Eşqli günlərin Şaiqi.. və son…

65 Baxış

img1419314

Şaiq Vəli

Yox, o qədər də uzun deyildi dostluğumuzun tarixi. Vur-tut altı il… Altıca il və əbədiyyət qədər uzun bir zaman. Və son…

Varis “168 saat” qəzetində dəyirmi masa keçirirdi: İbrahim İlyaslı, mən, bir də o – Şaiq Vəli… Söhbət ədəbiyyatdan gedirdi və çox maraqlı bir söhbət alınmışdı.

Söhbət boyu Şaiqə, – “qardaş, qardaşımız…” – deyib müraciət edirdim. Nə isə, tədbir başa çatdı, sağollaşıb redaksiyadan çıxdıq və İbrahim İlyaslı Şaiqlə məni tanış etdi.Hər şey o andan başladı.

15134006_1262471370481953_1369456138_o

Mən Şaiq Vəlinin simasında dostluqdan, mərdlikdən, qorxmazlıqdan, riskdən, səxavətdən başqa, həm də çağdaş şeirimizdə özünəməxsus bir yazı üslubu olan, heç kəsi təkrarlamayan, ancaq öz şeirlərini yazan bir şair gördüm…

“Sərxoş gəlmişəm qapına,

Aç, aç, meyxanəçi!

Aşiqlər sənə tapınar,

Keç, keç, meyxanəçi!

 

…Baxma naşı-naşı mənə,

Mey gətir, söz daşı mənə,

Könlün varsa qoşul mənə,

Uç, uç, meyxanəçi!

 

Mən bu çağın nəyiylə yarışım?

Mən bu torpağın nəyiylə qarışım?

Mən bu dünyanın nəyiylə barışım?–

Puç, puç, meyxanəçi!”

Onun bütün varlığı bu şeirlərin sirli-sehrli dünyası ilə öz gerçək dünyasının savaşında keçirdi. Həyatı Sumqayıtla bağlı idi. Sumqayıt ədəbi mühitində Şaiq Vəli gerçək idi. Amma XX əsrin 80-ci illərinin ədəbi mühitinin də Şaiq Vəli gerçəkliyi ilə barışmalı məqamları olmuşdu.

Ümumiyyətlə 80-ci illər ədəbi gəncliyi uzun illərin sovet nəfəsindən qurtulmağa çalışırdı və elə məhz Şaiq Vəli kimi bir neçə təzə nəfəs sahibi həmin o stereotipləri qırıb dağıda bilmişdi, Şaiq isə mən deyərdim, lap təzə, fərqli nəfəs idi. O, deyirdi ki:

“Mən bu cahan mülkünə,

Təxti-Süleyman mülkünə,

Can içində can mülkünə

Ağlaya-gülə gəldim.

 

…Bu dərdli aləmə gəldim,

Sanma qalıma gəldim,

Mən sənə salama gəldim,

Düşüb haldan-hala gəldim…”

Şaiq Vəlinin həyatı absurd bir rəssamın qarışıq tablolarını xatırladırdı, ya da yazı bilməyən bir uşağın ağ vərəqlərdə cızdığı qarmaqarışıq xətləri. Qazax mahalının Əskipara kəndi… Sumqayıt, nəhəng boru-prokat zavodu, Moskva, M.Qorki adına Ədəbiyyat institutu, sonra Rusiya, Sibirinin şaxtalı, don vurmuş ekzotik mənzərəsi, Kazan, sonra yenidən Sumqayıt… Və son…

Şaiq Vəlinin ilk ailəsi dağılmışdı. İki oğlunu lap gənc ikən torpağa tapşırmışdı. Və hər dəfə ciddi bir and içəndə, – “Göyərçinlərimin ruhu haqqı”, – deyərdi. Göy gözləri şüşə kimiydi, sərt baxışlarının, cod simasının arxasında sən demə, özü-özünü yeyən bir ürək döyünürmüş. Şaiq ömrünü eşqə xərcləyə-xərcləyə ölümə doğru yüyürürmüş sən demə… O, adamı səhər saat altıda da eyvanın altından səsləyə bilərdi… Səsləyirdi ki, təzə səhər açılıb, təzə ömür başlayır, bunu qeyd etməmək mələklərə xoş getməz.

“Burnunu tutsan, canı çıxar,

Bumu can, can dediyin?

Cananın cananı çıxar,

Bumu canan dediyin?

 

Birində yüzü görünür,

Donqarında düzü görünür,

Bu üzündən o üzü görünür,

Bumu pünhan dediyin?…”

Onun şeirlərini öz dilindən eşidəydiz gərək. Özü də bir yüz, yüz əlli vurandan sonra. Adamın səsi elə bil o dünyadan gəlirdi… Yəni yüz faiz bu dünyadan gəlmirdi, fərqli bir dünyadan gəlirdi o səs və deyirdi ki:

“Ay buludların arxasında…

Gül yarpaq altında…

Mənim qənşərimdə qürbət!…

 

Bir quş qanadıyla yelpikləsə yel,

Qovar buludları, şölələnər Ay!

Yarpaqların arasından boylanar,

Qımışar gül!

 

Vətən Ağrı dağıdır,

Qalxdıqca adam sürüşür qürbətə…

Qürbət qəriblərə düşmür,

Qəriblər düşür qürbətə…”

Onunla yolyoldaşı olmaq marağın bütün ölçülərini bir anda, ya da toplu şəkildə yaşamaq demək idi. Adam Sibirin çöllərində qəpik-quruş qazanmaq üçün kuryerlik edirmiş. Bir gün yenə “şeflər”  bir bağlama verirlər ki, bunu filan yerə çatdır.  Şaiq də işini görür. Zəmanənin axmaq vaxtları, bir tərəfdən reketlər, bir tərəfdən polis – aləm qarışıb bir-birinə. Nə isə, yolda reketlər saxlayır, soruşurlar ki, nə aparırsan? Şaiq də deyir ki, nə apardığımı bilmirəm, amma sizin kimi yaxşı oğlanlar üçün aparıram. Məsələ bitir, Şaiqi hörmətlə yola salırlar gedir. Bir qədər sonra polis postunda saxlayırlar. “Nə aparırsan”, – sualına Şaiq bu dəfə, – “narkotika aparıram, rəis”, – deyir. Polislər gülüb onu yola salırlar. Və o gün  Şaiq doğrudan da narkotika aparırmış, amma özü də bilmədən…

y

Ən yaddaqalan görüşlərimizdən biri Yardımlıda olmuşdu. Dostumuz Elman Eldaroğlunun dayısının qonağı idik, rəhmətlik Feyzi Mustafayevin ana vətənində. Yardımlı rayonunda məktəblilərlə maraqlı görüşümüz oldu, sonra üz tutduq dağlara. Dostlar bizə uzaqdan qərib-qərib baxan Savalanı göstərdilər. İçimiz göynədi… Sonra bulaq başı, dağ havası… necə olmalıdır ki?

Və gecə saat üç… Şaiq bizi yatmağa qoymurdu. O qədər lətifə, o qədər məzəli əhvalatlar danışdı ki, yuxumuz tamam qaçdı. Sonra hamımız təpindik ki, səhər açılır, yola çıxasıyıq, bir az dincəlsək pis olmaz. Özündən çıxdı. “Bura yatmağamı gəlmisiz? Mən gedeyrəm…”  Novruz Qələndərlinin maşınının açarlarını götürüb getdi. Təxminən saat yarımdan sonra, elə təzə mürgüləyirdik ki, qayıtdı. “Ə, bunu nətər xodduyurlar?” Ondan sonra yatmaqmı olardı?

Gözlər… ürək… ciyər… və son…

“Bu şərab ki, var bəhanədir,

Mən qeybdən gələn gündən sərxoş!

Axan ulduzların işığından xumar,

Mən aydan, gündən sərxoş!

 

Yer ahıdır dağlar – göy dəlir…

Dünya bir atdır – göydəmir…

Min illərin dənidir – göyərir,

Mən göyərən dəndən sərxoş!

 

Sən nə dersən, fani Şaiq,

Dostların içsin çayı…

Mən məndən ayıq,

Mən məndən sərxoş!”

Əvvəl gözlərindən başladı… gözləri zəifləmişdi. Bir müddət müalicə alandan sonra kəsdi. “Elə bu pis adamları görməsəm yaxşıdır. Yaxşıları görməyə isə ürək də bəs edər”, – deyib, qondu yaşamağın sinəsinə.

Sonra xəbər tutdum ki, ürəyini müalicə elətdirir. Onu da sona qədər davam etdirmədi. Atdı dərmanları bir tərəfə, həyata davam…15050042_1262472503815173_2067507679_n

Bir gün zəng vurdu ki, dostlarla yeyib içirik, səni də ürəyim istəyir, vaxtın varsa gəl. Getmədim. O gün bir-iki saat olardı ki, ayrılmışdıq. Bilirdim ki, cibində qəpik-quruşu var, Ulvi üçün (oğlu) ayaqqabı almalı idi.

Axşam dedilər ki, Şaiq məni eyvanın altından çağırır. Çıxdım, aşağı enməyimi istədi. Görüşdük. Ülviyə alacağı ayaqqabının pulunu da, elə bazarlığın pulunu da son qəpiyinə qədər dostlara xərcləmişdi.

Belə idi Şaiq… buna ürəkmi dözərdi… Ürəyi dözdü, amma ciyərləri xəyanət etdi ona…

Sumqayıtın küləkli payız günlərinin birində  (sən demə o gün Şaiqi sonuncu dəfə ayaq üstə görürmüşəm) şəhər parkında qarşılaşdıq. Görüşdük. Dedi ki, ciyərlərində şiş var, ömrünə az qalıb. Güldüm… zarafata salıb dedim ki, sənin ciyərin qalıbmı? Gözləri doldu, amma tez də özünü ələ alıb gülümsündü. Mənim işim vardı… ayrılmalı olduq.

Və son…

Görüşəndə artıq yataq xəstəsi idi. Canı ilə əlləşirdi. Ağrılardan bir balaca yaxasını aralayan kimi, yenə bir-bir hər kəsi soruşur, hər kəsin halını xəbər alırdı. Sonra siqaret çəkirdi (olmazdı, amma çəkirdi). Və beləcə bir-neçə dəfə yataqda gördük onu… Bir də son saatlarını… Əksər dostları başının üstünü kəsdirmişdi. Şaiq onsuz da arıq idi, zalım xəstəlik ümumiyyətlə canını yeyib qurtarmışdı. Şüşə gözlərinin işığı sönmüşdü.

Umud Rəhimoğlu, Sabir Sarvan, Zirəddin Qafarlı, İbrahim İlyaslı, Ehtiram İlham, Sabir Yusifoğlu, Novruz Qələndərli… kimlər… kimlər…

Və son…

Və Şaiq göyərçinlərinə qovuşdu… Məzarını böyük Ülvi ilə, böyük Pərvizin məzarının yanından qazdılar. (Şaiq dünyasını dəyişən övladlarının adını ikinci ailəsindən olan övladlarında yaşadırdı.)

“Bu həmin doğma adamlar,

Ürəklərində inamı, dözümü, səbri…

Bu da gəlin anam!..

Bu da ata qəbri!…

Alacağımı qaytaracağım

Bu da yurdun bəzəkli torpağı,

Bu da, bu da Vətən!..

Vətəndə

Vətənçün belə darıxarkən

Hara aparım səni, ürəyim?

Harda, harda ovudum səni?

15086255_1262472527148504_237463328_n

Şaiq Qazax mahalının sözlü, sazlı, ozanlı, aşıqlı bir kəndində doğulmuşdu. Bələyi aşıq şeirinin üstündə köklənmişdi, ruhu azadlığın peşində idi. Onun şeirlərində dəli bir dərvişin ağzından od püskürən əjdaha ilə eşq yaşamağı vardı… O üsyan edirdi  şeirləri ilə. Şaiq həmin o dəli dərviş idi, ağzından od püskürən əjdaha da zəmanə… Əvvəl Şaiq çapdı getdi o əjdahanı, sonra əjdaha yandırdı onu öz nəfəsilə…

Və son…

Əyyub Qiyas

Bölmə : Ədəbiyyat