“Ermənilərdə keramika sənəti yoxdur…”

71 Baxış

Keramika 2.png Senet.az “Ustad” jurnalının ikinci sayında dərc olunan keramika sənəti ilə bağlı reportajı təqdim edir.

“ÖLÜLƏR KİTABI”NA DÜŞƏN BAKI

 “ERMƏNİLƏRDƏ KERAMİKA SƏNƏTİ YOXDUR, ÇÜNKİ ONLAR GƏLMƏDİRLƏR”

 “Gilin dünyada 128 palitrası var ki, bunun 98-i Azərbaycanın payına düşür”

           “USTAD” jurnalı bu dəfə oxucularına “Keramika dünyasından reportaj” təqdim edir. Baş çəkdiyimiz ünvan bizi keramika sənətinin dəyərli nümunələri ilə də, ustadları ilə də görüşdürə bildi. Eyni zamanda, Azərbaycanın keramika tarixi və ənənələri haqqında da maraqlı məlumatlar əldə etdik. Buyurun, yazdıqlarımızın izi ilə gedərək siz də bu sehrli dünyanı qiyabi də olsa dolaşa bilərsiniz…

Hər bir sənətin öz ustadı var. Biz də layihəmizə keramika sənətinin ustadı Mir Teymur Məmmədovla başladıq. Reportaja getdiyimiz vaxt Mir Teymur Məmmədov qazaxıstanlı rəssam Artyom Qorislavetslə “Beynəlxlaq duet-keramika üzrə simpozium”a  hazırlaşırdı. Qeyd edək ki, ilk duet-simpozium Qazaxıstanda, Çimkənd şəhərində keçirilib. Layihədə Mir Teymur Məmmədov və Artyom Qorislavets 14 iş ərsəyə gətiriblər.

İçərişəhərin dar küçələriylə gəzişib Mir Teymur Məmmədovun evini (İçərişəhər. M. Maqomayev küç. 90) asanlıqla axtarıb tapdıq. Bilməyənlər üçün deyək ki, bu ev emalatxana olmaqla yanaşı, həm də Keramika Mərkəzidir. Evin fasadını rəssamın müxtəlif vaxtlarda hazırladığı əl işləri bəzəyir. Və sanki bura gələn ziyarətçiləri evin içərisindəki nağıllar aləminə aparmaq üçün belə bir “başlanğıc”, belə bir “qarşılama” mütləq imiş. Sanki bu nümunələr öz varlıqları ilə, yaratdıqları sirli ovqatla insanı içəridə görəcəyi gözəlliklərə hazırlamaq missiyası daşıyır…

          Qapını bizə Artyom açdı. İçəri daxil olduq. Pilləkənlərlə yuxarı qalxanda o, tavandan asılmış keramik zınqırovlara toxundu. Bu səs bizə “Nağıllar aləminə xoş gəlmisiniz” deyirdi elə bil.

          Mir Teymur Məmmədovun işlədiyi otağa daxil olduq. Salamlaşdıq. Çalışırdı. Gördüyü işlə maraqlandıq. Öyrəndik ki, simpozium üçün növbəti – 5-ci kompozisiyanı hazırlayır. Əsərlərindəki elementlərin türk tarixiylə (Oğuz və Altaylar), Qobustan petroqlifləri ilə (qayaüstü rəsmlər), Orxon-Yenisey abidəsindəki işarələrlə, bir sözlə, köklərimizlə bağlı olduğundan danışdı. Elə danışa-danışa da kompozisiyanı işləməyə davam edirdi. Baxdıqca anlayırdın ki, bu, sözün əsl mənasında zəhmət və güc tələb edən işdir. Və digər sənətlərdən çox fərqlənir. Elə özü də keramika işinin çətinliyindən söhbət açarkən müasir rəsm əsərlərinə münasibət bildirirdi:

          – Bu kətan deyil ki, rəngləri vedrəylə töküb, üstündə ayaqla gəzib deyəsən ki, əsər yaratmışam. Müasir incəsənət indiki zamanda təhrif etmək, insanları aldatmaqla məşğuldur. Bu, milli kökləri, millətləri məhv etmək üçün qərbin istifadə etdiyi alətdir. Qlobalizasiyanın təzahürü olan internetin yaranması çox yaxşıdır. Məsələn, onun vasitəsiylə 5 dəqiqəyə Amerikayla əlaqə yarada bilirəm. Qısa zaman içərisində istənilən informasiyanı almaq da olur. Bu, çox yaxşıdır. Amma digər tərəfdən qlobalizasiyanın milli kökləri məhv etməsi də baş verir ki, bu isə əksinə, mənfi haldır. Milli kökləri olmayan insanları idarə etmək çox asandır. Bu cür simpoziumların keçirilməsinin isə ölkə üçün çox böyük əhəmiyyəti var. Çünki, siyasi tərəfdən baxsaq görərik ki, keramikayla yalnız  avtoxton (yerli əhali) millətlər məşğuldurlar. Məhz onlar  yararlı gilin harda olduğunu, sobanı harda və necə tikmək lazım gəldiyini yaxşı bilirlər. Məsələn, ermənilərdə keramika yoxdur. Çünki onlar gəlmədirlər. Qaraçılarda da keramika sənəti yoxdur. Ona görə ki, onlar torpağa bağlı xalq deyillər.

Keramika 2

          Söhbətimizin bu məqamında Mir Teymur Məmmədovun şagirdi bərpaçı rəssam, keramikaçı Cəfər Əliquliyev otağa daxil oldu. Mir Teymur Məmmədov:

          – Cəfər mənim keçmiş şagirdimdir. İndi ustaddır, özü öyrədir. Məndən sonra kimsə qalsın deyə, tələbələrimi elə öyrədirəm ki, sonra ustad ola bilsinlər. Məndən sonra Azərbaycan üçün keramika sənətində Cəfər qalacaq.

Müsahibələrinin birində Mir Teymur Məmmədov evinin fasadındakı əl işlərindən birini yoldan keçən 17-18 yaşlı uşaqların sındırdığını ürək ağrısıyla qeyd etmişdi. Həmin heykəlciyin  aqibətini soruşuruq.

          – Elə Cəfərlə birlikdə o uşaqları hadisə yerində tutmuşduq. 3 nəfər idilər. Onlara dedim ki, axı bu gözəlliyi özümlə o dünyaya aparmaq üçün yaratmamışam. Camaat üçün yaratmışam. İstəmişəm ki, gəlib baxsınlar. Bunların hamısı tarixdir.

          Mir Teymur müəllim evin divarlarını bəzəyən gillərdən, onların özəlliyindən söz açdı:

          – Evin divarındakı gillər müxtəlif rəngdədirlər. Dünyada gillərin 128 palitrası var. Onun 98-i Azərbaycanın payına düşür. Azərbaycan bu mənada birinci yeri tutur. Belə bir torpaqda yaşadığımız üçün fəxr etməliyik.

          Söhbətimizin davamında Mir Teymur müəllim Artyomla birlikdə bizi çaya qonaq etdi. Fincanların birinin üzərində Qız qalasının şəkli həkk olunmuş, digər tərəfində isə bu abidənin X-XII əsrlərə aid olduğu qeyd edilmişdi. Mir Teymur müəllim Qız qalasının tarixi haqqında danışmağa başladı:

          – Qız Qalası b.e.ə VI əsrə aid olan abidədir. Fincanı istehsal edən bilməli idi ki, o neçənci əsrin abidəsidir. Kitabı, interneti oxuyur, görür ki, orda XII əsr yazılıb. Amma Qız Qalasının XII əsrə aid olduğunu ruslar yazıblar. Onu da qalanın üzərindəki kitabəyə əsasən yazıblar, çünki həmin kitabə Şah I Axsitanın zamanından ora vurulub.

Otağın küncündəki radioda caz musiqisi səslənir… Söhbətə başladığımız andan bəri müxtəlif caz musiqiləri bir-birini əvəz edir. Bununla fərqinə varırıq ki, Mir Teymur Məmmədov caz sevənlərdəndir. Daha sonra o, iş prosesi haqqında bunları danışdı:

          – Çox vaxt əsərlərin çertyojunu hazırlamıram. Hərdənbir cızmaqara edirəm. Amma bir də görürsünüz ki, o cızmaqaradan tamam fərqli bir kompozisiya yarandı.

          Söhbətimizin davamında Mir Teymur Məmmədovun şagirdi Cəfər Əliquliyev də bizə qoşulur və evin divarlarını bəzəyən əl işləri haqqında məlumat verməyə başlayır:

          – Rayonlarımızda sandıq qəbirlər var ki, onların üzərində müxtəlif elementlər həkk olunub. Bu elementlər qəbirdə yatan şəxsin hansı peşəyə sahib olduğunu göstərən nişanələrdir. Məsələn, qayçı və tikiş maşını işarəsi insanın dərzi, silah və quş – ovçu, bel isə əkinçiliklə məşğul olduğuna işarə edə bilər. Elə rəsmlər də vardır ki, onlarda insan atın üstündə təsvir edilib. Bu element həmin adamın ya kəndxuda, yad da böyük rütbəli şəxs olduğunu bildirir. Məhz bu nişanları-petroqlifləri Mir Teymur müəllim köçürərək, onları öz əsərlərində əks etdirib.

          Cəfər Əliquliyev söhbətimizin davamında bizi digər otağa dəvət etdi. Otağın hər tərəfində əl işləri var idi. Ayağımızı qoymağa yer tapmır, ehtiyatla hərəkət etməyə çalışırdıq ki, hansısa əsərə toxunmayaq. Cəfər müəllim Mir Teymur Məmmədova həsr etdiyi “Ustad” adlı əsərindən bəhs etdi:

          – Bu mənim diplom işimdir. 2002-ci ilə aiddir. Mir Teymur müəllimin əl işlərindən ibarət kompozisiya hazırladım. Gördüyünüz bu büst isə həmin kompozisiyanın üst hissəsidir. “Ustad” kompozisiyası indi Rəssamlıq Akademiyasında saxlanılır.

          Cəfər Əliquliyev bu otaqda bizə həm öz əl işlərindən, həm də ustadı Mir Teymur Məmmədovun əl işlərindən danışdı:Keramika 13

– Burda elə əl işləri var ki, əvvəl hazırlanıb sonra kənara qoyulub. Hətta illərlə qalanlar var. Bir də görürsən ki, çoxdan hazırladığın heykəlciyə sonradan elə elementlər, elə hissəciklər hazırlayıb əlavə edirsən  ki, tamam başqa kompozisiya  yaranır. Bu işləri hazırlamaq üçün vaxt məhdudiyyəti yoxdur. Çünki məhdudiyyət olsa işləmək çətinləşər. Ancaq sərgilər keçiriləndə məcburən vaxta görə çalışmalı oluruq. Məsələn, məndə evdə elə iş var ki, bir ildir bitirməmişəm. İstədiyim effekti almaq üçün gözləyirəm. Rəng özünə gəlməlidir. Çoxu elə bilir ki, boyanı çəkmək elə rəssam olmaq deməkdir. Amma belə deyil.

          Evin fasadındakı işlər demək olar ki, 5 ilin ərzində yığılan əsərlərdir. Mən də bunların hazırlanmasında Mir Teymur müəllimə kömək etmişəm. Əl işləri ayrı-ayrı ölçülərdə olduğundan onlar elə yığılmalıdırlar ki, aralarında boşluq qalmasın. Bunun üçün də kiçik daşlardan istifadə edirik. Günəşlidən, Şamaxıdan, Ağsudan gətirdiyimiz gillərlə işləyirik. Mir Teymur müəllim həmişə deyir ki, biz böyük sərvətə malikik. Neçə əsrin gili əlimizdən gəlib keçir.

Cəfər Əliquliyevdən əsərlərin hazırlanmasında hansı rənglərdən istifadə edildiyini soruşduq:

– Bu rənglər müxtəlif metalların duzlarından hazırlanır. Məsələn, yaşıl rəng misin, boz rəng qurğuşunun duzudur. Bir də hazır piqmentlər var ki, keramik zavodlarda hazırlanır. Onları hazır alırıq. Baha olmasına baxmayaraq, almağa dəyər. Kim ki, bu işə bağlıdır, bahalığa baxmır. Məsələn, elə rənglər var ki, əlimizə nadir hallarda düşür. Buna misal olaraq qara və tünd göy rəngdə olan kobaltı göstərmək olar. Rənglərin əksər hissəsini Rusiyadan gətiririk.

Keramika 9

          Söhbətimizi evin 1-ci mərtəbəsində davam etdiririk. Cəfər müəllim divara yapışdırılmış əl işlərinin mənalarını bizə izah edir:

        

          Cəfər müəllim, onu da qeyd edir ki, bu əsərləri yapışdırmaq üçün xüsusi, dənizdə istifadə üçün olan sementdən yararlanırlar.

          Danışa-danışa daha bir otağa adlayırıq. Bu otağı da Mir Teymur Məmmədovun və Cəfər Əliquliyevin əl işləri bəzəyir. Cəfər müəllim bizə qeyri-adi formalarda hazırlanan çaydanları göstərir:

– Burda elə çaydanlar var ki, məişətdə istifadə etmək üçündür. Elə işlər də var ki, onları suvenir kimi kolleksiyada saxlamaq olar. Bu, MDB-dir. Sovetlər birliyinə daxil olan 15 respublikanın sovetlər dağıldıqdan sonra birləşməsi. Amma sovetlər birliyi dağılsa da, bu 15 respublikada həmin rejimin təzahürləri qalmaqdadır.

Bunlar isə damğalardır. Azərbaycanla bağlıdırlar. Türk damğalarıdır. Bunlar da xalçalardır. Xalçaların üzərində əks olunan naxışlar damğalardan götürülüb. Bu, kukutendir, mənim işimdir. Bunu müasir formada hazırlamışam. Həmin elementlər naxış kimi qadın fiqurunun üzərində qurulub. Rumınlarda kukuten müqəddəs qadın simvoludur. Onlar qadını həddindən artıq müqəddəsləşdiriblər. Tarix muzeyində bu fiqura oxşayan eksponatlar çoxdur. Yəni bizim tariximizdə də bu cür fiqurlar olub. Rumınlarda bu fiqurlar neolit dövrünə, bizdə isə paleolitdən də əvvəlki dövrə aiddir. Qobustan qayaüstü rəsmlərində də bu elementləri görmək olar. Bəzən insanlar elə düşünürlər ki, hansısa element yalnız bir xalqa aiddir. Ona görə də dinin insanları parçaladığı qənaətinə gəlirlər. Amma bu naxışlar Belarusiyada da ola bilər, Çində də ola bilər, Avropada da.

Bu otağı da tərk edirik. Yenə də əl işləriylə bəzənmiş divarlara yaxınlaşırıq. Cəfər müəllim bizə boylanan bu obrazlar haqqında danışır:

– Bu eyvanda gördükləriniz İçərişəhərin, Bakının xarakterik obrazlarıdır. Yəqin ki, “Şərikli çörək” filmində gördüyünüz bu obrazlar yadınızdadır. Yuxarıdakılar isə portretlərdir. Bura gələnlər onlara baxanda hərə öz yaxınına, tanıdığı birinə bənzədir.

Daha sonra yuxarı – Mir Teymur Məmmədovun çalışdığı otağa qayıdırıq. O  divarlarda rast gəldiyimiz balıq elementlərinin tarixindən söz açır:

          – Bakıda balıq əsas qidalardan biri idi. Qobustanda balıq və qayıq petroqliflərinə çox rast gəlmək olar. Bakı şəhərinin adının etimologiyası barədə fransız əsilli ingilis misirşünası Flinders Petri də yazıb. O, Misir heroqliflərini deşifrə etmiş alim kimi tanınır. Misirdə “Ölülər kitabı” var ki, burada ən məşhur hadisələr, ən məşhur ölkələrin adları qeyd edilib. Flinders Petri isə “Ölülər kitabı” na istinadən yazıb: “Bizdən şimal-qərbdə dənizəbənzər göl var və bu gölün suyu çox duzludur. Buranın yerli əhalisi həmin ərazini “Bakhau” adlandırır. Həmin kitabədə bu ad iki cür  “Bakhau” və “Bakhou” şəklində yazılıb”. Bir sözlə, bizim dənizimiz öz sərvətləriylə o qədər zəngin idi ki, məşhur “Ölülər kitabı”na düşə bilmişdi.

Mir Teymur Məmmədovla söhbətimiz burda yekunlaşır. Onunla və şagirdi Cəfər Əliquliyevlə ünsiyyətdə olduğumuz 2 saat müddətində tariximizə, keçmişimizə nəzər saldıq. Müşahidə etdik ki, Mir Teymur Məmmədovdan hər dəfə nəsə soruşanda, Cəfəri dindirir, sualı onun cavablandırmasını istəyir. Çünki bir vaxtlar özü bunları şagirdinə öyrədib və sanki indi həm də bizim vasitəmizlə keçmiş şagirdini imtahan edir. Onun danışdıqlarını dinlədikcə, yaratdığı əsərlərə baxdıqca  ustadın Vətənini necə sevdiyinin şahidi olduq. Hazırladığı əsərlərə baxanda sanki onlar canlanır və bizə deyirdilər ki, “mən sənin tarixinəm, məni tanı, öyrən, yadda saxla və paylaş”. Biz də öz növbəmizdə bunları öyrənib gördüklərimizi, hiss etdiklərimizi sizinlə paylaşmağa çalışdıq. Ümid edirik ki, əziz oxucularımız, siz də bu yazıdan sonra sirli İçərişəhərin nağılvari emalatxanasına baş çəkmək istəyəcəksiniz. Və orada gördükləriniz dünyanıza yeni rənglər qatacaq.

Hazırladı: Səma Fuadqızı, Aytəkin Mirişova;

Fotoqraf: Elvin Əsgərov