Etibar Qəribin yeni şeirləri

43 Baxış

eqSenet.az Etibar Qəribin şeirlərini təqdim edir:

Giley-güzar eyləmisən…
Etmə! Allah xatirinə!
Sirrini car eyləmisən,
Etmə! Allah xatirinə!

Aram-aram, Yolu ara…
Gün doğmazmı sabahlara?!
“Mən-mən” – deyib, günahlara,
Batma! Allah xatirinə!

Var, Mövlanə misalı ol,
Təbrizidən, bir halı ol!
Mehdili ol, İsalı ol,
Qaçma! Allah xatirinə!

Bu yer-göy arası, yarı
Tərpənib ölüm qatarı…
Qərib halda, Etibarı,
Atma! Allah xatirinə.

 ***

Hələ görəcəyin varmış qabaqda…
Bax, başa gələnə, gözüm, ay gözüm!
Deyirlər: “Korların göz yaşı olmur”
Səni kor olaydın, gözüm, ay gözüm!

Dəvəsən.., boynunu öyməyə dəyməz,
Əl qatıb, özünü döyməyə dəyməz!
Gərdişi-dövranı, söyməyə dəyməz,
Nəfsi lal olaydın, gözüm, ay gözüm!

Ağlama! Eybinə, kor ol – bəsimdi!
Öləzi! İçində qor ol – bəsimdi!
Gör-götür! Bir Dərviş , Qul ol – bəsimdi!
Kaş ki, yar olaydın, gözüm, ay gözüm!

 ***

Yorğunam şəhərdən… yorğunam daha,
Kənddə də, ocağım-közüm qalmayıb!
Gənc idim… ayrıldım, havalı başla,
İndi üz tutacaq, üzüm qalmayıb!

Çəkib gedəsiyəm.., nə olur-olsun,
Dağların könlünü almağa, bir də.
O, insan ha deyil, qəlbi dar olsun,
Məni əfv edəcək, bircə sətirdə…

Dünənə dönməyə, yollar açıqdı…
Getməyə ürəkli ayağın olsa!
Qələmlə əl-ələ yollara çıxdım,
Dönmərəm, əl boyda varağım olsa!

Gözlərim! aynaya baxmağı unut,
Qulağım! eşitmə-duyma bir anlıq!
Qoy, könül, o bahar çağına dönsün,
Qayıda ya qismət… bəlkə cavanlıq!

Atalı-analı günlərin hanı?!
Ərköyün, sonbeşik… nazını çəkdir!
Kor olsun mənimtək gec anlayanı,
Gecikmiş etiraf, kimə gərəkdir?!

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10