“Evdə” filminin təhlili

147 Baxış

evdə filmiXülya Cəfərova 

“Evdə” filminin təhlili

“Evdə” (Dans la maison) filmi 2012-ci ildə fransalı rejissor Fransua Ozon tərəfindən ərsəyə gətirilib. Filmin həm də ssenari müəllifi
olan Ozon ssenarini Xuan Mayorqanın “Axırıncı cərgədəki oğlan” (El chico de la última fila) pyesinə əsasən hazırlayıb. Fransa kinosunun “Yeni Dalğa” axınının ən önəmli rejissorlarından biri olan Ozon “8 qadın”, “Hovuz”, “Gənc və gözəl”, “Yeni sevgili”, “Mələk” kimi filmlərin, bundan başqa bir sıra qısametrajlı və sənədli filmlərin müəllifidir. “Evdə” San Sebastian Beynəlxalq Film Festivalının əsas mükafatı olan “qızıl balıqqulağı”na və ən yaxşı ssenariyə görə mükafata layiq görülüb. Film həmçinin bir sıra başqa festivallarda iştirak edərək mükafatlar toplayıb.

Dram janrında olan 105 dəqiqəlik film olduqca maraqlı və gözlənilməz gedişatlarla zəngindir. Filipp Rombi tərəfindən bəstələnmiş musiqisi filmi duyğusal baxımdan daha da təsirli edir. Kinonun IMDB xalı 7.4, “Rotten Tomatoes” isə 89 %-dir.

* Əgər siz də mənim kimi fransız kinolarının əsrarəngiz sehrinə, rəngarəngliyinə və duyğuları nümayiş etdirmə metodlarına heyransınızsa, “Evdə” filmi doğru seçimdir. Filmi izləyib qurtarandan sonra ilk olaraq dodağınıza xəfif bir təbəssüm qonacaq, ardınca isə saatlarla, günlərlə beyninizdə kinonu təhlil edəcəksiniz. Nə qədər özünüzə bunun bəsit bir film olduğu fikrini təlqin etsəniz də, daxilinizdə əvvəllər xəbərdar olmadığınız duyğuları aşkara çıxaracaqsınız. Fikrimcə, bu filmi izləyən müəllimlər şagirdlərindən “Həftəsonunu necə keçirdim?”, “Mənim yay tətilim” və s. bu tipli mövzularda inşa yazmalarını tələb etməzdən öncə ətraflı götür qoy edəcəklər. Çünki nəticə bütün həyatlarını dəyişdirə bilər.

 

Süjet

Orta məktəblərin birində yeni dərs ili başlayır. Jerman Jerman məktəbdə ədəbiyyat müəllimidir. O, şagirdlərinə “Həftəsonunu necə keçirdim?” mövzusunda esse yazmağı tapşırır. Sonra onların zəif nəticələrini bir-bir yoxladıqca, xəyal qırıqlığına uğrayır. Lakin esselərin arasında Klod Qarsiyanın özünəməxsus yazısı onun diqqətini çəkir. Essedə Klod sinif yoldaşı Rafa Artolun «dəfələrlə içərisində olmağı xəyal etdiyi» evinə getməsindən və orada gördüklərindən bəhs edir. Klod Rafaya riyaziyyatda köməklik göstərmək üçün evlərinə gedib. O, Rafanı, valideynlərini və gördüyü hər şeyi istehzalı bir üslubla, lakin məharətlə qələmə alıb. Klod Rafanın anası Ester Artolu “orta təbəqədən olan qadınlara xas qoxulu bir şəxs” kimi təqdim edir. Esse «ardı var» sözlərilə yekunlaşır.

Jerman Kloda yüksək qiymət yazır. Lakin səhəri gün Klodu dərsdən sonra saxlayaraq sinif yoldaşı və anası barəsindəki kobud ifadələrinə görə tənbeh edir. Ardınca, Klod növbəti ev tapşırığını -  essenin davamını Jermana təqdim edərək sinfi tərk edir. Burada o, Rafanı “sıradan” və “mehriban” olduğuna görə seçdiyini bildirir. Rafa normal bir uşaqdır. Bir dəfə Rafanın valideynləri əl-ələ tutaraq məktəbə, onun arxasınca gəliblər. Beləliklə, yaşıdlarından fərqli olaraq valideynlərinin onu aparmağa gəlməsindən utanmayan Rafa Klodun diqqətini cəlb edib. Klod asanlıqla onunla dostluq qura bilib və onun zehnində sual yaranıb: Görəsən normal bir ailənin evi necədir?

Klod ikinci essedə də Rafanın evindən, anasından bəhs edir. Jerman Klodun esselərini həyat yoldaşı Janna ilə müzakirə edir. Onlar Klodun yazıları barəsində başqalarına məlumat verib verməməyi götür qoy edirlər. Sonra Jerman Klod barəsində məlumat toplayır: Klod buraya iki il əvvəl köçmüşdür. Ümumiyyətlə, ailəsi tez-tez yer dəyişir. Anası yoxdur. Atası işləmir və əlildir.

Jermanın Kloda olan marağı daha da artır və dərsdən sonra onu saxlayaraq, xüsusi məşğul olmağa başlayır. Ona müntəzəm olaraq kitablar gətirir, Klodun Rafanın ailəsindən bəhs edən esselərini oxuyub tənqid edir. Növbəti essedə Klod Rafanın atasından da bəhs edir. “Köynəyinin arasına basdırılan kişi”nin onlarla birlikdə basketbola baxmaq təklifini qəbul etməsi haqqında yazır. Rafanın atasının da adı Rafadır və davamlı olaraq Çinlə bağlı danışır. Bütün vaxtını işinə həsr edir və əsasən çinlilərlə işləyir.

Jermanın Klodla, Klodun isə Rafagilin ailəsilə görüşləri get-gedə daha da intensiv hal alır. Klod artıq Artollar ailəsinin bir parçasına çevrilməyə başlayır. Klod hər dəfə Rafaya həll etməsi üçün çətin riyazi tapşırıqlar verərək evdə gizli ekskursiyaya çıxır, otaqları gəzir, valideynlərinin şəxsi söhbətlərinə qulaq asır.

Jerman bir tərəfdən Klodun istehzalı, başqalarının şəxsi həyatına müdaxiləyə yönəlmiş yazılarından narahat olur, onun təhlükəli olduğunu düşünür, digər tərəfdən də Klodun istedadına qarşı müqavimət göstərə bilmir və hər yeni yazını böyük həyəcanla gözləyir.

Rafanın valideynləri qərar verirlər ki, Rafa riyaziyyat imtahanından zəif nəticə toplayarsa, onun üçün xüsusi müəllim gərəkli olacaq. Belə olduğu təqdirdə, Kloda da ehtiyac qalmayacaq. Bunu eşidən Klod Jermandan riyaziyyat imtahanının nəticələrini gizlicə götürüb ona gətirməsini istəyir. O, Jermana deyir ki, əgər Rafagilə getməsə, daha yaza bilməyəcək. Beləliklə, Rafagilin evində baş verənləri öyrənməyə olan maraq Jermana üstün gəlir və Klodun istəyini yerinə yetirir. Nəticədə, Rafa yüksək qiymət alır və valideynləri ona Klodun riyaziyyat öyrətməyə davam etməsinə məmnuniyyətlə razılıq verirlər.

Ziyarətlərindən biri zamanı, Esterlə tək qalan Klod 9 yaşında onu tərk edən anasından danışaraq, onunla daha da yaxınlaşır. Həmçinin, Rafanın atası ilə də təklikdə söhbət edərək inamını qazanmağa nail olur.

Jerman Kloda Rafa personajının çox arxa planda qaldığını deyir və onun üzərində durmalı olduğu barəsində təkid edir. Bir dəfə Jerman hər kəsə ən yaxın dostu barəsində esse yazmaq tapşırığı verir. Həmin esseni oxuması üçün isə könülsüz olan Rafanı lövhəyə qaldırır. Nəticədə, Rafa bütün sinfin gülüş hədəfinə çevrilir. O, Jermana qəzəblənir. Klod onun qəzəbini daha da şiddətləndirir və onu jurnalda Jermanın əleyhinə məqalə yazmağa razı salır. Əlbəttə ki, məqaləni Klod yazır. Onun güclü qələminin məhsulu olan məqalə oxuyanları təsirləndirir. Rafanın atası belə Jermanla görüşmək üçün məktəbə gəlir. Qəzəblənərək ondan hamının içərisində oğlundan üzr istəməsini tələb edir.

Janna Jermanın çoxdandır gözlədiyi sərgi baş tutur. O, Jermana xəbər vermədən sərgiyə Rafanın valideynlərini də dəvət edir. Jerman onlarla qarşılaşmamaq üçün çıxıb gedir.

Nəhayət, Klod ilk dəfə gecəni Rafagilin evlərində keçirir. O, fürsətdən istifadə edərək evi və baş verənləri daha yaxından izləyir. Gizlicə valideynlərinin otağına girərək Esterə tamaşa edir.

Getdikcə, Klodun Esterə olan marağı daha da artır. Ester həyat yoldaşı ilə dava edir. Bu, Klodun Esterə daha da yaxınlaşması üçün bir fürsət rolunu oynayır. Dostunun anası ilə yaxınlaşması Rafa ilə Klodun münasibətlərinə mənfi təsir edir. Klod yazılarından birini Rafanın intihar səhnəsilə yekunlaşdırır. Bu, Jermanı dəliyə çevirir. Səhəri gün məktəbə gedən kimi Rafanı axtarmağa başlayır. Onun dərsə gəlmədiyini görüb daha da narahat olur. Nəhayət, məlum olur ki, Rafa sadəcə qripə yoluxduğuna görə dərsə gəlməyibmiş.

Jerman sinfə qayıdaraq Kloda hər şeyi başa çatdırmalı olduğunu deyir. Bu vəziyyət aşkar olunarsa, hər ikisi üçün təhlükə doğuracağını bildirir. Bununla belə, Klodun yazılarını oxumaqdan özünü saxlaya bilmir.

Ata Rafa evə gələrək işində vəziyyətin pisə doğru getdiyini həyat yoldaşına bildirir. Ester isə ona ikinci övladlarının olacağını deyir. Elə bu vaxt, Rafa valideynlərinin yanına gələrək, ona xüsusi dərs keçməsi üçün yeni riyaziyyat müəllimi istədiyini deyir. Artıq Kloda ehtiyac yoxdur.

Klod hekayəsi üçün uyğun bir “son” axtarışına çıxır. Esterin yanına gedir. Məlum olur ki, Rafagil Çinə köçməyə qərar veriblər. Klod Esterlə vidalaşır və “son” axtarışı üçün başqa istiqamətlərə üz tutur. O, Jermanın evinə gedir. Qapını Janna açır. Jerman evdə deyil. Klodla Janna xeyli söhbət edirlər. Janna Jermanın çoxdan yazdığı kitabı Kloda verir.

Bu vaxt, Rafa riyaziyyat imtahanının cavablarını Jermanla Klodun oğurladığını məktəbin müdirinə xəbər verir. Jerman işdən uzaqlaşdırılır. Klod isə Jermanın evindədir. İndi də öz istedadını onun həyat yoldaşını təsvir etməyə xərcləyir. Klodun yazısı “Bir son axtarıram. Öz sonumu. Onu burada tapa bilərsiniz. Evdə” cümlələrilə yekunlaşır. Janna Jermanı tərk edərək anasının evinə gedir.

Jerman tək-tənha parkdakı bir skamyada əyləşib. Klod yaxınlaşır və yanında oturmaq üçün icazə istəyir. O, Jermanın kitabını qaytarmaq niyyətindədir. Jerman kitabın ona lazım olmadığını bildirir. Birlikdə skamya ilə üzbəüz binadakı evlərə tamaşa edirlər. Hər birinin fərqli hekayəsi olan evlərə baxır, tanımadıqları insanların həyatları barəsində fikir yürüdürlər. Film müxtəlif evlərin – hekayələrin bir kadrda toplanması (binanın pəncərələrinin xaricdən görüntüsü) ilə yekunlaşır.

evdə filmi 2

Obrazların təhlili

  • Klod Qarsiya – 16 yaşlı Klod savadlı, istedadlı, özünə inamlı, davranışlarını ölçüb biçən və ağıllı bir məktəblidir. O, hiyləgər baxışları, özünə əmin davranışları ilə ilk baxışda məndə məktəbin «ulduzu», sinfin lideri təəssüratını yaratmışdı. Lakin tezliklə zənnimdə yanıldığımı anladım. Doğrudur, Klod liderdir, lakin gizli liderdir. Öz mühitinin ulduzuna çevrilmək isə onu heç maraqlandırmır. Klod nə qədər özünə inamlı kimi görünsə də, istedadının arxasında gizlənərək başqalarının dünyasında var olmaq istəyən bir şəxsdir.

O, sinifdə ən arxadakı partada oturaraq daim müşahidə aparır. Arxa parta öz əməllərini ört-basdır etmək istəyən avaralarla yanaşı, daxilindəki suallara cavab axtaran, düşünən beyinlərin, müşahidəçilərin də seçimi olur. Jermanın da dediyi ki, arxa partada oturanda sən hamını görürsən, lakin heç kim səni görmür.

Klod anasız, natamam bir ailədə böyüyüb. Lakin o, öz zəifliklərinə təslim olmur. Əksinə, onlardan insanlara qarşı silah kimi istifadə edir. Esterlə yaxınlaşmaq üçün onu 9 yaşında tərk edib gedən anasından danışması buna misal ola bilər. Sıradan bir ailəyə Klodun gözlərindən baxan tamaşaçı üçün Artollar ailəsi artıq qeyri-adi təsir bağışlayır.

Klodun ailəsinə isə filmdə ötəri yer verilib. Bu, bir tərəfdən onun daxili aləminin ön plana çıxmasına şərait yaradır, Klodu sirrli, əsrarəngiz bir şəxs kimi təqdim etməyə kömək edir, digər tərəfdən tamaşaçıda natamamlıq hissi doğurur. Rejissor Klod vasitəsilə şikəst ailədə böyüyən bir uşağın daxili aləmini göstərib. O, kifayət qədər çox işlənmiş bu mövzuda heç bir şablona yer verməyib. Klod bu günə qədər gördüyüm “uşaqlıqda travma almış şəxs” obrazlarından tamamilə seçilir. Onların çoxundan fərqli olaraq, duyğularını güllələr kimi silahında toplayır və vaxtı gələndə gərəkli istiqamətlərə tuşlayır. Daxilən yarımçıq olan insanlar cəmiyyətdə özünü hamıdan gec tapırlar. Lakin Klodun onlardan əsas üstünlüyü istedadı və özünü ifadə bacarığıdır. Bu bacarığı onu “Mey Dav Kenedi”, “Hannibal Lekter”, “Jan Batist Qrenuy”, “Norman Beyts” personajlarından fərqli olaraq qatilə çevrilməyə qoymur. Həmin personajlar insanları öldürür, həyatlarını məhv edirlər. Klod da başqalarının həyatlarını məhv edir. Lakin bunu ağılla və ustalıqla yerinə yetirir.

Klod obrazını canlandıran Ernst Umoer mimikalarından məharətlə istifadə etməsi, tamaşaçını qıcıqlandıran təbəssümü və baxışları ilə öz rolunun öhdəsindən çox məharətlə gəlib. Fikrimcə, “Evdə” xaricində cəmi bir neçə filmdə rol alan 26 yaşlı aktyorun bu ifası onun gələcək karyerasına olduqca müsbət təsir edəcək.

Rafanın atası ilə təklikdə söhbət edərkən, uzaqdakı sərxoş kişiyə nəzər yetirməsi və daxilən həmin kişinin onu Rafanın oğlu zənn etməsini arzulaması filmdə ən çox bəyəndiyim məqamlardan biri oldu. Başqa bir səhnədə, özünü Rafanın ata və anasının arasında yatarkən xəyal edir. Burada onun xoşbəxt ailə həsrəti bir az da meydana çıxır. Rafanın ailəsi riyaziyyat müəllimi tapmağa razılıq verəndən sonra, “bərpa edilmiş xoşbəxt ailə rəsmi”nə baxaraq, heç vaxt onlardan biri ola bilməyəcəyini dərk etməsi filmin ən kədərli məqamlarından biridir. Tamaşaçı iki ailəni məhv edən, insanların həyatlarında sağalmaz yaralar qoyan Kloda həm nifrət edir, həm də bu məqamların sayəsində onu sevir. Film başa çatandan sonra da əsas personaja qarşı münasibətinizi müəyyən etmək üçün sizə günlərlə vaxt lazım gələcək. Lakin ona nifrət və ya sevgi bəsləməyinizdən asılı olmayaraq, mütləq dəyər verəcəksiniz.

  • Jerman Jerman – Jerman kimi sakit, disiplinli, səliqəli, mülayim, darıxdırıcı görünüşü olan müəllimlərlə yəqin ki hər birimiz qarşılaşmışıq. Onun “Ölü şairlər cəmiyyəti”ndəki “Con Kitinq” kimi güclü xarakterli bir ədəbiyyat müəllimi olduğunu zənn edirsinizsə, yanılırsınız. Jerman şagirdlərinin sevimlisi deyil. Heç özü də onlara hədsiz sevgi bəsləmir. Lakin dürüst və vicdanlı bir insandır.

Özü “istedadsız yazıçı” olan Jermanın Klodun yazı qabiliyyətini qısqanmaması, əksinə ona bacardığı qədər köməklik göstərməsi insanda bu obraza qarşı simpatiya yaradır. Jerman kifayət qədər yaxşı ədəbi tənqidçidir. Şəxsi keyfiyyətlərinə şübhə ilə yanaşsa da, Klodun istedadının itib batmasını istəmir. Klod onun həyatını məhv edir. Buna baxmayaraq, Jerman sona qədər təmkinini qoruyub saxlayır. Sonda Klodu mehribanlıqla qarşılayır. Ona heç bir kin bəsləmir.

Obrazın ad və soyadının eyniliyi Vladimir Nabokovun məşhur Humbert Humbert obrazını xatırladır. Sadəlövh addımları, özündən yaşca xeyli kiçik olan bir şəxsin oyuncağına çevrilməsi hər iki obrazın ortaq xüsusiyyətləridir.

Jerman obrazını canlandıran Fabris Lukini donuq baxışları, fağır davranışları, əzgin təbiəti ilə tamaşaçının yadında qalmağı bacarır. Bəzən nəyin reallıq, nəyin uydurma olduğunu anlamayan Jerman Klodun sayəsində sönük həyatına maraq qatmağa çalışır.

Jermanla bağlı ən çox bəyəndiyim səhnələr Klod Esterlə və Rafa ilə təklikdə danışarkən, onun xəyalən həmin məkana daxil olduğu görüntülərdir. O, Klodla yazdıqlarını müzakirə edərkən, hadisələrə o qədər aludə olur ki, özü də hekayənin içərisinə daxil olur. Jermanın reaksiyaları, təəccübü və etiraz dolu tənələri çox maraqlı alınır və filmə bir qədər yumor qatır.

Ümumiyyətlə, rejissorun «ssenari içərisində ssenari» qurma bacarığı, müxtəlif simaların sürətlə dəyişdiyi kadrlar, filmin sonunda binadakı evlərin içərisində baş verənlərin hamısının eyni anda göstərilməsi kimi özünəməxsus gedişatları əksər hissəsi məktəb və evdə cərəyan edən filmi daha dinamik, yaddaqalan və təsirli edir.

  • Janna Jerman – Kristin Skott Tomasın canlandırdığı Janna Jerman obrazı filmdə nisbətən arxa planda qalan personajlardandır. Filmdə «Minotorun labirinti» adlı qalereyanı işlədən, incəsənətə marağı olan, həyat yoldaşının addımlarını dəstəkləməsə də, onu bu yoldan çəkindirmək üçün heç nə etməyən, sonda Klodun növbəti hədəfinə çevrilməkdən boyun qaçırmayan Janna barəsində qaranlıq qalan məqamlar oldu. Məsələn, onun təklikdə Klodla etdiyi söhbətlərin bir qismi sona qədər məlum olmur. Onun qəfildən Jermanı tərk etmək qərarı tamaşaçı üçün sürpriz olur.

Xarici görünüşü, xüsusilə də saç düzümü, geyim tərzi, ciddi, soyuqqanlı üz cizgiləri, tez-tez öz peşəsini, gördüyü işi ərinə xatırlatması və diqqət tələb etməsi ilə Janna Jerman mənə müəyyən qədər “Kartdan ev” serialının Kler Andervud obrazını xatırlatdı. Əgər Kler Andervud orta təbəqədən olsaydı, yəqin ki Janna Jermana daha çox bənzəyərdi.

  • Ester Artol – Klodun «bezgin qadın» adlandırdığı Rafanın anası filmin əsas personajlarından biridir. Ester hər şeyi olsa da, həyatından məmnun olmayan, bununla belə gündəlik məişət qayğılarının arasına qərq olmağı özü üçün yeganə çıxış yolu hesab edən insanların ümumiləşdirilmiş obrazıdır. Hər birimizin ətrafında çoxlu sayda Esterlər mövcuddur. Darıxdırıcı, bəsit, dərindən dərk etmə qabiliyyətindən məhrum, bununla belə özünün zəngin daxili aləmi ilə öyünən Ester obrazını Emmanuel Senye canlandırır. “Acı ay”, “Xəzli Venera” kimi filmlərdə güclü qadın obrazlarını ifa edən aktrisanı belə sadə, sıradan bir rolda görmək məni təəccübləndirdi.
  • Rafa Artol (ata) – Ata Rafanın dünyası iş-gücdən, Çindən və basketboldan ibarətdir. Klodla təklikdə etdiyi söhbət zamanı belə yalnız Çindən bəhs edir. Məhdud və dar bir insan təsiri bağışlayır. Əlbəttə, Rafa Esterdən fərqli olaraq, Klodun xüsusi maraq dairəsində olmadığı üçün onun barəsində nisbətən az məlumat əldə edə bilirik.

Fransız filmləri ilə yanaşı, “Şərəfsiz əclaflar”, “Robin Hud” kimi dünya şöhrətli kinolarda da yer alan Denis Menoçetin oynadığı Rafa Artol ailə və iş həyatını düzgün tənzimləyə bilməyən, nəticədə də çox zaman hər ikisindən məhrum olan, uzaqgörənlikdən uzaq insanların ümumiləşdirilmiş obrazıdır. Yəqin ki, hər birimiz nə vaxtsa, Rafa Artolların aqibəti barəsində edilən qeybətlərə qulaq müsafiri olmuşuq.

  • Rafa Artol (oğul) – Rafa Klodun xəyalındakı evə girməsi üçün vasitəçidir. Lakin o, Klod üçün ailənin ən maraqsız üzvüdür. Klodun ona qarşı xüsusi bir rəğbəti yoxdur. Lakin Rafanın ona olan heyranlığı aydın hiss olunur. Rafa da müəyyən qədər atasına bənzəyir: basketbolu sevir və dayazdır. Lakin sərt, öz fiziki gücünə arxalanan, lazım gəldiyi təqdirdə oğlunu müdafiə etmək üçün Jermanın üzərinə getməkdən çəkinməyən atadan fərqli olaraq, oğlu utancaq, özünə inamsızdır. Bütün sinif onu lağa qoyarkən, özünü müdafiə etməyi bacarmır. Bütün bu çatışmazlıqları Klodun onun gözündə ideallaşmasına şərait yaradır. Daxilən Klod Rafanın, Rafa da Klodun yerində olmaq istəyir.

 

Digər filmlərlə bənzərliklər

Fikrimcə, ilk baxışda adi, bəsit təsir bağışlayan, lakin getdikcə tamaşaçını ovcunun içinə almağı bacaran «Evdə» filmi kifayət qədər fərqli və özünəməxsusdur. Eynilə bu filmə bənzəyən başqa bir film xatırlamıram.

  • «Evdə» (xüsusilə də KlodlaJermanınbirlikdə binalarınpəncərələrinə tamaşaetdiklərisəhnə) əsas personajın başqalarının həyatlarını izləməyə aludə olması baxımından Alfred Hiçkokun “ArxaPəncərə”sinixatırladır. Lakinayağını sındırdığı üçünmüvəqqətiolaraq əlilarabasınaməhkumolanvə dahamaraqlı məşğuliyyəttapabilməyənCefdənfərqliolaraq, Klodbütünvarlığını digərhəyatlarınadilikləriniqeyri-adikimitəqdimetməyə həsredib.
  • FilmmüəyyənqədərJaumeBalaqeronun “Sənyatarkən” kinosunudaxatırladır. OradaSezaradlı qapıçı işlədiyibinadakı sakinlərinevlərinə gecələrgizlicə girir, onlarbarəsində məlumattoplayırvə müxtəlif üsullarlahəyatlarını məhvedir. Eynizamanda, hərbiriilə yaxınmünasibətquraraqrəğbətiniqazanır. Lakin özbədbəxtliyininacığını çıxmaq üçünbaşqalarını daxoşbəxtlikdənməhrumetməyə çalışanSezardanfərqliolaraq, Klodunbaşlıcaniyyətiinsanlarınbədbəxtliyideyil, özyazıları üçünmaterialtoplamaqdır. KlodSezaranisbətəndahaağıllıdır. O, insanları materiallar, ləvazimatlar, özününyaratdığı personajlarkimigörür. Sezarhərkəsinonayuxarıdanaşağı baxdığını düşünür. Klodisə getdikcə özünü birnövTanrı zənnetməyə başlayır. evdə filmi 3

Filmin verdiyi mesajlar

  • Rafanın ailəsindən bir müddət sonra uzaq düşən Klodun timsalında anlayırıq ki, insan heç zaman başqalarının dünyasında əbədi olaraq mövcud ola bilməz. Öz həyatı olmayan şəxs heç kəsə lazım deyil. Başqalarının həyatında yer tutmaq arzusu ona yaxşı halda kənardakı müşahidəçi, pis halda isə düşmən statusu qazandıracaqdır.
  • L. N. Tolstoyun “Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cürdür” fikri bu filmdə bir daha öz təsdiqini tapır. Artollar ailəsinin kiçik problemləri, qayğıları olsa da, olduqca xoşbəxtdirlər. Lakin Jermanın və Klodun ailəsinin hərəsi ayrı cür bədbəxtliyə düçar olmuşdur.
  • Filmdə Ester obrazının timsalında öyrənirik ki, bəzən həyatda xoşbəxt olmaq üçün hər şeyi olan insan belə narazı və natamam olur. Özünü yetərsiz hiss etmək, çata bilmədiyi məqsədlərə görə başqalarını günahlandırmaq zəiflərin atacağı addımdır. İnsan öz həyatını yalnız özü seçir və hər kəs yaşadığı həyata görə yalnız özü məsuliyyət daşıyır.
  • Bəsit bir ailəni maraqlı formada təqdim etməyi bacaran Klodun timsalında öyrənirik ki, hər bir insanın həyatı ayrı bir dəyərdir. Ən önəmsiz, sıradan kimi görünən insanın ömrü belə qələmə alınmağa, beləliklə də xüsusi diqqətə layiqdir.
  • Şikəst bir ailənin məhsulu olan Klod bir daha sübut edir ki, qayğısız ailədə böyüməyən, atadan, anadan və ya hər ikisindən məhrum olan bir uşağın qarşısındakı sınaqlar başqalarından dəfələrlə çətindir. Ömrü boyu tənhalıq hissindən qurtula bilməyən insanın ondan yaxa qurtarmaq üçün törədə biləcəyi əməllərin sərhədi yoxdur. Travma ilə böyüyən tənha insanlara xas olan iki əsas keyfiyyətdən biri onların dərin daxili aləmlərinin olmasıdır. Digəri isə odur ki, onlar bütün bəşəriyyətə qarşı bir mücadiləyə qatıldıqlarını düşünürlər. Bütün insanlığı özünə qarşı çevrilmiş hesab edən bir şəxs əlbəttə ki, onlara qarşı qəddarlıqda sərhəd tanımır və özünün bütün əməllərinə haqq qazandırır. Belə insanlar həm özəl, həm də təhlükəli olurlar.
  • İnsanın sevilmək istəyi ona hər şeyə vadar edə bilər. Ömrü boyu normal bir ailənin parçası olmağı arzulayan Klod da məhz duyduğu sevgi aclığının təsirilə bütün bu addımları atır. Bu addımların nəticələri nə qədər ağır olsa da, o, sadəcə hamı kimi olmaq, sevilmək, qəbul edilmək istəyən bir yeniyetmədir.
  • Cəmiyyəti tanımaq üçün kiçik bir ailəni müşahidə etmək də yetərlidir. Eyni obrazlar müxtəlif “simalar” geyinərək cəmiyyətdəki bütün qruplara paylanıb. Bircə ailəni yaxından tanımaq belə sözügedən şəxsə insan təbiəti barəsində yetərincə məlumat qazandıra bilər.
  • Hər şeyə rəğmən sonda bir-birlərinə gülümsəyən Klodla Jermanın timsalında öyrənirik ki, geri qaytarılması mümkün olmayan əməllərə görə nifrət bəsləmək mənasızdır. İnsan əvvəlcə vəziyyəti idrak etməli, sonra isə keçmişin əzablarından, peşmanlıqlarından sıyrılaraq gələcəyə baxmalıdır.

 “Cənab Jerman hər şeyini: həyat yoldaşını, işini itirdi. Amma mən burada, yanındayam. Ona yeni bir hekayə danışmaq üçün. Ardı var…

 

 

Bölmə : Kino, Manşet, Sənət