Erməni xəyanəti “Bakı rüzigarı” romanında – ANIM

8 Baxış

814f5879348137872dfca5892cacc2d6

İsmayıl Saryal (Seyidzadə) 1896-cı il fevralın 13-də Gəncədə, Vəqflər müdiri Mir Hacı Seyid Əhməd və Minabəyim xanımın ailəsində dünyaya gəlib. O, ibtidai təhsilini Gəncədə alıb, Lənkəranda gimnaziyanı bitirib, Kiyev Politexnik İnstitutunun elektrik mühəndisliyi fakültəsinə daxil olub.

1917-ci il inqilabından sonra təhsilini davam etdirə bilməyən İsmayıl Seyidzadə Bakıya qayıdıb, Milli Hökumət tərəfindən Almaniyaya, Berlin Texniki Universitetinə göndərilib. 1924-cü ildə təhsilini tamamlayan gənc mühəndis evləndiyi alman qızı Helena ilə Azərbaycana qayıdıb, Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolunda mühəndis kimi çalışıb, eyni zamanda N.Nərimanov adına Politexnik Texnikumunda dosent və M.Əzizbəyov adına Politexnik İnstitutunda assistent işləyib. Amma amansız Stalin repressiyası təhlükəsi altında 1929-cu ilin sentyabrında ailəsilə birgə İrana, 1930-cu ilin yayında isə Türkiyəyə qaçmağa nail olub.

Saryal soyadı götürən İsmayıl Seyidzadə Ankarada məskunlaşıb, Elektrik və Qaz fabrikində işə girib, həmin müəssisənin baş mühəndisi vəzifəsinəcən yüksəlib.

İsmayıl Saryal 1982-ci il fevralın 13-də Ankarada vəfat edib.

Onu da qeyd eləyək ki, İsmayıl Saryal Milli hökumətin naziri və sədri olmuş Nəsib bəy Yusifbəylinin yaxın qohumu, unudulmaz şairimizi Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanımın anasının dayısıdır. 

İsmayıl Saryalın qələmə aldığı, oğlu Nuri Saryal və Nəvəsi Nilgün Saryalın çapa hazırlayıb 1998-ci ildə Ankarada nəşr etdirdikləri “Bakı ruzigarı” romanı əsrin əvvəllərinin Gəncəsi, müstəqillik dövrü və 20-ci illərin Bakısı, eləcə də Kiyevdə, Şimali Qafqazda, İstanbulda, Parisdə, Berlində, Moskvada baş verən hadisələr  və Cümhuriyyət tələbələrinin taleyi haqqında haqqında dəyərli mənbədir. Ümidvarıq ki, Azərbaycan türkcəsində çapa hazırlanan roman oxucular tərəfindən böyük maraqla qaşılanacaq.

Nəriman Əbdülrəhmanlı

***

Bir vaxtlar Gəncə böyük əhəmiyyətə malik idi. Oğuzun gimnaziyaya qəbul olunduğu dövrdə şəhər türklüyün mərkəzinə çevrilmiş, ziyalıların və qabaqcıl fikirli adamların əksəriyyəti burada toplaşmışdı. Aralarında rus idarə üsulunu bəyənməyənlər və millətini azadlığa çıxarmaq istəyənlər vardı. Onlar ruslaşdırma siyasətinə son qoyulmasını, təhsilin türk dilində aparılmasını, türk tarixinin tədris edilməsini və milli heysiyyata toxunulmamasını tələb eləyirdilər. Həmin adamlar rus məmurları tərəfindən uzaqdan və ya yaxından tanınır, fəaliyyətləri izlənir, ən xırda tərpənişin qarşısı dərhal alınırdı. Bu savaş səssiz-səmirsiz aparılırdı, zahirən heç bir anlaşılmazlıq yox idi. Bu toqquşmadan kənarda türk vətəndaşlar digərlərindən ayrı-seçkilik olmadan yaşayır, iş yerlərində vəzifə ala, ən yüksək mövqelərə ucala bilirdilər.

Ruslar Kazan və Krım tatarlarından nümunə götürüb Azərilərə də “tatar” adı vermişdilər. Bu da Azəri türklərini Osmanlı türklərindən ayırmaq məqsədi güdürdü. Azərilərin təzyiqindən sonra rəsmi dairələrdə “türk” sözü əvəzinə, heç olmasa, “tyurok” kəlməsindən istifadə edilməsinə icazə verilmişdi. Bu, türklərin əldə elədikləri yeganə uğur idi.

Erməni əhalisi də rus üsul-idarəsindən razı deyildi; amma onların apardıqları gizli mübarizə daha təsirli oldu. Müxtəlif vaxtlarda bir neçə rus məmuru öldürülmüşdü.

Rus üsul-idarəsinə qarşı aparılan bu gizli mübarizə türklərlə ermənilər arasındakı köhnə dostluğu daha da gücləndirmiş, iki qonşu millət az qala bir-birilə qaynayıb-qarışmışdı.

Vəziyyətdən xoşlanmayan rus məmurları öz təhlükəsizliklərini təmin eləməyi bu iki xalqın arasını vurmaqda gördülər və bu niyyətlərini böyük bacarıqlar həyata keçirdilər.

Buna baxmayaraq, iki qonşu millətin ortada ciddi bir səbəb olmadan toqquşacağına inanmayanlarla yanaşı, barmaqları tətikdə gözləyənlər də vardı. İlk qığılcımın düşməsi bəs eləyəcəkdi.

Həmin ilk qığılcım türk tərəfdəki bazarda partladı. Güllənin kim tərəfindən atıldığı axıradək məlum olmadı. Türk-erməni toqquşması baş tutmuşdu. İlk gün hər iki tə5rəfdən çoxlu adam öldürüldü. Öz tərəfinə qaçan canını qurtara bildi. Hökumət isə bitərəf qalacağını elan elədi. Hər iki tərəfin dağlarda gizlənmiş qaçaqları şəhərə endi. Hökumət buna da göz yumdu. Toqquşmalar döyüşə çevrildi.

Bir çoxları kimi, Qayalı ailəsi də hadisələrdən kədərlənmişdi. Ailənin başçısı Əhməd bəy elə hey deyirdi:

“Bu necə baş verdi, buna nə ehtiyac vardı?”

Ailə axşam süfrəsi arxasında əyləşib yeməyə yenicə başlamışdı ki, keçə qapısı döyüldü.

“Xeyir ola belə”, – deyib Əhməd bəy özü qapıya getdi.

Gələn Mehdi ağa adlı qonşusu idi. Yaşlı və yoxsul olan Mehdi ağanın yan küçələrdən birində kiçik baqqal dükanı vardı. Ailəsini dolandırmaqda çətinlik çəkirdi. Ermənidən dönmə qarısı Sara qohumlarıyla əlaqəsini kəsmişdi, namaz qılır, orucunu ötürmürdü. Əməlli-başlı müsəlman olmuşdu. Əhməd bəy soruşdu:

“Xeyir ola, Mehdi ağa. Niyə içəri girmirsən?”

Əhməd bəy ona hörmət bəsləyir, hərdən dükanına gedib söhbət eləyirdi.

“Sağ olun Əhməd bəy. Sizinlə gizli bir şey danışmaq istəyirəm”.

Əhməd bəy bayıra çıxıb qapını arxasınca örtdü.

“Məni lap maraqlandırdın. De görək o gizli şey nədi?”

“Bugünkü toqquşma vaxtı Saranın qohumlarından biri dükanın arxasında gizlənə nilib, gecənin qaranlığından istifadə eləyib bizə gəlib. İndi yalvarır ki, məni qurtarın. Neyləyəcəyimi bilmədim. Dedim, sizinlə məsləhətləşim”.

Əhməd bəy başını aşağı salıb xeyli düşündü.

“Sən əvvəlcə qonağı bizə gətir qarnını doyuraq, sonrası Allah Kərimdi”.

“Biz yedirtdik, qarnı toxdu”.

“Onda səhərəcən rahatca yatın. Dan yeri ağaranda silahını da götür, qonağınla birgə bizə gəl. Yaz vaxtıdı, hava gözəldi, şəhərin qırağına çıxar, qonağınızı Gəncə çayından öz tərəfinə keçirərik”.

Danışdıqları kimi də elədilər. Səhər erkən iki qonşu qonaqla birgə boş küçələrdən keçib şəhərin kənarına çıxdılar. Uzaqdan ayaq səsləri eşidildi. Onlara yaxınlaşanlar vardı. Çox keçmədən qarşılarında iki adam silueti peyda oldu. Lap yaxınlaşanda onların ermənilər tərəfdə qalan, gecənin qaranlığından istifadə eləyib erməni dostları tərəfindən ötürülən iki türl müəllim olduğu aydınlaşdı.

Əhməd bəy və Mehdi ağa qonaqları öz tərəflərinə keçirdilər, razı halda evə qayıtdılar. Kim bilir, günlərlə davam eləyən toqquşmada neçə insanın həyatı eyni tərzdə qurtarılmışdı.

Dəmir Körpünün sağ və sol tərəflərində yüz metrlərlə uzunluğunda səngərlər qazıldı, hər iki tərəfin cavanları növbə çəkməyə başladılar. Hər qımılrıya və qaraltıya güllə atırdılar. Körpüyə yaxın küçə və dalanlardan keçmək mümkün olmadı, araya divar çəkildi.

Dörd gün keçsə də hələ şiddətli atışma başlamamışdı. Bəlkə də toqquşmaya bununla da son qoyula bilərdi; Amma Hacıkənddə türklərə məxsus binaların ermənilər tərəfindən yandırılması toqquşmanı alovlandırdı. Xəbər türklər arasında həyəcan yaratdı, cavanları səngərdə saxlamaq mümkün olmadı. Körpü keçiləcək, şiddətli döyüş başlayacaqdı.

Lazımi hazırlıqlar başa çatmaq məqamında rus idarəçilər fikirlərini dəyişdilər, toplarını körpünün yanına gətirib bir neçə dəfə atəş açdılar, toqquşmanın başa çatdığını elan elədilər.

Türk-erməni toqquşması sona çatdırılmışdı, amma türklərlə ermənilər arasındakı dostluq pozulmuşdu və o dostluğun yenidən qurulması üçün uzun illər tələb olunurdu. Toqquşma yalnız rus idarəçiləri uzun müddətli rahatlığa qovuşdurmuşdu.

Toqquşma şəhərin həyatında da bəzi dəyişikliklər elədi. Türklər yaşayan tərəfdəki böyük erməni ticarətxanaları bağlandı, böyük bazarın cah-calalı pozuldu. Yalnız gimnaziyanın bir hissəsi müvəqqəti olaraq açıldı. Türk əhali istirahət yerlərinə gedə bilmədi, yay aylarında qan-tərə batdı və gecələrini narahatlıq içində keçirdi.

KÖŞƏ YAZARLARI
TOP 10