Fantastik hekayə – “Əcaib canlı”

71 Baxış

vanSenet.az “XAN” nəşrlərində işıq üzü görmüş “Əcaib canlı” fantastik hekayələr toplusundan Alfred Van Voqtun eyni adlı hekayəsini təqdim edir. Hekayəni dilimizə O.Heydər tərcümə edib.  Qeyd edək ki,  kitabda bir çox tanınmış fantastika müəlliflərinin – Alfred Van Voqtun “Əcaib canlı”, Robert Şeklinin “Yuxunuza soxulduğuma görə məni bağışlayın”, Andrey Platonovun “Ölmüş qocanın başına gələnlər”, Nils Nilsonun “Planet satılır” kimi maraqlı hekayələri toplanıb. 

Toplunu Kitabevim.az kitab marketindən əldə etmək olar.

 

 

Nəhəng ulduz uçağı şəhərlərin birinin üstündə dörddə bir mil hündürlükdə asılıb durdu. Aşağıda hər şeydə kosmik dağıntı izləri vardı. Energetik qondolosferdə yavaş-yavaş enən İneş binaların vaxtın təsirindən dağılmağa başladığını gördü.

– Heç bir müharibə nişanəsi yoxdur. Heç bir… – cansız mexaniki səs hey təkrarlayırdı.

İneş dalğanı dəyişdi.

Səthə çatanda o, qondolasının sahəsini söndürdü və divarlarla əhatələnmiş ot basmış sahədə olduğunu gördü. Axarlı cizgili binalann qarşısında hündür otların arasında bir neçə skelet var idi. Bu, iki əli, iki ayağı olan hündür varlıqların skeleti idi; onların başlan nazik onurğa sütununun ucunda yerləşirdi. Bütün sümüklər aşkar yetkin canlılara məxsus idi və ilk nəzərdən yaxşı qalmışdı, amma İneş əyilib onlardan birinə toxunan kimi bütün əzalar toza döndü. Düzlənəndə o, Yoalın yaxınlıqda yerə endiyini gördü. İneş tarixçinin öz energetik sferasından çıxmasını gözləyib soruşdu:

– Necə bilirsiniz, bizim diriltmə metodumuzdan istifadə etməyin mənası varmı?

Yol narahat görünürdü.

– Mən ulduz uçağında bura enənlərin hamısından soruşmuşam, – o dilləndi. – Burada nəsə başqa cürdür. Bu planetdə canlılar qalmayıb, hətta həşərat da yoxdur. İstənilən məskunlaşdırmanı başlamazdan əwəl biz burada nə baş verdiyini aydınlaşdırmalıyıq.

İneş susdu. Həzin külək əsib yaxınlıqdakı ağacların zirvəsindəki yarpaqlan xışıldatdı. İneş ağaclara baxdı. Yoal başını yellədi.

–        Bəli, bitkilər zərər çəkməyib, amma onlar, bir qayda olaraq, fəal həyat formalarından fərqli reaksiya verir.

Onların fikir mübadiləsini kəsdilər. Yoalın qəbuledicisindən səs gəldi:

– Təxminən şəhərin mərkəzində muzey aşkarlanıb. Onun damında qırmızı mayak var.

– Mən də sizinlə gedirəm, – İneş dedi. – Orada, ola bilsin ki, heyvanların və şüurlu varlıqlann skeletləri təkamülün müxtəlif mərhələlərində saxlanılmış olsun. Hə, siz mənə cavab vermədiniz axı, bu varlıqlan dirildəcəksiniz, yoxsa yox?

–        Mən məsələni şuranın müzakirəsinə çıxardacağam, – Yoal yavaş-yavaş dedi, – amma mənə elə gəlir ki, cavabın necə olacağı məlumdur. Biz bu fəlakətin sirrini bilməliyik. – O, qısqaclarının biri ilə müəmmalı yarımdairə cızıb, sanki özü üçün əlavə etdi: – Əlbəttə, ehtiyatlı olmaq, təkamülün erkən mərhələlərindən başlamaq lazımdır. Uşaq skeletlərinin olmaması göstərir ki, bu varlıqlar, görünür, fərdi ölümsüzlüyə çatıbmışlar.

Şura eksponatlara baxmağa yığıldı. İneş bilirdi ki, bu, quru rəsmiyyətdir.

Qərar qəbul olunub – dirildəcəklər. Hər şey bir yana, onlarda maraq oyanmışdı. Kainat nəhayətsizdir. Kosmosda uçuşlar uzunmüddətli və darıxdırıcıdır, buna görə də naməlum planetlərə düşəndə onlar öz gözləri ilə görüb öyrənə biləcəkləri yeni həyat formaları ilə görüşləri həyəcanla gözləyirdilər.

Muzey bütün muzeylər kimi idi. Hündür, tağlı tavanlar, geniş zallar. Plastmasdan qəribə heyvanlann fiqurları, çoxlu əşya – qısa müddətdə hamısını nəzərdən keçirib dərk etmək üçün onlar həddindən artıq çox idi. Naməlum irqin təkamülü ardıcıl maddi abidələr qrupları ilə təmsil olunmuşdu. İneş hamı ilə birgə zalları gəzdi. Onlar, nəhayət, skeletlər və mumiyalara çatanda o, rahat nəfəs aldı. O, güc ekranı arxasında dayandı və mütəxəssis bioloqların mumiyanı daş sarkofaqdan necə çıxartmalarına baxdı. Mumiyanın bədəni parça zolaqlan ilə bir neçə qat sarınmışdı, lakin bioloqlar çürümüş parçanı açmadılar. Onlar belə hallarda həmişə olduğu kimi, parçanı aralayıb maqqaşla kəllə qutusunun bir parçasını götürdülər. Diriltmək üçün skeletin bütün hissələri yarayırdı, amma ən yaxşı nəticə, ən kamil rekonstruksiya kəllənin bəzi hissələrindən alınırdı. Baş bioloq Xamar nə üçün məhz bu mumiyanı seçdiklərini izah etdi:

– Onların bədənin saxlanılması üçün istifadə etdikləri kimyəvi maddələr kimyanın, hələ ki ib-tidai vəziyyətdə olmasını göstərir. Sarkofaqın üstündəki oymalar isə maşın tanımayan primitiv sivilizasiyadan xəbər verir. Bu mərhələdə əsəb sisteminin potensial imkanları, çətin ki, yaxşı inkişaf etmiş olsun. Bizim dil mütəxəssislərimiz muzeyin bütün bölmələrində qoyulmuş danışan maşınlardakı yazıları təhlil ediblər, dillərin sayı xeyli çox olsa da, – burada həmin bu canlının sağ olduğu dövrün danışıq dilinin də yazısı var – onlar bütün anlayışları çətinlik çəkmədən aydınlaşdıra bildilər. İndi universal tərcüməçi elə nizamlanıb ki, bizim istənilən sualımızı dirildilən varlığın dilinə çevirsin. Eyni sözü, əlbəttə, əks tərcümə haqqında da demək olar. Yaxşı, bağışlayın, görürəm ki, birinci bədən artıq hazırdır.

İneş qalan şura üzvləri ilə birgə bioloqların işləməsini diqqətlə izləyirdi: onlar sıxaclarla dirildicinin qapağını bərkitdilər və plastik bərpa prosesi başlandı. O, daxilən tam gərginləşdiyini hiss etdi. İndi nə baş verəcəyini bilirdi. Dəqiq bilirdi. Bir neçə dəqiqə keçəcək, bu planetin qədim sakini dirildicidən çıxıb onlarla üzbəüz dayanacaq. Elmi diriltmə metodu olduqca sadə və tam nəticəlidir. Həyat sonsuz kiçik kəmiyyətlər zülmətindən, hər şeyin başlandığı və bitdiyi həddən, həyat və qeyri-həyatın həddində vibrasiya edən materiyanın asanlıqla köhnə vəziyyətdən yenisinə, üzvidən qeyri-üzviyə və əksinə, elektronların diri və ya ölü olmadıqlarını, atomların canlı və ya cansız olmadıqlarını bilmədikləri alatoran sahədən başlanğıc alır. Amma atomlar molekullarda birləşən mərhələdə həyatın yaranması üçün, əgər bu həyata yaranmaq qismətdirsə, bir addım, son dərəcə kiçik bir addım bəs edir. Bir addım və ondan sonra zülmət və ya həyat. Daş və ya canlı hüceyrə. Qızıl zərrəsi və ya ot yarpağı. Dəniz qumu və ya nəhayətsiz balıqlar səltənətini başdan-başa dolduran qumların özü qədər saysız-hesabsız balaca canlılar. Onlar ara-sında fərq materiyanın formalaşdığı alatoran sahədə yaranır. Hər bir canlı hüceyrə özünəməxsus formanı orada kəsb edir. Dəniz xərçənginin pəncəsini qoparsan, onun yerində eynən onun kimi yenisi çıxacaq. Soxulcanlar uzanır və iki sistemə bölünür, özü də özü kimi acgöz və bu bölünmədən qəti zədələnməmiş iki canlıya. Hər bir hüceyrə bütöv varlığa çevrilə bilir. Hər bir hüceyrə bu bütövü, tam təsvirini sonadək vermək hədsiz güc tələb edən ən incə və mürəkkəb təfərrüatlarına qədər “xatırlayır”.

Qəribə budur ki, yaddaşı üzvi hesab etmək olmaz! Adicə mum val səsi yadda saxlayır. Maqnit lent yüz illər əvvəl ölmüş səsləri canlandırır. Yaddaş – molekullarının quruluşunu dəyişərək materiya üzərində qalmış filoloji izlərdir və əgər onlar oyadılarsa, molekullar həmin obrazları eynən həmin ritmdə təkrar istehsal edəcək. Kvadrilyonlarla oyadılmış obraz-formalar mumiyanın kəllə sümüyündən dirildənə yönləndi. Yaddaş, həmişəki kimi, öz işini gördü. Dirilənin kirpikləri titrədi və o, gözlərini açdı.

–        Deməli, bu, doğrudur, – o dedi və maşın onun sözlərini dərhal gznyalıların dilinə çevirdi. – Deməli, ölüm – yalnız başqa bir dünyaya keçiddir. Bəs mənim əshabələrim hanı?

Amma son sözləri o, çaşqın və yalvarıcı səslə dedi. Dirildilmiş oturdu, sonra o, dirilən kimi qapağı avtomatik açılmış aparatdan çıxdı. Gznyalıları görəndə əsdi, lakin bu, bir an çəkdi. Dirildilmiş məğrur idi, onun özünəməxsus daxili qüruru var idi və indi bu, lazım oldu. O, könülsüz diz çökdü, baş əydi, amma bu zaman onda şübhələr baş qaldırdı.

–        Siz Aisir allahlarısınız? – o soruşdu və ayağa qalxdı. – Bunlar nə eybəcərdirlər! Mən naməlum iblislərə sitayiş etmirəm.

–        Onu öldürün! – kapitan Qorsid dindi.

İkiayaqlı canlı dartındı və bir anda şüaatanın alovunda əridi. İkinci dirildilən dəhşətdən əsə-əsə yerindən qalxdı.

–        İlahi, mən bir də bu lənətə gəlmiş içkidən içmərəm! İşə bax, o qədər içmişəm ki, gözümə qırmızı fillər görünür…

–        Dirilmiş, hansı “içki”dən danışırsan? – Yoal soruşdu:

– Ağ, qırmızı, yaşıl zəhər, dəli inəyin südü, məxləs, o yeməkxanada verilən zəhrimar…

Kapitan Qorsid sual dolu nəzərlərlə Yoala baxdı.

–        Davam etdirməyə ehtiyac varmı? Yoal bir qədər susub cavab verdi:

–        Səbir edin, bu, maraqlıdır.

Sonra yenə də üzünü dirildilmişə çevirdi:

–        Sənə desək ki, başqa ulduzdan gəlmişik, nə deyərdin?

İnsan diqqətlə ona baxdı. O, aşkar maraq içində idi, amma qorxu üstün gəldi.

–        Bura baxın, – o dedi, – mən iş üçün gedirdim. Deyək ki, bir-iki qədəh artıq içmişəm, amma günah məndə deyil, satılan zir-zibildədir. And olsun, mən o biri maşını görmədim və əgər bu, sükan arxasında içənləri cəzalandırmaq üçün yeni üsuldursa, mən təslim. And içirəm ki, ölənəcən bir də bircə damla da içmərəm, bircə məni buraxın.

– O, maşın sürür, lakin onun haqqında tamamilə düşünmür, – Yoal dedi. – Biz muzeydə elə bir “maşın” görmədik. Bunlar maşını muzeyə qoymayıblar.

İneş gördü ki, hamı kiminsə daha bir sual verməsini gözləyir. Hiss etdi ki, özü dillənməsə, sükut uzana bilər. İneş dedi:

– Deyin, “maşın”ı təsvir eləsin. O, necə işləyir?

–        Bax bu, başqa məsələ! – dirildilmiş sevindi. – Nə istədiyinizi soruşun, mən də bütün suallarınıza cavab verim. Hər şeyi iki görüncəyə qədər belə içsəm, yenə də maşını sürə bilərəm. O necə işləyir? Çox sadə. Starteri qoşursan, ayağınla qaz verirsən…

– Qaz, – texnik-leytenant Viid işə qarışdı. – Daxiliyanma mühərriki. Aydındır.

Kapitan Qorsid şüaatanın keşikçisinə işarə verdi. Üçüncü dirildilən durub oturdu və bir qədər diqqətlə onları süzdü.

– Ulduzlardan gəlmisiniz? – nəhayət, o, soruşdu. – Müəyyən sisteminiz var, yoxsa bura təsadüfən gəlib çıxmısınız?

Burada toplaşmış gznyalı müşavirlər oturduqlan kreslolarda narahatlıqla qurcuxdular. İneşin nəzərləri Yoalın nəzərləri ilə toqquşdu. Tarixçi heyrət içində idi; bu, meteoroloqu narahat etdi. O düşündü: “İkiayaqlı yeni şəraitə hədsiz sürətlə uyğunlaşma xüsusiyyətinə və çox kəskin gerçəklik hissinə malikdir. Heç bir gznyalı reaksiyasının sürətinə görə ona çata bilməz”.

– Fikir sürəti heç də həmişə üstünlüyün göstəricisi deyil, – baş bioloq Xamar dilləndi. – Ləng, amma hərtərəfli təfəkkür qabiliyyətinə malik varlıqlar düşünənlər arasındə fəxri yer tuturlar.

“Məsələ düşünmənin sürətində deyil, – İneş istər-istəməz düşündü, – fikrin düzlüyü və dəqiqliyindədir”. O, özünü dirildilmişin yerinə qoydu. Bax o da ətrafındakıların uzaq ulduzlardan gəlmiş canlılar olduğunu belə tez başa düşə bilərdimi? Çətin ki. Dirildilmiş ayağa qalxan kimi bütün bu fikirlər dərhal onun beynindən çıxdı. İneş və digər müşavirlər ona diqqətlə göz qoyurdular. İnsan pəncərəyə yaxınlaşıb çölə boylandı. Ora qısa bir nəzər salandan sonra onlara tərəf döndü.

– Hər yer belədir?

Yenə də onun hər şeyi nə qədər tez başa düşməsi gznyalıları heyrətləndirdi. Nəhayət, Yoal cavab vermək qərarına gəldi:

– Bəli. Viranəlik. Ölüm. Xarabalıqlar. Siz burada nə baş verdiyini bilirsiniz?

İnsan yaxınlaşdı və arxasında gznyalıların oturduğu güc ekranının önündə dayandı.

– Mən muzeyi nəzərdən keçirə bilərəm? Hansı dövrdə olduğumu müəyyənləşdirməliyəm. Mən diri olanda bizim bəzi dağıtma vasitələrimiz var idi. Onlardan hansından istifadə olunması ötən vaxtdan asılıdır.

Müşavirlər kapitan Qorsidə baxdılar. O, əvvəl tutuldu, sonra şüaatan keşikçiyə dedi:

– Onu gözdən qoyma!

Sonra insanın gözlərinin içinə baxdı.

– Sizin niyyətiniz bizə aydındır. Siz imkandan istifadə edib öz təhlükəsizliyinizi təmin etmək fikrindəsiniz. Sizi xəbərdar edirəm: bir dənə də artıq hərəkətə yol verməyin, onda hər şey sizin üçün yaxşı olar.

İnsanın bu yalana inanıbinanmaması məlum deyildi. O nə bircə baxışı, nə də bir hərəkəti ilə şüaatanın bir qədər əvvəl onun iki sələfini yandırdığı yerdə döşəmənin əriməsini gördüyünü hiss etdirmədi. O, maraqla ən yaxın qapıya yaxınlaşdı, ona göz qoyan ikinci keşikçiyə diqqətlə baxdı və irəli addımladı. Onun ardınca keşikçi gedir, onun arxasınca güc ekranı hərəkət edir və nəhayət, müşavirlər irəliləyirdilər. İneş qapıdan üçüncü keçdi. Bu zalda heyvan modelləri qoyulmuşdu. Növbəti zal, İneşin özlüyündə qeyd etdiyi kimi, “sivil” dövrü təmsil edirdi. Burada eyni bir dövrün çoxlu aparatı qoyulmuşdu. Onların hamısı xeyli yüksək inkişaf səviyyəsindən xəbər verirdi. Gznyalılar birinci dəfə buradan keçəndə İneş “Atom enerjisi” deyə düşündü… Bunu başqaları da başa düşdülər. Kapitan Qorsid İneşin arxa tərəfindən insana müraciət etdi:

– Heç nəyə əl vurma. Bircə səhv addım atan kimi keşikçi səni yandıracaq.

Dirildilmiş sakitcə zalın ortasında dayandı. Daxilindəki narahat maraq hissinə baxmayaraq, İneş onun soyuqqanlılığına valeh idi. O, taleyinin necə olacagını bilməmiş deyildi, amma bununla belə, onların qarşısında nə haqdasa dərin fikrə gedərək dayanmışdı. Nəhayət, o dilləndi:

– Buradan o yana getməyə ehtiyac yoxdur. Bəlkə, siz mən doğulan vaxtdan bu maşının ixtira olunduğu vaxta qədər keçən müddəti müəyyənləşdirə biləsiniz. Üstündəki yazıdan çıxış etsək, bu aparat partlayan atomları sayır. Onların sayı son həddə çatanda müəyyən enerji ayrılır. Dövrlər elə hesablanıb ki, zəncirvari reaksiyanın qarşısını almaq mümkün olsun. Mənim dövrümdə atom reaksiyasının ləngidilməsi üçün minlərcə müxtəlif kobud qurğu var idi, amma belə bir aparat yaratmaq üçün atom erasının başlanğıcından iki min il vaxt lazım olmuşdu. Siz nisbi hesablama apara bilərsinizmi?

Müşavirlər sual dolu nəzərlərlə Viidə baxdılar. Mühəndis çaşqınlıq içində idi. Nəhayət, o dilləndi:

– Doqquz min il əvvəl atom partlayışlarının qarşısının alınmasının çoxlu üsulunu bilirdik. Amma – yavaşca əlavə etdi, – bunun üçün atomlan sayan cihaz haqda heç nə eşitməmişəm.

– Amma onlar bütün bunlara baxmayaraq, məhv oldular,  – astronom Şiiri yavaşca dedi.

Araya sükut çökdü. Onu kapitan Qorsid pozdu.

– Onu öldürün! – O, yaxınlıqdakı keşikçiyə əmr etdi.

Həmin andaca alov bürümüş keşikçi yerə sərildi. Özü də keşikçi yox, keşikçilər! Hamısı eyni bir zamanda mavi alovla məhv edilmişdi. Alov güc ekranını yaladı, geri çəkildi, daha kəskin irəli atıldı və get-gedə daha da güclənərək yenə də geri çəkildi. İneş alov pərdəsi arxasında insanın ən uzaq qapıya tərəf çəkildiyini gördü. Atomları sayan aparat mavi ildırımlara bürünərək gərginlikdən işıq saçırdı.

– Bütün çıxışları bağlayın! – kapitan Qorsid mikrofona qışqırdı. – Şüaatanlı keşikçilər qoyun! Döyüş raketlərini yaxına gətirin, vəhşini ağır silahlardan vurun!

Kimsə dilləndi:

– Fikir nəzarəti. Nəsə fikri məsafədən idarə etmək sistemidir. Niyə biz buna baş qoşduq!

Onlar geri çəkildilər. Mavi alov tavana qədər qalxır, güc ekranından keçməyə səy edirdi. İneş sonuncu dəfə aparata baxdı. Yəqin ki, o, hələ də atomlan saymaqda davam edirdi, çünki onun ətrafında mavi cəhənnəm burulğanları tüğyan edirdi.

Başqa müşavirlərlə birgə İneş də dirildici olan zala qayıtdı. Burada ikinci güc ekranı arxasında gizləndilər. Onlar fərdi qondolalarına girəndən sonra rahat nəfəs aldılar, qondolada binadan çıxıb tələsik ulduz uçağına qalxdılar. Nəhəng gəmi yüksəklərə qalxandan sonra ondan atom bombası aralandı. Muzey və bütövlükdə şəhər oda qərq oldu.

– Bu varlıqların nədən məhv olduqlarını biz eləcə də bilmədik, – uzaqda partlayış səsi eşidiləndə Yoal İneşin qulağına pıçıldadı.

Partlayışdan sonra üçüncü gün üfüqdə solğun sarı günəş göründü. Onların bu planetdə olduqları səkkizinci gün idi. İneş o birilərlə birgə başqa şəhərdə yerə endi. O, istənilən diriltmə cəhdlərinə qarşı çıxmağa qərar verdi.

– Bir meteoroloq kimi, – o dedi, – mən bildirirəm ki, bu şəhər yaşayış üçün tam təhlükəsizdir və gznyalılar tərəfindən məskunlaşdırılmaq üçün tam yararlıdır. Bir daha risk etməyə lüzum görmürəm. Bu varlıqlar öz sinir sistemlərinin sirrini aça biliblər və biz yol verə bilmərik ki…

Onun sözünü kəsdilər. Bioloq Xamar istehza ilə dedi:

– Onlar bu qədər çox bilirdilərsə, bəs nə üçün başqa ulduz sisteminə köçüb xilas olmayıblar?

– Güman ki, – İneş cavab verdi, – onlar bizim planetli ulduzları müəyyənləşdirmək metodumuzu tapa bilməmişdilər.

O, tutqun baxışla dostlarını süzdü.

–        Biz hamımız bilirik ki, bu unikal təsadüfi kəşf olub. Məsələ müdriklikdə deyil, bizim, sadəcə, bəxtimiz gətirib.

Üzlərin ifadəsindən başa düşdü ki, onlar onunla razılaşmırlar. İneş yaxınlaşmaqda olan fəlakətin qarşısını ala bilmək iqtidarında olmadığını hiss etdi. Bu böyük xalqın ölümü necə qarşıladığını təsəvvür etdi. Görünür, ölüm onları tez haqlamışdı, lakin bununla belə, onlar nə baş verdiyini anlamışdılar. Açıq sahələrdə, gözəl evlərin bağlarında həddən artıq çox skelet var idi. Sanki, kişilər xalqlarının məhvini açıq havada qarşılamaq üçün arvadları ilə birgə çölə çıxmışdılar. İneş müşavirlərə çox-çox illər əvvəl bu varlıqların ölümün gözünə sakitcə baxdıqları sonuncu günü təsvir etməyə çalışdı. Lakin onun canlandırmaq istədiyi obrazlı səhnələr onlara çatmadı. Müşavirlər bir neçə qat güc ekranı arxasındakı kreslolarda hərəkətə gəldilər, kapitan Qorsid isə soruşdu:

– İneş, deyə bilərsinizmi, sizdə belə emosional reaksiyaya nə səbəb olmuşdu?

Sual İneşi susmağa vadar etdi. O, bunun emosiya olduğunu düşünmürdü. O, tədricən onun bütün varlığına hopmuş əhvalın təbiəti barədə düşünməmişdi də. Və yalnız indi bunun fərqinə vardı.

– Nə? – o, yavaşdan dedi. – Bilirəm. Bu, üçüncü dirildilmiş idi. O, orada, uzaqdakı qapının yanında dayanıb biz qaçana qədər bizə baxırdı. Maraqla baxırdı. Onun cəsarəti, təmkini, bizi məharətlə aldatması, – bütün bunlar da…

– Onun ölümü ilə nəticələndi, – Xamar dedi.

Hamı güldü.

– Qulaq as, İneş! – kapitanın köməkçisi Meyard mehribancasına müraciət etdi. – Yoxsa demək istəyirsiniz ki, bu varlıqlar bizdən qoçaqdırlar və hətta bütün ehtiyat tədbirlərini gördükdən sonra belə biz özümüz diriltdiyimiz bir vəhşidən qorxmalıyıq?

İneş susdu. O, özünü axmaq vəziyyətdə hiss edirdi. Özündə emosiyalann ola bilməsini aşkarlaması onu tamamilə pis hala salmışdı. Bundan başqa, inadkar görünmək istəmirdi. Bununla belə, o, son cəhd etdi.

– Demək istəyirəm ki, – o, hirslə deyindi, – bu xalqın başına nə gəldiyini aşkarlamaq cəhdi bir o qədər də vacib deyil.

Kapitan Qorsid bioloqa işarə etdi.

– Diriltməyə başlayın! – O əmr etdi və İneşə müraciətlə dedi:

– Məgər biz hər şeyi tam aydınlaşdırmadan Gzneyaya qayıdıb kütləvi köçə başlamaga qərar verə bilərikmi? Təsəvvür edin ki, biz nəyisə sonadək aydınlaşdırmamışıq. Yox, dostum, bu, mümkün deyil.

Dəlil köhnə dəlil idi. Amma İneş indi onunla, nədənsə, dərhal razılaşdı. O, yenə nəsə əlavə etmək istəyirdi, amma hər şeyi unutdu, çünki dördüncü adam dirildicidə qalxdı.

O oturdu və yoxa çıxdı.

Dəhşət və heyrət dolu tam sükut bərqərar oldu. Kapitan Qorsid boğuq səslə dedi:

– O, buradan gedə bilməzdi. Biz bunu bilirik. O, buralardadır.

İneşin yanındakı gzneyalılar kreslolarından durub energetik qapağın altındakı başlığa boylanırdılar. Keşikçilər şüaatanın qısqaclarını aşağı salıb dayanmışdılar. İneş gözünün ucuyla müdafiə ekranına xidmət edən texniklərdən birinin yaxınlaşıb Viidin qulağına nəsə pıçıldadığını gördü və o, dərhal onunla getdi. Geri qayıdanda o, xeyli tutulmuşdu.

– Mənə bildirdilər ki, – Viid dedi, – dirildilmiş yoxa çıxanda cihazların mili on vahid qalxmışdı. Bu, nüvədaxili proseslər səviyyəsidir.

– İlk geneyalı naminə! – Şüri pıçıldadı. – Bizim həmişə qorxduğumuz şey baş verib.

– Uçaqdakı bütün lokatorları məhv edin! – kapitan Qorsid mikrofona qışqırırdı. – Hamısını məhv edin, eşidirsiniz? – Sonra hirslə astronoma tərəf döndü. – Şüri, onlar, deyəsən, məni başa düşmədilər. İşçilərinə tapşır, cəld hərəkət etsinlər! Bütün lokatorlar və dirildicilər dərhal məhv edilməlidir.

–        Tez olun, tez! – Şüri də qışqırdı.

Deyilənlər edildikdən sonra hər ikisi dərindən nəfəs aldı. Üzlərində tutqun təbəssüm göründü. Hamıda agır bir məmnunluq var idi. Kapitanın köməkçisi Meyard dedi:

– Hər halda, o, bizim Geynanı tapa bilməyəcək. Planetli ulduzların müəyyənləşdirilməsi kimi bir sistem bizim sirrimiz olaraq qalacaq. Biz intiqamdan qorxmaya bilərik… – O duruxdu və yavaş-yavaş sözünü yekunlaşdırdı. – Mən nə deyirəm belə?.. Biz ki, heç nə etməmişik. Bu planetin əhalisinin başına gələnlərdə məgər bizim günahımız var?

Amma İneş onun nə üçün belə deməsini başa düşürdü. Belə anlarda onlarda günahkarlıq hissi baş qaldırırdı. Gzneyalıların məhv etdikləri bütün varlıqların kabusların; ilk dəfə yerə enəndə onları ilhamlandıran rəhmsiz iradə; onlara mane ola biləcək hər şeyi bu yerdə tam məhv etmək; keçdikləri hər bir yerdə onlardan sonra qalan lal dəhşət və nifrətin tükənməz zülməti, sakit planetlərin əhalisini məhvedici radiasiya ilə şüalandıranda yaratdıqları məhşər günü – Meyardın sözləri arxasında bunlar dayanırdı.

– Hər halda, mən onun qaçmasına inana bilmirəm, – kapitan Qorsid dilləndi. – O, buradadır, binadadır, gözləyir ki, mühafizə ekranlarını götürək, o da çıxıb gedə bilsin. Qoy gözləsin. Biz bunu etməyəcəyik.

Yenə də araya sükut çökdü. Onlar energetik mühafizənin tavanına baxır və ümidlə gözləyirdilər. Orada yalnız dəmir dayaqlar üzərindəki dirildici par-par yanırdı. Bu aparatdan başqa orada heç nə – nə bir kənar parıltı, nə bir kölgə var idi. Günəşin sarı şüaları hər yerə nüfuz edir, meydançanı elə gur işığa tuturdu ki, onlardan gizlənmək mümkün deyildi.

–Keşikçi! – kapitan Qorsid əmr etdi. – Dirildicini məhv edin.

Güman edirəm ki, onu nəzərdən keçirmək üçün qayıdacaq, odur ki, risk etməyə dəyməz. Aparat ağ alovda itdi. Onunla birlikdə öldürücü enerjinin ikiayaqlı varlığı görünməyə vadar edəcəyinə inanan İneşin son ümidləri də puç oldu. Daha ümid yeri qalmamışdı.

– Axı o, hara yoxa çıxa bilərdi? – Yoal soruşdu. İneş tarixçiyə tərəf dönüb bu məsələni onunla müzakirə etmək istəyirdi.

Dönəndə gördü ki, əcaib canlı bir qədər aralıda ağacın altında dayanıb, diqqətlə onları nəzərdən keçirir. Görünür, o, elə bu məqamda görünmüşdü, çünki müşavirlərin hamısı eyni za-manda ağızlarını açıb geri çəkildi. Texniklərdən biri olduqca cəld tərpənərək əcaib varlıqla gzneyalılar arasında güc ekranını yaratdı. Varlıq yavaş-yavaş yaxınlaşdı. O, incə görünürdü və başını azca arxaya verərək irəliləyirdi. Gözləri, sanki, içəridən odla işıqlandırılırmış kimi parlayırdı. O, ekrana yaxınlaşıb əlini irəli uzatdı və barmaqlarını ona toxundurdu. Rənglər dalğası ona keçdi: rənglər daha parlaq olub dərhal başdan-ayağa onun bütün bədəninə yayıldı. Rəngarəng duman çəkildi. Cizgilər görünməz oldu. Daha bir an sonra o, ekrandan keçdi. O, güldü – səsi olduqca incə idi – və dərhal da ciddiləşdi.

– Oyananda vəziyyət mənim üçün maraqlı göründü, – o, dedi. – Fikirləşdim ki, indi mən sizə neyləyim?

Ölü planetin səhər havasında bu sözlər İneş üçün taleyin hökmü kimi səsləndi. Sükutu elə boğuq və qeyri-təbii səs pozdu ki, onun kapitan Qorsidə məxsus olması İneşə dərhal çatmadı.

– Öldürün onu!

Alovun dilləri zəifləyib çəkiləndə heç bir xətər dəyməmiş varlıq yenə də onların qarşısında durmuşdu. O, yavaş-yavaş yaxınlaşdı və ən yaxındakı gzneyalının altı addımlığında dayandı. İneş hamıdan arxada idi. İnsan tələsmədən sözə başladi:

– İki qərar vermək olar: birincisi, məni diriltdiyinizə görə minnətdarlıgımla bağlıdır, digəri isə məsələnin həqiqətən necə olması ilə…

– Sizin kim olduğunuzu və sizə nə lazım olduğunu mən bilirəm. Bəli, bilirəm, sizin bədbəxtliyiniz də bundadır. Rəhmdil olmaq çətindir. Amma bir cəhd edək.

– Deyək ki, – o, sözünə davam etdi, – siz lokatorun sirrini açırsınız… Bir halda ki sistem mövcuddur, biz bir daha axmaqcasına tələyə düşmərik.

İneş tam diqqət kəsildi. Onun beyni mümkün fəlakətin nəticələrini elə əhatələmək istəyirdi ki, sanırdın ki, onda başqa heç bir şeyə yer qalmayıb. Bununla belə, yenə də fikrini tam cəmləyə bilməmişdi.

– Nə baş vermişdi? – o, soruşdu.

İnsan tutuldu. O uzaq gün haqqındakı xatirələr onun səsini kallaşdırdı.

– Atom tufanı, – o, dedi. – Başqa ulduz dünyasından gəlmişdi; bizim qalaktikanın bu tərəfini tutdu. Atom burulğanının diametri doxsan işıq ilindən, bizim qət edə biləcəyimizdən xeyli çox idi. Xilas olmaq mümkün deyildi. O vaxta kimi bizim ulduz uçaqlarına ehtiyacamız olmamışdı və çatdırıb heç nə düzəldə bilmədik. Bundan başqa, bizə məlum planetli yeganə ulduz Kastor da burulğana düşmüşdü.

O susdu. Sonra sözünün əvvəlinə qayıtdı.

– Beləliklə, lokatorun sirri… Nədədir?

İneşin ətrafındakı müşavirlər rahat nəfəs aldılar. İndi onlar xalqlarının məhv ediləcəyindən qorxmurdular. İneş özlüyündə qürurla qeyd etdi ki, ən təhlükəli məqam arxada qalandan sonra gzneyalıların heç biri özünü düşünmədi.

– Deməli, siz sirri bilmirsiniz? – Yoal üsulluca dedi. – Siz olduqca yüksək inkişafa çatmısınız, amma qalaktikanı yalnız biz fəth edə biləcəyik. – O, bic-bic gülümsünüb ətrafındakılara baxdı və əlavə etdi: – Cənablar, həqiqətən də, gzneyalıların böyük kəşfləri ilə fəxr edə bilərik. Təklif edirəm uçağa qayıdaq. Bu planetdə bizim daha heç bir işimiz yoxdur.

Onlar sferik qondolalarına girincəyədək İneş həyəcanla fikirləşirdi ki, ikiayaqlı varlıq onları saxlaya bilər. Amma geri baxanda o gördü ki, insan arxasını onlara tərəf çevirib küçə boyunca gedir. Ulduz uçağı hündürlük yığanda da bu obraz İneşin gözləri qarşısında idi. Və daha bir şey onun yaddaşına həkk oldu: bir-birinin ardınca şəhərə atılan atom bombaları partlamadı.

– Biz bu planetdən elə-belə imtina etməyəcəyik, – kapitan Qorsid dedi. – Təklif edirəm, bu əcaib varlıqla bir də danışaq.

Onlar – İneş, Yoal, Viid və gəminin kapitanı – bir də şəhərə enmək qərarına gəldilər. Kapitan Qorsidin səsi onların qəbuledicisində səsləndi:

– Mənə elə gəlir… – İneş ətrafında enməkdə olan şəffaf qondolaların səhər dumanı arasında bərq vurduğunu görürdü. – Mənə elə gəlir ki, biz onu həqiqətən olduğu kimi dərk edə bilmirik; məsələn, xatirinizdədirmi, o, dirilən kimi yoxa çıxdı. Nə üçün? Çünki qorxdu. Əlbəttə ki! O, vəziyyətə nəzarət etmirdi. O, özü özünü hər şeyə qadir hesab etmir.

Bu, inandırıcı səslənirdi. Kapitanın dəlilləri İneşin ürəyincə oldu. Və onun özünün belə asanlıqla təlaşa düşməsi özünə qəribə gəldi. İndi təhlükə ona başqa cəhətdən açılırdı. Bütün planetdə cəmi bircə nəfərdir. Əgər onlar həqiqətən istəsələr, onun burada olmasını nəzərə almadan kolonistlərin köçürülməsinə başlaya bilərlər. Planetlərin çoxunda yerli əhalinin balaca qrupları radiasiyanın öldürücü təsirindən qurtulub ucqar yerlərdə gizlənmişdi. Hər yerdə kolonistlər onları tədricən tutub məhv etmişdilər. Onun bildiyinə görə, iki halda yerli əhali planetlərinin cüzi bir hissəsini öz əllərində saxlamışdı. Hər iki halda onları radiasiya ilə məhv etməmək qərarına gəlmişdilər, çünki radiasiya gzneyalıların özlərinə də xətər yetirə bilərdi. Orada kolonistlər sağ qalmış avtoxtonların mövcudluğu ilə barışmalı olmuşdular. Burada isə cəmi bir sakin idi, o, çox yer tutmayacaqdı.

Onlar əcaib varlığı axtarıb tapanda o, bir evin birinci mərtəbəsini cidd-cəhdlə süpürürdü. O, süpürgəni bir tərəfə qoyub çölə, onların yanına çıxdı. İndi onun ayağında səndəl, əynində isə par-par yanan parçadan sərbəst biçimli köynək var idi. O, tənbəl-tənbəl onlara baxdı və heç nə demədi.

Danışıqları kapitan Qrsid başladı. Onun mexaniki tərcüməçiyə nə dediyini eşidəndə İneş heyrətə gəldi. Ulduz uçağının kapitanı əvvəldə qərara aldıqları kimi, hər şeyi aşkar dedi. O bildirdi ki, gzneyalılar planetin digər sakinlərini diriltmək flkrində deyillər. Belə altruizm qeyri-təbii olardı, çünki sürətlə artan gzneyalılara daim yeni dünyalar lazımdır. Və əhalinin hər yeni artımı eyni bir problemi irəli sürürdü ki, onu da yalnız bir yolla həll etmək mümkündür. Amma bu halda kolonistlər könüllü olaraq söz verirlər ki, planetin yeganə sağ sakininin hüquqlarına toxunmayacaqlar. Bu yerdə əcaib varlıq kapitan Qorsidin sözünü kəsdi:

– Bu sonsuz ekspansiyanın məqsədi nədir?

Elə gəlirdi ki, o, həqiqətən maraqlanır.

– Hə, deyək ki, siz bizim qalaktikanın bütün planetlərini məskunlaşdırdınız. Bəs sonra?

Kapitan Qorsid təəccüblə Yoala, sonra İneşə və Viidə baxdı. İneş inkaredici tərzdə bədənini yırğaladı. Onun bu canlıya yazığı gəldi. İnsan başa düşmür və görünür, heç vaxt başa düşməyəcək. Köhnə məsələdir. Həyat qabiliyyətli və sönməkdə olan iki xalq fərqli baxışlara malik idi: biri ulduzlara can atır, digəri isə taleyin qaçılmazlığı qarşısında təslim olurdu.

Niyə də inkubatorlarınız üzərində nəzarət qoymayasınız? – İnsan soruşdu.

– Və hökumətin süqutuna səbəb olaq? – Yoal kinayə ilə dedi.

O, bunu iltifat göstərirmiş kimi dedi və İneş o birilərin də insanın sadəlövhlüyünə gülümsədiklərini gördü. O, aralarındakı intellektual uçurumun necə dərinləşdiyini hiss etdi. Bu varlıq dünyanı idarə edən həyat qüvvəsinin təbiətini başa düşmürdü.

– Yaxşı, – yenə insan dilləndi. – Əgər siz öz çoxalmanızı məhdudlaşdırmaq iqtidarında deyilsinizsə, bunu sizin yerinizə biz edərik.

Araya sükut çökdü.

Gzneyalılar yavaş-yavaş əsəbiləşməyə başlayırdılar. İneş bunu özündə hiss edir və əlamətlərini o birilərdə də görürdü. Onun baxışları bir-bir yoldaşlarının üzündə gəzir, sonra əvvəlki kimi yenə də qapının yanında dayanan ikiayaqlı varlığın üzərinə qayıdırdı. Artıq neçənci dəfə idi ki, İneş rəqiblərinin tamam zəif görünməsi barədə fikirləşirdi.

– Mən indicə, – o, düşündü, – onu qısqaclarımın arasına alıb əzə bilərəm!

Nüvədaxili proseslər və qravitasiya sahələri üzərində fikirlə nəzarət sırf mexaniki, makrokosmik hücumu dəf etmək qabiliyyəti ilə uzlaşırmı? İneş düşündü ki, çox güman, uzlaşır. Onların təzahürünü iki saat əwəl gördükləri gücün, əlbəttə ki, müəyyən bir həddi olmalıdır. Amma onlar bu həddi bilmirlər. Necə olsa da, bunun indi əhəmiyyəti yox idi. Onların daha güclü və ya zəif olmasının indi əhəmiyyəti yox idi. Ən ağır sözlər deyilmişdi: “Siz özünüz məhdudlaşdırmaq iqtidarında deyilsinizsə, bunu sizin yerinizə biz edərik!” Bu sözlər hələ də İneşin qulaqlarında səslənirdi və onların mənası onun şüurunun dərinliklərinə işlədikcə o, özünü daha az təcrid olunmuş və təklənmiş hesab edirdi. Hətta sonrakı diriltmələrə qarşı çıxanda belə İneş hadisələrə kənardan göz qoyan, baş verənlərdə iştirak etməyib, onları kənardan izləyən maraqlı olmayan kəs kimi hərəkət edirdi. O, nə üçün həmişə güzəştə getdiyini və son nəticədə başqaları ilə razılaşdığını yalnız indi anladı. O, indi keçmişi, ən uzaq günləri xatırlayanda gördü ki, heç vaxt özünü yeni planetlərin ələ keçirilməsi və başqa xalqların məhv edilməsinin əsl iştirakçısı hesab etməyib. O, bu hadisələr baş verəndə, sadəcə, orada olub. Düşünüb, onun üçün əhəmiyyəti olmayan həyat haqqında mülahizələr yürüdüb. Bu anlayış hazırda onun üçün konkretləşmişdi. O daha onu çulğayan güclü ehtiraslar dalğasına müqavimət göstərə bilmirdi, göstərmək istəmirdi. İndi o, saysız-hesabsız gzneyalılar kütləsi kimi düşünür və hiss edirdi. Xalqın bütün gücü və istəkləri onun qanında tüğyan edirdi.

– Bura bax, ikiayaqlı! – o, nərildədi. – Öz ölü xalqını diriltmək fikrindəsənsə, bu fikirdən əl çək!

İnsan ona baxdı, amma dinmədi.

– Əgər sən bizim hamımızı məhv edə bilsəydin, çoxdan bunu etmişdin, – İneş sözünə davam etdi. – Amma məsələ burasındadır ki, sənin buna gücün çatmır. Bizim gəmi elə düzəldilib ki, onda heç bir zəncirvari reaksiya mümkün deyil. Potensial aktiv materiyanın hər bir hissəciyinə kritik kütlənin yaran masına imkan verməyən antihissəciklər qarşı qoyulmuşdur. Sən bizim mühərriklərdə partlayış edə bilərsən, amma bu partlayışlar da təcrid olunmuş qalacaq, onların enerjisi isə mühərrikin təyinatına uyğun olaraq hərəkətə çevriləcək.

İneş Yoalın ona toxunmasını hiss etdi.

– Ehtiyatlı ol! – tarixçi pıçıldadı. – Sən qızışıb sirlərimizdən birini aça bilərsən.

İneş onun qısqacını kənara itələyib hirslə dedi:

– Uşaq-uşaq danışma. Bizim xalqın bütün sirlərini başa düşmək üçün ona bir dəfə bizə baxmaq kifayətdir. Onun bu vəziyyətdə öz şanslarını və bizim imkanlarımızı götür-qoy etmədiyini düşünmək axmaqlıqdır.

– İneş! – kapitan Qorsid qışqırdı.

Kapitanın səsindəki sərtliyi duyan İneş geri çəkildi və dedi:

– Eşidirəm.

Onun qəzəbi tez alışdığı kimi, tez də söndü.

– Mənə elə gəlir ki, – kapitan Qorsid davam etdi, – sizin nə demək istədiyinizi bilirəm. Mən sizinlə tamamilə razıyam, amma Geyna hökumətinin ali nümayəndəsi kimi ultimatum verməyi lazım bilirəm.

O döndü. Onun buynuzlu bədəni insan tərəfə meyilləndi.

– Sən elə sözlər deməyə cəsarət etdin ki, onları bağışlamaq mümkün deyil. Sən dedin ki, siz Geynanın böyük ruhunun hərəkətini məhdudlaşdırmağa cəhd edəcəksiniz.

– Ruhunun yox, – insan onun sözünü kəsdi və sakitcə güldü. – Ruhunun yox!

Kapitan Qorsid onun sözlərinə məhəl qoymadı.

– Buna görə də, – o, sözünə davam etdi, – bizim seçimimiz yoxdur. Biz hesab edirik ki, lazımi materialları toplayıb, müvafiq alətləri düzəltdikdən sonra sən dirildicini hazırlaya bilərsən. Bizim hesablamalarımıza görə, bunun üçün sənə, ən azı, iki il vaxt lazım olacaq… Əgər hər şeyi bilirsənsə. Bu olduqca mürəkkəb aparatdır və məhvindən min illər əvvəl maşından imtina etmiş xalqın yeganə nümayəndəsi üçün onu düzəltmək çox-çox çətin olacaq. Sən ulduz uçağı düzəltməyə imkan tapmayacaqsan. Və biz də sənə dirildici düzəltməyə vaxt imkanı verməyəcəyik. Ola bilsin ki, sən özündən müəyyən məsafədə partlayışların qarşısını alasan. Onda biz digər materiklərə uçarıq.

Əgər orada da bizə mane ola bilsən, deməli, bizə kömək lazım olacaq. Ən böyük sürətlə altı ay uçandan sonra biz gzneyalıların məskunlaşdığı ən yaxın planetə çatacağıq. Onlar nəhəng donanma göndərəcəklər: onun qarşısını almağa sənin gücün çatmaz. Dəqiqədə yüzlərcə, minlərcə bomba ataraq biz bütün şəhərləri məhv edərik, sənin xalqının skeletlərinin heç tozu da qalmaz. Bizim planımız belədir və belə də olacaq. İndi isə nə bilirsən onu elə, biz sənin ixtiyarındayıq.

İnsan başını tovlayıb:

–        Mən hələ ki heç nə etməyəcəyəm, – dedi və vurğuladı, – hələ ki.

Bir qədər susduqdan sonra əlavə etdi:

– Siz məntiqli fikirləşirsiniz. Olduqca. Əlbəttə, mən hər şeyə qadir deyiləm, amma mənə elə gəlir ki, siz balaca bir məqamı yaddan çıxartmısınız. Hansını, deməyəcəyəm. İndi isə xudahafiz. Gəminizə qayıdın, hara istəyirsiniz uçun. Mənim işim çoxdur.

İneş tərpənməz dayanıb qəzəbin onda yenidən baş qaldırdığını hiss edirdi. Sonra fısıldadı. Qısqaclarını açıb irəli atıldı. Onlar incə bədənə dəyhadəydə nəsə onu kənara tulladı…

İneş uçaqda özünə gəldi.

Uçağa necə gətirildiyi yadında deyildi, yaralanmamışdı, heç bir ağnsı yox idi. O yalnız kapitan Qorsid, Viid, Yoala görə narahat idi, onlar da onun kimi heyrət içində onun yanında dayanmışdılar. İneş hərəkətsiz uzanıb insanın dediyl barədə fikirləşirdi: “Siz balaca bir məqamı unutmusunuz…”

“Unutmuşuq? Deməli, bilirdik! Bəs o, nədir?” O, hələ də bu barədə fikirləşirdi ki, Yoal dedi:

–        Bizim bombaların nəsə edə biləcəyinə ümid bəsləmək axmaqlıqdır!

O, haqlı çıxdı.

Ulduz uçağı Yerdən qırx işıq ili məsafədə olanda İneşi şura otağına çağırdılar. Yoal salam yerinə qəmgin halda dedi:

– Əcaib varlıq gəmidədir.

İneşi, sanki, ildırım vurdu, lakin bununla birlikdə, onun beyninə bir fikir gəldi.

– Görün unutduğumuz nədir! – O, təəccüblə və ucadan dedi.

– Unutmuşuq ki, istəsə o, kosmosda, o necə dedi?.. Doxsan işıq ili hüdudlarında hərəkət edə bilir. – İneş anladı. Ulduz uçağından istifadə etməli olan gzneyalılar bu kimi bacanğı, əlbəttə, yada salmaya bilərdilər. Bunda təəccüblü heç nə yox idi.

Tədricən gerçəklik onun üçün əhəmiyyətini itirməyə başladı.

İndi, artıq hər şey baş verəndən sonra o, özünü yorğun və qoca, bir də hədsiz dərəcədə tənha hiss etdi. Onu hadisədən xəbərdar etmək üçün cəmisi bir neçə dəqiqə vaxt lazım oldu. İnsanı assistent-fiziklərdən biri anbara gedəndə aşağı dəhlizdə görmüşdü. Qəribədir ki, buna qədər uçağın çoxsaylı heyətindən onu indiyədək heç kim görməmişdi. “Axı biz, onsuz da, öz planetlərimizə enmək və ya yaxınlaşmaq flkrində deyilik, – İneş fikirləşdi. – O, bizdən yalnız videonu işə salsaq, istifadə edə bilər…”

İneş duruxdu. Əlbəttə, məsələ də bundadır! Onlar yönümlənmiş videoşüanı qoşmalıdırlar və əlaqə yaradılan kimi insan lazım olan istlqaməti müəyyənləşdirə biləcək.

Bu vəziyyətdə mümkün olan yeganə qərarı İneş həmvətənlərinin gözlərindən oxudu. Amma bununla belə, ona elə gəlirdi ki, nəsə çox mühüm bir şeyi nəzərdən qaçırdıblar. O, zalın axırında quraşdırılmış böyük videoekrana yaxınlaşdı. Onda görünən mənzərə o qədər parlaq, möhtəşəm və gözəl idi ki, ona öyrənməmiş şüur onun qarşısında ildınm parıltısından titrəyən kimi titrəyirdi. Hətta bu mənzərəni dəfələrlə görən İneş kosmosun ağlasığmaz nəhayətsizliyi önündə heyran qalırdı. Bu, Süd yolunun bir hissəsinin təsviri idi. Dörd yüz milyon ulduz, sanki, nəhəng, hətta otuz min işıq ili məsafədə olan qırmızı cırtdanların da işığını görə bilən teleskopda görünürdü. Video-ekranın diametri iyirmi beş yard idi – bu ölçüdə teleskop heç yerdə mövcud deyildi və digər qalaktikalarda bu qədər ulduz da yox idi.

Və yalnız hər iki yüz min ulduzdan birinin məskunlaşdırılmaq üçün yararlı planeti var idi. Məhz bu hədsiz böyük əhəmiyyəti olan fakt onları belə həlledici qəran qəbul etməyə məcbur etdi. İneş yorğun nəzərlərlə hamını gözdən keçirdi. Danışmağa başlayanda onun səsi sakit idi.

– Əcaib canlı hər şeyi gözəl hesablayıb. Biz yolumuza davam etsək, o, bizimlə uçub dirildicini ələ keçirəcək və malik olduğu üsulla öz planetinə qayıdacaq. Yönümlənmiş şüadan istifadə etsək, o, şüa boyunca irəli şığıyacaq, dirildicini götürüb geri dönəcək. İstənilən halda bizim gəmilər planetə çatıncayadək o, özününkülərdən xeyli dirildə biləcək və onda bizim onlara gücümüz çatmayacaq.

Onun bütün bədəni əsdi. Onun mülahizələri düzgün idi, amma ona elə gəlirdi ki, fikirlərində nəsə bir boşluq var. İneş yavaş-yavaş sözünə davam etdi:

– İndi bizim yalnız bir üstünlüyümüz var. Hansı qərarı qəbul etsək də, tərcüməçi maşının köməkliyi olmadan o, bunu bilməyəcək. Biz elə plan düşünə bilərik ki, bu, onun üçün sirr olaraq qalsın. O bilir ki, nə biz, nə də o, gəmini partlada bilərik.

Bizim bircə çıxış yolumuz var. Bircə. Kapitan Qorsid araya çökmüş sükutu pozdu.

– Beləliklə, görürəm ki, siz hər şeyi bilirsiniz. Biz mühərrikləri işə salanq, idarəetmə cihazlarını partladarıq və əcaib varlıqla birlikdə həlak olarıq.

Onlar baxışdılar və hər birinin gözündə öz xalqına görə qürur oxundu. İneş qısqaclarını bir-bir hamıya toxundurdu. Bir saat sonra, uçaqda hərarət hiss olunacaq qədər qalxanda İneşin ağlına bir fikir gəldi və onu mikrofona yüyürüb astronom Şürini çağırmağa vadar etdi.

– Şüri! – o qışqırdı. – Yadına sal, Şüri, dirildilən oyanan kimi yoxa çıxdı… Yadındadır. Kapitan Qorsid sənin köməkçilərini məcbur edə bilmirdi ki, lokatorlan dərhal məhv etsinlər. Ləngimələrinin səbəbini biz onlardan eləcə də soruşmadıq. Soruş! İndi soruş!..

Xeyli sükutdan sonra Şürinin xırıltı-gurultu arxasından zorla eşidilən səsi gəldi:

– Onlar… bölməyə… girə… bilmirdilər… Qapı… bağlı idi.

İneş durduğu yerdəcə döşəməyə çökdü. Budur ha! Onlar yalnız bir məqamı gözdən qaçırmayıblar! İnsan oyandı, hər şeyi başa düşdü, görünməz oldu və dərhal ulduz uçağına qalxdı. O, lokatorun sirrini və dirildicinin sirrini, əgər əvvəlcə onu nəzərdən keçirməmişdisə, öyrəndi. Qalan hər şey isə onları bu addıma, özlərini öldürməyə vadar etmək üçün imiş. İndi, bir neçə andan sonra o, gəmini tərk edəcək və dəqiq biləcək ki, yaxın vaxtlarda bir dənə də yad varlıq onun planetinə yol tapmayacaq və xalqının yenidən canlanacağına, yaşayacağına və bir daha heç vaxt məhv olmayacağına tam əmin olacaq. Dəhşətə gəlmiş İneş səndələdi, bar-bar bağıran qəbuledicidən yapışıb sonuncu başa düşdüyünü mikrofona qışqırmağa başladı. Cavab yox idi. Hədsiz, çox artıq idarə olunmayan enerjinin uğultusu bütün səsləri batırırdı. İneş əsə-əsə güc tənzimləyicisinə çatmaq istəyəndə onun zirehli qını artıq istidən əriməyə başlayırdı. Qarşıdan onu alqırmızı alov vurdu. O, ciyildəyə-ciyildəyə yenidən radioötürücüyə tərəf atıldı. Bir neçə dəqiqə sonra o, yenə də mikrofona ciyildəyəndə möhtəşəm ulduz uçağı ağ-mavi günəşin içinə girdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet