Fəlsəfəni necə öldürməli? – Qan Turalı

14 Baxış

1496137012_mg_1108

Görüşlərdə, söhbətlərdə, sosial şəbəkələrdə gənclərin fəlsəfəyə meylini görürəm. Fəlsəfə təhsilli olduğum üçün bu suallarla tez-tez qarşılaşıram. Halbuki bu sualları heç sevmirəm, amma gənclərin bu istəyi çox təbii və yerindədir. Gənclik fəlsəfi suallar doğurur və bu sualların arxasınca gedir. 

Dünyanı Tanrı yaradıbmı? Ölümdən sonra həyat varmı? İnsan öz hərəkətində azaddırmı? Azadlıq nədir? Bu və bu kimi suallar… 

Doğrusu, bu suallara cavab verməyə həvəsim qalmır. Təkcə ona görə yox ki, bu sualların cavabları çox uzundur və bu cavabları anlamaq baza səviyyəsində olsa belə fəlsəfi mədəniyyət tələb edir. Məsələ təkcə bunda deyil. Bu məsələləri anlamağın elə bir əhəmiyyəti də yoxdur. Bilirəm, sizə çox radikal gəldi. Lakin məsələ bundan ibarətdir. İnsan həyatının mənası haqqında düşünənə qədər bu mənanı özü üçün yaratmalıdır. Əlbəttə ki, özünüdərk prosesini nəzəri mənbələrdən tamamilə ayırmaq mümkünsüzdür. Bilirəm, çox qəliz bir yerə girmişəm, sonda deyəcəyimi əvvəldən demişəm. Bir pritça danışaq, sonra da əhvalatımıza davam edərik.

Buddadan soruşurlar: Tanrı varmı? Budda suala sükutla cavab verir, adam sualı təkrarlayır. Yenə sükut. Yenə sual. Yenə sükut. Adam üçüncü dəfə soruşanda Budda deyir: “Bu cür məsələlər sənin nirvanaya çatmağa mane olur”. 

Bəli, biz adətən yaşamaqdan çox həyat haqqında düşünürük. Başımızı kitablara soxuruq, lazımsız polemikalara baş qoşuruq. Dindarlar və sosialistlər bir-biri ilə Facebook Meydan Müharibəsinə çıxırlar, lakin onların heç biri öz əqidələrinə görə yaşamaq haqqında düşünmürlər. Biz bu dünyanın fəlsəfi problemlərini həll etmək gücündə deyilik, zatən fəlsəfi problemin mahiyyətində həllolunmazlıq, çoxvariantlılıq var. 

Fəlsəfədə cavab vermək sual qoymaqdan daha hörmətsiz iş sayılıb. Kantı Kant edən onun fəlsəfənin sonrakı gedişatını müəyyən edən problemləri ortaya çıxartmasıydı. Hətta Hegellə Şopenhauer bir-biri ilə qəddar düşmən olsalar da hər ikisi özünün kantçı sayırdı və belə hesab edirdilər ki, rəqibi Kantı doğru anlamayıb. Hegelin altından qalxa bilmədiyi daşı sizmi yerinə qoyacaqsınız? Mən “kitab oxumayaq” demirəm. Azərbaycanda bir qisim insanlar var, savadsızlığı ucaldır, aliləşdirirlər. Belələrinə yazıçılar arasında tez-tez rast gələrsiniz. Onlar yazıçılığın bir ilham mənbəyi olduğuna inanarlar. 

Mən isə özümü heç bir zaman kitabdan ayrı hiss etmədim. Obrazların arasında yaşamağa lap kiçik yaşlardan başlamışdım. İlk oxuduğum kitablardan biri “Kapitan Qrantın uşaqları” idi. Mən orda Paqanelə gülə-gülə, Ayltona nifrət edə-edə, Qlenarvana rəğbət duya-duya, gizlicə Merini sevə-sevə özümü o obrazlardan kənarda təsəvvür etmir, 37-ci paralellə səyahət edirdim. Ya da “Tom dayının daxması” romanını oxuyarkən Leqrinin əclaf hərəkətlərinə nifrət edir, özümü onu cəzalandıran gənc Şelbinin yerinə qoyurdum. Romanın son səhifələrini göz yaşları ilə oxuyurdum. Bu sevinc göz yaşları idi. Hardasa 10 yaşım olardı, Kojevnikovun 600-700 səhifəlik “Qılınc və qalxan” romanını yenicə oxuyub bitirmişdim. Gecəydi, qəfildən oyandım və ürəyim romanda ölən tankçının ağrısı ilə döyünməyə başladı. Bu ağrı o qədər güclü, bu əzab o qədər böyük idi ki… Mən heç cür bu ağrıya dözə bilmirdim, o kiçik ürəyim bu kədəri daşımağa dözmürdü. Bu ağrı bir neçə dəqiqə davam etdi, lakin indiyə qədər xatirimdən çıxmayıbdır. Mən kitabları bu dünyadan kənar bir şey sanmırdım. İllər keçdi, Borxes oxuyanda o uşaqlıq, o yeniyetməlik xəyallarımın ən gözəl ifadəsini tapdım: “Deyirlər ki, filan şey həyatdadır, başqa şey kitabda. Mən elə düşünmürəm. Kitabda oxuduqlarımız da bizim dünyamızdadır, onlar ən azı gerçək həyatda gördüklərimiz qədər maddidir, şüurumuzda yer tutur. Kitabla gerçəklik arasında heç bir fərq yoxdur, onların hər ikisi şüurumuzda mövcuddur”. 

Məsələ də elə budur, kitabı öz həyat yolunuzda məşələ, mayaka çevirə bilmirsinizsə, ondan nəsə götürə bilmirsinizsə buraxın kitabın başını. Gedin, Malakan bağına, ağaclara baxın, oynayan uşaqları seyr edin, bir siqaret yandırıb həyatın mənası haqqında düşünün. Sevgilinizdən nəyə görə ayrıldığınız haqqında düşünün, açın, bir hekayə oxuyun, özünüzü ordakı adamın yerinə qoyun, orda nə edərdiniz, o adam harada səhv elədi deyə fikirləşin. İnsanlara münasibətdə diqqətli olun, həyatda gözəl dostlar qazanın, özünüzü xoşbəxt edəcək kiçik şeylər tapın, Fəvvarələr meydanında quşlara tum atın, dənizdə daş səkdirin, heç nəyi özünüzə dərd etməyin. Özünüzə rəva görmədiyinizi heç kimə rəva görməyin. Baxın, bu son cümlə sitatdır, deyəsən Konfutsidəndir, bəlkə də yunanlardan biri deyib, nə vecimizə. Siz də vecinizə almayın müəllifin kimliyini… Amma o əclaf kimdisə, yaxşı deyib. 

Özünüzü meyar bilin, ürəyinizin səsinə qulaq asın. Hə, dediklərimə inanmırsınız, deyirsiniz ki, biz o qəliz fəlsəfi problematika, gənclərin oxuyub qocaların yazdığı o qarmaqarışıq şeylərlə yaşamaq istəyirsiniz? 

O Rene Dekart deyirdi ki, fəlsəfəni tənqid eləmək özü də fəlsəfədir. Siz fərqində olmadan mən sizin üçün bir fəlsəfə yaratdım burda. “Fəlsəfəsiz fəlsəfə” də deyə bilərsiz buna, kefinizə düşsə əlbəttə ki… 
Adı qəliz bir filosof var, daha doğrusu adı yox, familiyası. Lüdviq Vitgenşteyn. Bu filosofu çoxları qəliz filosof hesab edir, hərçənd haqsız sayılmazlar, çünki onun fəlsəfəsinin ilk dövründə yazdığı “Məntiqi fəlsəfi traktat” olduqca qəlizdir, bu kiçik əsərin kommentariyaları əsərdən dəfələrlə qalındır. Vitgenşteyn fəlsəfənin əsas problemini bu traktatla həll etdiyini düşünüb meydandan çəkildi. Norveçin bir kəndində yaşamağa başladı, lakin bir müddət sonra İngiltərəyə qayıtdı. Çünki deməyə sözü vardı və o deyəcəyi söz bizim bu mövzumuzla birbaşa bağlıdı, hətta bu mövzunun özüdür. 

Vitgenşteyn məsələni çox sadə şəkildə izah elədi. Dedi ki, filosoflara fikir verməyin, onlar xəstə adamlardır, həqiqət sağlam şüurdadır. Bu sağlam şüur sözü sizi aldatmasın, sağlam şüur zəkalı, “Bakı Dövləti” zadı qurtarmış adam deyil, sağlam şüur küçədəki insanın şüurudur, təhsili olmayan, savadı olmayan adamdır. O küçədəki adamın beynində filosofların yüz illərdir mübahisə etdiyi materiya, yoxsa şüur dilemması yoxdur, o adamın ruhun varlığı ya da yoxluğu, insan həyatının mənası narahat eləmir, o sadəcə yaşayır. 

Vitgenşteyn fəlsəfəyə yoluxmuş insanın müalicəyə ehtiyacı olduğunu düşünürdü və onun fəlsəfəsini bu cəhətə görə “terapik fəlsəfə” adlandırırlar. Həqiqəti dərk etmək üçün fəlsəfəni həyatdan çıxartmaq, beyni filosofların zəhərli anlayışlarından, qarmaqarışıq düşüncələrindən xilas etmək lazımdır, meyar isə küçədəki insandır, onun həyatıdır, onun beynidir. 

Vitgenşteyn Nobel alıb həyatın mənasızlığı haqda danışan Kamyu qədər riyakar deyildi. Vitgenşteyn öz fəlsəfəsinə sona qədər sadiq qaldı, misal üçün yuxarıda yazdığım fikirləri, ikinci dövr fəlsəfəsini heç bir zaman yazmadı, o kitabyazan filosof olmaq istəmirdi, fəlsəfə mühazirəsini oxuyub ucuz bir Hollivud filminə baxmağa gedirdi və o filmdən ləzzət alırdı. Bizə onun bu fəlsəfəsi haqqında tələbələrin mühazirə mətnlərindən və ölümündən sonra tapılan qeydlərindən bilirik. O, bu qeydləri kitab halında görmək istəmirdi, amma ölümündən sonra bu kitab çap edildi. 

Hə, deyəsən uzun danışdım… 

Məsələ isə sadədir. Kimsə deyib ki, (o kimsənin adını bilirəm, amma özüm demirəm) beynimi bir süngər kimi sıxıb onun içindəki bilikləri çölə atmaq istəyirəm. İndi beyninizdə olan o lazımsız bilikləri zibilə tullayın və Vitgenşteynin fəlsəfəsinə əməl edin. Əməl edəcəyiniz fəlsəfə fəlsəfəsiz olsun. 

Nə demişdi Dostoyevski? 

“Qardaş, dönərin birini soğansız elə” Söhbət belədi…

KÖŞƏ YAZARLARI
TOP 10