlar. Bu gün külli miqdarda üzdən iraq “bəstəkar” meydan sulayır. Təsadüfi deyil ki, öz çıxışlarından birində V.Adıgözəlov “mahnı bəstəkarı” söz birləşməsinə, anlamına qəti etiraz edərək E.Sabitoğlunun yaradıcılığını nümunə gətirdi: “Emin simfoniya da, operetta da, mahnı da yaza bilirdi. Yəni əsl bəstəkar idi” – dedi”.
Bəli, hələ 13 yaşından Midhəd Əhmədovun bəstəkarlıq dərslərinə gedib gələn, 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunan bəstəkarın peşəkarlıq səviyyəsi başqa cür ola da bilməzdi. Allahdan verilən fitri istedad, evdəki sənət mühiti, həmçinin aldığı təhsil öz sözünü deyirdi. Bakıda aldığı təhsillə kifayətlənməyən Emin Sabitoğlu Moskva Konservatoriyasına daxil olub, bu təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirib.Və tezliklə ilk qələm təcrübələrini – simfoniya, kamera əsərlərini dinləyicilərə təqdim edib.Hətta onun diplom işini Qara Qarayev öz dərslərində tələbələrinə yüksək peşəkarlıq nümunəsi kimi misal çəkirmiş, onun kimi yazmağı tövsiyə edirmiş.
Sonrakı illərdə Emin Sabitoğlu skripka və fortepiano üçün poema, kantata, uvertüra, oda, romans silsiləsi də bəstələyir. Amma tale özü böyük bəstəkarın əsas hədəfini müəyyənləşdirir və Emin Sabitoğlunu unudulmaz mahnıların müəllifi kimi mədəniyyət tariximizə yazır.
Emin Sabitoğlu yaradıcılığının əsas hissəsinin teatr və kinoyla bağlı olması təəccüb doğurmur. Artıq vurğuladığım kimi yazıçı-dramaturq Sabit Rəhmanın oğlu üçün sözü, hadisəni duymaq, musiqiylə ifadə etmək çətin olmazdı. Amma bütün hallarda genetik “miras”dan daha çox sənətkarın özünün fitri istedadı, zəhmətkeşliyi böyük uğurlarının rəhnidir. Həm də teatr, kino musiqisi bəstələmək bəstəkardan xüsusi xarakter tələb edir; komanda ilə işləmək məharəti, ssenaristin ideyasını, rejissorun yanaşmasını, obrazların xarakterini duymaq qabiliyyəti. Bütün bunlar Emin Sabitoğlunun həm xarakterində, həm də sənətində özünü göstərib. Ən adi vəziyyətlərdə komik situasiya yaratması haqqında isə əfsanələr dolaşır. Deyilənə görə o vaxt, hələ sovet dövründə alimlərdən birinin doğum günü tədbirində Emin Sabitoğlu Mirzə Babayevi inandırıbmış ki, ifa edəcəyi mahnını daha təsirli çatdırmaq üçün royalın altına girmək lazımdı. Son dərəcə saf və məsum adam olan istedadlı müğənnimiz bəstəkarın bu sözlərini ciddiyə alıb və alimlərin gözü önündə royalın altına girib və bu cür də ifa edib mahnını…Ölçülü, biçili, çərçivəli adamların buna reaksiyasını təsəvvür etmək çətin deyil!
Anar xatırlayır ki, bir dəfə Emin küçədə polisləri görüb yanaşır və- “Diqqətli olun, indi yoldaş Mədətov keçəcək” – deyir. Polis – “O kimdi?” – soruşanda Emin təəccüblə – “Necə yəni, siz yoldaş Mədətovu tanımırsız?” – deyir. Və polis anındaca əlaltılarına əmr verir: “Diqqətli olun, yoldaş Mədətov keçəcək!” (Bu məqamda İsi Məlikzadənin “Qatarda” hekayəsini və yoldaş Dadaşovunu necə yada salmayasan?!)
Əlbəttə heç bir yoldaş Mədətov o küçədən keçməyəcəkdi, bu soyad Emin Sabitoğlunun uydurması və polislə zarafatı idi. Daha doğrusu istedadla düşündüyü kiçik bir komik situasiyaydı. Emin Sabitoğlunun adıyla bağlı olan belə söhbətlər çoxdu və qəribədi ki, bunlardan da onun ayrı bir istedadı görünür. Elə Mirzə Babayevlə də bağlı olan o hadisə bir film, teatr tamaşası epizodu təsiri bağışlayır. Axı Emin Sabitoğlunun teatrla əməkdaşlığı kinodakı işlərindən qat-qat çoxdur. Elə bir “Hicran” tamaşasının adını çəkmək kifayətdir. Sabit Rəhmanın pyesi əsasında Emin Sabitoğlunun bəstələdiyi bu musiqili komediya ölməz sənət incilərimizdən biridir. Sadədən sadə bir süjet; baş aşbaz Mitoşun gənc həkim xanım Hicrana aşiq olması, onunla evlənmək arzusu, köməkçisi Dadaşbalanın və onun keçmiş həyat yoldaşı Qızbacının gülməli “kömək”ləri. 1973-cü ildə səhnəyə qoyulan əsərin televiziyaya çəkilmiş versiyası bu gün də sevilərək baxılır. Artıq əzbər bildiyimiz replikalar, hadisələr hələ də gülməlidir. Musiqi həm lirik xətti, həm də komedik məqamları tamamlayır… Məsələn, mərhum aktrisamız Nəsibə Zeynalovanın qaraçı rəqsi üslubunda oxuyub oynadığı “Hicranı kim tanımır?” mahnısı unudularmı?! Ümumiyyətlə, bu cür son dərəcə uğurlu əsərlərin bir çoxunun sirri peşəkar komandadı… Rejissor Şəmsi Bədəlbəyli, aktyorlar Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov kimi istedadlı sənətkarlarımızla bərabər Emin Sabitoğlunun da musiqisi bu əsərə ölməzlik bəxş edib.
Ümumiyyətlə Emin Sabitoğlu özü belə, neçə tamaşaya musiqi yazdığını bilmirmiş, “o qədər çoxdur ki unutmuşam” – deyirmiş. O, Akademik Milli Dram Teatrında Sabit Rəhmanın “Xoşbəxtlər”, “Yalan”, “Nişanlı qız”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, “Bizim qəribə taleyimiz”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, Anarın “Şəhərin yay günləri”, “Təhminə və Zaur”, “Adamın adamı” pyeslərinin tamaşalarına musiqi bəstələyib. Və elə bu tam olmayan, kiçik siyahı sənətkarın zövqünü,  hansı səviyyədə əsərlərlə işləməsini göstərir.
Kinoşünas Aydın Kazımzadə “Kinomuz, musiqimiz” məqaləsində yazır: “E.Sabitoğlunun filmlərə yazdığı mahnılar melodikliyi baxımından rəvan və axıcıdır. Onun musiqisi filmlərin əksər epizodlarını müşayiət edir, kadrarxası və kadrdaxili səslənir, o bir çox funksiyaları yerinə yetirir: hadisələrin inkişafını xarakterizə edir, əsas epizodların ab-havasını tamamlayır, personajların rəftarını və xarakterlərini şərh edir”. Hörmətli Aydın müəllimin fikirlərinə onu da əlavə etmək olar ki, bəstəkarın qarşısında qoyulan tələb də elə budur.
Ümumiyyətlə çağdaş dünyada, daha dəqiq söyləsək sənətin “bu yerə”, “bu məqama” gəlib çatdığı zamanda kinoda musiqi lazımdırmı, lazım deyilmi polemikaları çox aparılır. Bəzi kinomanlar musiqinin mane olduğunu, digərləri isə əksinə əlavə təsir, effekt yaratdığını söyləyirlər. Hər halda bu gün dünya kinosunda böyük uğurlar qazanan bir çox rejissorlar musiqiyə minimum yer verirlər, bəzən isə ümumiyyətlə istifadə etmirlər.
Doğrudur, bu gün bir çox qüsurlarını musiqiylə ört-basdır etməyə çalışan rejissorlar da az deyil. Ona görə bəzən bu, kinosevərlərin etirazına səbəb olur. Tarkovskinin yerinə düşən bir fikri var, deyirdi ki, kinonun özünün ifadə vasitəsi güclü olduğuna görə digər sənət növlərindən bir az ehtiyatla istifadə etmək lazımdır. Və elə bu fikirləri rəhbər tutaraq söyləyə bilərik ki, Emin Sabitoğlu kinonun özünün ifadə vasitələrinə mane olmadan, əksinə onları duyaraq, musiqisindən keçirərək işləyən sənətkar idi. Həm də axı o Həsən Seyidbəyli, Rasim Ocaqov, Arif Babayev, Tofiq Tağızadə kimi rejissorlarla çalışıb. Bu cür sənətkarlara isə aldadıcı effekt yox, məhz yüksək səviyyəli musiqi lazım idi. Daha dəqiqi, məhz Emin Sabitoğlunun musiqisi. Hətta başqa bəstəkarlar buna görə rejissorlardan inciyirlərmiş. Bir dəfə tanınmış bəstəkarlarımızdan biri Rasim Ocaqovu yola gətirmək istəyir ki, Eminlə yox, onunla işləsin, Moskvada mehmanxananın ətrafında gəzə-gəzə Eminin əleyhinə döşəyir. Bir neçə dövrədən sonra Rasim Ocaqov “başa düşdüm hamısını, amma mən Eminlə işləyəcəm” – deyir və söhbəti birdəfəlik bağlayır. Axı doğrudan da Rasim Ocaqovun  “Təhminə”, “Ölsəm bağışla”, “Otel otağı” kimi dərin dramatizmi olan filmləri başqa musiqiyə təsəvvür etmək, qəbul etmək olarmı?!
Emin Sabitoğlunun kino yaradıcılığına nəzər salanda mövzu rəngarəngliyi diqqəti çəkir. Məsələn, Anarın ssenarisi əsasında Tofiq Tağızadənin çəkdiyi “Dədə Qorqud” filmindəki qəhrəmanlıq, döyüş motivləri, yaxud yenə Anarın ssenarisi ilə Rasim Ocaqovun “Təhminə” filmindəki sevgi mövzusu tamam ayrı-ayrı üslubları, yanaşmanı, tərzi tələb edir. Təhminə də sevgidən danışır, Beyrək də… Amma Təhminənin “Görüşdük nə çətin, ayrıldıq nə asan” deyə həzin-həzin sızlaması ilə Beyrəyin güc, əzəmət, vüqar yağan “İncə donlum yer basmayıb yeriyən” sözləri  tamam fərqlidir. Beyrəyin də, Zaurun da duyğusu sevgidir. Amma onlar özləri fərqli olduqları üçün musiqi də, tərz də seçilir və belə də olmalıdır. “Dədə Qorqud” filmindəki o məşhur kadrı, Beyrəyin at üstündə çapıb getməsi və Yalçın Rzayevin məşhur ifasını kim xatırlamır?!
 
Qurulu yaya bənzər çatma qaşlım!
Qoşa badam sığmayan dar ağızlım!
Qar üzərinə qan dammış kimi 
al yanaqlım!
Sevgilim, gözəlim, adaxlım!
Əslində Beyrək sevgilisini əzizləyir. Amma bu musiqidə vətənə məhəbbət də var, torpağa bağlılıq da, sədaqət də, güc də, şövq də… Və bir musiqidə bunların hamısını cəmləşdirmək əlbəttə ki, sadə məsələ deyil. Həmçinin “Otel otağı” (ssenari Anar, rejissor Rasim Ocaqov) filminin də çoxqatlı ideyasını, qəhrəmanın ağrısını musiqiylə çatdırmaq asan deyildi. Amma Emin Sabitoğlu Albinoninin “Adajio”su ilə yanaşı, özünün bəstələdiyi musiqilər vasitəsiylə də Kərim Əsgəroğlunun ziyalı xarakterini, Qarabağ dərdini daha da dolğun şəkildə çatdırıb.
Daha öncə də qeyd etdiyim kimi kino spesifik sahə olduğu üçün komandayla  çalışmaq məharəti tələb edir. Emin Sabitoğlunun isə çalışdığı komanda son dərəcə peşəkar və istedadlı idi. Məsələn, elə bircə Arif Babayevin “Gün keçdi” filmini örnək gətirsək, bu komandadakı adları sadalasaq yetər. Anarın “Gürcü familiyası” hekayəsinin əsasında özünün yazdığı ssenari, Arif Babayevin rejissorluğu, Vaqif Səmədoğlunun mahnı mətnləri və Eminin musiqisi, üstəgəl Həsən Məmmədov və Leyla Şıxlinskayanın oyunu, bütün bunların cəmi başqa nəticə verə bilərdimi? Təbii ki, yox. Və filmin uğurunun əsas sirri də budur. Amma bütün bunlar asan başa gəlməyib. Filmi senzuradan keçirənə kimi müəlliflər xeyli zəhmət çəkiblər… Vaqif Səmədoğlu “Bir axşam taksidən düşüb payıza, dayandıq üzümüz qibləyə sarı” – yazıbmış. Nə qədər dəqiqdir, deyilmi? Axı uzaqlardan doğma şəhərinə, uşaqlığına, sevimli Oqtayının yanına gəlmiş Əsmər məhz bu ovqatda idi, sanki ilahi həqiqəti açacağına, nəyisə dərk edib, anlayıb, bundan sonrakı həyatında daha rahat, yüksüz yaşayacağına inanırdı… Bu elə üzü qibləyə, Allahla üz-üzə dayanan adamın halı deyilmi? Amma məgər Sovet dövründə üzü qibləyə dayanmaq olardı? Bəlkə də dayanmaq olardı, amma bu barədə yazmaq, əsla… Ona görə mətni dəyişib, “dayandıq üzümüz dənizə sarı” – ediblər.
 
Dərin sularını qatıb ayaza
Dəniz də bağlandı yay kinosu tək…
Elə bu misralara da senzura “ilişib”, “sonra deyərlər ki, kinoteatr planı yerinə yetirmədiyi üçün bağlanıb” – deyə etiraz bildiriblər. İndi bunlar bizlərə gülməli gəlir, amma o böyük sənətkarların necə sənətbilməzlərə nələrisə izah etməyə çalışdığını  düşünəndə gülməyə yer qalmır…
Rejissor Ramiz Həsənoğlu danışır ki, Anarın ssenarisi əsasında “Evləri köndələn yar” tamaşasının çəkilişinə hazırlıq ərəfəsində Vaqif Səmədoğlunun evində müzakirələr edirdik. Ona süjeti danışıb mahnılar üçün necə mətn yazmalı olduğunu müəyyənləşdirirdik. O zaman Ramiz Həsənoğlu Vaqif Səmədoğlunu ilk dəfə görürmüş və bu qalın eynəkli adamın ciddi, bir az da sərt görkəmindən özünü naqolay hiss edirmiş. Hamının zarafatcıl adam kimi tanıdığı şair, ən gülməli komediyaların müəllifi iş prosesində ən sərt, ən ciddi adama çevrilibmiş. Məncə o sənətkarların uğurunun, sevilməsinin əsas səbəbi məhz budur, işinə ciddi yanaşma… Yeri gəlmişkən elə “Evləri köndələn yar”ın da bəstəkarı Emin Sabitoğludur. O tamaşadan da “Şap elə bilir şupdadı”, “Göndərərmi” kimi mahnılar xalqın dilinə düşüb.
Emin Sabitoğlunun bəstəkar kimi bir çox üstünlüklərindən biri də, yalnız peşəkar şairlərlə işləməsiydi. O heç vaxt təsadüfi müəlliflərin sözlərinə musiqi bəstələməyib. Fikrət Qoca kimi, Vaqif Səmədoğlu kimi şairlərlə çalışıb. Ona görə də hər əsəri hadisə olub. Məsələn, elə Fikrət müəllimlə birgə işləri olan “Payız gəldi” bitkin bir əsərdir, novelladır. Həmçinin bu, mədəniyyət hadisəsi olan əsərlərin ifaçıları da bəstəkar tərəfindən xüsusi həssaslıqla seçilib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Flora Kərimova, Mirzə Babayev, İlhamə Quliyeva, Xədicə Abbasova kimi sənətkarların ifasında bu mahnılar sevilib, xalqın malına çevrilib.
Emin Sabitoğlu həyatda da əsərlərindəki kimi azad olub. Birinci ailəsindən olan qızı, məşhur musiqişünas-alim, professor Ceyran Mahmudova da bir çox müsahibələrində atasının bu xarakterini xüsusi vurğulayır. Gənc xanımların sevimlisi olan, məhəbbət mövzulu mahnılarına görə cazibəsi bir az da artan, xarizmatik bəstəkar ikinci dəfə müğənni Xədicə Abbasova ilə ailə qurub. Xədicə xanım lap əvvəldən bəstəkarın fanatı olduğunu gizlətmir, müsahibələrində hər zaman söyləyir. Emin Sabitoğlunun məhz onun üçün bəstələdiyi  “Aman ayrılıq”, “Çiçək yağışı”, “Mən sizə gələcəm” kimi mahnıları bu iki insanın sevgi nəğmələri kimi səslənir.
Emin Sabitoğluyla bağlı dostlarının danışdığı əhvalatlardan biri də son dərəcə maraqlıdır. Deyirlər bir dəfə gənc fanatı Emin Sabitoğluna yanaşıb heyranlıqla “sizin mahnıları sevirəm, siz böyük bəstəkarsız” filan deyə tərifləyirmiş. Emin müəllim qulas asıb, sonra deyib “Qızım, lazım deyil, mən bu bəlaya bir dəfə düşmüşəm”… O zaman Xədicə xanımla evli idi artıq. Və “bəla” dediyi də məhəbbət imiş. Doğrudan da o BƏLAnın hər qatını, hər üzünü yaşamayan adam o cür eşq mahnıları yarada bilərdimi?! Yox, əlbəttə!
1994-cü ildən Emin Sabitoğlu Türkiyəyə köçdü, İstanbul Texniki Universitetində dərs dedi ömrünün sonuna kimi. Həm Bakıdan uzaq, həm doğma vətən üçün darıxaraq, həm də ürəyi Bakıyla döyünərək.
Anar xatirələrində yazır: “Bir dəfə Rasim Ocaqov, mən və Emin söhbət edirdik. Mən də İstanbulda dərs dediyim vaxtlar necə darıxdığımı, Emin də Bakıdan ötrü qəribsədiyini dedi. Rasim Ocaqov təklif elədi ki, bu duyğularımızdan bir mahnı yaradaq. Mən sözlərini yazım, Emin musiqisini bəstələsin. Belə də oldu, yazdıq”.
Həmin əsəri Emin Sabitoğlu heç kəsə vermədi oxumağa, yalnız özünün royal arxasında ifası qalıb…
 
Göy Bosforda gəmi üzər,
Yada düşər mavi Xəzər…
Emin Sabitoğlunun geniş yaradıcılığına, fəaliyyətinə, həmçinin kino yaradıcılığına nəzər salanda onun vətəni necə duymasını, sevməsini də aydın hiss etmək olur. Və mənə belə gəlir ki, göy Bosforun, ya da mavi Xəzərin sularından baxanda o uzaq yaşıl ada həmişə onun gözünün önündə olub.
PƏRVİN
“525-ci qəzet”
KÖŞƏ YAZARLARI
TOP 10