Famil Mehdinin işıq üzü görməyən şeiri – Mətn

92 Baxış

23

Onu illər öncə tanımışdım: 1996-cı ilin sentyabr ayında… Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi kimi ilk dərslərimizdən biri məhz onun mühazirəsi olmuşdu… Professor Famil Mehdinin…

23 il ötüb o vaxtdan. Amma onun nurani siması, özünəməxsus gülüşü, vüqarlı duruşu, oxuduğumuz ədəbiyyatların üz qabığının rəngiylə belə maraqlanması, diqqəti və tələbkarlığı, ciddiyyəti və qayğıkeşliyi sanki dünənmiş kimi yadımdadı… Milçək belə uçsa qanadının səsi eşidilirdi onun dərslərində. Günlərlə M.F.Axundov adına kitabxanada Proxorovun, Zasurskinin əsərlərini oxuyub tərcümələr edirdik onun məşğələlərinə hazırlaşanda. Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev haqda sənədli film hazırlayanda tələbəsi üçün elçi getmiş müəllimindən – bizim Famil müəllimdən müsahibə də almışdıq. O qədər əziz və unudulmaz xatirə var ki… Amma nədənsə Famil müəllimin 85 illiyi münasibətilə xatirələrimi vərəqləyəndə ilk öncə, IV kursun son günlərində yaşanan bir hadisə düşdü yadıma. Bu gün də qalib gələ bilmədiyim duyğusallığıma qapılaraq, bir xatirə dəftəri hazırlamışdım, həm də sadəcə və məxsusi olaraq, müəllimlər üçün. Fakültəmizin tələbələrə hər zaman həm də bir həmkar kimi yanaşan əziz müəllimlərinə bir-bir yaxınlaşaraq, bir az çəkingən, bir az həyəcanlı, bir az da kövrək şəkildə ürək sözlərini yazmağı xahiş edirdim. Nə yaxşı ki xatirə dəftərimi yazanlar sırasında onun da adı oldu. Tək ona görə yox ki, professor Famil Mehdi 4 illik tələbəsi, dəyər verdiyi qrup nümayəndəsi kimi bir gənc jurnalistə öz ürək sözlərini əsirgəməmişdi. Həm də ona görə ki, bu dəftərdən başqa heç yerdə olmayan, oxucuları sadəcə bu dəftəri oxuyanlarla məhdudlaşan, amma sahilsiz dəniz kimi müəllim sevgisindən və böyük ürəyə malik şair ilhamından pərvazlanan bir şeir yazılmışdı o gün…Bəli, illər öncə – 4 aprel 2000-ci ildə professsor Famil Mehdi IV kurs tələbəsi Billurə Aslanovanın xatirə dəftərinə öz ürək sözlərini şeirlə yazmışdı. O şeiri və xatirə dəftərində əziz müəllimimə ünvanladığım təqdimatı olduğu kimi bu yazıya əlavə etdim.

Ruhun şad olsun, şair!

Yubileyin mübarək olsun, əziz müəllimim!

Allah rəhmət eləsin…

Billurə Aslanqızı
jurnalist, filologiya üzrə fəlsəfə doktoru

***

Famil Mehdi - (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri)

Qısa arayış: sözündən, nəfəsindən Qarabağ yanğısı əksik olmayan, fakültə ağsaqqalı, hər mühazirəsi bədii-publisistik əsərə bərabər müəllim, el dərdindən yazan şair. İlk yazımın ilk oxucusu. (27.12.1996 – “Gənclik” qəzetində, I kurs)

İlk dərsi: 04.09.1996 (çərşənbə günü, I saat), I kurs, 517-ci auditoriya

Ən yadda qalan görüş: kövrəlmiş professorun evlərindəki söhbəti (28.04.1997) Qeyd: onu heç belə görmək istəməzdim.

***

Billurə

Mənim Billurə nənəm,
Mənim Billurə balam.
Balam, pətəkdə balım,
Mənim tərcümeyi – halım –
Mənim gözəl tələbəm.
Bəlkə də bu dünyada
Ən böyük mükafatım,
Ən uğurlu qələbəm.
Əyilmədim qız balam,
Nə padşaha, şaha mən,
Yalnız, yalnız sığındlm,
Göydə bir Allaha mən.
Ən gözəl ordenim də,
Ən qəşəng medalım da
Sən oldun – siz oldunuz.
Ömrümdə, taleyimdə
Ulduz tək doğuldunuz.
Gözəllər görən gözüm,
Gözəllik tacım oldu.
Ən qeyrətli analar,
Ən namuslu bacılar,
Öz anam, bacım oldu.
Arzum budur ki, səsin
Şuşadan, Kəlbəcərdən,
Ağdamdan gəlsin, qızım.
Qələmin dağlar deşib,
Qayalar dəlsin, qızım.
Gözəl, göyçək, Billurə,
Vallah sənin yanında
Almaz nədir, billur nə?
Babalar da çağrar,
Nənələr də çağrar
Səni Billurə nənə!

Famil Mehdi
4 aprel, 2000-ci il. Bakı

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10