Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:
Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağa da şairə imiş. Rəvayətə görə, hələ gənc yaşlarında öz əmisi oğlu, gözəl qamətli, mərdliyi və şücaətli ilə ad qazanmış Məhəmməd bəyə vurulur. O zaman Məhəmməd bəy vuruşmalarda qoşuna başçılıq edirmiş. Yenə bir gecə vacib bir məsələdən ötrü Şuşaya – İbrahim xanın yanına gələn Məhəmməd bəy, elə o gecə də geriyə vuruşan qoşunun yanına qayıdır. Ağabəyim ağa bu münasibətlə deyir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi …
***
İran şahı Ağa Məhəmməd şah Qacarın başı Şuşada kəsildikdən sonra, İranla Qarabağ xanlığı arasındakı münasibətlər düzəlsin deyə, İbrahim xan öz sevimli qızı Ağabəyim ağanı Tehrana, Fətəli şaha girov göndərir. Rəvayətə görə, Fətəli şahın bir xasiyyəti var imiş. O da beləymiş ki, onun hərəmxanasına daxil olan xatunlar ilk dəfə bəzəkli paltarlarla dolu böyük otağa girməli, orada istədiyi paltarı geyinməli, sonra şahın hüzuruna getməli, imiş. Ağabəyim ağa müxtəlif yollarla öyrənir ki, şahın anasının da paltarı oradadır. Onu otağa gətirdikdə, qız birbaşa şahın anasının paltarı asıldığı güşəyə gedir və həmin libası geyir. Ağabəyim ağanı şah öz anasının libasında görəndəəhvalı dəyişir, ona heç vaxt əl vurmur.
***
Ağabəyim ağa öz ağlı, zəkası ilə Fətəli şahın o qədər xoşuna gəlmişdi ki, ona baş hərəm vəzifəsi vermiş və özünə də başdan-ayağa inci ilə işlənmiş bir don bağışlamışdı. Lakin Ağabəyim ağa həmişə öz vətənini arzulayar və yazdığı bir bayatını tez-tez oxuyarmış:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Həmin bayatını Fətəli şaha çatdırırlar və həm də deyirlər ki, Qarabağlı qızı Tehranda oturub, Tehranı bəyənmir. Şah incimiş halda Ağabəyim ağanı yanına çağırır. Şairə isə onun fikrini ustalıqla yayındırır:
– Mən elə yazmamışam, sizə pis çatdırıblar. Mən belə yazmışam:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ
Tehran cənnətə döndü,
Yaddan çıxdı Qarabağ!