Falih Rıfkı Atay Atatürkün ölümünün bütün detallarını yazır

56 Baxış

232-229Senet.az “XAN” Xarici Xatirə Ədəbiyyatı silsiləsindən Falih Rıfkı Atayın “Atanız Atatürk” kitabından bir hissəni təqdim edir. Qeyd edək ki, kitabı türkcədən dilimizə uyğunlaşdıran f.ü.f.d Nərgiz Cabbarlı, redaktoru isə f.ü.f.d.dos, Şəmil Sadiqdir. Nəşri Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz. 

 

ÖLÜMÜ

Atatürk sağlam quruluşlu, yuxusuzluğa və yorğunluğa dözümlü, sevinci və ruh yüksəkliyi daima yerində, xəstəlikləri isə qısamüddətli və keçici olan insan idi. Bir axşam çox istədiyi toplantıya gələ bilməyəcək qədər qızdırmasının olduğunu eşitdik. Gəldi, amma gec gəldi: “İki aspirin atdım, isti bir vanna qəbul etdim, qızdırmanı saldım”,– dedi.

Uzun müddət heç yorulmadan vals edər, tez-tez zeybək kimi milli oyunlar oynamaq üçün ayağa qalxardı. Hərəkətsizliyi və süstlüyü olsa da, çox az belə qalardı. Səhərə qədər davam edən görüşlərdən, müzakirələrdən, məclislərdən sonra səhər yenə də düz vaxtında işinin başında olardı. Sarsılmaz iradəsinin böyük təsiri olmaqla bərabər, bu qədər dinamik həyat tərzi üçün səhhətin yaxşılığı da əsas şərtlərdən biridir.

Hafizəsinin gücünə, diqqətinin itiliyinə və davamlılığına, çalışmaq, işləmək üçün necə dözümlü olduğuna daima heyrət edərdik.

Bir dəfə, min doqquz yüz iyirmi altıncı ildə ürək tutmasına bənzər xəstəlik keçirmiş, hökumət Almaniyadan ona baxmaq və sağaltmaq üçün iki mütəxəssis gətirtmişdi. Atatürk bu mütəxəssislərin tövsiyələrinə əməl edərək bir müddət sağlamlığının qeydinə qaldı. Pəhriz saxladı, istirahət etdi. Ancaq xəstəliyinin ürəyi ilə heç bir bağlılığı olmadığı meydana çıxdıqda yenə də əvvəlki həyat tərzinə qayıtdı.

Cümhuriyyətin onuncu ildönümündən sonra Atatürkdə ağır, ancaq sürətli dəyişikliyin getdiyini hiss etmişdik. Bu dəyişikliyin ilk əlamətləri istəksizlik və halsızlıq idi. Sonra onda əsəblərin pozulması və unutqanlıq yarandığını müşahidə etdik. Ancaq bu öldürücü xəstəliyin ilk əlamətləri tez-tez burun qanaması oldu.

İlk diaqnoz min doqquz yüz otuz səkkizinci ilin mart ayında qoyuldu. Çankayada Balkan dövlətlərinin Xarici İşlər Nazirlərinin şərəfinə verilən ziyafətə xeyli gec gəldi. Bunun səbəbini soruşan Səhiyyə Naziri yeni bir burun qanamasının uzun müddət davam etdiyini öyrənincə və yeməkdən qalxan Atatürkün halını görüncə hökumət adamlarına xəbər verdi. Avropadan yaxşı mütəxəssis gətirilməsini düşünsələr də, Atatürk əvvəlcə türk professorlarının konsilium keçirməsini istədi. Həkimlər bu yığıncaqda onun xəstəliyinin serroz olduğuna qərar verdilər.

Serroz damar sisteminin ümumi pozğunluğunun qara ciyərdə özünü göstərməsidir. Bu pozğunluq, çox güman ki, xeyli müddət əvvəlcədən başlamışdı.

O ərəfələrdə Atatürk Hatay məsələsi ilə bağlı çox qanıqara idi. Hatay Misaki Milli sərhədləri içərisində və məmləkətin bütünlüyünə qatılmayan türk torpağı idi. Atatürk Türkiyəni yeni müharibəyə salmamaq, ancaq Hatayı Fransanın müstəmləkəsindən qurtarmaq üçün çırpınırdı. Həkimlər ona uzunmüddətli və tam dincəlmə tövsiyə etdilər. Kəskin içki və yemək pəhrizi saxlayacaq və aylarla yataq otağından çıxmayacaqdı. Atatürk bu tövsiyələrə əməl etmədi. Bir müddət sonra yenə də küçəyə çıxdı. Özünü bütünlüklə Hatay məsələsinə həsr etdi.

On doqquz may – Gənclik Bayramı yaxınlaşırdı. Narahatlığı getdikcə artan Atatürk stadiondakı tədbirə getdi və özü də bilmədən, fərqində olmadan türk gəncliyinə oradaca vida etdi. Eyni günün axşamı Ankaradan yola çıxmışdı.

Atatürk bu səyahətində ilk dəfə olaraq xəstəliyinin ağırlığını başa düşmüşdü. Çox yaxın bir dostuna:

– Bu tamamilə başqa şeydir… Mən belə bir xəstəlik görmədim, – demişdir.

Hatay məsələsi getdikcə qızışmaqda olduğundan Atatürk cənub sərhədlərimizə doğru olduqca çətin bir səyahətə çıxdı. Mersində əsgər dəstələrini təftiş etmək üçün saatlarla ayaq üstündə qalmalı oldu. Bu səfərdən geri qayıtdığı zaman Ankarada stansiyada bir neçə addım atmış və əyləşmək məcburiyyətində qalmışdı. Yoldaşları dərisinin ölü rəngi aldığını görərək çox qorxmuşdular.

Atatürkün xəstəliyi min doqquz yüz otuz səkkizinci ilin mart ayından noyabrın onuna qədər səkkiz ay davam etdi. Bir müddət Savarona şəhərində qaldı, sonra sedyə ilə Dolmabaxça sarayına aparıldı. Savaronada ikən hökumət böyük bir fransız professorunu ona baxmaq üçün dəvət etdi. Professor xəstəni yaxşı-yaxşı müayinə etdikdən sonra məsul hökumət adamlarına acı xəbəri verdi:

– Tibbin yardımı ilə Atatürk iki il də yaşaya bilər. Ancaq indi yaxtaya getdiyinizdə bağırsaq, ya da beyin qanamasında onu ölmüş vəziyyətdə tapa bilərsiniz. Buna uyğun hərəkət etməlisiniz.

Həmin axşam Atatürk:

– Həkimlə hər şeyi danışdınız, elə deyilmi? – deyə soruşdu.

Sonra dedi:

– Əgər danışmısınızsa, o zaman mütləq anlamısınız. Tez Ankaraya işinizin başına yollanın.

Atatürk heç kimə hiss etdirməməyə çalışsa da, öləcəyini anlamış adama bənzəyirdi. Atatürkün ölüm fəlsəfəsi sadə idi. O hər zaman, – “Ölümü arzulamaq cəsarət deyil, amma ölümdən qorxmaq axmaqlıqdır”, – deyərdi.

Yenə də vəzifəsi üzərində titrəyirdi. Savaronada başçılıq etdiyi son bir hökumət kabinet toplantısı altı saatdan artıq davam etmişdi. Müzakirə edilən məsələ Hatay məsələsi idi.

Atatürk dənizi çox sevdiyi və qədimdən qalma yaxtla bir-iki təhlükə adlatdığı üçün hökumət ona “Savarona”yı almışdı. O baharda yaxta ilə gəzintiyə çıxmağa çox həvəsli idi. Ona görə də yatağa düşüncə:

– Bu yaxtanı balaca bir uşaq kimi böyük sevinclə gözləmişdim. Mənim üçün xəstəxana otağımı olacaqdı, – deyə kədərlə demişdi.

Bir gün də kamerasını sərinlətmək üçün bir neçə yerə qoyulmuş buz dolu ləyənləri göstərərək demişdi:

– Mənim bağırsaqlarım da su içində üzərmiş… Belə insanmı yaşayar?

Xəstəliyi ağırlaşdığı üçün Dolmabaxça sarayına köçdü. Gələn-gedənlərlə görüşür, amma zaman keçdikcə qüvvədən düşürdü. Qarnına yığılan su onu narahat edirdi. İynə ilə ilk dəfə qarnından su çəkildiyi zaman: – Ooohhh… Nə qədər rahatlandım, – dedi.

Ancaq su yenidən yığılırdı. On altı gün iztirab çəkərək yatdı. Sonra həkimlərini yanına çağırtdıraraq dedi:

– Dərhal bu suyu çəkin.

Bütün gecəni ağrılar içində qovrulaqovrula keçirmişdi. Həkiminə dedi:

– Dünən gecə tamamilə başqa adam olmuşdum, dəyişmişdim. Bu nə idi belə… Nə qəribədir… Mən, əslində, dünən gecə xəstə idim.

Bütün istəyi Ankaraya getmək, Cümhuriyyətin on beşinci ildönümü tədbirində iştirak etmək, ordusu və milləti ilə son dəfə qarşılaşmaq idi. Stadionun pillələrini ayaqla çıxmaması üçün tələm-tələsik lift də inşa edilmişdi.

O vəziyyətdə ikən belə dil və tarixlə bağlı işini yataqda təqib edir, yeni ilin ilk anlarında deyəcəyi nitqin hazırlanmasına özü yardım göstərirdi:

“Böyük dövlətə indiyə qədər olduğu kimi bütün işlərində uğurlar diləyirəm”, – sözü Məclisdə dövlət başçısı kimi işlətdiyi son sözü olmuşdur.

Amma artıq Ankaraya getmək ümidini itirmişdi, dodaqlarını büzərək:

Belə bir zəif vəziyyətdə Ankaraya getməyimdə fayda görmürəm. Əgər getsəm, heç kimin yardımı olmadan heç olmasa avtomobilə qədər addımlamalıyam, yoldaşlarla salamlaşa bilməliyəm. Amma bunu edə bilməyəcəyimi hiss edirəm,– demişdi.

atanizCümhuriyyət Bayramı gecəsində Boğaziçi paroxodlarından birini kirayələyən gənclər Dolmabaxça sarayının limanına yaxınlaşmışdılar. Hay-küy salıb qışqırışırdılar. Atatürk qırıq-qırıq danışaraq pəncərəyə yaxınlaşmaq istədiyini başa saldı. Qollarına girib qaldırdılar, pəncərənin qarşısındakı kresloya qədər gətirdilər. Kresloya çökdü, əli ilə gəmiyə işarə etdi. Paroxodda sanki qiyamət qopdu. Gənclərin hamısı bir ağızdan:

Dağ başını duman almış

Gümüş dərə durmaz, axar…

– marşını oxuyurdular. Atatürk də dodaqlarının altında mızıldanmağa başladı. Sonra:

Bu bayramlar və sabahlar sizindir…. Gülə-gülə, – dedi və ölüm yatağına geri döndü.

Atatürk bir dəfə üç gün davam edən komaya girdi. Özünə gəldiyi zaman ona yatmış olduğunu söylədilər. Amma inanmamış, lakin nə olduğunu da başa düşməmişdi. Atatürkün bu komadan çıxa bilməsi əsl möcüzə idi. Çox yaxın həkimlərdən biri demişdi ki:

Sizə ədəbi bir şey demirəm, iyirminci əsr tibbinin qüdrətini bilən insan kimi söyləyirəm: ölüm ondan qorxdu.

Ancaq Atatürk son komadan oyanmadı. Qıvranma və çırpınma içərisində yatırdı. Yaxınları və həkimləri başının üstündə idilər. Noyabrın onunda səhər üzünün rəngi getdikcə dəyişdi, xırıltısı getdikcə artdı.

Saat ona beş dəqiqə işləmiş əsgər hərəkəti ilə başını həkiminə tərəf çevirdi, gözlərini açdı və… Bu onun son nəfəsi idi.

Atatürk öldü. Orada olanlar Atatürkün getdikcə istisi azalan əlini öpərək ağlaşdılar.

Atatürkün ölümü yalnız türklüyü deyil, bütün xalq və ideal adamlarını, qəhrəmanlarını sevən hər kəsi yas içinə saldı. Tehranda olan bir İndoneziyalı elçimizə deyib ki:

– Bundan doqquz ay əvvəl bir iş üçün Sayqona getmişdim. Baxdım ki xalq məbədlərə axışır, yas içindədir. “Nə oldu, kim öldü?” – deyə soruşdum. – Atatürk öldü, – dedilər.

Amerika dövlət başçısı Ruzvelt demişdir: “Mənim kədərim iki cürdür. Birincisi, belə bir adamın itkisinə görə bütün dünya kimi kədərlənmişəm. İkinci səbəb isə bu böyük adamla tanış olmaq arzumun artıq heç cür yerinə yetməməsi ilə bağlıdır”.

“Bu qeyri-adi insanın ölümündən sonra dünya artıq əvvəlki kimi maraqlı deyildir”,– deyə bir bolqar qəzeti yazırdı.

“Atatürkün ölümü təkcə Türkiyə üçün deyil, dünya üçün də dərinliyi ölçülməz itkidir”, – Belçikanın əvvəlki Ankara səfiri deyirdi.

“Dünya müharibə və sülh qəhrəmanı olan bu böyük adamın ölümündən kasıblamışdır”, – bir macar qəzeti də belə yazırdı.

“Biz çinlilər hamımız bu matəmdə iştirak edirik. Çünki böyük bir millətin, çox sevilən Böyük Atasının ölümü yalnız Türkiyə üçün deyil, eyni zamanda bizim qitəmizdə və bütün dünyada böyük boşluq buraxmışdır” – bir Çin qəzeti.

“Atatürkün ölümünə bütün dünyada böyük bir dövlət adamı, böyük bir əsgər, yüksək dərəcədə şərəfli şəxsiyyət itkisi kimi ağlanmaqdadır. İngiltərə əvvəlcə cəsur bir düşmən, sonra isə sadiq bir dost kimi tanıdığı böyük adamı salamlayır”, – bir ingilis qəzeti. “Parçalanmış, alçaldılmış, can çəkişən bir hala gətirilmiş Türkiyəni qüvvətli, inkişaf etmiş və mütecanis hala gətirən adam ölmüşdür. Sakaryanın qazisi, istilaçıların qalibi və İzmirin fatehi tarixdə ən çox örnəklərə layiq biri kimi yaşayacaqdır” – bir ispan qəzeti.

“Əgər Atatürk can verən Osmanlı imperatorluğundan gənc və həyat dolu bir dövlət çıxarmağa yetən iyirmi ilə son dönəmlərində şimşək sürətilə xəyalından keçirə bilmişsə, bir an içində nə gözəl dastana tamaşa etmişdir” –“Le Temps”.

Bir başqası da belə yazmışdır: “Atatürk dünyəvi əsərinin, şan və şərəfinin ən üst nöqtəsində bütün millətinin sevgi, hörmət və şükran haləsiylə əhatələnmiş halda öldü. Qədim bir zərbməsələ görə, insanın ölümündən əvvəl taleyinin bəlli olduğu söylənilir. Atatürk talelidir. Çünki bütün cəsur təsəvvürlərini və düşüncələrini həyata keçirən yeganə insan ehtimal ki, məhz odur”.

Bu da Atatürkü son dəfə görən bir əsgər yoldaşının yazdığıdır: “Atatürk əlli yeddi yaşında, yəni bir dövlət başçısı üçün gənc yaşda öldü. Atatürk öldüyü zaman Dolmabaxça sarayına getmişdim. Sarayın dənizə baxan bir otağında – çarpayıda arxası üstə yatırdı. Silahlı iki əsgər çarpayının hər iki tərəfində dayanmışdılar.

Üzünün qəlibini almaq üçün sürtülən maddə üzünün sarılığını silmiş, ona tunc rəngi vermişdi. Bu rəng Atatürkə çox yaraşmışdı.

Atatürk gözəl idi. Ölməmiş kimi görünürdü və üzündə dühasının nuru parlayırdı.

Atatürkün hərəkətsiz vücudu onu tuncdan düzəldilmiş bir heykələ bənzədirdi. İlahilərin yaratdığı qeyri-adi əzəmət və ehtişam dolu bir heykələ… Tarixdəki böyük adamların, böyük Pompeyin, Sezarın, Avqustun heykəllərindən də gözəl bir heykələ… Atatürkün rəsmi dənizin o tərəfində Anadolu üfqünə, illərlə vətənin qurtuluş savaşını idarə etmiş və irəli aparmış olduğu Anadolunun səmasına yazılırdı.

Saatlarla bu gözəl, bu möhtəşəm, bu ilahi tablonu hörmətlə seyr etdim”.

 

 

 

 

 

Bölmə : Manşet