Eynəli bəy Sultanovun qayıdışı – Vilayət Quliyev

28 Baxış

Eynəli bəy Sultanovun qayıdışı<b style="color:red"></b>

 

 

 

 

 

 

 

 

 

 

 

XIX əsrin ikinci yarısından sonra milli ədəbi-mədəni fikrimizdə fenomenal hadisə baş verdi – rusdilli Azərbaycan publisistikası yaranıb inkişaf etməyə başladı. Bu məcburiyyət üzündən atılmış addım idi. 

Ana dilində mətbuatın olmaması imperiyanın hakim dilində təhsil almış, bu dili mükəmməl bilən bir sıra ziyalı soydaşlarımızı rus qəzet və jurnallarına üz tutmağa vadar etmişdi. Lakin onlar rus mətbuatının imkanlarından ilk növbədə milli mənafe naminə yararlanmış, imperiyanın ögey övladları sayılan Azərbaycan türklərinin səsini və sözünü duyurmağa çalışmışdılar. Fikrimcə, xalqa xidmət baxımından rusdilli jurnalist və publisistlərimiz  ana dilində yazıb-yaradan həmkarlarından heç də az iş görmürdülər. Əgər birincilər insanlarımızı oyatmağa çalışırdılarsa, ikincilər də onun haqlarını daha böyük müstəvidə qoruyurdular.

İ.S.Şahtaxtinski, Ə.Topçubaşov, Ə.Ağayev, M.Şahtaxtlı, H.Minasazov, R. Məlikov, H.Qəbulov-Şirvanski və s. parlaq imzalar içərisində dörddə bir əsrdən çox “Novoe obozrenie” “Kaspi”,”Zakavkazye”, “Zakavkazskaya reç” kimi qəzetlərdə milli maraqların ifadəsinin keşiyində dayanan, onlarla aktual məqalə, publisist yazı, tarixi-etnoqrafik oçerk, iqtisadi icmal, teatr resenziyası  çap etdirən, hətta Tiflisdə”Kavkazskaya kommuna” kimi rusdilli məcmuənin redaktoru olan yorulmaz yazıçı-jurnalist, müəllim və ictimai xadim Eynəli bəy Sultanov (1866-1935) özünəməxsus yer tutur. Onun yaradıcılığını XX əsrin əvvəllərində Cənubi Qafqaz həyatının, ilk növbədə isə vətəni Azərbaycanın kiçik ensiklopediyası adlandırmaq olar. Çünki dövrün elə bir mühüm, əlamətdar hadisəsi, şəxsiyyəti, yaxud  problemi olmayıb ki, Eynəli bəy yanından sükutla keçsin, müsbət, yaxud mənfi münasibətini bildirməsin, sözünü deməsin. Bəlkə də mübaliğəli görünər: amma Eynəli bəyin publisistikasından kənarda ədəbi-mədəni və ictimai fikir tariximizdə bir boşluq yaranardı. Yaxşı ki, artıq həmin boşluğun doldurulduğunu söyləmək olar – 2016-cı ilin sonunda  müəllifin Cənubi Qafqazın rusdilli mətbuatdan toplanmış çoxsaylı məqalə və korrespondensiyalarını əhatə edən  sanballı “Eynəli Sultanov. Publisistika” kitabı “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilib.

Görkəmli publisistin anadan olmasının 150 illiyinə müasir Azərbaycan ədəbiyyatşünaslığının layiqli töhfəsi sayılacaq  toplu onu nəşrə hazırlayan və kitaba mükəmməl ön söz yazan akademik İsa Həbibbəylinin çoxillik gərgin zəhməti, məqsədyönlü axtarışları sayəsində ərsəyə gəlmişdir. Bu dəyərli kitabla görkəmli alimimiz yalnız mətbuat və ədəbiyyat tarixi mütəxəssislərinə deyil,  tarix, politologiya, iqtisadiyyat, sosiologiya, kulturologiya, teatrşünaslıq, milli münasibətlər və s. sahələrdə çalışan həmkarlarına da böyük töhfə vermiş, eyni zamanda gələcək elmi axtarışları üçün yeni ünvanlar göstərmişdir.

Həyat və yaradıcılığı müəyyən qədər öyrənilsə də Eynəli bəy Sultanov bir sıra əsərləri, xüsusən də rus dilində qələmə alınmış zəngin publisist irsi indiyə çap olunmayan şanssız müəlliflərdəndir. Milli mədəniyyət, mətbuat, ədəbiyyat və ictimai fikir tariximizin yeni meyar və prinsiplərlə tədqiq zəruriliyinin gündəlikdə dayandığı indiki mərhələdə belə əsərlərin nəşri və təbliği olduqca vacibdir. Çünki onlar xalqımızın dünənini daha dəqiq öyrənməyə imkan yaradır. Mədəni inkişafın tarixi fasiləsizliyi prosesini təmin edir. İndiyə qədər bir çox klassiklərimizin yaradıcılıq irsinin toplanması və nəşri sahəsində məqsədyönlü, qədirşünas fəaliyyəti ilə seçilən akademik İsa Həbibbəylinin məşhurlarla yanaşı Eynəli bəy  kimi  mütəvazi, hətta deyərdim ki, “sahibsiz” müəllifləri diqqət mərkəzində saxlaması təqdirəlayiq haldır.

“Publisistika” kitabında toplanmış yazılar XX əsrin əvvəllərindəki milli həyatın demək olar ki, bütün sahələrinə işıq tutur. Həm də Eynəli bəy yalnız Azərbaycan reallıqları ilə məhdudlaşmamışdır. Yazılarında Cənubi Qafqazın, Rusiyanın, İranın, Osmanlı imperiyasının üzləşdiyi problemlərə toxunur. Mövzuları isə deyərdim ki, həyatın özü qədər intəhasız və rəngarəngdir. Təhsil, qadın azadlığı məsələləri,  kəndlilərin ağır yaşayışı, mülkədar özbaşınalığı, publisist fikrin gündəliyində xüsusi kəskinliklə dayanan ziyalı problemi, ədəbi və teatral həyat, Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər, qaçqınların məşəqqətləri, erməni şovinistlərinin törətdiyi qanlı qırğınlar, din və dini misteriyalar, əyalətlərin kədərli güzəranı, xeyriyyəçilik fəaliyyəti, Şərq klassiklərinə və folklora aid yazılar, real gerçəklikdən alınmış məişət mənzərələri, nekroloqlar, ana dilli mətbuatın icmalı, elmi və tarixi polemika – Eynəli bəyin məqalələrində toxunulan mövzuların tam olmayan siyahısı belədir.

Bu yazılardan müəllifin onların müəllifinin vicdanlı, ağa qara deməyən, kimsəyə yarınmaq fikrinə düşməyən obyektiv və vətənpərvər ziyalı olduğu aydın görünür. O, öz millətini sevirdi, tarixi keçmişindən qürur duyurdu. Həm də bu  sevgi və qürur hissi başqalarının haqqını tapdamaq üzərində yüksələn məhəbbət, özünə vurğunluq ədası deyildi: “Səni sevirəm, mənim xalqım! Bütün varlığım, bütün ürəyim, ürəyimin bütün çırpıntıları ilə sevirəm. Bütün bəşəriyyətə bəslədiyim məhəbbətlə sevirəm. Böyük bəşər ailəsinin üzvü kimi sevirəm”. Bu sətirlər xalqımızın problemlər məngənəsində çırpındığı, cəhalətlə çarpışdığı bir dövrdə də Eynəli bəyin ona necə böyük inam, nikbinlik və sevgi ilə yanaşdığının əyani təzahürüdür.

Akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə Eynəli bəyin qəzetçilik fəaliyyətini  “Molla Nəsrəddin” publisistikasının rus dilində davamı kimi səciyyələndirir. Bu fikirdə böyük həqiqət payı var. Müəllifin “Fəzaya ifşaedici açıq məktublar”, “Cəmiyyətdən qovulmuşun fikirləri” kimi silsilə yazıları (təəssüf ki, kitabda bu yazılar ardıcıllıqla verilmədiyindən onların silsiləvi mahiyyəti aydın nəzərə çarpmır) Ə.Haqverdiyevin “Marallarım”, “Mozalan bəyin səyahətnaməsi”  kimi əsərləri ilə səsləşir. Yaxud Eynəli bəy sanki böyük Sabirin “Hər dərdə dözən canları neylərdin, ilahi!” fəryadının əks-sədası kimi məqalələrinin birində yazırdı: “Nə üçün mənim xalqım zülmkardan qorxur? Nə üçün  düşmənlərə boyun əyir? Nə üçün özü aclıq çəkir, amma onları ləziz nemətlərlə bəsləyir?! Hökmranlıq edən harın və tox müstəbidlər onun aclığı, ehtiyacı bahasına quduzcasına dövran sürür, vəhşi rəqslərlə xalqımın müqəddəs ruhunu tapdalayırlar” -bu sətirləri həm də açıq mətnlə imperiya ağalarına  cavab, onlara öz dillərində meydan oxuma kimi dəyərləndirmək mümkündür.

Eynəli bəyin vətənpərvərlik və sağlam milli təəssübkeşlik üzərində köklənmiş publisistikasında Azərbaycan xalqının dəyərlərinin qorunması aparıcı xətlərdən biri sayıla bilər. Müəllifin ilk baxışdan adi informasiya xarakteri daşıyan bir sıra məqalə və korrepondensiyaları mədəni və ictimai-siyasi fikir tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Məsələn, Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının “50 yaşında cavan”, “O olmasın, bu olsun”, əsərlərinin, ilk növbədə isə “Arşın mal alan” musiqili komediyasının ermənilər tərəfindən mənimsənilməsinə, afişalarda müəllifin adı göstərilmədən nümayiş etdirilməsinə ilk dəfə diqqəti o çəkmiş və  məsələ ilə əlaqədar həyəcan təbili çalmış, kəskin etirazını bildirmişdi. 1915-ci ildə “Zakavkazskaya reç” qəzetinin 71-ci sayında dərc edilən “Buna nə ad vermək olar?” məqaləsində Eynəli bəy gizlədilməyən bir qəzəblə yazırdı: “İşin qəribə olan cəhəti budur ki, erməni artistləri tərəfindən yayılmış afişaların heç birində yeni pyeslərin (yuxarıda adını çəkdiyim əsərlər nəzərdə tutulur – V.Q.) müsəlman müəlliflərin əsərləri olduğu göstərilmir, onların adları çəkilmir. Xarakterik məişət səhnələri ilə səciyyəvi olan xalis müsəlman (azərbaycanlı) pyeslərini ermənilər sadəcə “Asiya həyatından alınmış səhnələr”  kimi təqdim edirlər. Bunun tamaşaçıların pyesləri erməni əsərləri sayıb teatra daha çox gəlmələri, yaxud “müsəlman” adının qonşularımıza xoş görünmədiyi səbəbindən edildiyi bizə məlum deyil. Əlbəttə, tərcüməyə plagiat demək olmaz, lakin müsəlman müəlliflərin adlarının gizlədilməsində nə isə, üstüörtülü, qaranlıq bir səbəb var”.

Həmin “qaranlıq səbəb” 1920-ci illərdə Amerikada və bir sıra Avropa ölkələrində erməni teatr truppalarının “Arşın mal alan”ı erməni musiqi sənətinin nümunəsi kimi tamaşaya qoyduğu zaman aşkara çıxmışdı.

Konkret olaraq Eynəli bəyin “Zakavkazskaya reç”də çıxan “Buna nə ad vermək olar?”  replikasına gəldikdə isə ictimai qınaq və ədəbi oğurluqda ittiham xarakteri daşıyan xəbərdarlıq nəticəsiz qalmamışdı. Müəllif eyni qəzetin 1916-cı il 21-ci sayında dərc etdirdiyi “Bax belə lazımdır” adlı qısa korrespondensiyasında erməni artistlərinin Tiflisin məşhur Avlabar klubunun səhnəsində “Arşın mal alan” musiqili komediyasını ikinci dəfə uğurla tamaşa qoyduqlarını və bu dəfə əvvəlkindən fərqli olaraq afişalarda bəstəkarın – Ü.Hacıbəyovun adının göstərildiyini yazırdı: “Sevindirici haldır. Dürüst adam həmişə hansı məqamda haqlı olmadığını boynuna alır”.

Doğrudur, Azərbaycanın maddi və mənəvi sərvətlərini mənimsəməyə adət etmiş ermənilərin “dürüstlüyü” qısa müddətli olmuşdu. Lakin Eynəli bəyin bu mühüm məsələyə diqqət yetirməsi, onu ictimailəşdirməsi, hətta qarşı tərəfi geri çəkilməyə məcbur etməsi öz-özlüyündə təqdirəlayiq haldır və onun milli mədəniyyətimiz qarşısındakı xidmətlərindən biri sayıla bilər.

Eynəli bəyin məqalələri yaxın tarixi keçmişimiz və görkəmli tarixi şəxsiyyətlərimizlə bağlı bir sıra mühüm, prinsipial məqamları dəqiqləşdirməyə də imkan verir. Bir nümunə: görkəmli hərbçi, Birinci Dünya müharibəsində süvari korpusa komandanlıq etmiş general Hüseynqulu xan Naxçıvanskinin tarixi vətəni Azərbaycanla, ölkəsinin tanınmış ictimai-siyasi xadimləri ilə əlaqələri barədə məlumatlar çox məhduddur. Hətta deyərdim ki, yox dərəcəsindədir. Bu baxımdan Eynəli bəyin “Zakavkazskaya reç” qəzetinin 1915-ci il 221-ci sayında dərc olunmuş “Qəhrəmanın şərəfinə” məqaləsi həmin əlaqələrin mövcudluğunu, həm də qarşılıqlı xarakter daşıdığını ortaya çıxarır. Məlum olur ki, həmin il oktyabrın 15-də Tiflisdə və Bakıda yaşayan bir sıra tanınmış azərbaycanlı ictimai-siyasi xadimlər rus ordusunda yüksək post tutan və çarın ən yaxın əhatəsinə daxil olan qəhrəman həmvətənlərini salamlamaq, ona öz ehtiramlarını bildirmək üçün üçün Tiflisin “Orient” (kitabda göstərildiyi kimi “Oriant” yox! – V.Q.) otelinə toplaşmışdılar. “Salamlama mərasimi mütəvazi, lakin son dərəcə səmimi xarakter daşıyırdı. Xan Naxçıvanskiyə müraciətlə söylənən nitqlər təbii idi və ürəkdən gəlirdi. Şərəfinə  mərasimin təşkil  keçirildiyi şəxsin cavabları da həqiqi əsgərə və qəhrəmana yaraşan idi. Bu nitqlərdə onun göstərdiyi şücaət vurğulanır, yeni canişinin idarəçiliyi altında müsəlmanları gözləyən daha yaxşı dövrün başlanacağına bəslənən ümidlər ifadə olunurdu. Qısalığına baxmayaraq bu nitqlərin bəziləri müsəlmanların hökumətə loyal münasibətinin ifadəsi baxımından səciyyəvi idi. Ən gözəl nitqlər Əlimərdanbəy Topçubaşov, Məmməd Yusif Cəfərov və Fətəli xan Xoyski tərəfindən söyləndi”. Görüşün sonunda gələcək Azərbaycan Cümhuriyyətinin sənaye naziri Mirzə Əsədullayev generala içərisində zərlə yazılmış Quran ayələri olan gümüş qovluq hədiyyə etmişdi. Bəlkə də bir neçə ildən sonra müstəqil Azərbaycanın qurucuları sırasında yer alan bu görkəmli ictimai-siyasi xadimlər çarın yaxın çevrəsindəki yeganə soydaşlarına öz müttəfiqləri kimi baxırdılar. Həmin görüşdə Hüseynqulu xan Naxçıvanski “yerli müsəlmanların da öz qəhrəmanlarını görmələri üçün” ziyalıların təklifi ilə Bakıya dəvət olunmuşdu. Çox güman ki, görüşün iştirakçıları sırasında yer alan Eynəli bəyin yazdığına görə, “dəvət minnətdarlıqla qəbul edilmişdi”.

Eynəli bəy öz dövrünün çox savadlı, məlumatlı, müxtəlif sahələrdə geniş biliklərə malik qəzetçilərindən idi. Bunu yazılarının ümumi səviyyəsindən və oradakı güclü polemika ruhundan da müşahidə etmək olar. Məsələn, müasiri və həmyerlisi Məhəmməd ağa Şahtaxtlının “Müsəlmanların həyati fəaliyyətinin böhranı” adlı əslində islam dininə və onun daşıyıcılarına böhtan xarakteri daşıyan məqaləsi ilə polemika aparmaq üçün R.Rozinin “İslam tarixinin oçerkləri”, İ.Qoldtsierin “Köhnə ərəblərin və Mühəmmədin idealları”, Şeyx Əbül Qasim əl-Mühəqqiqin “Şiə məzhəb müsəlmanların “Şiə məzhəb müsəlmanların qanunları”, Mirzə Kazımbəyin “Müsəlman hüququna baxış” kimi müxtəlif kitab və məqalələrindən yararlanmışdı. Nəticədə elmi polemika apardığı tərəf-müqabilindən fərqli olaraq mülahizələrini hökm və şüar şəklində deyil, əhatəli elmi dəlillərlə ortaya qoya bilmişdi. Göstərdiyim cəhət bütünlükdə Eynəli bəy Sultanovun yazı mədəniyyəti və üslubu üçün səciyyəvidir.

Üslubdan söz düşmüşkən, Eynəli bəyin rus dilinə mükəmməl yiyələndiyi, onun bütün incəliklərinə bələd olduğu ayrıca vurğulanmalıdır. O, adi bir qəzet xəbəri yazanda da dilin səlisliyinə, ifadəliliyinə diqqət yetirirdi. Mövzudan asılı olaraq məqalələrinin dili və üslubu dəyişirdi -sərt realizmi romantik çalarlar, quru informasiya dilini ilhamlı və lirik sətirlər əvəz edirdi. Cəmiyyət həyatındakı neqativ hallara,  inkişafın qarşısını kəsən  antiqəhrəmanlara gələndə isə Eynəli bəy öldürücü satira və sarkazmdan, ironiyadan bacarıqla yararlanırdı. Dövrün tanınmış yazıçı, tarixçi və filosoflarının əsərlərinə müraciət, yalnız Qafqaz deyil, ümumrusiya miqyasında elmi-tarixi mübahisə və polemikaların aparılması Eynəli bəy Sultanovu XX əsrin əvvəllərindəki ən intellektual və geniş mütaliə dairəsinə malik qələm sahibləri arasında görməyə imkan verir.

Şübhəsiz, hər belə nəşr milli mədəniyyət tariximizi zənginləşdirir, xalqımızın dünəni ilə bağlı biliklərimizin hüdudlarını genişləndirir. Amma bir şərtlə ki, gərək bu tipli tarixi-ədəbi qaynaqlar son dərəcə yüksək peşəkarlıqla, elmi dəqiqliklə çapa hazırlansın, elmi mətnşünaslığın, mənbəşünaslığın tələb və prinsiplərinə dönmədən əməl edilsin. Sadaladığım meyarlar baxımından məni “Eynəli bəy Sultanov. Publisistika” kitabında razı salmayan, hətta deyərdim ki, ciddi şəkildə narahat edən bəzi məqamlar var. Tənqid heç vaxt heç kəsin xoşuna gəlməsə də onların üzərindən sükutla keçmək istəməzdim.

Kitabda redaktor işi çox aşağı səviyyədədir. Əslində yerli-dibli yoxdur desəm daha düzgün olardı. Yuxarıda da vurğuladığım kimi dövrünün görkəmli intellektuallarından biri olan  Eynəli bəy Sultanovun məqalələrinin professional səviyyədə redaktəsi rus dilinə, ələlxüsus da XX əsrin əvvəllərindəki rus publisistika dilinə,  qəzetçilik üslubuna, dövrün ictimai-siyasi şəraitinə, müəllifin yaşayıb-yaratdığı Tiflis ədəbi mühitinə hərtərəfli bələdlik tələb edir. Bu baxımdan toplunun redaktorluğunu öz üzərinə götürən Elxan Məmmədov (Yurdoğlu) işinin öhdəsindən gələ bilməmişdir. Nəticədə həm qəzet mətnində təsadüf olunan, həm də çox güman ki, məqalələrin üzünün köçürülməsi zamanı yol verilən yanlışlıqlar eyni ilə kitaba da yol tapmışdır. Təəssüf ki, bu işə məsuliyyət daşıyan redaktor və korrektor tərəfindən onların aşkara çıxarılıb islah edilməsi  üçün heç bir cəhd göstərilməmişdir.

Belə yanlışlıqlardan bəzilərinə diqqəti cəlb etmək istərdim. Məsələn, 54-cü səhifədə Naxçıvanın 7  verstliyindəki Zeynadike kəndindən bəhs edilir. Söhbət çox güman  ki, indiki Babək rayonunun Zeynəddin kəndindən gedir. Yaxud, məşhur macar ərəbşünası İqnatsi Qoldtsierin (1850-1921) soyadı bir yerdə Qolpunqer (səh.167), digər yerdə isə Qoldsmer (səh.434) şəklində verilir. Eynəli bəyin “Müsəlmanlar arasında. Zaqafqaziya müftisinin otuz illik yubileyi” məqaləsində görkəmli din xadimini Qafqaz müsəlmanları adından təbrik edənlərin sırasında Farif bəy Mirzaenin adı çəkilir (səh.100). Redaktor özünü hətta azərbaycanlılar arasında belə şəxs və soyadı olmadığını düşünmək   əziyyətinə də salmamışdır! Amma bir az dərinə gedib əcayib ad və soyadla təqdim edilən Farif bəy Mirzaenin həmin dövrdə Tiflis azərbaycanlılarının seçkin təmsilçilərindən biri, Qafqaz senzura komitəsinin ilk azərbaycanlı şərq dilləri senzoru, “Qafqazda türk mətbuatının tarixindən” əsərinin müəllifi, sonralar Azərbaycan Cümhuriyyətinin Baş mətbuat idarəsinin rəisi olmuş publisist və naşir Mirzə Şərif Mirzəyev (1865-1937) olduğu aşkara çıxır.

V. Mədətovun “Xor-Xor” vodevilinin adı “Xar-xar”, (s.98) İrəvanda nəşr olunan satirik “Leylək” jurnalının adı “Lox-lox” (s.242), babi və bəhai dini təriqətlərinin adı “babbitı,bexanatı” (s.156), aktyor Yüzbaşevin soyadı Yuboşev (s.156), Ü.Hacıbəyovun soyadı U.b.Qidjibekov (s.147), “Dirilik”, “Məktəb”, “Tuti” kimi Bakı jurnallarının adları “Dirilyak”, “Mexteb”, Tutti” (s.242), Tiflis müsəlman xeyriyyə cəmiyyətinin fəal üzvlərindən olan Gövhər xanım Qacarın adı Qeqar Qacar (s.361) kimi verilmişdir. İqdır yerinə İndır (s.26). Xasməmmədov yerinə Xanməmmədov (s.37) üsuli-cədid yerinə “tuli-cədid (s.444) Ömər Faiq Nemanzadə yerinə Ömər Falk Nemanzadə (s.186) yazılmışdır. Firdovsi XVII əsrin ortalarında yaşamış türk şairi ( yəqin ki, Füzuli nəzərdə tutulur -V.Q.) kimi təqdim olunmuşdur (s.81). Ümumiyyətlə, bu tipli yanlışlıqlar kitabda onlarladır.  Tarixi şəxs və yer adlarının böyük qismi qeyri-dəqiq redaksiyada verilib və göründüyü kimi lazımi dəqiqləşdirmə aparmaq üçün heç bir cəhd göstərilməyib. Əlbəttə, onların bəzilərinin korrektor xətası olduğunu düşünmək mümkündür. Yeri gəlmişkən, kitabda korrektor işi də bərbad vəziyyətdədir. Çoxsaylı orfoqrafik səhvlərə təsadüf olunur. Ən pisi isə odur ki, həmin səhvlərdən bəziləri hətta mətnin mənasını dəyişmək mahiyyətindədir (Bax. səh. 69,98,104,114,129,152,165,174 və s.). Düşünürəm ki, şəxs və yer adları ilə bağlı səhvlərin bir çoxunu təshih etmək üçün xüsusi biliyə, uzun-uzadı axtarışlara  ehtiyac yoxdur. Bir neçə dəqiqə ərzində çox şeyi dəqiqləşdirməyə imkan verən Vikipediya -zəngin məlumat bazasına malik elektron ensiklopediya var. Digər mənbələr, araşdırmalar mövcuddur. Sadəcə öz işinə daha diqqətlə yanaşmaq və elm qarşısında, ədəbi ictimaiyyət qarşısında məsuliyyət hissi duymaq lazımdır. Belə kitablar hər il çap edilmir. Bu, xüsusi ilə diqqət yetirməli məqamdır. Çünki gələcək nəsillər də belə nümunələrə baxıb mətnşünaslığımızın, klassiklərə və ədəbi abidələrə münasibətimizin, elmi redaktə mədəniyyətimizin prinsipləri və  səviyyəsi haqda fikir yürüdəcəklər.

Klassiklərin çapı mütləq izah və şərhlərlə müşayiət olunmalıdır. Əks-təqdirdə onları elmi nəşr, hətta normal nəşr adlandırmaq mümkün deyildir.  Belə şərhlər təkcə  redaktorun peşəkar hazırlığını deyil, həm də əsər müəllifinin intellektual səviyyəsini, bilik və mütaliə dairəsini aşkara çıxarır, onun diqqət mərkəzinə çəkdiyi problemlərə müasir dövrün tələbləri baxımından işıq tutmağa imkan yaradır. Əgər Eynəli bəy Sultanovun məqalələrində adlarını çəkdiyi tarixi şəxslər, polemika apardığı müəlliflər, toxunduğu ictimai-siyasi cərəyanlar, tarixi proseslər və s. haqda müxtəsər, zəruri izah və şərhlər verilsəydi, gözlərimiz önündə XX əsrin əvvəllərində milli ucqarlarda rusdilli jurnalistikanın, həm də  yalnız təsvirçiliyə deyil, zəngin tarixi biliklərə və dərin elmi təhlilə əsaslanan jurnalistikanın korifey-müəlliflərindən birinin obrazı canlanardı. Amma təəssüf  ki, belə izah və şərhlərin olmaması Eynəli bəyi zəhməti, intellekti ilə yüksəldiyi  həmin ucalıqda görməyə və göstərməyə imkan vermir. Bu isə təəssüf doğurmaya bilməz.

Bir də vurğulamaq istəyirəm ki, Eynəli bəy  Sultanov dövrünün  savadlı, geniş biliyə malik ziyalılarından  idi. Təsadüfi deyil ki, hətta Mirzə Cəlil kimi müdrik insan da onu özünə müəllim sayırdı. Əsaslı gimnaziya təhsilini daimi mütaliə yolu ilə daha da zənginləşdirmişdi. Bu özünü müəllifin yazılarının tək mövzu genişliyi və əhatəliliyində deyil, istifadə etdiyi məxəzlərin dərinliyində də göstərməkdədir. Əyalət qəzetində çalışmasına baxmayaraq o, Rusiyanın paytaxt mətbuatının ən yaxşı jurnalistləri ilə açıq rəqabətə girə bilərdi. Məhz yüksək intellektinin yaratdığı imkanlar sayəsində Eynəli bəy yazılarında ara-sıra məşhur latın, fransız ifadələrinə müraciət edir, mənasını yalnız hazırlıqlı oxucunun anlaya biləcəyi tarixi analogiyalardan yararlanır. Təbii ki, kitabdakı yazıların bu məziyyətləri də hazırlıqlı redaktor şərhi tələb edirdi.

Bütün yaradıcı şəxslər kimi Eynəli bəy də ilk növbədə dövrünün, mühitinin övladı idi. İstəsə də bəzən zamanın, rəsmi ideologiyanın tələbləri, yanaşma tərzi, terminologiyası ilə bağlı bəlli qəliblərin çərçivəsindən çıxa bilməzdi. Digər tərəfdən, yazılarının redaktor və senzura müdaxiləsinə məruz qalması da mümkün idi. Məsələn, müəllif yəqin ki, qeyri-dəqiq olduğunu bilsə də məhz dövrün tələblərindən çıxış edərək bir sıra yazılarında Tiflis azərbaycanlıları haqda danışarkən onları “farslar” (“persiane”) kimi qələmə verir. İlk sətirlərini misal gətirmək istədiyim “Tiflis müsəlmanları” yazısında olduğu kimi: “Tiflisdə yaşayan müsəlmanların əksər hissəsini bura İranla sərhəd məntəqələrdən -Təbrizdən, Urmiyadan, Xoydan köçən farslar təşkil edir” (s.155)  Əslində isə XX əsrin əvvəllərində Bakıda və Tiflisdə farslar deyil,  Azərbaycanın cənubundan gələn soydaşlarımızın böyük bir icması mövcud idi. Digər tərəfdən, İranın göstərilən ərazilərində heç zaman farslar yaşamamışdılar. Lakin Rusiya imperiyası hüdudlarındakı yerli Azərbaycan türklərini də amorf şəkildə “Kavkazskie tatarı”, “musulmane”, “persi” adlandıran rus mətbuatı məhz İrandan olduqlarına görə onları qeyd-şərtsiz şəkildə “farslar” kimi qələmə verirdi. Əlbəttə, bu mətbuat üçün yazan Eynəli bəyin mövcud yanaşma tərzini, terminologiyanı dəyişməsi asan deyildi. Lakin əsərləri müasir dövrdə çap olunarkən tarixi yanlışlığın məcburi xarakter daşıdığına diqqət yetirilməli idi. Çünki əks-təqdirdə Azərbaycan türklərinin izlərini Qafqazın Tiflis kimi mühüm mədəniyyət mərkəzindən silməyə çalışan erməni və gürcü alimlərinə  fürsət yaratmış oluruq. Eyni sözləri Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ilə səngərin əks tərəflərində olan türk qardaşlarımızla bağlı bəzi ifadələr və münasibət tərzi haqda da demək olar.

Doğrusu, nadir izahların rusca mətnin içərisində Azərbaycan dilində verilməsi mənə çox qəribə göründü. Əgər rus dilində yazılmış əsərlərin redaktə  məsuliyyətini öz üzərinə götürən alim bu dili bilmirsə, o zaman heç olmazsa həmin cümlələri tərcümə etdirmək lazım idi. Əks-təqdirdə gülməli (bəlkə də ağlamalı!) vəziyyət yaranır. Guya rus dilində olan aşağıdakı ifadəni isə fikrimcə heç rus dili mütəxəssisləri də şərh edə bilməzlər: “Statği Gynali beka Sultanova, kotorıe ne izvestnı datı zapisi i peçati”. İfadənin rus dilində olmaması bir yana qalsın, bölmədəki məqalələrin yazılma tarixinin bilinmədiyini anlamaq mümkündür, lakin əgər onlar dövrü mətbuatda çap edilibsə və mətn qəzetlərdən götürülübsə, o zaman nəşr tarixləri necə naməlum qala bilər? Həm də mövzu və məzmunlarından  yazıların çoxunun 1917-1920-ci illərdə qələmə alındığı, rusdilli Gürcüstan mətbuatında çıxdığı aydın bilinir.

Tənqidi qeydlərlə görülən işin üzərinə qətiyyən kölgə salmaq istəmirəm. Arxivlərdə ilkin mənbələrlə müəyyən iş təcrübəsinə malik olduğumdan belə nəşrlərin necə böyük zəhmət bahasına başa gəldiyini yaxşı bilirəm.  Yüksək poliqrafik səviyyədə çap olunan “Eynəli bəy Sultanov. Publisistika” kitabı həyatının 25 ilini Cənubi Qafqazın rus mətbuatında Azərbaycan xalqının maraq və mənafelərinin qorunmasına, ağrılarının və problemlərinin, ümidlərinin və istəklərinin təmənnasız ifadəsinə sərf etmiş və qiymətli irsi indiyə kimi haqsız yerə diqqətdən kənarda qalmış görkəmli yazıçı-publisistin yenidən ədəbi fikir tarixinə, milli mədəniyyətimizə qayıdışıdır. Bir sıra mətləblərin üzərindən mübhəmlik pərdəsini qaldıran  kitab həm də əsrin əvvəllərindəki ictimai-siyasi fikir tarixinin, azərbaycanlıların məruz qaldıqları soyqırımın, Qafqazda cərəyan edən mürəkkəb proseslərin ilkin mənbələr əsasında öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli və diqqətəlayiqdir. Eynəli bəy yaddaşımıza və düşüncəmizə tam zamanında, ömürlərini xalqımızın yolunda çıraq etmiş bu cür böyük insanların vətəndaş və vətənpərvər mövqeyinə, yurd yanğısına və millət təəssübkeşliyinə böyük ehtiyac duyulduğu bir vaxtda qayıdıb. Burada az bir qisminə yer ayırdığım tənqidi qeydlər də ilk növbədə həmin qayıdışın əzəmətini, möhtəşəmliyini təmin etmək, görmək arzusundan doğmuşdur.

Mənbə: 525.az

 

KÖŞƏ YAZARLARI
TOP 10