Evə tez gələrsən….

14 Baxış

SeymurSeymur Oruc

Evə tez gələrsən…

 

Müharibə sonrası ağır vəziyyət, 2-3 il məcburi hərbi xidmət keçmiş qohumlar, qaçqınlar və çadır şəhərcikləri, televizorda cizgi filmlərindən daha çox yayımlanan siyasi xəbərlər, daha sonra ölkəmizin çiçəklənməsi… Mən böyüdükcə böyüyən ölkəm, mənimlə birgə böyüyən məndən 3 il böyük mənim ölkəm… Bütün bu sadaladıqlarım mənim uşaqlıq hekayələrim idi… Sonra Bakı-Tiflis-Ceyhan adlı Avropa üçün neft, bizim üçün isə ümid kəməri… Sonra mən – biz böyüdük. Uşaqlığımda küçədə oyunlar oynadığımız bütün boşluqlara binalar tikildi. Bizim balaca evlər söküldü və yenə binalar tikildi. İndisə bütün o binalar sökülür və yenə binalar tikilir – daha uca binalar. Binalar ucaldıqca o binalarda yaşayan insanlar da ucaldı. Sanki Kərim dayı həminki Kərim dayı deyildi, hər işdən gələndə bizə ucuz şokaladlar hədiyyə edərdi. Ya da qatıqsatan Şahnisə xalanın qızı, indi o, heç məni tanımır da… Yəni səbəb mərtəbələrdədir? Onlar hər sökülüb yenisi ilə birgə bir mərtəbə daha ucalan binalarında ilbəil ucaldıqca, biz öz mərtəbəmizdə qaldığımız üçün hər şey belə oldu? Kərim dayının hədiyyə etdiyi şokaladlar da yığışıldı dükanlardan. Bütün ucuz şokaladlar daha bahaları ilə əvəz olundu. Daha Kərim dayı da heç bir uşağa heç bir şokalad hədiyyə etmədi onsuz da. Kərim dayını mən əvəz etmək istədim bir gün. Əlimdə bir neçə qutu şokalad küçədə gəzməyə başladım. Çox gəzdim, amma uşaq tapmadım. Sonra köhnə hasara söykənmiş 3-4 uşağı gördüm uzaqlarda. Dinməzcə durmuş və əllərindəki “smartphone”-larda “angry birds” oynayıb bir-birilərilə yarışırdılar. “Tetris”-lərimizi xatırladım ixtiyarsız. Sonra “salam” dedim. Başlarını qaldırıb bir mənə, bir də əlimdəki şokalad qutusuna baxıb dinməzcə yenidən oyunlarına davam etdilər. “Sizə şokalad vermək istəyirəm” deyib dükandan qutusunu 4 manata aldığım şokaladları uşaqlara paylamaq istədim. Kərim dayının aldığı şokaladlardan daha bahalı və gözəl idi bunlar. Üstəlik bir-bir deyil, üç-üç verəcəkdim hər birinə şokaladlardan. Biri “anam yaddan heç nə almaq olmaz”deyib uzaqlaşdı oradan, biri cibindəki “snickers”-i çıxarıb göstərdi və getdi. Sonuncusu isə bayaqkı tərzdə başını qaldırıb, bir daha məni süzdü, güldü və yenidən başını aşağı salıb oyununa davam etdi. Yanına yaxınlaşıb bir az danışmaq istədim sadəcə. Amma sonra bahalı qara şüşəli qara bir maşın yaxınlaşdı bizə tərəf. Qara şüşə açıldı və içəridən birisi “oğlum, səni narahat etmir ki?” deyə soruşdu yanımdakı oğlandan. Sonra üzünü qəzəbli şəkildə mənə çevirdi, “get” demək idi bu. Oğlansa, “yox ata, ünvan soruşmaq istəyirdi deyəsən” dedi… Mən isə artıq donmuşdum. Bu Kərim dayı idi. Üz həminki üz idi, amma baxışlar … həminki, deyildi. Uzaqlaşdı “aa” nömrəsiylə bizdən. Gedərkən də “evə tez gələrsən” dedi oğluna. Evə tez gələrsən…

İndi daha da böyüməkdən qorxuram sadəcə. Böyüyüb Kərim dayı olmaqdan, o qədər böyüməkdən ki, öz keçmişimi alçaldıb tapdalamaqdan qorxuram. Bir gün öz övladıma “yaddan heç nə almaq olmaz” deməkdən, “evə tez gələrsən” deməkdən qorxuram… Evə tez gələrsən!

 

Bölmə : Nəsr, Yazarlar, Ədəbiyyat