Fənərli baba – Aybəy

8 Baxış

0_71b97_e0224bb8_orig

Senet.az oxucularına “Ustad” jurnalının “Ədəbiyyat” rubrikasından, Ülviyyə Heydərovanın tərcüməsində “Aybəy – Fənərli baba” yazısını təqdim edir.

Dar küçənin tənha axşamını Tursunkul əminin köhnə qapısının üzərində quraşdırılan fənər işıqlandırırdı. Onu hər axşam bəstə boy, üzü qırış qoca yandırırdı. Biz ona fənərli baba deyərdik. Sakit bir kişi idi, elə bil ağzında dili yox idi. O, əlində kiçik nərdivarla gələr, kəndirbaz kimi dırmaşar, cibindən kirli yaylıq çıxarıb fənərin şüşəsini silər, onu yandırandan sonra aşağı enərdi. Sonra nərdivanı əyilmiş kürəyinə keçirər və bir an gözdən itərdi.

Fənər üçün dirək düzələn gündən biz məhəllə uşaqları sevinmişdik. Böyük maraqla gözlərimizi ona dikmişdik. Amma bu maraq çox uzun çəkmədi. Bir müddət sonra fənər artıq heç kimin yadına düşmürdü. Üstəlik onun üstündə məhəllə uşaqları ilə özümüz də bilmədən düşmən kəsildik. Hamımız yığışıb əvvəlcə fənərə doppımızı [1]  atardıq. Doppıyla sərrast vuran uşaq mahir nişançı olmasıyla fəxr edərdi. Çox keçmədi bundan da bezdik. Çünki ipəklə gözəl bəzənən doppıy fənərin başına düşəndə cürbəcür rəngə boyanırdı ki, sanki bizimlə oynayırdı. Biz də əlimizə keçən kiçik daş parçasıyla fənərə hücum çəkirdik. Beləcə, o daha da əldən düşürdü. Bir daş qırıntısı belə onun “gözünü” yaralayırdı. Fənərli baba da məcbur olub, fənərə həftədə üç-dörd dəfə yeni “gözlük” alırdı. O gedəndən sonra biz yeni “gözü” bir də çıxarardıq. Buna belə, fənərli baba bizə bir kəlmə də deməzdi. Onun susmasından qəzəblənir, bizi qovmasını, tutmaq üçün gözləməsini, hətta birimizi döyməsini arzulayırdıq. Amma istəklərimizin heç biri həyata keçmirdi.

Bir gün axşama yaxın küçə uşaqlarla dolu idi. Aramızdan ən qorxmazı, ən şəfqətsizi topal Qasım:

– Uşaqlar, dedi.

Yeni bir şey gözləyirmiş kimi toz içində olan üzümüzü onun gözlərinə tuşladıq.

– Bir az sonra “fənərli baba” gələcək. Gəlin, qıraq.

Əliylə bir şey axtarmağa başladı. Əllərimiz elə bil himə bənd idi. Vızıltıyla uçan daş parçaları fənərin bütün gözlərini “yaraladı”. Bir az keçəndən sonra fənərli babanın kiçik gövdəsi yaxınlaşmağa başladı.

– Ay dəli uşaqlarım, bu nə işdir? Fənərə əl vursaz nə olacaq? Olmazmı ki, o yuxarıda, siz də yerdə oynayasız?

Uşaqlar səsini kəsdilər.

– İndi siz uşaqsınız, istədiyiniz hər şeyi gözləriniz görür. Gecə də, gündüz də sizin üçün eynidir. Gecə namazı olmadan ananızın qucağında mışıl-mışıl yuxuya gedəcəksiz. Amma fənər biz qocalar üçün çox önəmlidir, dedi.

Uşaqlar qocaya baxdılar.

– Dünən axşam güclü yağış yağırdı. Bura gəlmişdim, küçə qaranlıq idi. Fənərin şüşəsi sındığına görə külək onu söndürmüşdü. Çayın kənarına gələndə suda gözümə nəsə dəydi. Bu nədir deyə fənərlə çaya baxdım, məndən də qoca bir adam çaydan çıxa bilmirdi. Tez ona kömək etdim, əlindən tutdum, güclə çaydan çıxartdım. Üst-başı palçıq içindəydi, çox islanmışdı.

Uşaqlardan biri:

– Onun saqqalı, üzü də palçığa batmışdı?

– Hə, eləydi. Onu evimə apardım, – qoca söylədi.

Fənərli babanın dedikləri gözümün qabağında canlandı. Topal Qasım:

– Yalandı, yalandı, – deyə bağırdı.

Uşaqlar:

– Düzdür, – deyə cavab verdilər.

– Əgər yenə bir uşaq fənərin “gözünü” çıxartsa, biz onu tutub, əmiyə təhvil verərik, – deyə Əhməd özünü qabağa verdi.

Fənərli baba:

– İnşallah! Bundan sonra sındırmazsız.

– Xeyir, – dedik.

O, kiçik nərdivanı çiyninə salıb qaranlıqda gözdən itdi. Həmin hadisədən sonra fənərə toxunan olmadı. İndi onun yerində naqillə bağlanan, yumurtadan bir az böyük olan elektrik lampası yanır. Onu kimsənin yandırmasına ehtiyac yoxdur, nəinki kibrit, heç fənər yağı da lazım deyil. Daha uşaqlar da onu daşlamır. Elektrik lampanın işığında gəzəndə uşaqlığımın bir parçasını, fənərli babanı xatırlayıram.

[1]Özbək mlli baş geyimi

KÖŞƏ YAZARLARI
TOP 10