Əzizə Cəfərzadənin 100 illiyinə həsr olunmuş tədbir

1 Baxış

hg

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən Senet.az-a bildirilib ki, tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, yazıçı, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, ATU-nun kafedra müdiri Həbib Mirzəyev, şair, publisist Fəxrəddin Meydanlı iştirak etdilər.

Tədbirdə Əzizə Cəfərzadənin yaradıcılığından, müəllimlik fəaliyyətindən, gördüyü xeyriyyə işlərindən geniş bəhs olunub. Bildirilib ki, tanınmış qadın yazıçılarımızdan olan Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarıb. O, Bakı Dövlət Universiteti filologiya fakültəsinin professoru kimi uzun illər Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə verib.

Tədbir zamanı Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət slayd izlənilib.

Bölmə : Bölməsiz