Fəna – “mən”sizlik: İncəsənət və ədəbiyyat müstəvisində – İlqar Fəhmi

22 Baxış

author_49

“Şərq arxetipləri” kitabından

Mən və biz

Kino istehsalında və teatrda belə bir halı çox müşahidə etmişik – tutalım, hansısa aktyor ümumi kompozisiyada öz yeri ilə razı deyil, daha çox görünmək istəyir, daha da irəli çıxmaq istəyir. Bu cəhdlər kinonun (serialın, teatrın) kompozisiyasını poza biləcəyinə görə, rejissor tərəfindən qarşısı alınır. Və konfliktlər yaranır. Rejissor daha çox ümumi quruluşu düşünür, bütün əsərin uğurlu alınmağı üçün çalışır. Rejissorun böyük vahid sintetik sənət əsəri yaratmağına, sanki xırda elementlərin tabeçilikdən çıxmağı mane olur. Vahid ansambl yaranmır.

Aktyor isə bəzən öz fərdi yaradıcılığını daha da qabartmaq məqsədi güddüyünə görə, ümumi işin necə olacağı, onunçün o qədər də maraqlı deyil. Hətta bəzən elə olur ki, aktyor düşünür ki, bütün əsər zəif də alınsa, əsas budur mən yaxşı görünüm, qoy desinlər ki, əsər fərli deyildi, amma filankəsin oyunu daha yaxşı idi…

Eyni cəhdləri tək aktyorlardan yox, operatordan, bəstəkardan, rəssamdan və kino (teatr) sənətinin elementlərini təşkil edən başqa sənət nümayəndələrindən də görmüşük. Nadir hallarda rejissorun diktəsinə tam tabe olurlar, əksər hallarda hesab edirlər ki, onların hər biri rejissordan daha yaxşı bilir (Əlbəttə burda rejissor məfhumu şərti olaraq işlədilir. Rejissor deyərkən, ümumiyyətlə, aparıcı qüvvə, idarə edən, hökm və məsuliyyət sahibi nəzərdə tutulur).

Bu sahədə çalışanlar bilir ki, dediyim mövzuda həmişə nə qədər konfliktlər yaranır. Niyə? Çünki fərd özünü ümumun içində əritmək istəmir. Kiçik “mən” əriyib böyük “biz” olmaqdan qorxur… O, hətta böyük “biz”in içində də “mən” kimi görünməyə çalışır. Və beləcə, böyük “biz” yaratmaq cəhdlərimiz kiçik “mən”lərin səyləri nəticəsində heçə gedir… Həm də fikirlər təkcə kinoya, teatra deyil, bütün sahələrə aiddir…

Bizdə oxşar problemlərlə rejissorlar, dirijorlar, idman komandalarının məşqçiləri və sair sahələrdə kollektiv fəaliyyətə rəhbərlik edən və görülən iş üçün əsas məsuliyyəti daşıyan insanlar, demək olar ki, hər gün rastlaşır. İşin doğru-dürüst reallaşması, ümumi ideyanın, əsas məqsədin yüksək səviyyədə həyata keçirilməyi üçün nə qədər kiçik “mən”lərin böyük “eqo”larını cilovlamaq lazım gəlir…

Sonra da, bu cür böyük “eqo”lu kiçik “mən”lər Qərbin, tutalım, kinosuna, orkestrlərinə, opera-baletinə, futboluna və daha nəyinə, nəyinə həsədlə baxaraq, hamıya nümunə göstərirlər və təəssüflə qeyd edirlər ki, biz onlardan çox-çox geri qalırıq, çünki cahilik, nadanıq, avamıq və sair…

Bəli, geri qalırıq, çünki “biz”im onlar kimi böyük olmağımızçün ilk növbədə kiçik “mən”lərimizin içindəki böyük “eqo”ları əritməyimiz lazımdı. Necə ki, onlar bunu bacarıblar. Orda ən mürəkkəb mexanizmlərin kiçik detalları da öz yerini bilir və ümumi ideyaya, məqsədə xidmət edir. Onlar üçün “biz” olan yerdə, “mən” yoxdur… Ancaq heyif biz bunu bacarmırıq…

Bəs, görəsən, həmişə belə olubmu? Daha doğrusu, bizim xalq əvvəllər də bu cür yaşayıb, bu cür yaradıb, yoxsa bizim altşüurun arxetipləri tamam başqa mətləblər deyir? Axı Şərq düşüncə tərzi üçün “mən” problemi heç vaxt mövcud olmayıb?

Və əslində bizim bir çox bugünkü problemlərimizin səbəbi məhz həmin milli kollektiv altşüur arxetipləriylə daban-dabana zidd olan kənar məfkurələrə tabe olmağımızdı. Fizika diliylə desək, kənardan gələn energetik dalğaların tezliyi, əgər toplumun içindən, dərin qatlarından gələn dalğaların tezliyi ilə üst-üstə düşməsə, rezonans yaranmaz və heç bir hərəkətdən, inkişafdan söhbət gedə bilməz.

Nöqtə – Sıfır – Nirvana

Riyaziyyat qaydalarına diqqət etsək, görərik ki, sıfır(lar) nöqtədən əvvəl yazılarsa, ümumi kəmiyyət artar. Sıfır nə qədər çoxalırsa, rəqəm də bir o qədər böyüyür. Həqiqi inkişafa aparan yol məhz burdan keçir.

Lakin nöqtədən sonra yazılan sıfırların heç bir əhəmiyyəti yoxdur. Nöqtədən sonra hətta böyük bir sıfırlar ordusu düzülsə də, heç nə dəyişmir, rəqəm artmır. İnkişaf eynən üfüq kimi uzaq və əlçatmaz görünür…

(Xahiş edirəm bu detalı unutmayın, bu məqamın üstünə qayıdacağıq…)

Minillər əvvəl bəzi mədəniyyətlərdə sıfrı bir rəqəm olaraq müxtəlif işarələrlə fiksasiya etmək cəhdləri olub. Lakin bu şərti sıfırlar sadəcə heçlik, yoxluq mənasında işlənib. Rəqəmin olmaması. Rəqəmsizlik.

İlk dəfə riyaziyyat sistemində sıfrı tətbiq edən və sıfırlı onluq, yüzlük, minlik sistemləri yaradan isə Cəbr elminin atası əl-Xarəzmi olub (Rus dilində işlənən tsıfra, italyan dilinə cifra, alman dilində ziffer və sair bu cür kəlmələrin mənşəyi də məhz ərəb dilindəki sıfır sözüdür ki, bu dillərdə, ümumiyyətlə, rəqəm anlamına gəlib).

Bəli, müasir mənada sıfrın yaradıcısı əl-Xarəzmi sayılır. Türk-müsəlman düşüncə tərzinin daşıyıcısı. Niyə? Çünki məhz bu mənada sıfır birbaşa fəna-fil-lah məfhumunun mahiyyətini təşkil edir. Başqa sözlə desək, sıfır Fənafillahın riyazi müstəvidə təcəssümüdür. Fənafillahı anlamadan, sıfırı tam dərk etmək mümkün deyil. Sıfrın mahiyyətini bilmədən, fənafillahın məzmununa yaxınlaşmaq mümkünsüzdür.

Həmin Fənafillah ki, yüzilliklər ərzində bütün Şərq-islam təfəkküründə həm irfani təmayüllərin, həm də ədəbiyyat-incəsənət üslublarının aparıcı ideya xəttini təşkil edib. Bütün Şərq incəsənətinin mahiyyətində məhz bu məfhum dayanır. Və ən əhəmiyyətli olanı odur ki, bu məfhumun mahiyyətinə varmaq bizə klassik ədəbiyyatımızı, incəsənətimizi dərindən dərk etməyə yardımçı olmaqla bərabər, həm də bugünkü incəsənətimizdə və ədəbiyyatımızdakı bir çox problemlərin mahiyyətinə varmaq və onları aradan qaldırmağa da çox kömək edə bilər…

Bəs, görəsən, bu fəna(fillah) deyilən məfhum nədir ki, həm dünənimizi əhatə edir, həm də bu günümüzü? Və nəyə görə bu gün, XXI əsrdə həm incəsənətdə və ədəbiyyatda, həm də ümumiyyətlə, cəmiyyətdəki bir çox problemlərin səbəbi kimi məhz fəna məfkurəsindən uzaqlaşmağı hesab edirik.

Yoxluğun varlığı

Fəna məfhumunu izah edən alimlər ən əvvəl onu qeyd edirlər ki, Fənanı hind fəlsəfəsindəki Nirvana ilə eyniləşdirmək qətiyyən olmaz. Çünki Nirvana mütləq mənada yoxluq deməkdir. Varlığın itməsi, tam olaraq mövcudluğundan məhrum olması (qeyd edək ki, sıfır rəqəminin hind dilində ilk ifadəsi də “sunya” – yoxluq, boşluq kimi yaranıb. Yəni Nirvanaya yaxın bir hal).

Bəs Fəna nədir? Əlbəttə ki, ilkin mənada bu kəlmə də yoxluq, heçlik mənasını ifadə edirdi və əksər hallarda öz əksi olan Bəqa kəlməsiylə bərabər işlənirdi. Fəna yoxluğa, müvəqqətiliyə, Bəqa isə əbədiyyətə işarə idi.

Lakin Şərq-islam müstəvisində İrfan-təsəvvüf cərəyanları yaranandan sonra, Fənaya münasibət də dəyişdi. Müxtəlif alimlər, ariflər, sufilər Fəna ilə bağlı çoxsaylı fikirlər irəli sürdülər, çoxsaylı nəzəriyyələr yaratdılar. Ən əsası isə, Fənanın “mütləq yoxluq” mənası aradan qalxdı. Fəna daha çox damlanın dəryaya qovuşması, zərrənin küllə (çoxluğa) qarışması və onun içində əriməsi anlamına gəldi. Burada isə “mütləq yoxluq”dan söhbət gedə bilməz.

Fəna-fil-lah termini də məhz həmin dövrlərdə, yəni Miladi tarixiylə təxminən VIII-IX əsrlərdə yayılmağa başladı. Fəna-fil-lah yəni, Tanrının, mütləq yaradıcının içində ərimək, həll olmaq…

(Ən qəribəsi budur ki, ərəblərin Hindistandan götürdükləri rəqəmləri sistemləşdirməyi və ən əsası, sıfrı əlavə eləməyi də məhz eyni dövrə təsadüf edir. Yəni Fənafillah ilə sıfır eyni dövrdə, eyni düşüncə tərzinin təsiri altında yaranıb. Məna oxşarlığı da göz qabağındadır. Hind Sunyasının mütləq yoxluq, rəqəmsizlik anlamından fərqli olaraq, sıfır rəqəmlərin yanında dayanıb onları artıra bilən varlıq anlamına gəldi.

Sıfır əvvəllər nöqtə kimi qeyd olunurdu. Yəni bütün həqiqətlərin cəmləşdiyi, bütün rəqəmlərin sıxlaşdığı nöqtə.

Fəna məfhumu öz mənasını dəyişdiyi kimi, sıfır da mahiyyətini dəyişdi.)

Sufi-İrfan düşüncəsində Fəna terminə həsr olunmuş onlarla, hətta yüzlərlə əsərlər yazılıb, şairlər bu mövzunu əsərlərində çox işıqlandırıblar. Elə nümunəyçün, böyük Füzulinin “Leyli-Məcnun”undan bir beyti göstərmək kifayət edər.

“Yarəb, məni et fənayə mülhəq,

Kim rahi-fəna imiş rəhi-həq!”

(“Yarəb, məni fənaya qovuşdur,

Haqq yolu fəna yolu imiş”)

Bu mövzuya çoxsaylı geniş poemalar, böyük əsərlər də həsr olunub ki, bunların içində Şeyx Əttarın məşhur “Məntiq-ət-teyr” (Quşların söhbəti) poemasıdır (Hərçənd, eyni rəvayəti bir çox şairlər nəzmə çəkib, lakin bunların arasında poetik keyfiyyət baxımından ən yüksəkdə məhz Əttarın poeması dayanır).

Bir çox oxuculara məlum olan rəvayətin təxmini qısa məzmunu belədir ki, xeyli quş birləşib Qaf dağına yol alır ki, Simurq quşunu tapsınlar, və ondan mütləq həqiqətin sirlərini öyrənsinlər. Yolda quşların bəziləri tələf olur, bəziləri yolun çətinliklərindən qorxub geri qayıdır, yalnız otuz quş sonda Qaf dağına gedib çata bilirlər. Lakin orada Simurq quşundan əsər-əlamət tapılmır ki, əsl həqiqəti onlara bəyan eləsin. Yalnız bundan sonra məlum olur ki, Simurq elə “otuz quş” (si-otuz, morğ-quş) deməkdir. Yəni mütləq həqiqət elə onların özlərindədi. Sadəcə, otuz fərqli, müxtəlif quşun son nəticədə mütləq həqiqət daşıyıcısı olan Simurqa çevrilməyi üçün onların bütün çətinlikləri və sınaqları birlikdə keçməyi, birləşməyi, başqa sözlə desək, bir-birində fənaya uğramağı, bir-birinin içində əriməyi lazım idi.

Otuz quşun hər biri öz “ad”ından məhrum olmalıydı ki, böyük, əzmətli Simurq yaransın…

Adsızlıq

Bütün dünya kulturoloqları qeyd edir ki, tarix boyu bütün xalqlarda mədəniyyət, incəsənət, ədəbiyyat məhz sakral-səmavi düşüncənin daşıyıcısı olub və səmavi enerjinin adi insanlara ötürücüsü kimi çıxış edib. Və məhz bu baxımdan, hər bir qədim mədəniyyəti analiz etmək üçün sakral-səmavi görüşləri əsas götürmək lazımdır.

Budur, biz Şərq-islam düşüncə tərzində insanın “mən” – eqo hissinin yaratdığı keyfiyyətlərin bəyənilmədiyini qeyd etdik. Həm Şərq əxlaq elmində, həm irfan-təsəvvüf müstəvisində insanın həqiqi mənəvi yüksəlişi özünün dünyəvi “mən”inin fənaya uğradılmasında, ümumi düşüncə axınının, İlahi qədərin içində əriməsinə çalışmaqdan başlayır. Qürur, lovğalıq, özündənrazılıq ən çox pislənən keyfiyyətlər olub ki, daxili yüksəliş yolu tutan insanlar ilk olaraq bu hisslərdən qurtulmağı öz qarşılarına məqsəd qoyublar.

Bəs, görəsən, Şərqdə incəsənət müstəvisində bu təfəkkür tərzi hansı formada təzahür edib?

Şərq-islam mədəniyyətinin min ildən çox tarixi olsa da, müasir dövrümüzə çox az sənətkarların adları gəlib çıxıb. Tutalım, miniatür sənətindən danışanda Kamaləddin Behzad, Sultan Məhəmməd, Mir Müsəvvir, xəttatlıqdan danışanda İbn Müqlə xatırlanırsa, xalçaçılıq sənəti barədə söhbət düşəndə, ümumiyyətlə heç kim yada düşmür. Eyni sözü Şərqin klassik musiqisi haqqında da demək olar. Dövrümüzə gəlib çatan Şərq musiqisi incilərinin heç birinin bəstəkarlarını tanımırıq.

Niyə? Çünki yaradıcı sənətkarlar öz adlarını əbədiləşdirmək barədə düşünməyiblər. Xalçaçılar, xəttatlar və miniatür rəssamları öz əsərlərinin altında adlarını yazmayıblar, bəstəkarlar öz bəstələrini hardasa qeyd elətdirməyiblər. Axı belə qəbul olunurdu ki, istedad Allahın vergisidir, sənətkar isə sadəcə ötürücüdür. Onun öz “Mən”ini qabartması istedadı verənə qarşı asi olmaqdı. Mən heç kiməm. İstedadı və bacarığı Allah verib, mən də həyata keçirtmişəm, yaratdığım qalmalıdır, mənsə fənaya uğramalıyam. Və burda faciəvi heç nə yoxdur. Əsas budur ki, mən boynuma düşən hüccəti layiqincə yerinə yetirə bildim…

Məhz bu cür yanaşma səbəbindən o vaxtkı sənətkarlar indikilərdən fərqli olaraq, kiçicik bir şey yaratdığına görə az qala bütün xalqın boynuna minnət qoymayıblar, hamını özlərinə borclu hesab eləməyiblər.

Təxəllüs

Adını saxlamaq yalnız şairlərə icazə verilib. Çünki məlumdur ki, başqa dinlərdə Tanrı, yaradıcı varlıq deyəndə, onun müxtəlif atributları təzahür edir. Tutalım, Xristianlıqda Tanrının konkret görüntüsü var. Eyni vəziyyəti Buddizmdə də görürük…

Lakin başqa dinlərdən fərqli olaraq, İslam dinində Tanrının yeganə təzahürü yalnız və yalnız Tanrının sözüdür – “Quran”dır. Məhəmməd peyğəmbərin də möcüzəsi Quran idi. Kitab… Böyük səmavi ilahi söz…

Məhz buna görə müsəlman Şərqində söz sahibləri o biri sənətkarlardan bir pillə yuxarıda dayanırdılar. Lakin heç də hamısı yox. Məlumdur ki, “Quran”da şairlər haqqında bəzi tənqidi fikirlər yer alıb, amma sonunda bir ifadə işlənir – “əlləziynə amənu” – onlardan başqa ki….

Yəni burda da söz sahibləriyçün çərçivə qoyulub ki, siz yalnız səmavi-ilahi yüksəliş yolunda olsanız, Allah tərəfindən bəyənilən sənətkar statusu ala bilərsiniz. Əks halda, sizlər heç də başqalarından artıq deyilsiniz.

Ona görə də Şərq ədəbiyyatının aparıcı mövzusu məhz İnsan-Tanrı münasibətləri, daxili saflaşma və mənəvi yüksəliş məsələləri olub…

Burda çox incə bir mətləb ortaya çıxır. Şairlərə öz adlarını şeirlərə salmaq adəti olub, lakin bu ad da “şərti ad” – təxəllüs olub.

Elə yaxın mədəniyyətlərə diqqət etsək görərik ki, Avropada da, Rusiyada da yazıçılar, şairlər əsərlərdə əksər hallarda elə öz adları və soyadlarından istifadə ediblər. Təxəllüsü isə yalnız hansısa tənqidi məqamlarda özlərini təhlükədən qorumaqçün istifadə ediblər. Dantedən, Şekspirdən, Hötedən tutmuş, Remboya, Lorkaya, Rilkeyə qədər – bütün bu adlar həmin yazarların həyatda daşıdıqları ad və soyadlardır.

Lakin Şərq mədəniyyətində şərti təxəllüsdən istifadə etmək məcburi idi, çünki təxəllüs də bu baxımdan həqiqi adı – “mən”i pərdələmək, göstərməmək, gizlətmək üçün bir vasitə idi. Düzdü, indi bu hal alimlərçün çoxsaylı problemlər yaradır, eyni təxəllüsdə yazan şairlərin əsərləri kitablarda bir-birinə qarışır, hansı əsəri dəqiq kimin yazdığı bəzən bilinmir, identifikasiya çətinləşir… Ancaq bu yaradıcı insanların da elə əsas məqsədi bu olub – adının itməyi. Bəli, mənim adımın qalmağına ehtiyac yoxdur – əsas məqsəd ilahi-sakral enerjilə yüklənmiş sənət əsərinin insanlara xidmət etməsi, ilahi işığı əks elətdirən yüzlərlə, minlərlə güzgüdən biri olmasıdır.

Bütün sənətkarlar belə düşünüb – qələm əhli də, rəssamlar da, xalçaçılar da, musiqiçilər də, başqa sənətkarlar da…

Səfehlik

İndiki dövrün prizmasından baxanda bütün bu hərəkətlər səfehlik kimi görünə bilər. Axı mən böyük bir sənət əsəri yaradıram və o xəyallardayam ki, insanlar bu sənət əsərindən zövq alanda məni düşünəcək, məni xatırlayacaq, hətta məndən sonra da bu sənət nümunələri əbədi olacaq, mənim adımı yaşadacaq, əbədiyyətə qovuşduracaq, adım kitablara, dərsliklərə düşəcək…

Axı necə ola bilər ki, mən əziyyət çəkim, sənət yaradım, əsərim qalsın, amma beş-on nəfərdən başqa heç kim bilməsin ki, bunu kim yaradıb? Sonra da, ümumiyyətlə, unutsunlar? Heç kim məni xatırlamasın? Heç kim mənə təşəkkür eləməsin? Ola bilərmi?

Olar… Daha doğrusu, olub. Deməli, bu əski sənətkarlar fənafillah fəlsəfəsini öz ruhlarında həzm edə biliblər. Ona görə də, onların “mən”ləri böyük “eqo”ların qəfəsində çapalamayıb, daha sərbəst, daha azad olub…

Feminizm müstəvisində

Son iki yüz ildə dünyanın aparıcı ölkələrində qadınların rolu artan xətlə inkişaf edib, XX əsrin əvvəllərində çox geniş feminizasiya hərəkatına çevrilmişdi. Bu hərəkatın bütün fəlsəfəsini ətraflı izah etməyə ehtiyac görmürəm, çünki çox geniş mövzudur. Yalnız bir məqama diqqət çəkmək istəyirəm.

XX əsrin il onilliklərindən başlayaraq, Qərbdə məhz “kişi kimi qadın” obrazları daha çox populyarlıq qazanmağa başladı. Siyasətdən, iqtisadiyyatdan tutmuş, elmə, mədəniyyətə qədər hər sahədə bu tip qadınlar ön plana çıxırdı, Qərb cəmiyyətləri tərəfindən sevilirdi, tərənnüm edilirdi.

Elə özümüzün yaddaşımızı tərpətsək, görərik ki, bu psixoloji tipin ən uğurlu nümayəndəsi olan “dəmir ledi” Marqaret Tetçer tək İngiltərədə yox, bütün Qərb ölkələrində özünə çoxsaylı fanatlar tapmışdı. Qərbin ən tanınmış ictimai-siyasi xadimləri olan Anqela Merkel, Kondaliza Rayz, Hillari Klinton və başqa bu kimi onlarla, hətta yüzlərlə aktiv xanımlar öz davranışlarında az qala təhtəlşüur səviyyəsində məhz Marqaret Tetçerin həyat və davranışını təkrar etməyə çalışırlar… Çünki, təkrar edirəm, bu tip sərt “kişiləşmiş qadın” obrazı son yüz ildə Qərb cəmiyyətlərində ən çox sevilən psixoloji tiplərdəndir. Bu sıraya 50 il əvvəl İsrailə rəhbərlik etmiş Qolda Meiri də əlavə edərdim (Belə nümunələr bütün sahələrdə olsa da, məhz siyasətçilərdən nümunə gətiririk ki, geniş oxucu kütləsi onları daha yaxşı tanıyır).

İndi isə Şərq ölkələrinə diqqət edək. Şərqin siyasət müstəvisində Tetçer yolu gedən qadınlardan şəxsən mən yalnız Tansu Çilləri xatırlayıram ki, o da Türkiyənin ictimai-siyasi həyatında çox qısa müddət populyar ola bildi. Əlbəttə, kimlərsə bunu siyasi səbəblərlə bağlaya bilərlər, amma, zənnimcə, məsələ ondadır ki, Şərq xalqları bu cür sərt kişiləşmiş qadın obrazını o qədər də çox sevmir.

Düzdü, müxtəlif miflərdə, dastanlarda “Ərəbzəngi” tipində qadınlara rast gəlinir. Lakin bunlar barmaqla sayılacaq qədərdir və heç bir əsərin baş qəhrəmanı statusu ala bilməyiblər.

Burda zahirən bir paradoks meydana çıxmış olur. Bir tərəfdən biz həmişə qeyd edirik ki, Şərqdə, ələlxüsus türk xalqları tarixinə diqqət etsək görərik ki, cəmiyyətdə mərd, dəyanətli, qorxmaz, igid xatunlar həmişə xüsusi yer tutub: lazım olanda Nüşabə kimi mərdliklə yad Fateh qarşısına da çıxıblar, Sara xatun kimi ən ağır diplomatik funksiyaları da yerinə yetiriblər, Taclı bəyim kimi atlanıb döyüş meydanına da çıxıblar (Nümunələri çoxaltmaq da olar). Deməli, bizim minillik tariximizdə mərd, dəyanətli, cəsur qadınların xidməti danılmazdır.

Bəli, bu faktlarla bərabər, deyirik ki, Şərq xalqları “Ərəbzəngi” obrazını çox sevmir, qiymətləndirmir…

Paradoks var, lakin zahiridir. Dərinə düşəndə isə çox maraqlı məqamlar üzə çıxır (Hərçənd, elə görünə bilər ki, yazımızın əsas mövzusundan uzaqlaşmışıq, Fənafillahdan başlayıb, feminizmə gəlib çıxmışıq. Lakin elə deyil).

Fikirlərimizi ətraflı izah etməkçün çox da uzağa getməyə ehtiyac yoxdur. Elə öz dilimizə diqqət edək, çünki elə müasir Avropa filosoflarının çoxunun dediyi kimi, toplumun təfəkkürünün bir çox incə məqamları məhz dildə təzahür edir.

Budur, qarşımızda dəmir kimi möhkəm, sərt, əzmkar, və hətta bir az kobud görünən “kişiləşmiş qadın – Ərəbzəngi” obrazı var ki, müasir Qərbdə çox sevilir. Bəs, bizim özümüz bu cür qadınlar barədə danışanda onları necə təsvir edirik? – Filankəs kişi kimi qadındı…

Deməli, bu halda qadın eqosu kişiyə məxsus əksər keyfiyyətləri özündə birləşdirir, sanki ətrafdakı kişiləri də işgüzar keyfiyyətlərilə kölgədə qoyur və bundan həzz alır. Cəmiyyətin ona kişi gözüylə baxması, “kişi kimi qadın” adlandırması, sanki onun eqo hissini, özünə inam duyğusunu bir qədər də gücləndirir (Müasir Qərb feministlərinin “ideal qadın” obrazı təxminən bu cürdür).

İndi isə gəlin mərd, ləyaqətli, cəsur, əzmkar olmaqla bərabər, öz qadın zərifliyini, gözəlliyini, lətafətini, həlimliyini saxlamış başqa bir qadın tipi təsəvvür edək – belələrinə təbii ki, biz “kişi kimi qadındır” deyə bilmirik. Belə desək də, düzgün olmaz…

Bəs nə deyirik? Belə qadınları hansı epitetlə təsvir edirik?

Əlbəttə ki, “kişi qızı”… Bəli, bu tipdə qadınlar barəsində danışarkən deyirik ki, “filankəs əsl kişi qızıdı”…

Bəli, Şərqdə məhz belə qadınlar daha çox sevilib və mərd, dəyanətli qadınlarımız, onlara “kişi kimi qadın” deyiləndə yox, “kişi qızı” deyiləndə daha çox fəxr ediblər…

İndi isə gəlib bu iki ibarənin mahiyyətindəki fərqə diqqət edək. Budur, qeyd etdiyimiz kimi, qadın öz eqosunu təmin eləmək üçün bütün keyfiyyətlərdə kişiləri ötüb keçməyə, onları kölgədə qoymağa çalışır. Və gördüyü böyük işlərə görə ona gələn tərifləri, şöhrəti filanı da yalnız və yalnız özünə götürür. Bəli, o böyükdür, və bu böyüklüyün səbəbi yalnız və yalnız özüdür – öz zəhmətkeşliyi, enerjisi, biliyi, savadı, bacarığı, istedadı və ən əsas da cəsarəti və mübarizliyi… “Kişi kimi qadın” bu nailiyyətlərə görə heç kimə borclu deyil və şöhrətin, tərifin də heç bir zərrəsini kiminlsə bölüşmək fikrində deyil… Budur, ifrat eqo hissinin təntənəsi.

İndi isə ikinci tip obraza diqqət edək… Öz ali əməlləriylə “Kişi qızı” epitetini qazanan və fəxrlə daşıyan qadın sanki böyük nailiyyətlərinə görə haqlı olaraq əldə elədiyi şöhrətin, qazandığı təriflərin bir hissəsini (hətta böyük hissəsini) özünə yox, atasına ünvanlamış olur. Bəli, “kişi qızı” belə məqamda “eqo” hissinin əsirinə çevrilmir, özünü müəyyən mənada “fəna”ya uğradır. Elə bil özü kölgəyə çəkilir, irəli isə atasını çıxardır. Və biz də, haqqında “əsl kişi qızıdır” dediyimiz mərd, ləyaqətli, dəyanətli xanımlarımız barədə danışarkən, qeyri-ixtiyari, onun özüylə bərabər atasını xatırlayırıq. Belə dəyərli xanımı yetirən ata bizim gözümüzdə bir qədər də yüksəlir, bir qədər də ucalır. Beləliklə, öz eqosunu müəyyən mənada, fənaya uğrada bilən “kişi qızı”, tək özü yüksəlmir, özüylə bərabər sevimli insanını da göylərə qaldıra bilir.

(Binazir Bhutto, İndira Qandi, Xalidə Rahman və Şərqin bu kimi məşhur xanımlarına diqqət etsək görərik ki, heç biri “kişi kimi qadın” tipinə məxsus olmayıblar, məhz “kişi qızı” olublar, bu obrazda milyonlar tərəfindən seviliblər…)

Belə qadın, hətta hipotetik olaraq, özünü “kişi kimi qadın” tipinə bənzətməyə çalışsa, o saat toplumun gözündən düşəcək, daha əvvəlki kimi sevilməyəcək.

(Eyni situasiyanı ər-arvad münasibətlərində də müşahidə eləmək olar. Bizdə əgər qadın ərini az qala kənara itələyib önə çıxmağa, onu az qala kölgədə qoymağa üstünlük verirsə, belə qadınları o qədər də sevmirik. Əksinə , qadın bütün ali keyfiyyətlərinə rəğmən, öz üstünlüyünü çox da qabartmırsa, doğma insanlarını kölgədə qoyub irəli çıxmırsa, belə qadın bizim nəzərimizdə həmişə ən yüksək, ən ali dəyər qazanmış olur.)

Niyə? Çünki, təkrar edirəm, Şərq xalqlarının altşüurunda fəna arxetipi çox möhkəm kök salıb. Biz “öz”ünü şişirdib önə çıxardanları sevməmişik, əksinə, “eqo”sunu çilovlayıb (fənaya uğradıb) kölgəyə çəkilərək, öz nailiyyətlərini başqalarıyla bölüşə bilənləri sevmişik, yüksək dəyərləndirmişik… Və bu hal, bütün sahələrdə özünü göstərir – İctimai-sosial-mədəniyyət müstəvisindən tutmuş, qadın-kişi münasibətlərinə qədər…

Bu gün və sabah

Budur, Şərq xalqlarının altşüurunda möhkəm kök atmış fəna(fillah) anlayışının müəyyən aspektlərini araşdırdıq (Əslində mövzu çox genişdir, kiçik bir məqaləyə sığdırmaq çox çətindir).

Lakin belə sual yarana bilər ki, bütün bu yazının mənası nə idi ki? Hamımız bilirik və həmişə də bu barədə danışırıq ki, bizdə kollektiv fəaliyyət növləri yaxşı alınmır, istər incəsənətdə, istər idmanda, istər başqa sahələrdə; biz son yüz ildə ən böyük nailiyyətlərimizi məhz tək fərdlərin fəaliyyət göstərdiyi sahələrdə qazanmışıq – İdmanda güləşimiz, boksumuz futboldan daha üstün olub; incəsənətdə rəssamlığımız, bəstəkarlığımız kinodan, teatrdan daha çox nailiyyətlər əldə edib və sair və ilaxır; Niyə? Çünki bizdə fərdlər “ötürmə verməyi” bacarmır, hər kəs yalnız “öz”ünə işləyir…

Bəli, bu barədə çox danışılıb. Amma unutmuşuq ki, biz heç də tarixən yüzilliklər boyu belə olmamışıq. Əksinə, sələflərimiz öz həyatlarında bunun tam əksi olan amallarla yaşayıblar… Bəs nə oldu bizə? Niyə bu keyfiyyətlərdən məhrum olduq?

Müasir Şərq yazıçılarından birinin məşhur bir kəlamı yada düşür – “Onlar “yaxşı”ları bizdən götürüb irəli getdilər, bizsə “pis”ləri onlardan götürüb geri qaldıq.

Əslində, bu yanaşmanı da mən tam qəbul eləmirəm. Çünki çox səthi deyilən fikirdir. Muqabilində sual oluna bilər ki, səni nə məcbur edirdi onlardan məhz pisi götürəsən?

Müdhiş utanc

Mövzudan yayınmayaq. Ümumilikdə Şərq xalqlarının altşüurundakı bəzi arxetipləri analiz eləməkdə məqsədimiz də ortaya çıxan problemlərin, sadəcə, səbəblərini tapmaq deyil, həm də müəyyən çıxış yolu göstərməyə cəhd etməkdir.

Çıxış yolu isə, zənnimizcə, ilk olaraq, utanc hissini aradan qaldırmağa çalışmaqdır. Bəli, biz özümüz kimi olmaqdan utanırıq (Bizə bu utanc hissini yüz il boyu səylə aşılayıblar).

Ona görə özümüzü tam dəyişməyə – öz keçmişimizi tam atmağa və özümüzü kənar quruluşlara uyğun olaraq, tam yenidən (sıfırdan) yaratmağa, yəni “başqası” olmağa çalışırıq.

Bəli, bu utanc hissi son nəticədə, doğru-düzgün analiz etməyə, yaxşını pisdən seçməyə bizə mane olur. Yalnız bu utanc hissini aradan qaldırsaq, gözümüzü örtən bu pərdəni götürsək, müasir dövrün bir çox həqiqətləri bizimçün daha aydın görünəcək. Və yalnız bu zaman kənardan hər nəyi oldu yox, məhz həqiqətən də bizə lazım olanları götürə biləcəyik; paralel olaraq, özümüzdən də hər şeyi yox, yalnız lazımsız olanları tullayıb ata biləcəyik. Bəli, bu saat ən vacib olan məhz budur – kənardan hər şeyi yox, ən yaxşını götürmək; özümüzdən hər şeyi yox, ən pisləri atmaq….

Buna nail ola bilsək, həqiqətən də bir çox sosial-psixoloji problemləri aradan qaldırmış olacağıq… Bunun üçünsə, ilk olaraq özümüzü (tariximizin və altşüurumuzun dərin qatlarını) cidd-cəhdlə öyrənmək, anlamaq və ən nəhayət nə sevməyə çalışmaq lazımdır…

“Mən”lər bütün yaxşı-pis keyfiyyətlərilə birlikdə, “biz”i sevməyi öyrənməsə, heç nəyi dəyişə bilməyəcəyik…