Aysel Abdullazadə
EŞQ’ə varış
Dilin deyil də, gözlərin danışması
Yaşanmışlığın ən səssiz çığlığı
Mötəbər arzuların səcdə etdiyi o nəsnə..
Duyğuların pərçimlənmiş azadlığı
Bütün simgələri ifadə edən tək təbəssüm
Xəyal mənbəyi, ümid başlanğıcı…
Bəyaz bir kağıza yazılmış üç hərfli tək heca
Və istinad edilən bütün sətirlər
Sonsuzluğa çıxan o təlatümlü şeirlər…
Qor bir atəşin sönməyən qığılcımları
Düşdüyü yeri yandıran əsrarəngiz alov
Və üzərinə çökmüş, tənindən qazınmayan o tüstü…
Çıxdığın yolda “O”na varmaq
İtaətin məğzi – diz çökdüyün anın düyünlərini açmaq
Sonunda qayıdış, “O”na dönüş
Adı EŞQ olan “O”ndan yenidən ayrılış…
Nağıl dünyası
Arzularını soruşdum,
“dünyalar qədərində” – söylədi.
dünya böyük də,
sən necə kvadrat metrində mutlusan?!
onu düşündü…
Əslində, qollarını aça bildiyi qədər mutlu idi
qışqıra bildiyi, səsinin yetdiyi yerə qədər.
ciyərinə çəkdiyi nəfəs boyda
dar olsa da, ürəyi
arzularının enişliyi yoxuşa varana qədər asan idi…
Xəyalları gerçəkləşənə qədər xəyal,
sonrasında düş qırıqlığı
cazib olmayan yaşam olanaqları kimi
mənasız idi…
Əslində, görə bilmədiyi qədər sonsuzluqla qaplanmışdı dünyası.
Sona çatmaq yenidən başlamaq idi
bunu bilsə, sona heç çatmayacaqdı,
varmayacaqdı arzuların həqiqətinə,
qalacaqdı nağıl dünyasında…
***
Sevda qatarı…
Sevda qatarı yol almaqda
eşq, kimsəsizlər diyarına yolculuqda
bütün aldanışları, xəyanətləri
və ürək ölümü gerçəkləşmiş cəsəd sevgiləri
geridə buraxmaqda…
Sevda qatarı yol almaqda
sevgidən keçməyən yollarla gedib, sona varmaqda
o yollarda, qatar sürətinin küləyi ilə arınmaqda
və bir daha dönüşü olmayan
tək biletlik gedişlə vidalaşmaqda…
Hər şey eynidir, hər şey fərqli
Gözlər eyni yönə baxar
fəqət, fərqli şeylər anladar
fərqli sözlər yağar bəbəklərin qara giləsindən…
Dodaqlar eyni cür pıçıldayar
kimi eşq dolu sözcüklər deyər
kimi isə birləşməsi ilə candan ruh qoparar…
Eyni cür açılar qəmzələr yanaqda
içdən bir təbəssümlə
ya da göz yaşına bulanmış hıçqırıqla…
Eyni nəfəs dolar ciyərlərə
dumanlı bir sabahın şehli havasından
günəşin yandırıcı odu ilə qarışmış bir “O 2″dən…
Barmaqlar eyni istiqamətdə dolaşar saçlarda
ya təlatümsüz axıcı xəyallarla,
ya da gecənin qor atəşindəki ehtirasla…
Hər gecə eyni cür açılar sabaha
bəzən, günəşin şəfəqləri doğrultusunda
olmadısa, bəyaz buludların nisgilli fəğanı ilə…
Hər şey eynidir, əslində,
hər şey fərqli…