Fəaliyyətsizlik və tənbəllik halı yaxud “Oblomovçuluq”

82 Baxış

file_20130917105222046

Rus yazıçısı İvan Aleksandroviç Qonçarovun (1812-1891) sosial-psixoloji “Oblomov” romanı XIX əsrin ortalarında yazılıb və həmin dövrün ictimai həyatını əks etdirir. Lakin buna baxmayaraq, müəllifin əsərdə qaldırdığı problemlər bugünkü gündə də aktualdır. Əsərin ən vacib nüansı insan həyatındakı “oblomovçuluq” anlayışı və problemidir. Nədir axı bu “oblomovçuluq”? Bu unikal hadisədirmi, yoxsa cəmiyyətdə çox geniş yayılmış bir haldır?

Publisist N.A.Dobrolyubov “Oblomovçuluq nədir?” tənqidi məqaləsində qeyd edib: “Xeyir, canlı (diri) olanlara təskinlik vermək olmaz, bizsə hələ sağıq və hələ də Oblomovuq. Oblomovçuluq heç vaxt bizi tərk etməyib və elə indiki zamanda da bizimlədir…”

Həqiqətən də, Qonçarov Oblomov obrazı vasitəsilə hər birimizin daxilində olan qüsur və zəifliyi – tənbəllik, avaralıq, veyllik, iradəsizlik kimi xarakterləri üzə çıxarıb. Bərbəzək etmədən, olduğu kimi, bu çatışmazlıqları nifrət oyadacaq və dəhşətə gətirəcək səviyyəyə qədər qaldıraraq oxucuya sadəcə göstərib. Lakin bir anlıq düşünmək lazımdır ki, bəs niyə Oblomovun hərəkətləri və taleyi bizi bu qədər qəzəbləndirir? Bəlkə, biz elə bu obrazda özümüzün daxili əks-sədamızı eşidir, xarakterimizdəki çatışmayan cəhətləri görürük?! Axı oblomovçuluq bizim hər birimizin daxilində müəyyən qədər də olsa var. Bu bizim tənbəlliyimiz, deyilən, düşünülən, lakin əziyyət çəkməməkdən, rahat qalmaqdan ötrü həyata keçirmədiyimiz məqsəd və fikirlərimiz, atılmış arzularımız, yarı yolda buraxdığımız məqsədlərimizdir.

Bu ifadənin arxasında Oblomovun sadəcə yatağından qalxıb əməyə qatlaşması, kitab oxuması, mənzilini dəyişməsi kimi “ağır məsələlər”i dayanmır. Oblomovçuluq həm də bizim tərbiyəmizdir, öz üzərimizə düşən işləri başqalarının boynuna yıxmaq, sakit, tox, eyni templi həyatda yaşamaq niyyəti, problemləri həll etməkdən boyun qaçırmaq kimi daxili istəyimizdir.

Dobrolyubov yazırdı: “Mən əgər bəşəriyyətin haqlarından və şəxsiyyətin inkişafının vacibliyindən danışan mülkədar görsəm, elə ilk kəlməsindən biləcəm ki, o Oblomovdur!” Çünki bilirdi ki, iş boşboğazlıqdan o yana getməyəcək. Mülkədarın dediyi “yekə sözlərsə” həyata keçmədən elə söz olaraq qalacaqdır.

Beləliklə, oblomovçuluq birinci növbədə “böyük imkanlarla görülməyən işlər arasındakı fərqdir”

Dobrolyubov yazırdı: “Oblomovşina əlamətdar hadisədir. Oblomov canlı insan tipidir. Bu obraz xüsusi ciddilik, şiddət və həm də ədalətlə yaradılmış bir obrazdır”. Dobrolyubov oblomovçuluğu sosial – təhkimçilik hüquqlarına alleqoriya kimi qəbul edirdi.

İ.A.Qonçarov bir adamın simasında – İlya İlyiç Oblomovun simasında onun insanlara pis, qorxulu təsirindən bəhs edir. “Qoroxov küçəsində, böyük evlərin birində… səhər öz mənzilində, öz çarpayısında İlya İliç Oblomov uzanıb qalmışdı”, – roman belə başlayır və biz baş qəhrəmanı bu cür tanıyırıq. Biz onu ən sevimli məşğuliyyətinin başında görürük. Həmin obraz gənc – otuz iki-otuz üç yaşlarında olan bir adamdır. Lakin buna baxmayaraq, Oblomov əmək, zəhmət haqqında heç nə eşitmək istəmir, heç özünü əməyə alışdırmaq barədə düşünmürdü də. Onun fikrincə, bunun üçün başqa adamlar var. O isə ağadır. Divanda uzanıb həmişə gələcək həyatını dəyişdirməklə bağlı planlar quranda əbədi yay, əbədi şənlik, yemək-içmək haqqında düşünürdü. “Mən kiməm? Mən nəyəm? Gedin Zaxardan soruşun. O, cavabında deyəcək: “Ağa!” Bəli, mən ağayam və heç nə əlimdən gəlmir!”. Divan, xalat və başmaqlar onun həyatının simvoluna çevrilir. Bu simvollar tənbəllik və fəaliyyətsizlik simvolları idi. Oblomovun nəinki işləməyə, heç evdən bayıra çıxmağa da həvəsi yox idi. Böyük şəhərin qayğıları onluq deyildi. Axı o, sakit həyat keçən Oblomovkada dünyaya göz açıb böyümüşdü. Məhz bu həyat elə oblomovçu idealıdır.

Əsərdə Oblomovun uşaqlığına aid ayrıca başlıq var ki, adı “Oblomovun yuxusu” adlanır. Onu oxuduqca anlayırsan ki, Oblomovka “oblomovçuluğ”un yetişdirdiyi və kök atdığı əsasdır. Bu, mövcud olmaq üçün təhkimçi kəndlilərin əməyindən istifadə olunan təhkimçi mülklərinin tipik nümunəsidir.

Oblomovkanın bütün sakinləri tərki-dünyadırlar. Oblomovçuların bütün gücü öz tələb və istəklərinin yerinə yeritməsinə sərf olunurdu. Əsas və həyati vacib qayğıları yemək məsələsi idi. “Yuxu” məsələsi də vacibliyində ondan heç də geri qalmırdı.

Ətalət oblomovçuların həyatının əsasını təşkil edir. Onlar əcdadlarının onlara miras qoyub getdiyi adət-ənənələrə sadiq qalırdılar. Oblomovçuların mənəvi dünyası çox kasıb və olduqca məhduddur. Onları ancaq məişət problemləri narahat edir. Oblomovçuları, – bu həyat nə üçün verilib, – sualı heç vaxt narahat etmir, maraqlandırmır. Onların həyatı sakit çay kimi axır.

Qonçarovun fikrincə, istənilən insanın həyatı aldığı tərbiyədən və mütləq irsindən asılıdır. Oblomov patriarxal adət-ənənələri olan zadəgan ailəsində tərbiyə alırdı. Valideynləri elə babaları kimi nəsildən-nəslə tənbəl, qayğısız, kef-damaq içində həyat yaşayırdılar. Çörəkpulu qazanmaq dərdi çəkmir və heç nə eləmirdilər. Onların yerinə təhkimçi kəndlilər işləyirdi. Bu cür həyat sürən insanlar dərin yuxuya dalır, yaşamır, sadəcə mövcud olurlar. Həqiqətən də, Oblomovun ailəsinin işi-gücü ancaq yeyib-yatmaq idi. İlyuşenka diri uşaq olsa da anasının qəyyumluğu, onu qoruması, qarşısına çıxan bütün çətinlikləri özü aradan qaldırması, atasının zəif xarakterli olması, Oblolomovkada davam edən daimi yuxu onun xarakterinə təsir etməyə bilməzdi. Bu cür tərbiyənin nəticəsində onun daxilindən üzə çıxmaq istəyən bütün potensialı, gücü, arzuları elə ürəyindəcə sönüb qalmışdı. “Hər şey corab geyinə bilməməklə başlayıb, yaşaya bilməməklə bitmişdi”. Təbiətcə canlı, diri, hər şeylə maraqlanan İlyuşa Oblomov ətraf aləmə obomovçular kimi baxmağa başlamış və təbii ki, o da bu cür ataları, babaları kimi yuxulu, ətalətli, hərəkətsiz, həyati bacarıqları olmadan böyümüşdü.

Oblomov nə özü, nə də cəmiyyət üçün xeyirli olan heç nə edə bilmirdi. Yeganə bacardığı şey saatlarla divanda uzanıb arzular, xəyallar qurmaq idi. Ancaq bunu düşünürdü: “Nağıl həyat deyil, həyat da nağıl deyil”. Sakit həyatına edilən istənilən müdaxilələr onu narahat edirdi.

Həyatında həyəcan yaradan yeni tərbiyəvi qüvvə Andrey Ştolts idi. O, Oblomovu yenidən həyata qaytarmaq istəyirdi. Bütün qüvvəsi ilə dostunun mütləq məhvolmadan qorumağa can atırdı. Və bir anlıq Oblomovu yenilənmə perspektivi bürüdü: “İrəliyə addımlamaq, nəinki çiyinlərindən xalatı yeri tullamaqdı. Həm də ağlından, beynindən, ruhundan hörümçək torunu qırıb atmaqdı. Lakin qorxu özündən daha güclü çıxdı.

Oblomova Olqa İlinskiylə görüş də kömək etmədi. Əvvəlcə onun qəlbini eşq-məhəbbət bürüdü. Və o, xoşbəxtlik haqqında xəyallar quraraq, arzular qanadında uçmağa başladı. Hətta görünüşcə sanki bir az cavanlaşdı da. Olqa da Ştolts kimi Oblomovu həyati fəaliyyətə sövq etmək, onu cəmiyyət üçün yararlı bir insan etmək istədi. Lakin məqsədinə çata bilmədi, bu, mümkün olmadı. Obomovçuluq sevgi hissini də üstələdi. Oblomov canın bürüyən yeni həyəcan hissindən, adət etdiyi həyat tərzinin dəyişilməsindən qorxdu. Lakin o özü üçün son sığınacağı – Aqafya Matveyevna Pşenitsınanın evini tapdı. Bu qadın onun üçün eynən Oblomovkada olan şəraiti yaratmışdı. Beləliklə, hər şey yenidən əvvəlki yerinə qayıtdı. İlya İliçin həyatı Oblomovkayla başlayıb, Oblomovkayla da bitdi. Bir dəfə Olqa, Oblomovdan soruşmuşdu: “Niyə hər şey məhv olub? İlya, səni kim lənətləyib? Səni nə uçuruma aparıb? Bu qəddarlığın adı yoxdur…”

– “Var, – sakit, güclə eşidilən tərzdə Oblomov cavab verdi, – Oblomovçuluq!”

Təəccüblü olsa da cəmiyyətdə Oblomovu sadədil, həlim, safqəlbli bir insan hesab etsələr də, onu sevmirdilər. Bu planda o, L.N.Tolstoyun “Hərb və sülh” əsərindəki Pyer Bezuxova bənzəyir.

Beləliklə, oblomovçuluq bir həyat tərzi kimi özünə hörmət edən insan üçün qəbuledilməzdir. Əlbəttə ki, yatmaq üçün doğulub sonra da ölmək axmaqlıqdır. Oblomovçuluq insanı xoşbəxt edə bilməz. İnsan hərəkət etməlidir, əsərdəki Ştoltstək ortalıqda qalmadan, Olqa arzuladığı kimi yuxarıya doğru hərəkət etməlidir və heç bir halda Oblomov kimi aşağı mövqeyə meyl etməməlidir.

KÖŞƏ YAZARLARI
TOP 10