“Eurovision 2016″ yarışmasının birinci yarımfinalı

15 Baxış

Bu axşam saat 23 00-da İTV-də “Eurovision 2016″ musiqi yarışmasının 1-ci yarımfinalı canlı yayımlanacaq.

İsveçdə keçirilən “Eurovision-2016” mahnı müsabiqəsində Azərbaycanın  təmsilçisi Səmra Rəhimli bu axşam on dördüncü nömrə altında çıxış edəcək.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səmra Rəhimli Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları “Miracle” mahnısını təqdim edəcək.

Səhnə tərtibatının müəllifi Royn Söderluntdur. O, “Eurovision-2009” yarışmasında da Azərbaycanın səhnə tərtibatının rejissoru olub.

Təmsilçimizin ifası 4 bek vokalçı rəqqasın çıxışı ilə müşayiət olunacaq. Builki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” süjeti üzərində qurulub. Təmsilçimizə yardımçı olan arxadakı ifaçılar Cesika Marberqen, Vera Prada 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalla eyni səhnəni bölüşüblər.

Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağılı xatırlatsa da, sonda dramatik ayrılıq müşahidə olunur.

Bakı vaxtı ilə gecə saat 00:00-da “Globe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin yarımfinal şousu başlayacaq.

Ənənəyə uyğun olaraq “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il qalib olmuş Mans Zelmerlov tamaşaçıları salamlayacaqlar.

Mans Zelmerlov “Heroes” mahnısı ilə birinci yarımfinalda fərqli üslubda çıxış edəcək. “Bir araya gələk” devizi altında keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində daha sonra Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Niderland Krallığı, Azərbaycan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Ermənistan, Monteneqro, İslandiya, Bosniya və Herseqovina, Malta təmsilçiləri performanslarını təqdim edəcəklər.

Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan ediləcək. Birinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.