Entoni de Mello

15 Baxış

Entoni de Mello

Dilrubə Cəfərova

Entoni de Mello

Mənəviyyat haqqında kitabları bütün dünyada məhşur olan yazıçı, ilahiyyatçı və filisof Entoni de Mello 1931-ci ildə Hindistanın Bombey şəhəri yaxınlığında hind katolik ailəsində doğulmuşdur. Dini təhsil alaraq yezuit rahibi olan Entoni sonralar fəlsəfəni, psixologiyanı öyrənmiş, 50-ci illərdə görüşlərində baş verən dəyişikliklər nəticəsində Şərq mənəviyyatına və mistikasına daha çox meyl etməyə başlamışdır. Dini mənsubiyyətindən asılı olmayaraq hər bir oxucu üçün yaxın və anlaşıqlı olan kitablarında de Mello Şərq xalqlarının pritçalarını, xristianlıq, buddizm, induizm təlimlərini, eləcə də lətifələri, Xoca Nəsrəddin haqqında hekayələri və s. sintez etmişdir. Təsadüfi deyil ki, Mellonun Şərq dünyagörüşlərinin təsiri altında formalaşan və katolisizm ehkamlarına o qədər də uyğun gəlməyən fikirləri bir çox xristian teoloqları tərəfindən qəbul edilmir.  Hətta 1998-ci ildə, Mellonun ölümündən 11 il sonra Vatikan tərəfindən dərc edimiş “Entoni de Mellonun əsərləri ilə əlaqədar xəbərdarlıq”da  Xristian dininin ehkamlarına zidd xaraktrinə görə  kitablarının satışdan çıxarılması təklifi irəli sürülürdü. Dünya ictimaiyyətinin birmənalı qarşılamadığı bu qərara Vatikanın informasiya xidməti öz press-relizində aydınlıq gətirərək kitabların, buradakı fikirlərin heç də hamısının katolik dininə uyğun gəlmədiyi haqda xəbərdarlıqla nəşr olunmasını tövsiyə etmişdi.

Mellonun kitablarında öz hekayələri ilə yanaşı  bir çox xalqların mədəniyyət və dinlərini əhatə edən hekayələr də toplanmışdır. Onlar bəşəriyyətin mənəvi irsinə məxsusdur. Müəllifin xidməti isə onları müəyyən bir ideya ətrafında birləşdirməkdən ibarətdir. Özü yazdığı kimi, o, sadəcə, toxucu və boyaqçının işini yerinə yetirib. Pambıq və sapın şöhrətunə şərik olmaq fikrindən uzaqdır.

- Bu adamda qeyri-adi nə var ki? – deyə ziyarətçi soruşdu. – O, sadəcə olaraq, digər ustadların müxtəlif hekayələrindən, məsəllərindən və kəlamlarından hazırlanmış şorbaya qonaq edir.

Şagird bu sözə güldü. Və özünün dünyada ən dadlı şorba bişirən aşpazı barədə danışdı. Ondan soruşmuşdu:

- Sən belə ləzzətli yeməyi necə hazırlaya bilirsən, əzizim? Bunun sirrini mənə açmalısan.

Aşpaz qadının üzü iftixardan işıqlanmışdı:

- Mm… elə bir şey yoxdur, madam, belə deyim də sizə: əsas o deyil ki, mən xörəyə nə qədər ət, bibər və soğan qatıram, əsas odur ki, mən özüm bu şorbaya atılıram – bax onda xörək belə dadlı alınır.

Mellonun yaradıcılığı reallığı olduğu kimi qəbul etməyə özündə güc tapan, hər bir anın gözəlliyini duya, dünyadan zövq ala bilən, ən əsası isə ürəyi həyatda mövcud olan bütün varlıqlara məhəbbət və mərhəmətlə döyünən bir sufinin insanlara qoyub getdiyi mirasdır. Onun düşüncələrinin leytmotivini məhəbbət,  bu məhəbbətin yolunu kəsən maneələr – asılılıq, ehtiras, bağlılıq, ehkamlar və hər bir kəsin bu maneələri aşaraq həqiqi məhəbbət tapa biləcəyinə dərin inam təşkil edir.

Mellonun böyük həmvətəni Rabindranar Taqor yazmışdır: “Allah istəyir ki, onun məbədi məhəbbətdən tikilsin, insanlar isə daş gətirirlər”. Görünür, insan təbiətinə dərindən nüfuz edən, insanlara böyük məhəbbətlə yazılmış kiçik pritçaları ilə dünyanı heyrətə gətirən Entoni dərk etmişdi ki, insanlar arasında məhəbbət olmasa, inam və ehkam da yalnız daş olaraq qalacaq.