Faciəyə qarışmış sevgi hekayəsi – “Titanik”

130 Baxış

17de631fb19a739677253ce30453c38d_400x600

Senet.az “Ustad” jurnalının 27-ci sayında  işıq üzü görmüş Nuranə Abbasovanın “Faciəyə qarışmış sevgi hekayəsi – “Titanik” məqaləsini təqdim edir. 

Faciəyə qarışmış sevgi hekayəsi – “Titanik”

 

“Film çəkmək müharibə aparmaqdır: biznes və estetika arasındakı müharibə”

Ceyms Kemeron

 

Əfsənəvi gəminin okean sularında qərq olmasının 107-ci ilinə həsr olunur

 

“Titanik” romantik məhəbbət hekayəsi ətrafında cərəyan edən məşhur faciə haqqında çəkilmiş filmdir. Elə bir insan tapılmaz ki, bu filmə bircə dəfə də olsun, baxmasın. Filmin mövzusu, yəqin ki, çoxunuza bəllidir. Bu dəfə “Titanik”in çəkiliş prosesi və bu zaman yaşanan maraqlı hadisələrdən, hətta filmi faciə ilə bağlayan mifik bağlılıqdan söhbət açacağıq.

Filmin ssenaristi, rejissoru, prodüseri və operatoru Ceyms Kemeron ssenarini 1994-cü ildə yazmağa başlayıb. Hazırlıq mərhələsində o, Titaniklə bağlı bütün xırdalıqları öyrənməyə çalışıb. Əvvəl bu, bir o qədər çətin görünmürdü. Gəmiyə səyahət etmək üçün bütün koordinatlar bəlli idi. Rejissor 1995-ci ildə “20th Century Fox” şirkəti ilə danışılqar apararaq nəhəng gəminin dağıntılarını incələmək üçün suyun dibinə enərək qısametrajlı sənədli film çəkməklə bağlı razılıq əldə edir. Bununla yanaşı, qabaqcadan razılaşdırılmışdı ki, bu sənədli film daha sonra tammetrajlı ekran işi üçün əsas mənbə kimi istifadə edilə bilər. Belə olan halda, 1995-ci ilin sentyabrında 3 milyon dollar əldə edən Ceyms faciənin baş verdiyi yerə yollanır (Atlantik okeanı, Nyufaunlend adalarından 800 metr aralı).

Gəmi qalıqlarına çatmaq üçün rejissor “Akademik Mistislav Keldış” elmi-tədqiqat gəmisini kirayələyir. Çünki məhz bu gəminin göyərtəsində suyun dibini öyrənməyə imkan verən dünyanın ən effektiv vasitəsi olan “Mir-1” və “Mir-2” qurğuları yerləşirdi. Ceyms peşəkar dalğıclarla birlikdə suyun 3500 metr dərinliyində yerləşən batmış gəminin qalıqlarını öyrənməyə enir. Titanikin görünüşü Kemeronu dəhşətə salır.

Bundan sonra 1/33 miqyasında ən xırda detallarınadək Titanikin qalıqlarının maketi hazırlanır. Okeanın ortasında Ceyms mütəxəssislərlə birlikdə 4 kilometrədək dərinlikdə gəminin qalıqlarını incələyir. Operatorlar kameraların inteqrasiya olunmuş obyetivləriylə və parlaq işıqlandırma sistemiylə rejissorun göstərişi ilə gəminin su altındakı görünüşünü lentə alırlar.

Suyun dərinliyində iş bütün incəliyinədək dəqiqliklə aparılır. Kinosevərlər gəminin tədqiqatı ilə keçirdikləri vaxt ərzində böyük kədər və haqsızlığa düçar olmuş insanların fəryad hissi ilə üzləşdiklərini bildirirlər. Onlar görüntüləri lentə aldıqları zaman bütün bu faciənin real insanların başına gələ biləcəyinə inanmadıqlarını deyirlər. Kemeron sualtı çəkilişdən sonra deyirdi: “Bu, təkcə tarix deyil, faciədir. Mən hər şeyi olduğu kimi çatdırmağa cəhd edərək böyük məsuliyyət daşıyırdım”.

Sualtı çəkilişlərdən sonra Kemeron ssenari üzərində işləməyə başlayır. O, faciədə həlak olmuş insanların xatirəsini əbədiləşdirmək üçün bu işə tarixçiləri də cəlb edir, nəhəng kitabxanalarla əlaqəyə girir. Gəminin komandası və sərnişinlər arasındakı əlaqələr sxemini tərtib edir, gəmidəki sonuncu günün qrafikini qurur. Bu templə rejissor 6 ay işləyir. Ümumi hazırlıq dövrü isə 5 ilədək çəkir.

İrlandiyanın “Harland and Wolff” gəmiqayırma şirkətinin köməyi ilə Titanikin maketinin hazırlığına başlanılır. Maket üçün gəminin orijinal cizgiləri şirkətə təhvil verilir. Eyni zamanda, Meksika körfəzlərindən birində çəkiliş üçün 40 akr su hövzəsi kirayələnir, 17 milyon qallon su tutan hovuz qurulur.

Kemeron Amerikaya qayıtdıqdan sonra su altında lentə alınmış görüntüləri “20th Century Fox”un prodüserlərinə göstərərək tammetrajlı film çəkməyə hazır olduğunu bildirir. Həmin vaxt artıq faciənin baş verməsi ilə bağlı sənədli film hazır idi. Şirkət rəhbəri filmin çəkilişinə icazə verir və rejissor 1996-cı il sentyabrın 16-da 110 milyon dollar alaraq filmin çəkilişinə başlayır.

Filmdə baş rolda əvvəllər Mettyu Mak Konahi nəzərdə tutulurdu. Ancaq o, Cek rolu üçün bir qədər yaşlı göründüyündən Kemeron razılaşmır. Daha sonra bu rola Tom Kruz məsləhət görülür. Ancaq o da Mettyudan bir qədər böyük görünür. Nəticədə Ceyms Kemeronun məsləhəti ilə bu rol üçün ən uyğun aktyor Leonardo Di Kaprio seçilir. Rouz obrazını isə Qvinet Peltrou canlandıra bilərdi. Ancaq onun yerinə gənc britaniyalı Keyt Uinslet seçilir.

 

bir-metrede-heyecan,zv00YELvfky6bgNdmaKbeA_396x600

Dekorasiya

 

Tarixin ən bahalı dekorasiyası məhz “Titanik” filmi üçün edilib. Gəmi ən xırda detallaradək İrlandiyanın Sautqempton tərsanəsində hazırlanır. Prodüserlər Titanikin maketini Amerikada deyil, elə Meksikada qurmağı qərara alırlar. Amerikadan 40 kilometr məsafədə yerləşən Rozarito sahillərində işə başlanılır. Orada eyni zamanda, zədələnmiş gəminin dekorasiya nümunələri də toplanır və bir neçə ay sonra onlardan batmış Titaniki təsvir etmək üçün faydalanırlar.

Nəhəng dekorasiya qurulur: 9 mərtəbəli bina hündürlüyündə 230 metr uzunluğunda gəmi maketinin qurulması 15 milyon dollara başa gəlir. Burada yüzlərlə illüminator qurulmuş göyərtə, tüstü boruları, məhəccərlər, bütövlükdə sağ bort – hər şey quraşdırılmışdı. Nəticədə alınan görüntü real Titanikdən heç nə ilə fərqlənmirdi. Yeganə fərq real Titanikin maketdən 34 metr uzun olması idi. Yeri gəlmişkən, gəminin burun hissəsi maliyyə çətinliyi səbəbindən tikilməmişdi, onu isə kompüter qrafikasının köməyi ilə filmə əlavə etmişdilər. Həmçinin, Titanikin göyərtəsində yola düşən insanlar kompüter qrafikasının köməyi ilə əlavə olunmuşdu. Rəssamlar əfsanəvi gəminin yola düşmə səhnəsini daha real və yaddaqalan etmək üçün yüzlərlə xırda detal üzərində işləməli olmuşdular. İnsanların özlərini həqiqətən matros, ocaqçı və ya üçüncü sinif irland işçisi kimi hiss etmələri üçün keçən dövrün ruhi epoxasını dərindən öyrənmişdilər. Kemeron, həqiqətən, XX əsr atmosferini yarada bildi və hər kəsə oynadığı rolun qəlibinə uyğunlaşmağa şərait yaratdı.

 

gemi-batiyor,xwhuPKN_G06IdegV3N16zA_800x560

Çəkilişdən sonra

 

Kemeron filmin vizual effektləri üçün “Dijital Domeyn” şirkətinin xidmətindən faydalanır. Gəminin panoram görüntüsü xromakey fonunda model-nüsxədən istifadə edilməklə verilir: biri 14 metr, ikincisi 20 metr uzunluğunda. Həmin modellərə isə insanlar qrafikanın köməyi ilə süni şəkildə “yığılır”. Bunun üzərində Bob Leqato işləyir. O, bu iş üçün aktyorların, kaskadyorların və hətta öz uşaqlarının üzündən istifadə edir. Ancaq filmdə təkcə gəminin batmasını təsvir etmək yox, kayutlara və anbarlara su kütləsinin yığılmasının təsviri lazım idi. Təkcə nərdivanlara 340 ton su yığılır, gəminin interyerinin su ilə dağıdılması üçün isə 19 milyon litr su sərf edilir.

Final səhnəsində Kemeron əvvəlcə gəmidə 250 nəfərədək həqiqi insanları çəkmək istəyir. Ancaq onların səhhətinə olan təhlükə və ölümcül zədələnmələr ehtimalı rejissoru rəqəmli texnologiyanın köməyindən istifadə etməyə məcbur qoyur.

Vizual görüntülər hazır olduqdan sonra güclü trekə ehtiyac yaranır. Rejissor Ceyms Hornerin “Cəsur ürək” filmindəki bəstəsini eşidib ümidlənməyə başlayır. Onlar artıq “Yadlar” filmində bir yerdə işləmişdilər, pis də alınmamışdı. Ancaq Kemeronun təzyiqlərindən bezən bəstəkar ondan gen gəzir və 10 ildi ki, əlaqə saxlamırdı. Kemeron bəstəkara söz verir ki, bu dəfə heç bir təzyiq olmayacaq və ona tam azadlıq verəcək. Horner Kemeronla Enyenin sevgi hekayəsini bildiyindən bu işdən ilhamlanaraq mahnı bəstələyir: “My heart will go on”. O, bu mahnını Kemerondan gizli yazmışdı. Çünki Kemeron “əsas mahnı” nəzəriyyəsindən uzaq idi və hətta onu final titrlərində belə, qoymaq istəmirdi. Ancaq mahnını Selin Dionun ifasında dinləyən rejissor bütün tabuları dağıtmalı olur. Maraqlıdır ki, Selin Dion əvvəlcə bu mahnını ifa etməyə razılıq vermir. Yalnız ərinin təkidindən sonra razılaşır.

 hqdefault_800x600

Maraqlı faktlar

 

Mürəkkəb xüsusi effektlər və musiqi hissəsinin hazırlanması filmin premyera tarixini bir qədər yubatdı. Yayda təqdimat nəzərdə tutulsa da, qışa qədər ləngidi. Film ilk dəfə Tokio Kinofestivalında göstərildi. Ancaq medianın buna münasibəti soyuq oldu. Yalnız filmin geniş nümayişindən sonra hər kəsin diqqətini cəlb etdi.

 

– “Titanik” öz dövrünün ən bahalı filmi idi.

– “Titanik” ilk filmdi ki, bilet satışından bir milyard dollar gəlir əldə etmişdi. Film bu rekordu 10 il öz əlində saxladı. Kemeron ikinci rekordu özünün “Avatar” filmi ilə qırdı.

– “Titanik” yeganə filmdir ki, 15 həftə ardıcıl olaraq Şimali Amerikada film kirayəsində birinci yeri tutub.

– 1950-ci ildən sonra ilk filmdir ki, “Oskar”ın 14 nominasiyasına namizəd kimi təqdim olunub.

– “Titanik” kino tarixində 11 “Oskar” almış 3 filmdən biridir.

– “Oskar” almış yeganə filmdir ki, prodüseri, ssenaristi, redaktor və rejissoru eyni adamdır.

– Kemeronun nüvə partlayışı olmayan ilk filmidir.

– “Titanik”in çəkilməsi üçün çox böyük bir büdcə – 200 milyon dollar xərclənib. Təkcə gəminin maketinin tikintisi üçün 46 milyon dollar pul sərf olunub.

– Aktrisa Qloriya Stüart isə çəkiliş meydançasında “Titanik” faciəsi baş verən zaman yaşayan yeganə insan idi. O, 1910-cu ildə dünyaya gəlib. Qloriya Rouzun qocalığını canlandırırdı. Filmə əsasən, qoca Rouz 101 yaşında idi. Aktrisa özü isə 86 yaşında olub. Qloriya onu həddindən çox “qocaltdıqları” üçün qrimçilərdən narazı idi. Qloriya Stüart öz roluna görə “Qızıl Qlobus” və “Oskar” mükafatlarını alır. “Titanik”dən sonra Qloriya daha 10 il yaşadı və 100 yaşında dünyasını dəyişdi. Onun ən yaxşı rolu isə 1933-cü ildə Flora Kreyni obrazında çəkildiyi “Görünməz insan” filmində olub.

– Rouzun məşhur portretini filmdə, əslində, Ceyms Kemeronun özü çəkir. Kadrda göstərilən əllər Cekin yox, rejissorundur. Bundan başqa, Cekin rəsmlərdən ibarət qovluğunu da filmin rejissorunun özü hazırlayıb. Yeganə nüans: Kemeron – solaxaydır, Di Kaprio isə – sağ əllə işləyir. Buna görə də, montaj zamanı kadrları güzgü kimi dəyişmək lazım olub.

– Suda çəkiliş zamanı Keyt Uinslet yeganə aktrisa idi ki, hidrokostyumdan imtina etmişdi. Nəticədə aktrisa pnevmaniya xəstəliyinə tutulur.

– Aktyorların don vurmuş kimi görünməsi üçün onların saçlarına xüsusi toz səpilib ki, bu da suya dəyən kimi kristallaşır. Buz parçaları effektini yaratmaq üçün isə paltarlara mum sürtülüb.

– Ceyms Kemeron filmin ssenarisini yazarkən bütün obrazlara uydurma adlar qoyur. Ancaq film yayımlandıqdan sonra rejissor öyrənir ki, “Titanik” faciəsi zamanı gəminin göyərtəsində həqiqətən Cek Douson adlı insan olub. O, digər qurbanlar kimi Yeni Şotlandiya qəbiristanlığında dəfn olunubmuş. Onun 227 nömrəli məzarı filmdən sonra turistlərin və tamaşaçıların ziyarətgahına çevrilir.

– Gəmini su basması səhnəsi ilk dubldan çəkilməli idi. Çünki salondakı hər şey real idi və komanda ilk dəfədən bunun öhdəsindən gəlməli idi. Belə də olur, amma həmin kadrdan sonra bütün mebellər və dekorasiya məhv olmuşdu.

– Rouzun kayutunda orijinal rəsm əsərlərindən istifadə olunub. Onlardan biri Paris muzeyinin verdiyi Pablo Pikassonun 1903-cü ildə çəkdiyi “Qoca gitaraçı”dır.

– Leonardo Di Kaprio ilə Keyt Unslet ssenarinin son variantını görmədən filmdə çəkilməyə razılıq vermişdilər.

– Gəminin təkcə üst gösyərtəsindəki şüşə günbəz “Titanik”in büdcəsindən 500 min dollar itirməsinə səbəb olub.

Beləliklə, Ceyms Kemeronun əzmi, Ceyms Hornerin cəlbedici musiqisi, Selin Dionun bacarıqlı ifası, aktyorların peşəkarlığı “Titanik”i bütün zamanların ən yaxşı filmi olmasına gətirib çıxarır.

 

Bölmə : Kino, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10