Evə ögey ana gəlir

25 Baxış

ögey anaSenet.az Salam Qədirzadənin “Qış gecəsi” romanından bir hissəni təqdim edir.

Evə ögey ana gəlir

Arvadının ölümündən heç o qədər də keçməmiş Rəhman Diləfruzu evinə gətirdi. Başqa çarə yox idi; arvadın boynuna uşaq düşmüşdü, işi uzatmaq olmazdı.
Ögey ana ilk günlərdən Adilə çox mehribanlıq göstərdi; vaxtlı-vaxtında yeməyini hazırladı, paltarını yudu, ona öz oğlu kimi qulluq elədi. Diləfruz sözünün əvvəlində, axırında onu “Adilcan” deyə çağırmağa başladı. “Adilcan, yorulmusan, yerini salım dincəl”, “Soyutma, xörəyini ye, Adilcan!”, “Məktəbdə çox yubanma, Adilcan, nigaran qalıram”…
Lakin Adil, Diləfruzun göstərdiyi səmimilikdə, dediyi şirin sözlərdə bir saxtalıq və soyuqluq hiss edirdi. O bunu hələ ilk günlərdən duymuşdu. Adil Diləfruza baxdıqca, anası Nərgizin roluna girmiş yad bir qadını görür, onun hər bir hərəkətini saxta sayırdı. Bunu Rəhman da hiss etdiyi üçün həmişə Diləfruzla Adil danışan zaman o da söhbətə qarışır, ögey ananın sözünə qüvvət verir, oğlunu bu fikirlərdən uzaqlaşdırmağa çalışırdı.
Bəzən Adil, məktəbdən çıxdıqdan sonra özü də hiss etmədən yoldaşları ilə orda-burda yubanır, ancaq acdığı vaxt evə gəlirdi. İndi elə bil xörəklərin də dadı dəyişmişdi; Diləfruzun arabir böyük səylə bişirdiyi zəfəranlı plov da, yağlı bozbaş da, sirkə-sarımsaqlı düşbərə də ona ləzzət vermirdi.
“Kaş indi anam sağ olaydı! Mən ömrümün axırına kimi onun əlindən yavan çörək alıb yeməyə razı olardım”, − deyə Adil hər dəfə süfrə qırağında oturanda fikirləşirdi.
Diləfruzun ona nə qədər yaxşılıq etməsinə, nazını çəkməsinə baxmayaraq, bu evdə hər şey Adilə yad görünürdü. O, həmişə özünü qonaq kimi hiss edir, elə bil başqasının çörəyini yeyirdi.
Ancaq Adil atasına hörmətsizlik etməyib bu barədə bir kəlmə də danışmır, öz etirazını heç kəsə sezdirmək istəmirdi. “Oğlum, çox xahiş eləyirəm, mənim xətrimçün Diləfruz xanımın üzünə ağ olma. Necə deyərlər, su girdi qaba, oldu içməli. Arvadsız bu evin işi keçməz”. Bu sözləri Rəhman hələ arvadı gətirən günü demişdi. Lakin Adil evdə Diləfruzu görəndə, onun kobud səsini eşidəndə qüssələnirdi. Qəribə burası idi ki, elə ilk görüşdən Adili fikir götürmüşdü. Sanki bu arvadın sifəti ona kimisə, pis bir adamı xatırlatmışdı. O bu düşüncələri başından qovmağa nə qədər çalışırdısa bacarmırdı. Adilə elə gəlirdi ki, Diləfruz bu evdə yerini möhkəmlədəndən sonra bütün ixtiyarı əlinə alacaq, ona min əziyyət verəcəkdir. Bu fikir bəlkə də Adilin pis ögey analar haqqında eşitdiklərinin təsirindən doğurdu: “Yox, necə olur-olsun, atamın xətri üçün mən onunla yola getməliyəm. Kim bilir, adamları tanımaq çətindir. Bəlkə də mən səhv edirəm. Diləfruz xanım yaxşı arvaddır”. Lakin Adil bu fikrini tezliklə, Diləfruzla üz-üzə gəlib danışdıqdan sonra yenə dəyişməli olurdu.
Su budkası ilə vidalaşmış Diləfruz əsl ev xanımı olmuşdu. İndi o həftələrlə bayıra çıxmır, səhərdən axşamadək otaqları, aynabəndi yığıb-yığışdırır, hər yeri öz səliqəsilə sahmana salırdı. Hərdən Diləfruz evdə Nərgizin qoyduğu avadanlığın yerini dəyişəndə Adilə ağır gəlirdi. Bəzən o öz etirazını bildirirdisə də, arvad razı olmurdu:
−Belə yaxşıdır, Adilcan, otaq bu cür daha yaraşıqlı görünür, − deyirdi. – Bir də, bala, sən belə şeylərə qarışma, evin işini arvad bilər.
Bu qayda ilə, Nərgizin qoyub getdiyi səliqə gündən-günə itir, Diləfruz otaqların bəzəyini öz zövqünə uyğunlaşdırırdı.
Hər işdə bir qazanc axtaran Rəhman, evlənəndə də bu cəhəti unutmamışdı; Diləfruzu evinə gətirdikdən bir az sonra onun İçərişəhərdə olan otağını satmışdı. Doğrudur, arvad əvvəlcə buna razılıq verməmişdi: “Vərəsəlikdir, satsaq, gərək pulun yarısını bacıma göndərəm. Yoxsa arada inciklik olar”, deyə qəsdən məsələni xeyli ləngitmişdi. Rəhmanın evində yerini möhkəmlətdikdən sonra isə o, otağın satılmasına mane olmamışdı.
Diləfruz “vərəsəlik” puldan əvvəlcə özü üçün palto, tufli və bir neçə dəst ipək paltar aldı. Sonra iki min də ayırıb qırağa qoydu. “Heç olmasa bunu bacıma göndərərəm”, dedi.
Rəhman da fürsətdən istifadə edərək, tükü getmiş köhnə buxara papağını təzələdi və Diləfruzun razılığı ilə oğluna bir dəst kostyum tikdirdi. “Adil daha yekə oğlandır, yeddinci sinifdə oxuyur, qoy yoldaşlarının yanında xəcalət çəkməsin”, dedi. Lakin bu paltarın Diləfruzun pulu ilə başa gəldiyini bilərsə Adilin onu rədd edəcəyindən qorxan Rəhman işin əslini gizlətdi:

−Öz məvacibimdən almışam, oğlum, − dedi. O, Diləfruzdan da xahiş elədi ki, paltarın satılan evin pulu ilə alındığını Adilə bildirməsin.
…Ögey ananın mehribanlığı uzun sürmədi. Məmməd doğulduqdan sonra Diləfruz yavaş-yavaş Nərgiz rolundan çıxıb əsl üzünü göstərdi. Əvvəlcə Adilin adından “can” kəlməsi silindi.
Sonra isə…
Sonra isə günlər ötdükcə bu evdə Diləfruzun zabitəsi artdı, səsi ucaldı. O, Adillə də, Rəhmanla da söz-sözə gəldi. Ev puluna alınmış kostyum elə ilk sözləşmədən sonra Adilin başına qaxınc oldu:
−Gözündən gəlsin! Bu da mənim yaxşılıqlarımın əvəzi! Öz pulumla atanın başına papaq alıb qoydum, sənin əyninə kostyum geydirdim, indi mənim bir sözümü iki eləyirsən?!
Bu əhvalatdan sonra Adil bir də o kostyumu geymədi.
Diləfruz qırmızı kirəmidli evin ixtiyarını öz əlinə almışdı. İndi o, Rəhmanın bütün işlərinə qarışır, bəzən nə üçün gecikdiyini, harada ləngidiyini soruşur və yeri düşəndə ərinin üstünə qışqırıb onu danlayırdı da.
İlk vaxtlar Rəhman Diləfruzun hər cür şıltaqlığına dözüb susurdu. Lakin kişi gündən-günə arvadın hikkəsinin artdığını və təkcə onu, Adili deyil, yavaş-yavaş qonşuları da narahat etdiyini gördükcə əsəbiləşirdi.
Rəhman Adilin həmişə düşüncəli olduğunu, əzab və iztirab çəkdiyini hiss edirdisə də, ona təskinlik verməyə söz tapmırdı. Axı nə deyəydi? Oğlunu hansı şirin sözlərlə sakit edib sevindirəydi? İndi Adil hər şeyi başa düşür, bu evdə bir daha xoş gün görməyəcəyini yaxşı bilirdi. Adil görürdü ki, arvadın yanında atasının dili gödəkdir. Kişi Diləfruzun budkadan yığdığı qazancın hamısını xərcləyib qurtarmışdı.

Arvadın pulu ilə alınan buxara dərisi isə Rəhmanın başına papaq yox, qaxınc olmuşdu. Adil üçün tikdirilən kostyumu isə Diləfruz naftalinləyib sandığa qoymuşdu. “Böyüyər, öz oğlum geyər”, deyə ona eşitdirmişdi.
Diləfruzun zabitəsilə bərabər tələbi də gündən-günə artırdı:
−Xalqın kişiləri qaz vurub qazan doldurur, sənsə Moskvadan bura basa-basa gəlirsən, satmağa gətirdiyin nədir: stəkan-nəlbəkiylə toyuq yumurtası. Bəyəm bir beş metr ipək parçadan-zaddan, Bakıda pula gedən qiymətli şeylərdən gətirsən, xəncərinin qaşı düşər? Yoxsa artıq qazancdan qaçırsan?!
O gündən sonra Rəhman qorxa-qorxa da olsa arvadının tapşırığına əməl etməyə başladı; hər dəfə səfərə çıxanda Diləfruzun dediyi şeyləri alıb gətirdi.
Lakin Rəhman gətirdiyi bu malları həmişə Adildən gizlədərdi. “Uşaqdır, birdən orda-burda ağzından qaçırdar, − deyə ehtiyat edirdi, − sonra bu işin bəlasından qurtarmaq olmaz.” Buna görə də kişi gətirdiyi şeyləri zirzəmidə gizlədir, evə gələn müştərilərlə heç vaxt oğlunun yanında söhbət eləmirdi.
Ancaq arvad nə ərinin bu qazancı ilə, nə də ona gətirilən qiymətli hədiyyələrlə kifayətlənmirdi.
Çox çəkmədi ki, Diləfruz işin çoxluğundan da şikayətləndi:
−Xalqın arvadları əlini ağdan-qaraya vurmur, paltar yumur, kartof soymur, ev yığışdırmır ki, dırnaqlarının manikürü tökülər, mən bəxtiqara səhərdən axşamacan bütün işləri özüm görürəm. Yaxşı deyiblər, ağır yükün zəhmətini qatır bilər. Sən insafsızın da dilindən bir dəfə eşitmədim ki, deyəsən: qulluqçu tutum, sənə kömək eləsin. Əvvəllər özünü peyğəmbər kimi göstərdin. Nə bilim, bağ belə, bostan belə. Mən axmaq da inandım. Dedim, nə var, gedib bir və-rəzən günə çıxaram. Daha onu bilmədim ki, axırım belə olacaq. Kabab iyinə gəldim, gördüm eşşək dağlayırlar. – Diləfruz bu sözləri deyərkən gözünün yaşını tökməyə başladı. –Mənim əziz canım üçün srağagün özümü çəkdirmişəm. Nə qədər gəlmişəm – cəmi-cümlətanı doxsan səkkiz kilo. Düz iki kilo üç yüz qram arıqlamışam. Belə də zülm olar?..
−Bəlkə acqarına çəkdirmisən? – deyə Rəhman ona təsəlli verməyə çalışdı.
−Əlbəttə! Ac olmamış, tox olmayacaqdım ki! O qədər iş görürəm, iştaham-zadım da küsüb. Oğlun Adil yeyənin heç onda birini də yemirəm. Belə də müsibət olar mən çəkirəm?
Bu şikayətdən üç gün sonra Rəhman, hardansa mülayim xasiyyətli bir qoca arvad tapıb gətirdi. Lakin qarı Diləfruzun tənəsinə iki həftədən artıq dözə bilmədi. Bir səhər haqqını belə istəmədən çıxıb getdi.
−Sən də axtarıb-axtarıb adam tapdın! – deyə qarı gedəndən sonra işin çoxaldığını görən Diləfruz yenə Rəhmanı rahat buraxmadı.
−Bu boyda şəhərdə əldən-ayaqdan zirək bir qulluqçu tuta bilmədin ki, gəlib bu evin iş-gücünü görsün?! Gedib harda bir ipliyi üzülmüş qarı var, tutub gətirdin üstümə! Yaxşı ki, rədd olub getdi! Yoxsa, sabah ölsəydi onun da xərci mənim boynuma düşəcəkdi.
Bir ay sonra evə ikinci qulluqçu gətirildi. Onu da Diləfruz özü qovdu. “Ayağı mənə düşmür”, − dedi. – O bu evə gələndən çox pis yuxular görürəm.
Üçüncü qulluqçu cavan olduğundan arvad ərinə qısqanmağa başladı: “Kişilərə etibar yoxdur, mən bir yerə gedəndə səni onunla evdə qoya bilmərəm!” – deyərək bu qızı da evdən rədd etməyi ərinə tapşırdı.
−Heç dəxli mətləbə var? – deyə kişi bu işə etirazını bildirmək istədisə də, cəsarət etmədi.

Balaca Məmməd dünyaya gələndə özü ilə Rəhmanın evinə böyük bir dava gətirdi.
Uşaq doğulandan bir neçə gün sonra ona ad qoymaq üstündə ərlə arvad arasında möhkəm mübahisə düşdü.
Rəhman çoxdankı arzusunu yerinə yetirmək – uşağa mərhum atası Əzizin adını qoymaq istəyirdi. Təzə doğulan körpəni Rəhmana sevdirən də elə bu idi. Diləfruz iki ayağını bir başmağa soxub uşağı “Məmməd” adlandıracağını təkid edərək:
− Balam, sözündən belə çıxır ki, mənim atam sənin-kindən əskik kişi imiş? – deyirdi. – Özü seyid-peyğəmbər övladı, niyə gərək oğluma öz atamın – Mirməmmədin adını qoymayım?! Yox bir: “Əziz!”. Atan əzizdir, sənin üçün! Dünya dağılsa da, uşağın adını “Məmməd” qoyacağam, qurtardı getdi!
Rəhman ürəyindəki yeganə arzunu Diləfruza güzəştə getmək istəmirdi. Buna görə də kişi sözündən dönmədi. Bir müddət Rəhman uşağı “Əziz”, Diləfruz isə “Məmməd” deyə çağırdı.
− Arvad, indi ki, belədir, gəl sən razı ol, − deyə Rəhman çox fikirləşdikdən sonra vəziyyətdən çıxış yolu tapdı, − nə şiş yansın, nə kabab, uşağın adını qoyaq Əzizməmməd, nə sənin atanın adı yerdə qalsın, nə də mənim…
− Necə, necə?! – Diləfruzu elə bil ilan çaldı; arvad oturduğu yerdən dik ayağa qalxdı, üz-gözünü turşudub boynunu qabağa uzatdı. – Hələ bir utanmaz-utanmaz öz atanı mənimkindən üstün tutub onun adını qabağa salırsan?! Əzizməmməd?.. Yenə Məmmədəziz desəydin, dərd yarı idi. Uşağın adı Məmməddir, vəssalam! Lazım deyil mənə pinəçi Əzizin adı!
− Ay arvad, vallah-billah atam ömründə pinəçilik eləməyib.

− Özün demisən! Əslini danan haramzadadır!
− Mən tərcümeyi-halımda belə yazdırmışam, sən də inanırsan? Heç dəxli var mətləbə? Bu pinəçilik də mənim başıma bir qaxınc olmadı? Rəhmətlik atamın əlində gül kimi sənəti vardı, mal-dövlət başından aşardı, ərşin malı topnan alıb-satardı, bu da deyir belə! Diləfruz xanım, o balam Əzizin… – Rəhman çaşıb o balam Əzizin canına and olsun demək istəyirdi ki, arvadın gözlərini bərəltdiyini görcək, tez sözünü dəyişdi: − o əziz balamın canına and olsun ki, sən siyasətdən, acığın gəlməsin a… bir az kütsən, elə bilirsən adam elə hər nə olub hamısını yerli-yerində tərcümeyi-halına yazar?! Ay-hay! Düzünə qalsa, gərək onda mən yazaydım ki, rəhmətlik atam Əziz tacir olub, tutub dama basıblar, orda ölüb. Belə yazsaydım, sənin ağlınca yaxşı eləmiş olardım. Gördün siyasətin yoxdur! Amma mən necə yazmışam? Yazmışam ki, atam Əziz kolxoza birinci qol qoyanlardan olub, bunu gözü götürməyən qolçomaq köpək uşaqları gecə gəlib, atamı öldürüb quyuya salıblar. Hə, kim buna şübhə eləyib buçağaycan? Arvad, acığın gəlməsin, sənin bir az pərsəngün çatmır. “Hər süxən cayi, hər nöqtə məqami darəd”. Deyir, hər sözün öz yeri, hər nöqtənin öz məqamı var. Arvad, sən gəl hərdənbir mənə də qulaq as.
Bu yerə kimi sakit oturub ərini dinləyən Diləfruz, birdən tapança kimi açıldı:
−Əvvəla, onu deyim ki, mənim adım “arvad” deyil! Bundan sonra zəhmət çək, dilini tərsinə fırlat, Diləfruz xanım de! İkincisi, nə qədər siyasətim az olsa, yenə politikam səninkindən çoxdur! O ki qaldı atan tacir olub, macir olub, bunlarla məni bişirə bilməzsən! Tacir pinəçidən pis! Təkcə bu ev yox, lap dünya da dağılsa uşağın adı Məmməddir!
Diləfruzun Rəhmanla birinci vuruşması elə bu çağanın üstündə başlamış, arvadın ilk qalibiyyəti də onda olmuşdu.Lakin Diləfruz istəkli oğlunu təkcə “Məmməd” adlandırmaqla kifayətlənmədi. Onu gah Mamed, gah Məmiş, gah da Mamulya deyə çağırmağa başladı. Rəhman Mamedə də, Məmişə də, Mamulyaya da birtəhər dözürdü. Ancaq arvad uşağa “Mişa” deyəndə qan kişinin beyninə vururdu:
−Ay balam, adam camaatı özünə güldürməz. Uşağın adını de, Mişə nədir? Mişə ki, qonşunun itinin adıdır.
−Sənə nə? Uşaq mənimdir, mən bilərəm, necə istərəm, elə də çağıraram! – deyə arvad ayağını yerə döyüb cavab qaytardı.
Diləfruzun öz hikkəsindən əl çəkməyəcəyini görən Rəhman içindən qırıla-qırıla deyinirdi:
−Daha sözüm yoxdur. Nə deyirəm ki! Çox sağ ol. İltifatın rütubət çəkməsin! İndi ki, uşağa seyid-peyğəmbər övladı atan Mirməmmədin adını qoyub Mişə çağırırsan, onda yavan Mişə neyçün deyirsən, elə birbaşa deginən, “Mir-mişə”, rəhmətlik atanın da ruhu səndən inciməsin.
Bu qayda ilə günlər, həftələr keçdi, aylar yaşa dolub illər oldu. Məmmədin də yavaş-yavaş dili söz, ayağı yer tutmağa başladı. Uşaq böyüdükcə qırmızı kirəmidli evin səs-küyü ilə birlikdə davası da artırdı.
Diləfruzla Adilin arasında ziddiyyət daha da güclənmişdi.
−Axı mən neyləyim? – deyə kişi gecə-gündüz fikirləşir, Nərgizin yeganə yadigarı olan Adili bu bəladan qurtarmağa, onun keçmiş qayğısız günlərini özünə qaytarmağa çalışırdı. – Yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal. Diləfruz nacins bu evə ayaq basandan bəri Adil bir ağ gün görməyib. “Yaxşı deyiblər ki, ağam bir xatın aldı, davanı satın aldı”.
Diləfruz təzə gələn vaxtlar Adil onun danlağına, tənəli sözlərinə o qədər də əhəmiyyət vermirdi. Daha doğrusu on dörd-on beş yaşlı uşaq evdə olan danışıqların səbəbini başa düşmədiyindən çox zaman susurdu. Bəzən də atasına hörmət edib dinmir, təqsirkar olmadığı hallarda belə özünü müqəssir bilib Diləfruzdan üzr istəməyə məcbur olurdu. Rəhman oğlunu bu vəziyyətdə görəndə, arvada cavab verə bilmədiyindən ah-uf edib yana-yana qalırdı.
İndi Adil orta məktəbi qurtarırdı, ona uşaq demək olmazdı. Gecə-gündüz öz otağına çəkilib buraxılış imtahanlarına hazırlaşan Adil, Diləfruzun səsini eşitməmək üçün ara qapını örtüb saatlarla eşiyə çıxmırdı. Lakin Diləfruz tez-tez Adilin otağına girib sanki qəsdən ona mane olmaq istəyirdi. Hərdən də Məmmədi oynamaq üçün ora buraxırdı.
Çarəsiz qalan Adil çox vaxt kitab-dəftərini qoltuğuna vurub dərs hazırlamaq üçün ya Saleh müəllimgilə, ya qiraətxanaya, ya da şəhərin sakit bağlarından birinə gedirdi.
Rəhman oğlunun halına acıyırdı. Kişi ona kömək etməkdə aciz qalsa da, Adil vəziyyətdən çıxış yolu tapmışdı.
Bir neçə aydan sonra Adil bu evdən həmişəlik uzaqlaşacaqdı! O, universitetin geniş, işıqlı yataqxanasında Diləfruzun çığırtısını, təhqiramiz sözlərini yox, tələbə yoldaşlarının şirin söhbətlərini, gülüş səslərini və şən mahnılarını eşidəcəkdi! O vaxt Adil bir daha evlərinə ayaq basmayacaqdı. Atasını görmək istəyəndə isə onun iş yerinə − vağzala gedəcəkdi. Adil bunu hələ keçən il, doqquzuncu sinifdə oxuyanda qət eləmişdi. Hətta bir neçə dəfə o, məktəbdən evə gedəndə yolunu qəsdən universitet yataqxanasının qabağından salmışdı. Zarafatlaşan, deyib-gülən tələbələri görüb onlara ürəkdən həsəd aparmışdı.